Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
28 oktyabr 2024
# 14:24

Bu gün yazıçı Orxan Cuvarlının doğum günüdür.

Kulis.az bu münasibətlə onun müəllifi təbrik edir və onun "Qardaşımın atası" hekayəsini təqdim edir.

– Maalesef, hiç umut yok.

Həkim bayaqdan diqqət kəsildiyi bir qalaq kağızdan gözlərini ayırmadan sükutu pozdu. O ötkəm səsi eşidəndən vəziyyətin ciddiliyinə Eldarın şəkk-şübhəsi qalmamışdı.

O, otağa girəndə inamsız idi. İndi isə əli yerdən-göydən lap üzülmüşdü. Günlərdir ürəyindəki bir qırıq ümidi öldürmək istəmirdi. İndi də baxışlarını həkimin yaxasından asdığı eynəyə zilləyib durmuşdu.

– Durumun bu kadar vahim olduğunu düşünmemiştim.

Həkimin ikinci zərbəsi də gecikmədi. Eldar masadakı bir stəkan suyu başına çəkdi. Yanğısı keçmədi. Həkim siyirmədən çıxardığı qovluğu vərəqləyib kağıza nəsə yazırdı. Vərəqlərin narın sərinliyi aram-aram Eldarın xəfədən pörtmüş sifətinə vurdu. Handan-hana boğazında düyünlənən iki kəlmədən zorla xilas oldu:

– Peki, ne yapabiliriz?

– Sadece ağrılarını azaltabilecek ilaçlar yazabilirim, - həkim başıyla dörd sətrinə dərman adı yazdığı xırda vərəqə işarə etdi, - Hastalık son evresinde. Günleri sayılı.

Eldar kağızı götürüb otaqdan çıxdı. "Acıbadem" xəstəxanasının dəhlizində çömbəlib divara söykənmişdi. Bu ağ dəhlizlər çıxılmaz küçələrə oxşayır. Yolu xəstəxanaya çox düşmürdü, ildə bir dəfə ümumi müayinəyə gəlirdi. Hər gəlişində dəhlizdəki oturacaqlarda əyləşən, həkimlərin adı yazılan iri lövhələrin, otaqların qarşısında növbə gözləyən ümidsiz, fağır adamlara yazığı gəlirdi. Divarlara, həkimlərin ağ xalatlarına qədər hopan dərman qoxusu, bufetin dadsız-duzsuz yeməkləri, səsgücləndiricidən təcili əməliyyat otağına çağırılan həkimlərin ad-soyadı xəstəxanaların gündəlik axarıydı. Amma o dərman qoxulu divarlar, sağa-sola tələsən ağxalatlı həkimlər, səsgücləndiricilər Eldarın nəzərində heç vaxt indiki qədər hay-küysüz, səmirsiz olmamışdı. İyirmi-iyirmi beş metrlik dəhliz indi ona ucsuz-bucaqsız görünürdü, qulaqları uğultuya təslim olmuşdu. Divara dayaqlanıb ayağa qalxdı, ağır-ağır yeriməyə başladı.

***
Təyyarə uçuş zolağına enəndən içi içini yeyirdi. Yükü yox idi, elə bircə portfellə gəlmişdi. Sabah ilk reyslə qayıdış bileti də hazır idi. Aeroportun geniş, sərin qalereyasından çölə çıxanda Bakının boğanağı onu vurdu. Qapıda üstünə tökülüşən taksi sürücüləri əsəblərini tarıma çəkirdi. Ağız deyəni qulaq eşitmirdi. İçlərindən biri kənarda dayanmışdı. Elə bil yaxın gəlməyə ürək eləmirdi. Sakit, mağmın görkəmi vardı. Eldarın hay-küylü, dil boğaza qoymayan adamlardan zəhləsi gedirdi. Bazarda, dükanda da belə adamlarla kəlmə kəsmək istəmirdi. İzdihamı yarıb kirimiş dayanan sürücüyə tərəf getdi. Sürücülər əldən qaçan müştəriyə məhəl qoymayıb sensorlu qapıdan çıxan başqa adamlara sarı üz tutdular, qır-vır uzaqlaşdı.

Bir neçə dəqiqə sonra aeroport yolunda, maşının arxa oturacağında Bakını seyr edirdi. Şüşəni endirib siqaret yandırdı, bozqıra baxa-baxa arada itən uzun illərə təəssüfləndi. Bu şəhər onun uşaqlığı, yeniyetməliyi idi. İndi dumanlı yaddaşından uşaqlığına, gəncliyinə məxsus səhnələr – şəhərin dar küçələri, dalanları, dənizi, qağayıları, boz parkları, bulvarda top əvəzi oynadığı şam qozaları, rəngli, şirin pambıqlar ötüb keçirdi. Şüşənin digər tərəfindəki Bakı ona süni, bəzək-düzəkli görünürdü. Şəhər həmişəki bozluğunu saxlamışdı. İndi fərqinə varırdı ki, əslində İstanbuldakı həyatı necə əlvan, rəngarəngdir. Maşın "Bahar" qəsəbəsindən keçəndə Eldarın sifəti kölgələndi. Bu qəsəbəyə aid hər şeyi unutmağa çalışırdı. Hasara alınan qəbiristanlıq bir xeyli dəyişmişdi: qərənfil satılan köşk, başdaşı elanları, alçaq hasara söykənən qəbirqazanlar. Mollalar girişdə oturub çay içirdilər. Maşın sürətlə gedirdi, hər şeyi ani gördü. Geniş ərazidə səfbəsəf düzülən başdaşıları ox kimi ürəyinə sancılırdı. "Yazıq anam", – deyə düşündü. Bu məzarlığı bir payız ertəsi, anasının dəfnində tanımalı olmuşdu. Qəbir qazılmışdı, cənazəni üç dəfə qaldırıb qoydular. Eldar həmin gün ən qabaqda çiynini dəmir mafəyə verdi, kəfəni qaldırıb anasının üzünə bir ovuc torpaq səpdi, taxtaları düzdü, qəbirə torpaq atdı. Onda dəliqanlı idi, soyuqqanlı davranışları özünü də təəccübləndirmişdi. Bütün gün sarsıntısını üzə vurmamış, özünü yumruq kimi sıxmışdı.

Anasının xəstəliyinə pis xəstəlik deyirdilər. Deyirdilər deyəndə, bu xəstəlikdən nənəsi, atası, bir də Eldar xəbərdar idi. Yadındadır, nənəsi anasının xəstəliyini ilk eşidəndə qulağını çəkib divarı üç dəfə taqqıldatdı. Eldar heç vaxt bu üç taqqıltının illər uzunu beynini cırmaqlayacağına inanmazdı. Bu üç taqqıltı uzun illər heç ağlına gəlməyən yerlərdə, gözləmədiyi məqamlarda qəfil güllə kimi beyninə tuşlanır, ürəyini səksəkədə saxlayırdı. Suya düşən damlalar kimi həlqələr yaradıb beyninə yayılan bu üç taqqıltı hafizəsinin ən qorxunc silahı idi.

Pis xəstəlik anasını şam kimi əritdi. Əvvəlcə saçlarının boyası soldu, sonra ovurdları bir-birinə keçdi. Anasının ala gözlərinin altında qaramtıl çuxurlar əmələ gəlmiş, bəbəklərinin parıltısı itmişdi. Hərdən Eldara elə gəlirdi ki, bu bir cüt sönük gözün dibindəki yarğan, nəhayətsiz, intəhasız boşluq bir tək ona əyandır. Bəzən öz əksini anasının yaşarmış gözlərində yeganə həyat əlaməti kimi görürdü. Çox keçmədi, öz əksi də o işıqsız gözlərdən əbədi qeyb oldu.

***
Taksi Qaraçuxurun torpaq yoluna burulanda maşının qabağına qaçan bir dəstə uşaq onu fikirdən ayırdı. Görəsən, kimlərin uşağıdır? Doğrusu, indi yaddaşını ələk-vələk edib keçmişin rəfindən bir neçə ad çıxara bilərdi. Nədənsə, buna cəhd etmədi. Həm də indiki məqamda axı bunun nə mənası vardı? Maşın çinar ağacının bərabərində, qapılarının ağzında dayandı. Xırda pulu yox idi, sürücüyə iyirmi dollar uzatdı. Sürücü bir pula baxdı, bir ona:

– Manatlığın yoxdu?

– Narahat olma, ağsaqqal – Eldar ehmalca onun çiyninə toxundu, – zdaçi lazım deyil.

Qara maşın tozanaq qaldırdı, toz burulğanında itdi, məhlənin sonunda görünməz oldu.

…Hərəkətsiz dayanmışdı. Ağaca altdan-yuxarı bir xeyli baxdı. Bakının qora bişirən istilərində yeganə ümid yeri bu çinar ağacının kölgəsi idi. Uşaqlıqda qızmar yay günlərində bu qocaman çinarın gövdəsinə söykənirdi. Məhlədə futbol oynayanda nəfəsini dərdiyi yer də bura idi. Həmin oyunlarda dizində, dirsəklərində yaranan yaralar sağalmaq bilmir, şirin-şirin qaşınırdı. Bu ağacın kölgəsində sərinlədiyi vaxtlarda bir əli o qaysaqlarda qalırdı. Nə qədər özünü tənbehləsə də, şirin-şirin qaşınan o qaysaqları qoparmağı tərgidə bilmirdi. Qaysağı qopan yaralar acışır, qanayır, eyni şeylər təkrarlanırdı. Futbol oynayanda qapı kimi həmişə onların alaqapısını seçirdilər. Hər qoldan sonra tünd-yaşıl alaqapılarına toz dairələri həkk olunurdu. Qapının azca üstündən həyətlərinə düşən toplar neçə dəfə pəncərələrin şüşələrini qırmış, zivəyə sərilən ağ mələfələri çirkləndirmişdi.

Gözlərini zillədiyi bu qapıdan çıxanda yeniyetmə idi. Bəzi şeyləri dumanlı xatırlayırdı. Necə qınayasan, iyirmi iki il az müddət deyil, bir igidin ömrüdür. Aradan keçən illər ərzində çinar ağacı əzəmətindən bir şey itirməmişdi. Fəqət qapının boyası qopuq-qopuq, solğun idi. Gözü toz dairələrini gəzdisə də, bir şey görmədi. O dairələr təkcə alaqapıya yox, yaddaşına da həkk olunmuşdu.

Qapını döyüb-döyməməkdə tərəddüd etdi. Axı bilmirdi ki, içəridə onu hansı mənzərə gözləyir? Görəsən, onu tanımaq asan olacaq? Zarafat deyil, geridə qalan illər təkcə təqvimi dəyişməmiş, ömürdən də çox şey aparmışdı. İndi əvvəlki sısqa, çəlimsiz oğlandan əsər qalmamışdı. Eldar zahirən də dəyişmişdi. Uzandıqca qıvrılan, kürən rəng alan saqqalında tala-tala çallar gözə dəyirdi. İllər keçdikcə təkcə üz cizgiləri yox, bədən quruluşu da kobudlaşırdı. Bircə parlayan, işıq dolu gözləri eyni idi.

"Danq, danq".

Dəmir qapını iki dəfə döydü, üçüncü dəfə vurmaq istəyəndə nəsə onu saxladı, əli havada qaldı. Axı üçüncüyə nə ehtiyac vardı? Təlaş içini bürüdükcə əli sustaldı, yanına düşdü.

Qapının o tayından səslər eşidildi. Eldar bu anı yüz yol ağlından keçirmişdi. Elə anlarda ürəkdən hiss edirdi ki, yaddaşın bir-birindən qəribə oyunları var. İndi solğun, boyası qopuq-qopuq olan bu qapının o üzü Eldar üçün təkcə ensiz həyətdən, üç göz evdən ibarət deyildi. Bu qapının o üzündə iyirmi iki ilin acı təəssüfü, xatirələri, şirinli-acılı günləri, məhrəm, nabələd qonaqlar, yaxın, uzaq qohumlar, anasının yeməklərinin ətri, yay axşamlarında samovar qoxusu, pürrəngi çayın içinə yayılan isti ləzzəti, cırcırama səsi, təzə təndir çörəyiylə qarpız-pendirin tamı, təmiz süfrə arxasında ailəvi naharlar, şam yeməkləri, atasının ucuz tütün iyi gələn köynəkləri, anasının əlvan, rəngbərəng şalları, ad günlərində, bayramlarda hər üç otağa yayılan "Krasnaya Moskva" ətrinin tünd qoxusu, evin daimi sakininə çevrilən qonur pişik, "VEF" markalı qırıq radio, babasından qalma, kökdən düşmüş piano, qonşu həyətlərdən süzülüb gələn tərxun, nanə rayihəsi, valideynlərinin tozlu albomları, tələbəlik şəkilləri, həyətin bir küncündəki əlüzyuyan, yanındakı qırıq güzgü, sabun qabı, bəyaz məhrəba, üzüm tənəkləri, su çəlləkləri, zivədəki paltarlardan gələn təmiz camaşır qoxusu, anasının şirniyyat, çörək bişirdiyi qırmızı soba, "Krım 218" markalı ağ-qara televizor, ipək kilim, rəngli bayram süfrələri, Rusiyadan pay gələn şokolad qutuları, taxt, dəmir çarpayılar, kitab-dəftərlərini yığdığı dolablar, solğun, vərəqləri saralmış kitablarla dolu rəf, qaz plitəsi, anasının cehizlik qab-qacaqları, yayın qızmar, bürkülü gündüzləri, xəfif mehli axşamları, qışın sərt ayazı, payızın durmadan dəmir damı döyəcləyən yağışları, navalçanın altına düzülən vedrələr, ağacların gövdəsini, evin çöl divarlarını, barını boyayandan sonra boşalan əhəng qabları və daha nələr, nələr dayanmışdı.

Addım səsləri yaxınlaşdı, xırp kəsildi. Darvaza ağır-ağır açıldı. Malikin sısqa çiyinlərinin arxasında həyət-baca, kürsülü ev görünürdü. Onun heç yuxusuna da girməzdi ki, Eldar gələr. İki doğma qardaş iki yad adam kimi üzbəsurət dayanmışdı. Malikin təəccübdən çatılmış qaşları, üzündəki donuq ifadə açıldı, handan-hana özünə gəldi. Möhkəm qucaqlaşdılar.

– Heç inanmırdım gələcəyinə.

– Bir günlük gəlmişəm.

– Keç içəri.

Qol-boyun həyətə keçdilər. Malik qəfil sevincdən çaş-baş qalmışdı, nə edəcəyini bilmədən döyükdü, evə keçmək istədi, sonra eləcə yerində dayandı, Eldara yer göstərdi:

– Otur, otur. Birdən səni gördüm, lap başım getdi.

Eldar portfeli paslı çarpayının üstünə qoyub altına kətil çəkdi. Malik yaşa dolmuşdu. Gülümsədikcə gözlərinin altındakı qırışlar gicgahlarınacan uzanırdı.

Malik Eldardan üç bayram kiçik idi. Uşaqlığından fərasətinə, diribaşlığına görə atası, babası ona "julik" deyirdi. İkisi də anasına bağlı idi. Anaları öləndən sonra Eldar bu üç göz evdə özünə yer tapa bilmədi. Malik içinə qapanmışdı, qaş-qabağı yer süpürürdü. Eldarsa ağrısını içində çəkməyi bacarmırdı. Əsəbləri tamam korlanmışdı, tez-tez küçədə, qonum-qonşudakı uşaqlarla dava-dalaşa qarışır, evə yığışmırdı. Anasının xəstə yatdığı günlər gözlərinin önündən çəkilib getmirdi. Bu neçə ayda sükut evlərini duman kimi bürümüşdü. Anası xəstəhal olsa da, uşaqlara, yoldaşına yemək sarıdan korluq vermirdi. Özü ağzına bir tikə qoymurdu, iştaham küsüb deyirdi. Enli çiyinləri, buxağı hər keçən gün yavaş-yavaş əriyirdi. Elə bil o il yeməklərin dadı-duzu, ləzzəti də yoxa çıxmışdı. Eldar boşqabdakı yeməyi çox vaxt axıracan yeyə bilmirdi, bir gözü anasının üzündə qalırdı. O yay boyunca anası güllü donlarını heç geyinmədi. Sümükləri sayılırdı, gur saçları seyrəlmişdi. O yay Eldarın bayır-bacağa çıxmadığı son yay idi. Anasının yanından ayrılmırdı, arada onun seyrək, dən düşən xurmayı saçlarına sığal çəkirdi, başını dizlərinə qoyurdu. Malik olub-keçənləri sən deyən qavramırdı. Amma Eldarın ürəyinə dammışdı ki, bu məşum yayı heç vaxt unutmayacaq. O il bircə şeydən – anasının ölümündən savayı hər şey qəfil baş vermişdi. Günlərin birində, atasının bir hərəkəti Eldara yaman yer elədi. Ağlı bir şey kəsmirdi ki, anasının meyidi soyumamış atası tanımadığı bir qadını evə necə gətirə bilmişdi? Anasının son aylarında atasının soyuq rəftarı, acı dili, zabitəsi, yerli-yersiz gözümçıxdıları Eldarı çoxdan usandırmışdı. Amma yatsa yuxusuna girməzdi ki, ürəyini sıxıb-sıxcalayan, onu qorxu içində saxlayan ehtimal bu qədər tez müddətdə gerçəkləşər. Eldar həmin gün pencəyini götürüb dinməz-söyləməz evdən çıxmışdı.

Bu neçə ildə ən çox Malikdən ötrü narahat idi. Eldar hələ də qardaşıyla bu qədər uzun ayrılığa bir məna verə bilmirdi. Axı Malik günahsızdı, bir qəbahəti, təqsiri yox idi. Elə bilirdi anasının ruhu onların arasındakı məsafədən, uzaqlıqdan nigaran qalıb. Maliki anasının Yer üzündəki yeganə əmanəti sanırdı. Başını götürüb getdiyi İstanbulda güzəranı yaxşıydı. Ora gedəndən işləmədiyi iş qalmadı, özünü oda-közə vurdu. Bəzən bir qarın yeməyə işlədiyi kafenin bir küncündə pişik kimi qıvrılıb yatırdı. Eldar ağıllı oğlan idi. Aylarla qazancını qəpik-qəpik topladı, sonra şərikli xırda-xuruş alverə girişdi. Ortağıyla əli yaxşı gətirmişdi. Sonralar ortağı yol qəzasında öldü, işlər Eldara qaldı. Pul pulu, iş işi gətirirdi. İndi Bosforun sahilində – Əmirqanda, Bəylərbəyidə, Baltalimanında, Çəngəlköydə, Sarıyerdə, Üsküdarda restoran şəbəkəsi vardı. Eldar uşaq deyildi, ətrafındakı adamların niyə yanında olduğunu yaxşı dərk edirdi. Nədənsə son zamanlar sahib olduğu hər şey ona mənasız görünürdü. Tez-tez "Bu pul, mal-mülk gəldi-gedərdi", – deyirdi. Eldarın əhatəsi, ətrafı geniş idi. Amma hərdən bu qələbəliyin içində gözləri bir doğma kəs, tanış sifət gəzirdi. Bəlkə də Malik yanında olsa, suallar içində boğulanda, anasını xatırlayanda, qəribsəyəndə ürəyini ona süfrə kimi açardı. Başqa kimi vardı ki? Malik kimi o da evlənməmişdi, oğul-uşaqdan heç nəyi yox idi. Onu yanına aparmaq üçün çox əlləşmişdi. Ancaq qardaşı razılaşmaq bilmirdi ki bilmirdi.

Eldar Malikə, həyət-bacaya, evə, həyətdəki ağ "Niva"ya uzun-uzadı baxdı. Malik hələ də Eldarın gəlişini qavraya bilmirdi.

– İnanmırdım gələrsən.

– Sənə görə gəldim.

– Mən heç inanmırdım ki, o kağızlar sənə çatar.

– Çatdı.

– Nə fikirləşirsən?

– O kağızları yaxşı bir həkimə göstərdim, – Eldar nəzərlərini yerə dikib bir anlıq susdu, – əmələ gələn şeyə oxşamır, mədəsinə yayılıb.

– Bu nə bəladı düşmüşük?

– Yazıq anam da bundan getdi…

Malik qəfil tutuldu. Elə bil analarının ölümünü çoxdan unutmuşdu.

– …

– Burda xeyli dərman var, – Eldar çarpayının üstündəki portfeli dizlərinə qoyub açdı, – bir, iki, üç, dörd.

Malik Eldarın uzatdığı rəngli dərman qutularını alıb maraqla baxdı. Qəliz adları var idi.

– Bunlar nəyəsə yarayacaq?

– Həkim dedi ağrılarını azaldacaq.

İkisi də eləcə susdular. Qonşu evin damından göyərçinlərin quğultusu eşidilirdi.

– Həyasız bilirsən nə deyir?

– Kim?

– Ögey anamız.

– Adını çəkmə o ləçərin. O hardan bizim anamız oldu?

– Di yaxşı, boşla. Deyir ki, Malik gözünü o ağ "Niva"ya dikib. Gözləyir ki, atası gözünü yumsun, o dəqiqə behlənəcək.

– Hər sözə bənd olma. Hardadır indi? – Eldar sınayıcı nəzərlərlə həyəti süzüb analığını xəbər aldı.

– Ata xəstə düşəndən qardaşıgilə köçüb.

– Bağda ərik var idi…

– Ürəyim partlayır, Eldar, – Malik qardaşının sözünü yarıda kəsdi.

– Sənə nə qədər dedim ki, yanıma gəl.

– Onu qoyub necə gəlim?

– Heç əvvəllər də razı deyildin. Yenə deyirəm, burda bizə yer yoxdur.

Malik günahkar uşaqlar kimi başını aşağı saldı. Eldarın hikkəsi soyumaq bilmirdi:

– Sənin atan bir kişi olmadı, sümüyünü it sümüyünə caladı.

– Sənin atan deyil bəyəm?

– Mənim o adda atam yoxdu.

– Bəs niyə gəlmisən?

– Sən çağırmısan deyə.

Malik artıq nəsə demədi. İçəri keçdi, əlində sini qayıtdı. Bir boşqab pendiri, bir bulud qarpızı, ikiyə bölünmüş təndir çörəyini, yuxanı, çəngəlləri səliqəylə masaya düzdü.

– Bir tikə çörək ye, yol yorğunusan.

– İştaham yoxdur, – Eldar gözünü masanın cırıq örtüyünə dikmişdi.

Qarpızın ətri onu uşaqlığına qaytardı. Maliklə evin kandarında oturardılar. Anası hərəsinə bir dilim qarpız verər, qayğıyla saçlarına sığal çəkərdi. Eldar hər qarpız yeyəndə bu səhnəni xatırlayırdı. Anasının nəvazişi yadına düşdükcə gözündən bir gilə yaş süzülürdü. İndi də özünü güclə sıxıb saxlamışdı. Elə bil qardaşı da bunu hiss etdi, baxışlarını yayındırdı, bir-birinin üzünə baxa bilmədilər.

– Heç olmasa çay gətirim.

– Ürəyim istəmir.

– Bəlkə arxa otaqda bir az dincini alasan?

