Şəxsiyyətlərimizi süni intellektə həvalə etmək olarmı? - Münasibət

Şəxsiyyətlərimizi süni intellektə həvalə etmək olarmı? - Münasibət
7 oktyabr 2023
# 12:00

Son vaxtlar bəzi dahi şəxsiyyətlərin - məsələn, Əhməd Cavadın, Üzeyir Hacıbəyovun süni intellektlə fotoları hazırlanır.

Bəzən oxşarlıq olmur, bəzən uğurlu alınır.

Maraqlıdır, bu dəyişikliklər gələcəkdə çaşqınlıq yarada bilərmi? Zamanla bəzi şəxsiyyətlər orijinaldan fərqli təqdim edilirlər. Ümumiyyətlə, belə fotoların hazırlanmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Kulis.az-a danışan Mətbuat Şurasının sədri, yazıçı, şair Rəşad Məcid bildirib ki, yaxın keçmişdə yaşamış şəxsiyyətlərin fotolarını süni intellekt proqramlarıyla hazırlamağa gərək yoxdur:

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

“O gənclərdə yeni kreativ ideyalar yaradır. Amma məsələn, Üzeyir Hacıbəylini, Əhməd Cavadı görən, tanıyan adamların yaşadığı, əlimizdə fotoları olduğu bir dövrdə süni intellektlə onların fotolarının hazırlanmasına yaxşı baxmıram. Sadəcə, süni intellektlə bizim klassiklərin Nizaminin, Nəsiminin, Füzulinin və s. portretlərini hazırlamaq daha məqbul olar”.


Dizayner Aqil Muradovun sözlərinə görə, belə fotoların əksəriyyətini özü hazırlasa da, məsələnin bu tərəfini düşünməyib:

“Hazırladığım fotoların süni intellektlə hazırlandığı qeyd olunur. Şəkillərdə üz formalarının dəyişilməsi çox təbiidir. Çünki süni intellekt şəxsin bir şəkildən onun cizgilərini tanıyır və alqoritm digər şəkillərdə onu başqa formalarda hazırlayır. Düzdür, hər dəfə tam oxşarlıq əldə etmək olmur. Mən maksimum 70 faiz oxşarlıq əldə edə bilirəm. Ən çox Rəsulzadənin şəkillərində oxşarlıq əldə etmişəm.

Gələcək nəsillərin üzləri bu şəkildə tanınması məsələsində müəyyən qədər haqlısınız. Bunun qarşısını almaq üçün şəkilləri paylaşarkən süni intellektlə hazırlandığını vurğulamaq lazımdır. Məncə bu fotoların hazırlanmasına ehtiyac var. Bu şəxssiyyətlərin çox məhdud sayda, bəzənsə heç şəkilləri olmur. Məsələn, Hüseyn Cavidin şəkillərini əlimdəki cızma-qaradan hazırlamışam. Elə buna görə də tam bənzəməyib. Bu şəkilləri gələcək nəsillərə ötürmək üçün mütləq yeniləməyə ehtiyac var. Bunu iki yolla - süni intellektlə və fotoşopla etmək olar. Süni intellektlə daha asan başa gəlir”.


Yazıçı Rasim Qaracanın fikrincə, klassikləri, tarixi şəxsiyyətləri milli dəyər kimi qəbul ediriksə, onların obrazının təsadüfi adamlar tərəfindən dəyişdirilməsi qınanmalıdır:

“Sadəcə, qınaya bilərik, çünki indiki texnoloji partlayış dövründə bunun qarşısını almaq mümkün olmayacaq. Xüsusən tarixi şəxsiyyətləri yeni qiyafədə, kostyumda təqdim etmək məndə gülüş doğurur, o şəxsiyyətlərin obrazının dəyişməsini istəməzdim. Konkret olaraq Məmmədəmin Rəsulzadənin, Müşfiqin yeni qlamur obrazda təqdim olunmaları məndə xoş təsir buraxmır”.

Qrafik dizayner Rəsul Həsənin qənaətincə, portretlərin süni intellektlə hazırlanması çox normaldır:

Azərbaycanda qrafik dizayn tarixi | Rəsul Həsən | Əkinçi

“Bir texnologiya var və insanlar ondan müəyyən vizual məqsədlər üçün istifadə edirlər. Bu dünyanın bütün ölkələrində var. Heç bir şeyə mənfi təsir göstərmir. Həqiqət axtarışında olanlar arxivə üz tutub orijinal fotoları əldə edə bilərlər. Yaradıcılıq mövzusunda kimisə sorğulamaq mənasızdır. Ehtiyac varsa, bu yaradıcılıq qolu yaşayacaq, ehtiyac olmasa, öləcək, yəni zaman özü onu ələkdən keçirəcək”.

Yazıçı Nihat Pir düşünür ki, belə şeylərə, lüzum yoxdur:

“Sonuncu dəfə Bəxtiyar Vahabzadənin fotolarını hazırlamışdılar, ondan əvvəl də Məhəmməd Əmin Rəsulzadə yadımdadır. Heç biri özü deyildi. Heç biri özünü xatırlatmırdı.

Ən pis halda, fotoqrafiyanın əlçatan olmadığı dövrdə yaşamış birinin fotosunu süni intellektə "həvalə etmək" nisbətən ağlabatandır. Məsələn, Füzulinin məktəb vaxtından bizə təqdim edilən bircə forması var: boynunu bükmüş vəziyyətdə və qəmgin. Süni intellekt Füzulini necə görür, necə düşünür, nisbətən maraqlı olar - ki mən bunun da tərəfdarı deyiləm.

Konkret simasını bildiyimiz kəsləri belə "nursuz" görəndə isə istər-istəməz adamda qıcıq yaradır. Və bu qıcıq həddən-ziyadə normaldır”.

Karikaturaçı-rəssam Fərid Hüseynlinin sözlərinə görə, tam əksini düşünür ki, bu tip tool-lardan istifadə etmək dahiləri tanımayan yeni nəsillərə informasiya ötürməkdə möhtəşəm rol oynayır:

“Bu tip kolleksiyalar dəfələrlə qarşıma çıxıb və bunlara marağın yüksək olduğunu müşahidə etmişəm. Ancaq hədsiz dərəcədə şəxsiyyətlərin simalarının deformasiyaya uğradılması indi olmasa da, gələcəkdə yanlışlara yol aça bilər. Ümumiyyətlə, bu kimi resurslar, sosial şəbəkələrin hər kəs üçün əl çatan olması daha çox informatik kirliliyi artırır. Son dövrlərdə hər birimiz bunun şahidi oluruq".

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
# # #