Emalatxanası olmayan Azərbaycan rəssamı

Emalatxanası olmayan Azərbaycan rəssamı
17 oktyabr 2017
# 13:38

Kulis.az Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Adil Mirseyidin rəssamlıq irsi haqqında...” yazısını təqdim edir.

Elə adamlar var ki, onlar haqqında söz deməyin elə də çətin olmadığını düşünürsən. Adil Mirseyidin (1952-2014) də belələrindən olduğunu düşünürdüm. Belə ki, onu hələ Rəssamlıq məktəbində oxuduğumuz illərindən tanımağım, fərdi mənzilimizin olmadığı sonrakı uzun müddət ərzində Bakıda tez-tez müxtəlif sərgilərin açılışlarında görüşlərimiz, söz-sənət haqqında söhbətlərimiz onu hərtərəfli xatırlamağa imkan verərdi. Amma indiki halda vəziyyəti çətinləşdirən amil bu yazıda səmimiliyimi sona qədər ifadə edə bilməmək xofudur. Qənaətimcə, varlığı təpədən dırnağa qədər səmimiyyətlə yoğurulmuş Adil Mirseyid haqqında qələmə aldığım bu yazıda bəlağətli sözlər, süslənmiş ifadələr işlətsəydim çoxları bunu mənə irad tutmazdı. Çünki Adilin bənzərsizliyi birmənalı olan söz dünyası da, rəng dünyası da buna layiqdir. Amma etiraf edək ki, yazdıqlarımdan narazı qalan da tapılardı. Bunu da başqaları yox, onu elə mənim qədər tanıyanlar edərdilər. Çünki, onlar mənim rəssamlıq məkanımızda baş verənlərə münasibətlərimdə obyektiv və səmimi olduğumdan xəbərdardılar...

Doğrudan da müxtəlif yerlərdə rastlaşdığımız Adil Mirseyid tutumuna görə zahirən göründüyü kimi də sadə, say-sıra adamlardan deyildi. Onu ömrünün sonuna qədər bəzəyən bu sadəlik kifayət qədər çoxqatlı idi, desək, yanılmarıq. Obrazlı sözlə desək, canlı Adil, haradasa “cansız” aysberqə bənzəyirdi. Üst qatını görə-duya bilsək də, sözlə rənglərin qovşağından “boylanan” sənət dünyasının alt qatını, ruhunda gəzdirdiyi yaratmaq gücünün fəlsəfi tutumunu dərhal duymaq çətin idi. Zaman-zaman bizim görə və yaşamağa qüdrətimiz çatmayan təbiət və həyat hadisələrini onun duyğulandırmaqla yanaşı həm də düşündürən şeirlərində oxumaqla, rənglərlə ifadə olunmuş müxtəlif janrlı əsərlərində görürdük. Bütün bunlar qızı Ayanın dilə gətirdiyi kimi “masası olmayan” şairin, emalatxanası olmayan rəssamın özünüifadəsi idi. Bahalı masası, geniş və işıqlı emalatxanası olanların demək olar ki, hamısı onun şəraitsizliyindən xəbərsiz idi. Çünki, Adil heç vaxt bunu duydurmazdı. Onun gündəlik məişət qayğıları ilə baş-başa qalmış durumda yaradıcılıqla məşğul olduğundan bir ailəsi, bir də yaxın dostları xəbərdardı. Özü demişkən, bu günahlı dünyada sevdiyi qadının da adı “ehtiyac” idi...

