“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə Kenzaburo Oenin müsahibəsində cavablandırdığı suallar yazıçı Qan Turalıya ünvanlanıb.
- Siyasi düşüncələrinizi romanlarınızda diktə etməyə, çatdırmağa çalışırsınız?
Kenzaburo Oe:
- Roman mühazirə demək və ya dərs keçmək vasitəsi deyil, əsla buna çalışmamışam. Amma demokratiya ilə bağlı qələmə aldığım esselərdə, bəli, bunu nəinki diktə edirəm, hətta insanları məlumatlandırıram, təlimatlandırıram. Esselərimi demokrat kimi yazıram. Bütün yazdıqlarımda keçmişi dərk etməyə və anlatmağa çalışmışam – müharibənin və demokratiyanın keçmişini. Nüvə silahlarının kəşfi və istifadəsi mənim üçün həmişə fundamental məsələ olub və bu gün də elədir.
Qan Turalı:
- Qətiyyən. Siyasət mənim dünyagörüşümün bir hissəsidir. Lakin ədəbiyyatı siyasətə bulaşdırmaq istəmirəm. Bəli, mən hər yerdə sosialist olduğumu deyirəm. Lakin bunun mənim yazılarıma dəxli yoxdur, varsa belə çox az dəxli var. Məni bir dindarın dünyagörüşü daha çox maraqlandırır, nəinki sosialistlərin.
Yazıçılar bir qayda olaraq çox pis siyasətçilərdir. Sartrdan tutmuş Yusif Vəzirə qədər bu belədir. Sartr Sovet dövlətini yüksək qiymətləndirirdi. Hegel Prussiya monarxiyasına tərif deyirdi. Səməd Vurğun Stalinin şəninə mədhiyyə oxuyurdu. Bunlar qorxudan da deyildi, qorxudan olsaydı onları anlayardıq. Problem onların inanmasında idi. Yaradıcı adam xəyallarla çox işləyir. Ona görə də onun siyasətə münasibəti də son dərəcə romantik olur.
Ümumən roman hansısa siyasi düşüncənin, ümumiyyətlə, ayrıca götürülmüş bir ideyanın ifadə üsulu ola bilməz. Mən polifonik romana inanıram. Roman ideyalar xəritəsi olmalıdır. Və onu da bilirəm ki, yazıçının dünyagörüşünün oxucuya qəti aidiyyəti olmamalıdır.
- Yazmaq və yazdıqlarınızı oxumaq, düzəlişlər aparmaqla bağlı paylaşmaq istədikləriniz varmı?
Kenzaburo Oe:
- Mən dönə-dönə yazan, düzəldən və yenidən yazan yazıçılardanam. Hər şeyi düzəltməyə və arzuladığım formaya çatana qədər üzərində işləməyə çox həvəsliyəm, bundan bezmirəm. İstənilən əlyazmamı götürüb, tanış olun, görün üzərində nə qədər düzəliş aparıb, dəyişikliklər etmişəm. İstifadə etdiyim və çox işimə yarayan əsas ədəbi üsul “fərqliliklərin təkrarı”dır. Yeni işə daha əvvəl yazdığım məsələyə yeni baxış, yeni yanaşma formalaşdırmaqla başlayıram, sanki opponentim olan qəhrəmanla bir daha və bu dəfə fərqli formada mübarizəyə girişirəm. Yeni versiyanı yekunlaşdırdıqdan sonra, əlyazma üzərində işə girişirəm, xırda detallara varıram, əlyazma üzərində o qədər işləyir, o qədər dəyişirəm ki, əvvəlki əsərin bütün izləri yox olur. Hesab edirəm ki, bütün ədəbi yaradıcılığım fərqliliklərin təkrarından ibarətdir. Məsləhət verəndə, məhz bu cəhətin hər bir roman yazarı tərəfindən öyrənilməsi vacib olan peşəkarlığı deyirəm. Mənə elə gəlir, bu, hamının işinə yarayan üsuldur. Eduard Said (Fələstindən olan amerikalı ədəbi nəzəriyyəçi) “Musiqili incəliklər” adlı olduqca möhtəşəm kitab yazıb. Həmin kitabda Eduard yazır ki, “incəlik” deyəndə ağlına ilk gələn şey Bax, Bethoven, Brahms kimi dahi bəstəkarların yaratdığı əsərlər olur. Musiqinin incəlikləri məhz belə adamların yaratdığı fövqəltəbii əsərlərdə gizlənir. Yaratdıqları əsərlərdə xırda detallara verdikləri böyük önəmlə bu dahilər gələcək nəsil bəstəkarları üçün perspektivlər yaradıb. Mənə elə gəlir ki, ədəbiyyat da belədir.
Qan Turalı:
- Yazmaq nə qədər zövqlüdürsə redaktə o qədər çətindir. Yaxşı redaktə olunmamış romanlar çoxdur. Yaxşı montaj edilməmiş filmlər kimi. Mənim nəzərimcə yazıçı sadəcə yaxşı yazmağı deyil, həm də yaxşı pozmağı bacarmalıdır. Pozmaq yazmaq qədər ciddi bir işdir. Biz çoxlu pis redaktə edilmiş romanlar dövründə yaşayırıq. Görürsən ki, yazıçı süjeti lazım olan istiqamətdə inkişaf etdirmək əvəzinə onu üçüncü, dördüncü dərəcəli məsələlərə apararaq romanın bədii-emosional təsir gücünü öz əli ilə “öldürür”. Bizim çoxlu sayda “saf” yazıçımız var, onlar bədii materialı “düşüncəli” şəkildə sahmana salmaq əvəzinə içlərindən gəldiyi kimi yazmağı estetik prinsip kimi qəbul edirlər, bu zaman isə istedadla yazılmış, ideya və struktur baxımından çiy mətnlər ortaya çıxır.
- Romanlarınızı müzakirə edəndə sizin nədənsə intellektual yol seçdiyiniz düşünülür. Adətən, yazdıqlarını diqqətlə və analiz edərək oxuduğunuz yazarı yazdıqlarınızın tərkib hissəsinə çevirir və əsərlə bütünləşdirirsiniz. Bu nə məqsədə xidmət edir?
Kenzaburo Oe:
- Məqsəd deyil, bu da başqa ədəbi üsuldur. Sadəcə elə olub ki, fikirlərim həmin vaxt oxuduğum şairin və ya filosofun ideyaları ilə toqquşub, qarışıb. Bu üsulla həm də insanların oxumasını vacib bildiyim şairləri bir daha gündəmə gətirir, onları oxumağın gərəkliliyini diqqətə çatdırıram.
Müəllimim Kauzo Vatanabe məni bu üsulla tanış edəndə 20 yaşım olardı. Çünki o da bilirdi ki, ədəbiyyat müəllimi, ya da məsləhətçi olmaq, universitetdə dərs demək niyyətim yoxdur, yalnız öz üzərimdə işləməyə və yazmağı öyrənməyə ehtiyacım var. Seçim üçün iki sahə verilmişdi – konkret yazıçının və ya fikir adamının üzərində mərkəzləşmiş beş illik təhsil dövrü, konkret mövzu üzərində cəmləşmiş üç illik zaman. Mən insanlar üzərində mərkəzləşməyi və onlardan yazmağı seçdim və 25 yaşıma kimi bu işlə məşğul oldum, oxudum, öyrəndim. Təbii ki, 3 illik dövrün mənə verəcəyindən qat-qat çox şey əldə etdim.
Qan Turalı:
- Mən həmişə bu haqda düşünəndə yaşlı nəslə mənsub yazıçıların mənə dediyi cümləni xatırlayıram: “Axı siz intellektualsınız, nəyə görə roman yazırsınız”. Tamamilə səmimi şəkildə sizə deyim ki, mən özümü intellektual hesab etmirəm. Lakin burda söhbət məndən yox, yanaşmadan gedir. Yazıçı intellektual ola bilməzmi? Həndəsənin “əksini fərz etməklə isbat” metoduna baş vursaq, o zaman yazıçının savadsız olması barədə nəticə alarıq ki, bununla da heç kim razılaşmaz.
Bəli, mən intellektual yol seçirəm və bu barədə tənqidçilərdən, yazıçılardan iradlar da eşidirəm. Yazıçı həyatı dərk etməlidir. Bu gün getdikcə mürəkkəbləşən dünyanı anlamaq üçün, idrak etmək üçün hər gün daha artıq səviyyədə intellektə ehtiyac duyulur. Öküzün balasının adını bilməklə adam daha çox aqronom ola bilər, nəinki yazıçı. Gəlin bir az zarafat edək. Nazım Hikmət deyirdi ki, bəziləri çiçəklərin adını bilir, mən ayrılıqların. Qısaca belədir məsələ...
