Rəhmsiz ananın öpüşünə həsrət qalan uşaq: “Mən yaxşı olmaq istəyirəm, amma necə?..”

Rəhmsiz ananın öpüşünə həsrət qalan uşaq: “Mən yaxşı olmaq istəyirəm, amma necə?..”
24 yanvar 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın ispan rejissor Luis Bunyuelin "Unudulmuşlar" filmi haqqında yazısını təqdim edir.

İspan rejissor Luis Bunyuel daha çox sürrealist filmləri ilə tanınır.

Ancaq “Unudulmuşlar” onun italyan neorealizmi üslubunda çəkdiyi filmlərdəndir.

Bu filmdə rejissor adi insanların gündəlik problemlərinə toxunub.

Bunyuel aclıq, yoxsulluq kimi mövzulara diqqət yetirir və sürreal filmlərindən fərqli bir yola çıxır.

Los Olvidados, la película que la clase alta mexicana aborreció - México  Desconocido

Rejissor “Unudulmuşlar”da reallığın ən dərin qatlarına enir, xəyal dünyasını qəddarlıqla ləkələyən, bulandıran hər kəsdən, bir növ, intiqam alır.

Film başlayan kimi ekranda görünən qeyd Bunyuelin reallıqlarının ən az xəyalları qədər təsirli olacağını göstərir:

“Bu film faktlara əsaslanır. Heç bir obraz uydurma deyil”.

Film Nyu-York, Paris və Londondan olan şəkillərlə başlayır və Mexikonun ümumi kadrlarından bir neçə saniyə sonra kamera cinayət və yoxsulluğun cövlan etdiyi unudulmuş küçələrin unudulmuş insanlarına çevrilir. Uçuq-sökük evlərdə səfil-sərgərdan yaşayan ailələrin yeganə qayğısı gündəlik qidalanmalarıdır. Qadınlar təmizlik işləri görür, kişilər isə fabriklərdə - ağır işlərdə işləyirlər. Oğurluq uşaqlara verilən tapşırığın bir hissəsidir.

LOS OLVIDADOS - Teatro San Francisco

Oğurluq…

Cinayət…

Sevgisizlik…

Pedro…

Onun cəmi 12-13 yaşı var…

O, ətrafındakılardan heç nə ilə fərqlənmir.

Atası vəfat eləyib. Anası və üç kiçik bacısı ilə birgə yaşayır.

O, Xaibonun başına toplaşan uşaqlardan biridir.

Xaibo uşaq həbsxanasından yenicə çıxıb.

Pedro da başqaları kimi, ancaq oğurluqla istədiyini əldə edə biləcəyinə inanır.

Başqa nəyə inana bilər ki?..

Seçimsizlik insanı başqa bir adama çevirir.

Sevmədiyi, hətta nifrət etdiyi adama…

Los olvidados de Luis Buñuel: de escándalo a patrimonio de la humanidad  Aleph Multimedios

O sevilmək istəyir, ancaq necə?

Bilmədiyi duyğunu necə istəsin?

Anası onu bircə dəfə bağrına bassa, yanaqlarından öpsə…

Yox! Yox!!!

Sevgisizliklə yoğrulan bu küçələrdə heç kim sevməyi bacarmır.

Heç kim!

Nə anası Pedroya rəhm eləyir, nə də rejissor.

Xəyallarında anasının qucağında xumarlanan Pedronu anası bircə dəfə öpür – həbsxanada.

Fotograma de la película Los olvidados | Fotográfica

Bunyuelin sürrealist yanaşmasının ən çox hiss olunduğu səhnələr bundan sonra başlayır.