Şairin bu etirafında böyük həqiqət vardı. Onu qarabaqara izləyən bu “gözəl”in ondan əl çəkməyəcəyi də çox vaxt duyulan idi. Buna baxmayaraq şair öz ilham mələyinə “xəyanət” etmək fikrində deyildi. Qədirbilən ziyalımız Elçin İsgəndərzadənin, millət vəkili Qənirə xanım Paşayevanın və digərlərinin onun maddi ehtiyaclarını azaltmağa yönəli səyləri də başının üzərindən “Domokl qılıncı” kimi asılmış “ehtiyac”ı tamamilə yox etməyə imkan vermədi. Dost kostymunda rəsmi dövlət tədbirinə getməyin dərdini yalnız o, çəkə bilərdi. “Məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə yaşadığımızı etiraf etməyə gücümüz çatmayan bizlərin rəhminə onun ehtiyacı yoxdu. Bu yerdə yazıq qara ciyər axı neyləsin! Odur ki, Adil rəhmətlik Rauf Soltanın təbirincə desək, “rəssam palitrası kimi qarışan dünya”da başını aşağı salıb özünün əbədiyyət portretini çəkməklə məşğul idi. Qənaətimizcə, masasız da, emalatxanasız da özünü ifadə etməyin mümkünlüyünü yaradıcılığı ilə təsdiqləyən Adil Mirseyid gedişindən də nigaran deyildi. Çünki, qoyub getdiklərinin onu yaşadacağına əmin idi. Odur ki, günahlı dünyada onu sonralar da xatırladacaq “bədii iz” qoyub getməsinin danılmazlığı, yəqin ki, bir yaradıcı kimi onun ən böyük qazancı oldu.

Bu ilin yayında ailəsinə jurnalistlər üçün tikilmiş binada onun da ailəsinə mənzil ayrıldığını eşidəndə həm çox sevindim, həm də kədərləndim. Bir anlığa bu qəfil hədiyyəni dəyərləndirməyə çalışdım. İlk yadıma düşən də Adilin masasızlığı oldu. Öz-özümə fikirləşdim ki, yəqin ki, orada Adil üçün masa qoymağa yer mütləq tapılardı. Siz “ədalət”in gücünə, günahlı dünyanın “günahı”nı yumağına diqqət yetirin: masa verib, amma orada oturmağa haqqı çatan Adil Mirseyid yoxdur. Yəqin ki, ailəsi bu mənzildə “Adil masası”na yer ayıracaq, ruhu göylərdə dolaşan əli fırçalı, dili sözlü şair-rəssamın qayıdacağına inamın rəmzi kimi...

Bir qədər ağrılı və uzun görünə biləcək bu başlanğıcdan sonra Adil Mirseyidin rənglər dünyasından söz açmaq istərdik. Əslində bu yazıda başlıca məqsədimiz də bu idi. Amma yuxarıda oxuduqlarınız səmimi sözləri də yazmasaydım onun söz və rəngdən “yoğurulmuş” portreti yarımçıq görünə bilərdi...

Bütün həyatı boyu bir əli qələmdə, digəri fırçada olan Adilin bədii irsi kifayət qədər zəngindir, desək, yanılmarıq. İctimaiyyətin onu daha çox şair kimi tanımasının da başlıca səbəbi çəkdiklərini çox az hallarda sərgiləməsi olmuşdur. Duyğularını həm də sözlə ifadə edən Salvador Dali və Mikelancelo rəssamlığının onların poeziyasını kölgədə qoyduğu kimi, yəqin ki, Adil Mirseyidin daha çox şair kimi qəbul olunmasında da şeirlərinin onun rənglər dünyasını üstələməsi səbəb ola bilərdi. Bununla belə, onun akvarellərinin bu texnikanın ifadə imkanlarını əyaniləşdirən gözəl nümunələr olmaları birmənalıdır. Həmin əsərlərin ictimailəşdirilməməsi də Adil Mirseyidin günahı deyil. Amma əsərlərinə respublika muzeylərində yer tapılmasa da, şəxsi kolleksiyalarda olan əsərlərinin sayı kifayət qədərdir. Odur ki, gəlin bir az da onları dəyərləndirməyə çalışaq...

Etiraf edək ki, Adilin şeirləri oxucusunu çox fərqli və özəl bir yaşantılar aləmi ilə görüşdürdüyü kimi, rəssamlıq əsərləri də bizlərə təbiətin bakirə gözəlliyini, onun hələ də qorunub saxlanan estetik qaynaqlarını əyaniləşdirir, tamaşaçısını hifz olunan bədii dəyərlərin nə qədər duyğulandırıcı olduğuna inandırır. Bu əsərlərin əksəriyyəti akvarellə-sulu boya ilə çəkilib. Adil onları yağlı boya ilə də çəkə bilərdi. Belə ki, onun bu texnikaya bələdçiliyi qədərincə idi. Amma qənaətimizcə, akvareldəki şəffaflığın-saflığın daşıdığı estetik dəyər yükündə, yaşantı məcmusunun ifadəsində Adilin duyğuları və arzuları ilə səsləşən bədii məqamlar kifayət qədərdir. Şeirlərindəki “sərbəstliyi” akvarellərində də davam etdirməyə meylli olan şair-rəssam bununla milli qrafika saxlancımızı özünəməxsus-pastelvari əsərlərlə zənginləşdirməyə nail olmuşdur. Onların bu gün ən müxtəlif peşə adamlarının mənzillərini bəzəyib, onların gözəl sənət əsərləri nümunələri ilə zövqlərini formalaşdırmaları ilə yanaşı, müəllifini xatırlatması əlbəttə ki, yaxşı haldır.

Adilin yaratdıqlarının çoxunun onun son sərgisində nümayişinə şahidlik etdiyimizdən, deyə bilərik ki, onun maraq dairəsi kifayət qədər geniş olmuşdur. O vaxt şair-rəssamın xəstəliyinin ağırlaşmasının onun maddi durumuna ciddi təsirini görən millət vəkili Qənirə Paşayeva Rəssamlar İttifaqının sərgi salonunda Adilin əsərlərinin satış-sərgisini təşkil etmişdi. Ora gələn tamaşaçıların əksəriyyətinin sərgi salonunu “əli dolu” tərk etmələri Adilə həm də maddi dəstək idisə, toplanan bu vəsait ömrünün qürubunu yaşayan rəssam üçün “qızıl teşt” - yüngül təsəlli ola bilərdi...

İxtisas təhsilini məşhur “Əzimzadə məktəbi”ndə alan Adil çoxları kimi bu sahədə ali təhsil almağa tələsməmişdi. Görkəmli sənətkarların böyük sənətə vəsiqə aldıqları bu məktəbdə əldə etdiyi bilik və vərdişlərin ona duyğularının ifadəsi üçün yetərli olduğunu fəhmən duymuşdu. Təhsil sonrası əvvəlcə fırçasını Dağıstanda, doğma Ağdaşda və Bakıda sınayandan sonra, daha çox “qoşa qanadı”nın digəri ilə - sözlə özünün ifadəsinə üstünlük verdi. Rəssamlığına əsl qiymət verən qurum tapılmasa da, “Rəsul Rza mükafatl”na və “Vektor” Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Türkiyənin bir-neçə nüfuzlu poeziya mükafatlarına layiq görülməsi sözə sədaqətlə xidmətinin dəyərləndirilməsi oldu.

Özünə və bizlərə “Güzgüki Adam”ın gözü ilə baxmaq üçün “Bulud Adam”a dönməklə həm də “Nəğmə Adam” olduğunu sərgiləyən, “Hardan baxsan görünən adam” olduğunu da etiraf edən Adilin rənglər dünyası miniatürlərdə olduğu kimi nurludur. Bilavasitə bu nurun bələdiyi rəng qatında, onun çoxsaylı çalarlarında onun demək istədikləri hifz olunur. Kompozisiyaların azfiqurlu olmasına üstünlük verən şair-rəssamın bu yığcamlığı məna-məzmun tutumunun “ağırlığı”na yönəldə bilməsi isə onun ustalığının görüntüsüdür. “Simurq quşu” və “Tutuquşu”dan tutmuş yaşının ağlı-qaralı anlarını əyaniləşdirən “Avtoportret”lərinədək, gül-çiçəkli, mevə-tərəvəzli natürmortlarından günün və fəslin bir-birindən fərqli ovqatına “güzgü” tutan mənzərələrindək uzanan yaradıcılıq axtarışlarında Adil Mirseyidin “bədii dili” bir çox şeirlərindəki kimi çoxqatlı və suallıdır. Onun qalanlarla qalmaq istəyinə köklənmiş əsərlərində hifz olunan suallardan biri isə zamanında onu görməyənlərə və yaxud da da görmək istəməyənlərə ünvanlanıb: “Heç olmasa yoxluğumdan sonrakı bu üç ildə məni görə və tanıya bildinizmi?

"Kaspi" qəzeti

# 1848 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #