3 May Türkçülük günüdür.
1945-ci ildən bu günə kimi qeyd olunur. Hüseyin Nihal Atsız və Səbahəddin Əli arasında olan məhkəmə hadisələrindən sonra “Ankara Nümayiş”ləri baş vermişdi. 1945-ci il 3 may tarixində “Topxana Hərbi” həbsxanasında H.N.Atsız və digər 9 məhkum tərəfindən ilk dəfə qeyd olunub, illər sonra da “Türkçülük günü” kimi qeyd olunmağa davam edib.
Bunun Türkiyə daxilindəki siyasi məsələ olmasını bir kənara qoymaq istəyirəm. Əsas odur ki, biz türklər (türkiyəlilər) haqqında nə düşünürük?
Dəfələrlə rastlaşdığım nüansı bu yaxın zamanda yenə eşitdim, lakin bu dəfə daha kəskin şəkildə özləri də deyirlər ki, türklər (Türkiyəlilər) geridəqalmışdır, savadsızdırlar. Əslində bu tip fikir bildirənə cavab vermək, özü bir bayağılıqdır. Lakin, bu tip düşünənlərin sayı çox olduqda, rasional olaraq məsələnin ahəngi dəyişir və önümüzdəki dövrlərdə insanlarda yanlış fikirlər yaradır. İndi bu fikri bildirən şəxs tiplərinə fərdi suallarım var :
Sən nə vaxt Ted, Robert, St.Joseph, ODTÜ kolej məzunları ilə söhbət elədin?
Sən nə vaxt Hacettepe tıp, Ankara Siyasal, Boğaziçi, ODTÜ, İTÜ hocaları ilə tanış oldun?
Sən nə vaxt Kadıköy sokaklarında incəsənət adamları ilə müzakirələr elədin ?
Sən nə vaxt Aziz Sancar, Cahit Arf, Metin Gürses, İhsan Doğramacı, Sıddık Sami Onar, Kurthan Fişek, Nihal Atsız, İlber Ortaylı, Celal Şengör, Ruşen Keleşin kitablarını oxudun?
Hələ tanıdığın və izlədiyin Cem Yılmazdır (Boğaziçi universiteti, Turizm fakültəsi məzunu), onun zarafatlarını eşidəndə, gülməkdən uğunub gedirsən. Gör indi Sadri Alışıkı, Rıfat Ilgazı, Erdil Yaşaroğlunu tanısan nələr yaşayardın. Doktorantura proqramlarına baxın görün Amerikada, Avropada nə qədər Türkiyəli doktorantlar var? Sizin gördüyünüz dönər satanlardır, ona görə ölkəyə qiymət verilməsi məntiqə uyğun deyil. Necə ki, Rusiyanın Bauman və Lomonosov kimi universitetlərində, o qədər savadlı tələbələrimiz ola-ola bizə “pomidor-xiyar satanlar” kimi baxırlar.
Siz də burda dönər satanlara görə, o boyda ölkəyə elə baxırsınız. İncəvara sərhədlər açılanda Azərbaycandan Türkiyəyə ilk etapda ən savadlı uşaqlar getdi, bəlkə də onlar da bizə elə baxardı. Araşdırmadan, oxumadan, tanımadan bir ölkəni mühakimə etməyiniz mümkün deyil. O şəxslərin hər biri sizin ağırlığınız qədər kitablar, məqalələr yazıblar. Nəzərə alın ki, minlərlə azərbaycanlı gənc onları oxuyub, faydalanıb hal-hazırda da 7000-dən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır, hələ xüsusi olaraq Gülhanə Tibb Akademiyasının, Maltəpə hərbi məktəblərinin və digər hərbi kurslarının məzunları var, “4 günlük müharibə”də onların əzmi hər kəsə bəlli oldu, ən azından şəhid zabitlərinin məzun olduqları Akademiyalara nəzər yetirə bilərsiniz.
Mən hələ digər sahələrdə olan əməkdaşlığı qeyd eləmədim, sadəcə elmi əməkdaşlığın qısa məzmunun bildirməyə çalışdım. Özünə xeyri olmayan insanların ölkəmizə xeyri olan şəxsləri qınaması bəşəri əxlaqi dəyərlərə uyğun deyil, hətta qınanılan şəxslər sənin ölkənin müstəqilliyini ilk tanıyan, Ermənistən Respublikası ilə Qarabağ münaqişəsinə görə sərhədləri bağlı saxlayan ölkənin vətəndaşlarıdır və nəzərə almalısan ki, Türkiyə Respublikasında təhsil almış şəxslər, Azərbaycan vətəndaşlarıdır.
Türkçülük Gününüz Mübarək !
Hacıağa Əliyev