Günahı sübuta yetirilməyəndən sonra belə, anası onunla maraqlanmır. Təsərrüfat məktəbinə yollanan Pedronu heyvanları çox sevdiyi üçün quşçuluq bölməsinə göndərirlər. Məktəbdə ona müntəzəm yemək verilsə də, daşımalı olduğu səbətdən yumurta oğurlayıb yeməyə başlayan Pedronun bu davranışı fürsət verilsə, dəyişəcəyini düşünən tamaşaçıları belə təəccübləndirir. Sonra gənc kameraya baxır və əlindəki yumurtanı düz üzümüzə - ilk fürsətdə onu mühakimə etməyə cürət edən yad gözlərə atır. Digər uşaqlar Pedronun yumurta oğurladığını görəndə onu təqib etməyə başlayırlar. Şikayət edəcəklərini deyirlər. Dava-dalaşdan sonra Pedro qəzəbdən dəli olur və qəzəbini toyuqlardan çıxarır ki, bu da Bunyuelin “Unudulmuşlar”dakı əvəzolunmaz alleqorizminin təmsili sayıla bilər.

Anası da hinlərinə hücum edən xoruzu vəhşicəsinə öldürmüşdü.

O da toyuqlarla eyni cür davranır.

***

Beləmi bitəcək hər şey?

Belə çarəsizcə?..

Xeyr!

Məktəbin müdiri…

O, Pedroya inanmaq, etibar etmək istəyir.

Ona pul verir ki, mağazadan nələrsə alsın.

Transmitirán el final alternativo de "Los Olvidados"

Pedronun sanki gözlərinə işıq gəlir.

Nəhayət!..

Nəhayət, kimsə ona inandı.

Amma… Ancaq… Lakin…

“Bu filmdə nikbinliyə yer yoxdur”.

Axı rejissor bizə ipucu vermişdi.

Beləcə, Bunyuel bizi yuxudan real dünyaya qaytarır.

Şərin cövlan etdiyi dünyaya…

Pedronun təbəssümündən başa düşürük ki, bu qəddar dünyanın bütün uşaqlarına onlara inanacaq, onlara güvənəcək, onları qoruyan və sevən insanlar lazımdır.

***

Film meksikalı ailələrin pis tərəflərini göstərdiyi üçün Meksikada tənqid olunub. Senzuradan və məruz qaldığı qadağalardan sonra kinoteatrlarda yalnız üç gün göstərilib. İstehsaldan əvvəl və sonra bir çox məhdudiyyətlə qarşılaşan rejissor filmin əsasını təşkil edən materialları filmə daxil edib, ağır tənqidlərə baxmayaraq, filminin arxasında dayanmaqdan əl çəkməyib. Əslində, onun sürrealist toxunuşları və emosional istismara meyilli olan hekayəsini dramatikləşdirməkdən israrla qaçması “Unudulmuşlar”ı neorealizmin ən möhtəşəm nümunələrindən birinə çevirib. Pis dünyada tamamilə yaxşı obrazın emosional süngər rolunu oynaya bilməsi çox vaxt diqqətdən kənarda qalır. Bu baxımdan, Bunyuelin bu hərəkəti ciddi tənqid etdiyini, personajlarının şəraitə görə daha çox pisliyə arxalandığını iddia etmək olar.

Film rejissoruna Kann Film Festivalında “Ən yaxşı rejissor” mükafatını qazandırıb.

“Unudulmuşlar” bu gün Meksika kinosunun əsas nümunələrindən biri hesab olunur.

Película los Olvidados en barrio la Romita Turismo Cultural

***

Analar bir tikə ət üçün övladlarına əziyyət verir…

Atalar isə baxa bilmədikləri övladlarını qoyub qaçaraq onları qayıdacaqlarını dedikləri yerlərdə əbədi unudurlar.

İndi hamı əmindir ki, oğullarını tərk edən atalar geri qayıtmayacaq.

Bəzən gözlərin kor olmasının yeganə səbəbi aclıqdır.

Bunyuel aclıq kimi ibtidai instinktin bütün emosiyaları dondurduğunu ifadə etsə də, hər şey Pedronun sözləri qədər aydın və ağrılırdır:

“Mən yaxşı olmaq istəyirəm, amma necə yaxşı olacağımı bilmirəm”.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #