Rəsmlərində uçan adamlar çəkirdi, özü də uçuş vaxtı öldü

Rəsmlərində uçan adamlar çəkirdi, özü də uçuş vaxtı öldü
11 yanvar 2016
# 11:42

“Qeyri-adi bir həyat yaşayacaqsan qeyri-adi bir qadını sevəcəksən və... uçuş vaxtı öləcəksən” - bu sözləri ona illər öncə bir qaraçı qadın demişdi.

Biri vardı, biri yoxdu, Vitebsk adlı balaca bir şəhər vardı. Bir dəfə necə oldusa, bu balaca şəhərdə böyük bir yanğın oldu və elə bu vaxt Vitebskə şöhrət gətirəcək bu balaca oğlan doğuldu: Moyşa Seqal.

Moyşa göz açdığı şəhərə dəlicəsnə vurğun idi, özü də yüksəklikdən seyr etməyi sevərdi, evlərin damına çıxar, ordan evlərə, ağaclara, tarlalara və göy üzünə baxardı.

Vitebsik camaatın bu gözəlliyin fərqində deyildilər, onlar gecə-gündüz işləyir, çalışır, çörəkpulu qazanırdılar. Onun ailəsi də yoxsul idi. Atası evə yağa bulaşmış fəhlə paltarında gələrdi, cibləri torba kimi sallanar, qırmızı dəsmalının ucu görünərdi. Ordan kökə, armud çıxarar, damarlı əliylə uşaqlara paylayardı. Bu kökələr masanın üstündə olan nemətlərə bənzəməzdi, onların dadı başqaydı. Atanın cibində kökələr olmayan gün rəngsiz keçərdi.

Atası Moyşaya sirli görünərdi. Həmişə yorğun, qayğılı olurdu, bircə gözləri zəif mavi-boz işıqla parlayırdı. Və deyəsən ancaq o atasının incə ruhunu anlardı.

“Doğulduğum yerdədir mənim ruhum. Mənim ruhumu, tablolarımı orda axtarın. Mən də ordayam, mənim ruhum da, əsərlərim də ordadır”.

Fotoqrafiya

Onun əsərləri xalq ənənəsiylə novatorluğun qeyri-adi sintezi idi. Onun ilham qaynağı doğma torpaq, onun insanları, milli dəyərlər idi. Bu əsərlərə baxanda insanı incə hislər sarır və doğma olan, özününkü olan nəsnələrə can atırdı. Bu əsərdə hər şey insanın özününkü idi. Hətta buludların üstüylə uçan insanlar da əfsanəyə oxşamırdı. Bu əsərlərdə hər şey o qədər qədim, o qədər təzə idi ki…

Bu, Moyşa Seqalın - Mark Şaqalın dünyası idi.

Sevgi - uçuşdur

Moyşa 1887-ci ildə, Rusiya İmperiyasının Vitebsk şəhərində, yəhudi ailəsində doğulub. 1900-1905-ci illərdə o, Vitebsk 4 illik peşə məktəbində oxuyur. 1906-cı ildə Vitebsk rəssamlıq məktəbinə daxil olur və eyni zamanda fotoatelyedə işə başlayır. Amma Seqalın qanadlı dünyası yeni yerləri fəth etməyə can atırdı.

Günlərin birində Moyşa cibində vur-tut 27 rubl pul, Vitebskdən Peterburqa gəlir. Demək olar ki, dilənçi kökündə yaşayırdı. Amma o bunun fərqində deyildi. Rusiyaya inqilab əhval-ruhiyyəsi ilə bərabər yeni bədii cərəyanlar axını gəlmişdi. Avanqard jurnallar çıxır, novator sərgiləri nümayiş olunurdu. Gənc rəssamın üzünə müasir Qərb incəsənətinin qapıları açılırdı. Fransız fovizmi, alman ekspressionizmi, italyan futurizmi və başqa bədii cərəyanlar yeni və cəlbedici idi.

Şaqal bütün yenilikləri əxz edirdi, ancaq bütün cərəyanlardan kənarda öz üslubunu yaradırdı. İlk işlərində artıq o, öz “dilində” danışmağa başlamışdı.

1909-cu ilin yayında Vitebskdə zərgər qızı Bella Rozenfeldlə tanış olur. Bu tanışlığı ilk baxışdan məhəbbət də adlandırmaq olardı: “O, susur- mən də susuram. Elə bil biz çoxdan tanışıq və mənim haqqımda o, hər şeyi bilir”. –deyə rəssam “Mənim həyatım” avtobioqrafik kitabında yazırdı.- Elə bil o, həmişə mənim yanımda, lap yaxınlığımda olub, məni izləyib, halbuki mən onu birinci dəfədir görürdüm”!

Sevgi onun həyatına Bellanın obrazında daxil oldu və ömürlük elə qaldı. Bu hislərin zamana və məkana dəxli yox idi. Bellanı görən gündən onun həyatının hər günü yeni məna əxz edrdi. Və bu əfsanə deyildi. Şaqalın tablosunu - “Sevgililərin şəhər üzərində uçuşunu” xatırlayın. O, artıq bilirdi ki, sevgi necə dərin ola bilər, insanı necə qanadlandıra bilər…

Hətta Bellanın ölümündən sonra da Şaqal ona olan hislərinin rəsmini çəkir. Onun çəkdiyi bütün qadın obrazlarında Bellanın cizgiləri var.

Birinci Paris dövrü

Şaqal bir neçə il Peterburqda yaşayır və təhsil alır. Amma Avropanın nəfəsini duymaq üçün Parisə getməyi arzulayır.

1910-cu ilin avqustunda Dövlət Dumasının deputatı Maksim Vinaver Moyşaya Parisdə təhsilini davam etdirmək üçün təqaüd təklif edir. Moyşa məmnuniyyətlə təklifi qəbul edir.

Parisdə Moyşa Seqal özünə fransızsayağı ləqəb götürür: Mark Şaqal. Birinci il o, studiya kirayə edir, akademiyalarda sərbəst dərslərdə iştirak edir, gecələr işləyir, gündüzlər salonlarda, qalereyalarda dahi rəssamları işlərinə tamaşa edir.

Görkəmli rəssam Mark Şaqalın sərgisi olacaq

1914-cü ilin yazında o, bir neçə tablosuyla Berlinə, beynəlxalq sərgiyə gedir. Sərgi uğurla keçir və rəssam Berlindən böyük ümidlərlə qayıdır. Nəhəng planlar ərəfəsində o, qohumlarını və Bellanı görmək üçün bir neçə günlük Vitebskə yollanır. Ancaq budəfəki səfəri uzun çəkir. Çünki Birinci dünya müharibəsi başlayır və rəssamın yenidən Avropaya dönüşü qeyri-müəyyən vaxta qalır.

Sevgidən də güclü

Şaqal və Bella ilə 1915-ci ildə evlənirlər. Və Bella həmişəlik onun birinci xanımı, muzası, sevgilisi olaraq qalır. Bu qadının sevgisi onun hislərini ilahi bir rəngə boyayır. Elə bir rəngə ki, rəssamın ömrünün son gününə qədər bu rəngin işığı zərrə qədər də azalmır. Buna əmin olmaq üçün onun 77 yaşında çəkdiyi “Rospis” əsərinə baxmaq kifayətdir. Barkt bu boyalara “oxuyan rənglər” deyirdi…

Doğma yerlər köhnə xatirələri oyadır, Şaqal nostalji hislərə qapılır, bir vaxtlar onu məktəbə yola salan və qarşılayan ulduzlar, bu qədər xiffətini etdiyi göy üzü yenə onunladır. Şaqal böyük səylə işləyir. Doğma yerlərə, Bellaya məhəbbətini tərənnüm edir. Vətənə, xanımına sonsuz məhəbbət rəssamı yenə qanadlandırır… Eləcə də bu illərdə Şaqal “Mənim həyatım” avtobioqrafik əsərini yazmağa başlayır.