Yunan miflərini bilmədən yazıçı olmaq olarmı? Yazıçı fəlsəfədən xəbərsiz ola bilərmi? Fransa Burjua İnqilabını bilməyən adamın yazıçı olmağa haqqı varmı? Xəritədə Avstraliyanı göstərə bilməyən adam dünya nəsrindən danışır. Xəngəlin üstünə qoyulan o “qurud” dedikləri şeyin necə hazırlandığı haqda saatlarla danışan, arağın üstündən pivənin, yaxşı ya da pis olması barədə dərin bilikləri olan adamlar çıxardıb “inteligentdən yazıçı olmaz” söhbətini. İntellektual insan yaxşı yazıçı olmaya da bilər, lakin yaxşı yazıçı mütləq intellektual olmalıdır.
- Tanıyanlar deyir ki, hara səyahət etməyinizdən asılı olmayaraq, vaxtınızın bir hissəsini mütaliə ilə məşğul olmaqla keçirirsiniz...
Kenzaburo Oe:
- Bəli, düzdür. Gəzilib-görülməli yerlərlə tanış oluram, amma nəsə yeməklə aram yoxdur deyə, hər yerin mətbəxi ilə tanış olmaq həvəsim olmur. İçməklə aram yaxşıdır, amma onu da sakit və rahat yerdə xoşlayıram, bara getmirəm, tez-tez dava düşür, birdən-birə özünü gurultunun, yumruq davasının içində tapırsan. Ona görə otaqda qalıb, oxumaq yaxşıdır.
Qan Turalı:
- Mən səfərdə də daim oxuyuram. Gözləmə zallarında, kafelərdə oxuyuram. Müxtəlif şəhərlərdə oxuduğum kitablara o şəhərlərin qoxusu keçir. Misal üçün Kafka mənə Vyananı xatırladır. Peterburq Dostoyevskini. İstanbul Pamuku...
Oxumaq mənim üçün ən gözəl məşğuliyyətdir. Mütaliə mənim üçün iş deyil, məşğuliyyətdir. Həm də məşğuliyyətlərin ən gözəlidir. Kitab oxuduğum saatlarda əsəblərim son dərəcə sakit, ovqatım gözəl olur. Sanki katarsis keçirirəm.
- İndi nə oxuyursunuz, daha doğrusu, oxuyub, araşdırıb, öyrənirsiniz?
Kenzaburo Oe:
- Hazırda Yeatsin (XX əsrdə yaşamış irlandiyalı) 1929-1939-cu illər arasında yazdığı sonuncu şeirlərini oxuyuram. Yeats öləndə 73 yaşı olub, bu şeirləri oxuya-oxuya ikimizi müqayisə edirəm, ona nəzərən harada durduğumu, onunla müqayisədə harada olduğumu, onun 72 yaşında nə düşündüyünü, nə arzuladığını müəyyənləşdirməyə çalışıram. 72 yaşında yazdığı “Çəmənlik” artıq sevdiyim şeirlərdən birinə çevrilib. Onu dəfələrlə oxumuşam, şeirdəki ideyanı genişləndirmək üçün sözbəsöz analiz etmişəm. Növbəti romanım aralarında yazarların və siyasətçilərin də olduğu bir qrup dəli və yaşlı adam haqqında olacaq. Təbii ki, bu adamların özünəməxsusluğu da orda öz əksini tapacaq, onları dəli edən fikirləri və cəmiyyətlə uyğunlaşmayan davranışlarını görəcəksiniz.
Qan Turalı:
- Son günlərdə proza oxuya bilmirəm. Dünən istirahət günü idi və mən bütün günü divanda oturub karikatura jurnallarını vərəqləmişəm. Müxtəlif ədəbiyyat jurnallarını oxuyuram. Son oxuduğum kitab isə “Dostum Motsart” və “Pop mədəniyyət olur”du. Məndən çox pis tədqiqatçı olardı. Bəzən bir mövzunu bir neçə ay araşdıra bilərəm. Misal üçün “Fələk qırmancı”nı yazanda sufiliyə aid 50-dən artıq kitab oxudum. Lakin ömrünü bir mövzuya həsr edən alimlik mənə yaddır. Biz sürət əsrinin övladlarıyıq.
- Bəzi yazarlar işləmək üçün yalnızlığa, səssizliyə ehtiyac duyurlar. Sizdə necədir?
Kenzaburo Oe:
- Tək qalmağa ehtiyac duymuram. Roman yazanda da, oxuyanda da özümü ailəmdən, uşaqlardan uzaqlaşdırmağa, ya da onlardan ayrılmağa ehtiyac olmur. Adətən, evin ən böyük otağı – qonaq otağında işləyirəm, həmin otaqda Hikari (oğlu) musiqi dinləyir. Yəni işləyə bilirəm, çünki, onsuz da, yazdığım mükəmməlləşənə kimi dəfələrlə yazılır, oxunur, yoxlanır. Roman həmişə natamamdır, bilirəm ki, onu tamamlamaq üçün hələ çox mərhələ keçəcəm. Yazanda mətnlə aramda elə münasibət formalaşdırıram ki, ətrafda olanları nə görürəm, nə eşidirəm. Yalnız sonluğu yazanda ikinci mərtəbəyə qalxıram, bu da nadir hallarda olur. Məsələn, əsərin sonu heç cür istədiyim kimi alınmır və başa düşürəm ki, özümü əməlli-başlı toplamağa ehtiyac var.
Qan Turalı:
- Bəli, sükut mənim üçün vacibdir. Səs-küydə yaza bilmirəm, başım adamlarla söhbətə qarışır. Mən yazmaq üçün çox dolmalıyam. Əvvəllər, qədim yazıçılar demişkən, ağ kağızla üz-üzə oturardım. İndi isə vaxtımı yazmaqdan çox oxumağa xərcləyirəm.
- Bütün əsərləriniz şəxsi təcrübələrinizdən qaynaqlanır?
Kenzaburo Oe:
- Əvvəlcədən düşünülmüş ideyalarla başlamıram, necə qəhrəman obrazı canlandıracam, onların aqibəti necə olacaq, hansı situasiyalara düşəcəklər. Mənim üçün bu ələnmə mərhələsində müəyyənləşdirilən məsələlərdir. Çünki gözlənilmədən yoxlama və ya düzəliş mərhələsində yeni qəhrəmanlar peyda olur, ya da hansılarsa lazımsız olduqlarını göstərir və onları mətndən “uzaqlaşdırıram”. Bu, həqiqi həyatda olduğundan olduqca fərqli istiqamətdə baş verir. Yəni roman yazmağın məxsusiliyi burdadır, müəllif çox az şeyə nəzarət edə bilir, hekayə özü-özünü böyüdür, xarakterlər yaradır.
Romanlarımın hamısı müəyyən mənada mənimlə əlaqəlidir, insanlar, dünya haqqında düşüncələrimdən, yaşlı adamlardan eşitdiklərimdən.
Qan Turalı:
- Mən özümü əsərdə büruzə verməyi sevmirəm. İstəmirəm ki, insanlar mənim zəifliyimi görsünlər. Lakin yaradıcılıq şəxsi təcrübədən kənarda da mümkün deyil. Belə olan halda mən oxucunu mümkün qədər azdırmağı daha doğru yol sayıram. Şəxsən məni, bir oxucu kimi oxuduğum romanda hadisələrin müəllifin başına gəlib-gəlməməsi maraqlandırmır. İstərdim ki, başqa oxucuları da maraqlandırmasın.
- İş qrafikiniz haqqında danışaq bir az. Əməl etdiyiniz xüsusi rejim varmı?
Kenzaburo Oe:
- Romana başladımsa, onu bitirənə kimi hər gün yazıram. Saat 7-də oyanıram, səhər yeməyi yemirəm, bir stəkan adi su içirəm, saat 11-ə kimi yazıram. Başqa rejim adlandıracağım nəsə yoxdur.
Qan Tural
- Mən özümü aylarla susan, bəzən isə aylarla yazan yazıçılara yaxın sayıram. Düz 6 aydır heç nə yazmıram. Özümü çox gözəl hiss edirəm. Çox da rahat. Yazmağa başladıqda isə bəzən 16 saat işləyirəm.
- Sizcə, yazmaq çətin işdir?
Kenzaburo Oe:
- “Keçmişi xatırlamaq” əsərində Prust (XIX əsrdə yaşamış fransız yazar, ədəbi tənqidçi) yazmağı savaş, mübarizə kimi təqdim edir və deyir ki, nəticənin mükəmməlliyi mübarizənin formasından asılıdır. Amma mən əsla yazmağı mübarizə və ya savaş kimi ağır bir şey olaraq qəbul etməmişəm. Hətta ilk əlyazma mərhələsi olduqca əyləncəli işdir, bir az yoxlama və düzəliş zamanı yorucu olur. Əmək və mütaliə tələb edir, amma əmin olun ki, dünyada heç bir işin yekunu onun sahibini bu qədər əyləndirmir.
Qan Turalı:
- Qətiyyən. Yazmaq çox asan işdir. Çətini yazı üçün dolmaqdı, yazıda istifadə edəcəyin xammalı yığmaqdı, lazımı emosional-psixoloji hazırlığı əldə etmək, ruhi müvazinəti toplamaqdı.
Zəruri qeyd: Kenzaburo Oenin bu müsabihəsi “Ədəbiyyat qəzeti”ndə Elcan Salmanqızının tərcüməsində dərc olunmuşdur. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.