– Belə yaxşıdır, – Eldar şüşə konfetlərlə dolu qənddanın qapağıyla oynayırdı, – bəs o hanı?

– Qonaq otağında, – Malik başıyla evi işarə etdi, – daha heç kimi tanımır, bir tikə çörək yemir, arada ayılır, su içir. Lap taqətdən düşüb.

– …

– O gün möhkəm acıqlandı mənə.

– Niyə?

– Siqaret istədi, vermədim.

– Ver çəksin, – Eldar portfelindən bir blok "Marlboro" çıxardı, – səninçün gətirmişdim. Bir-iki qutu da ona ver.

– Axı…

– A kişi, ver, çəksin deyirəm, – Eldar azca səsini qaldırdı, – Bəlkə son arzusudu? Tamarzı qalmasın.

***
Malik nə qədər, bu gecə yatmayacam desə də, gecə həyətdəki çarpayıda yuxulamışdı. Guya səhərəcən dərdləşəcəkdilər. İri əllərini qarnının üstündə çataqlayıb yatmışdı. Eldar ağ "Niva"ya söykənib siqaret sümürürdü. Sərin axşam mehi çinarın yarpaqlarını xışıldadırdı. Burda doğma səslər çox idi. Cırcırama səsi, xeyli uzaqdan – qəsəbənin mərkəzindən gələn it hürüşməsi gecənin lal, mübhəm sükutunu pozurdu.

Eldarın bir gözü evin qapısında idi. İçəri keçsin ya yox? Malik də yatıb, xəbəri olmazdı. Atasını görmək istəyirdi, bilirdi bu sondu, bir daha onu görməyəcək. Bir yandan da maraq güc gəlirdi. Görəsən, çox dəyişmişdi? Bir anlıq düşündü ki, bəlkə salamatı elə görməməkdir, xatirində əvvəlki kimi qalsın. Saqqalına tumar çəkə-çəkə həyətdə var-gəl elədi. Dözə bilmədi, asta-asta qapıya sarı getdi.

Aralı qapıdan boylananda onu pəncərənin kənarında, nimdaş, yamaqlı yorğan-döşəkdə yatan gördü. Ev dağınıq idi. Ehtiyatla taxta qədər yanaşdı, evin tanış qoxusunu sinədolusu içinə çəkdi. Diqqətlə atasına baxdı: bir dəri, bir sümük qalmışdı, asta-asta nəfəs alırdı. Ayın kövrək ziyası aralı pəncərədən atasının açıq sinəsinə, ensiz alnına düşürdü. Ağ kətan köynəyinin bir-iki düyməsi açıqdı, buruq-buruq tüklü sinəsi aramla qalxıb-enirdi. Alnında tər puçurlanmışdı, üzü təraşsız idi. Batıq çənəsi, əti, qanı çəkilmiş ovurdları, şişkin gözaltı torbaları atasının tanış simasından heç nə saxlamamışdı. Dolabın üstündəki yarımçıq dolçaya, boş stəkana baxdı. Bu evin hər künc-bucağı, əşyası – hər şeyi məhrəm, tanış idi.

Arxa otağa keçmək istəmədi. Qorxurdu anasından bir nişanə görər. Yarıqaranlıq otaqda halı xarablaşdı. Bir istədi ki, gedib Maliki oyatsın, səhərəcən danışsınlar. Tez də fikrindən daşındı. Otaqdan çıxmaq istədi, nəsə fikirləşib ayaq saxladı, taxtın yanına qayıtdı. Köynəyinin döş cibindəki siqaret qutusunu, alışqanı atasının yanındakı dolabın üstünə qoydu.

Barmaqlarının ucunda həyətə çıxdı. Talvardakı üzüm yarpaqlarının arasından göy üzü aydın görünürdü. Sürməyi səma buludsuz idi, Ay bədirlənmişdi.

Mıxçadan asılan pencəyi ehmalca Malikin üstünə örtdü.

# 1409 dəfə oxunub

Oxşar xəbərlər

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
# # #