1916-cı ildə Şaqal Bella və qızı İdoyla Moskvaya gəlir və teatrda işə düzəlir. Tamaşaların dekorasiyaları üçün eskizlər hazırlayır. Amma Şaqal bu mühitdə özünü Avropada qalmış əsərləri kimi yarımçıq hiss edir.

“Teatrın direktorunun qəbulundayam. Nəhayət ki, o, məni qəbul etdi… Teatr üçün pano almaq lazımdır. Naçalnik isə gülümsəyir: İndi mümkün deyil, sabah gəlin. Və iki ildir ki, beləcə davam edir. Yetər artıq. Mən burda yad və ögeyəm. Mən nə çar Rusiyasına, nə də sovet Rusiyasına gərəyəm. Berlində və Parisdə məni yarımçıq qalmış tablolarım gözləyir”...

Sən artıq məşhursan

Şaqal ailəsi isə Berlinə yola düşür. Məlum olur ki, 1914-cü ildə Berlin sərgisində onun bütün tabloları satılıb. Qonorara gəlincə, inflyasiya öz işini görüb. Həmin tablolardan ona çatacaq pullara isə yalnız bir qutu siqaret almaq olar...

1923-cü ildə Berlin nəşriyyatı rəssama “Mənim həyatım” kitabını öz illüstrasiyalarıyla nəşr etdirməyi təklif edir. Şaqal təklifi qəbul edir və qravüra incəsənətini öyrənməyə başı qarışır. 1923-cü ilin yazında köhnə parisli dostundan məktub gəlir: “Parisə qayıt. Sən artıq məşhursan”.

Şaqal Parisə qayıdır. 8 il qabaq əsərlərini bu şəhərdə qoyub getmişdi. Amma ona şöhrət gətirən həmin tabloları tapa bilmir. Şaqal yaddaşına sığınır. Bütün gücünü toplayır, şəkillərin və reproduksiyaların köməyilə “birinci paris dövrü”nün tablolarını çəkir: “Ad günü”, “Mən və kəndim”, “Vitebsk üzərində” və s.

shagal

1923-cü ildə naşir və kolleksioner Ambruaz Vollar Mark Şaqala hər hansı bir məşhur əsərə illüstrasiyalar çəkməyi təklif edir. Şaqal seçimdə sərbəst idi, o, Qoqolun “Ölü canlar” əsərini seçir. Və işin öhdəsindən məharətlə gəlir. Şaqalın metaforik fantastik rəsmləri kəskin Qoqol satirasını məharətlə ifadə edir.

Şaqal Avropanı və bütün dünyanı gəzib-dolaşır. Bircə Rusiya əvvəlki kimi yad və ögeydir. 1927-ci ildə köhnə dostuna göndərdiyi məktubların birində Şaqal yazır: Mən, demək olar ki, Rusiyadan qopmuşam. Mənə heç kim məktub yazmır və mənim yazacağım bir kimsəm yoxdur. Sanki mən orda doğulmamışam. Halbuki mən Vitebski çox xatırlayıram. Onun tarlalarını və xüsusilə də göy üzünü…

Maraqlıdır ki, sonuncu dəfə 1973-cü ildə SSRİ-yə gəlmiş Şaqal Vitebskə baş çəkmədi. Bunu sonralar belə izah edirdi: “Mən Vitebski hər şeydən çox sevirəm, ona görə yox ki, orda doğulmuşam, ona görə ki, bütün həyatım boyu mənə bəs edəcək rəngləri ordan almışam... Tərəddüdlərdən sonra mən ora getməkdən imtina etdim, hərçənd bütün ömrüm boyu mən oranın xiffətini etmişəm, həmişə oranı xatırlayıram... Elə ona görə də imtina etdim. Axı orda indi mənim gördüyümdən, xatırladığımdan çox-çox başqa, fərqli həyat var. Bu, mənim üçün böyük zərbə olardı. Bu, mənim üçün keçmişi itirməyə bərabər olardı. İnsanın öz keçmişindən ayrılması çox çətindir”.

Müasirlərinin sözünə görə, çox mürəkkəb bir insan idi Mark Şaqal. Bir çox bədii cərəyanların (primitivizm, rus avanqardizmi, kubizm, futurizm, hətta pop-art) müasiri olmasına baxmayaraq, konkret heç bir məktəbə aid olmaq istəməmişdi. Ziddiyyətlərlə dolu idi. Həm utancaq, həm ötkəm, həm mürəkkəb, həm sadə. Balzakın Qobzeki kimi bəzən xəsis, bəzən isə həddindən artıq səxavətli...

Mühacir həyatı

30-cu illər yaxınlaşır. Artıq Almaniyada nasist çəkmələrinin səsi gəlir. Yeni antisemit qanunlar qəbul olunur. Berlində “Deqenerativ incəsənət” adlı sərgi nümayiş olunur. Sərgidə bir yəhudi kimi Şaqalın da əsərləri var. Rəssam artıq Berlində qala bilməyəcəyini anlayır, Amerika səfirliyinin köməyilə ailəsini də götürüb Birləşmiş Ştatlara gedir.

Avropadan xeyli mühacir qəbul etmiş Amerikada incəsənətə maraq artır. Mühacirlərin liman şəhərinə çevrilmiş Nyu Yorkda sərgilər açılır, bu tədbirləri “Qürbətdə doğulan incəsənət” mövzusu birləşdirir.

Məşhur rəssam Anri Matissin oğlu Pyer Matiss Şaqala öz qalereyasında işləməyi və sərgilər keçirməyi təklif edir. Şaqal Avropadan gətirdiyi yarımçıq əsərlərin üzərində işləyir.

44-cü ildə Şaqal Fransanın azad olunması xəbərini alır. Rəssamın sevincinin həddi-hüdudu yoxdur, səbirsizliklə Parisə dönəcəyi günü gözləyir. Ancaq bir neçə gündən sonra faciə baş verir. Sevimli həyat yoldaşı Bella sepsisdən dünyasını dəyişir. “Hər şey zülmətə qərq oldu” - rəssam sonralar yazırdı. Şaqal özünə qapılır, saatlarla pəncərənin önündə oturub evin qabağından axan çayı seyr edir. Yalnız 9 aydan sonra əlinə fırça alır və sevgilisinin xatirəsinə iki əsər yaradır: “Toy fişəngləri” və “Onun yanında”.

Mark Şaqal Xay Folz şəhərciyindəki balaca evə köçür və “Min bir gecə nağılları”nın illüstrasiyaları üzərində işləyir. Nəticədə ərəb nağıllarının əsrarəngizliyi ilə səsləşən 13 gözəl qravür ərsəyə gəlir.

1952-ci ildə Mark Şaqal London modalar evinin sahibəsi Valentina Brodskaya ilə tanış olur. Vava (Şaqal onu belə çağırırdı) onun xoşuna gəlir və onlar elə tanış olduqları il ailə qururlar. Nikah uğurlu olsa da, Şaqalın muzası yenə də Bella idi. Rəssam onun haqqında son günə qədər ölmüş adam kimi danışmaqdan imtina edir: “Bella hələ də özünün sevimli ağ, ya da qara geyimində mənim əsərlərimdə süzür, incəsənətdəki yolumu aydınladır… Mən heç bir əsərimi onun xeyir-duasını almamış bitirmirəm”…

Sonuncu “uçuş”

28 may 1985-ci ildə 98 yaşlı rəssam emalatxanasına liftlə qalxarkən ürəyi dayanır. Qoca qaraçının illər öncə dediyi sözlər çin olur. Tablolarında adi insanların buludların üstüylə uçduğu böyük rəssam Mark Şaqal elə “uçuş” vaxtı dünyasını dəyişir...

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #