Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Beşinci hissə
11 may 2024
# 12:00

Bu gün şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpağın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun "Qaranquş səsli sevgili" adlı povestinin beşinci hissəsini təqdim edir.

Dördüncü hissə burada

Həsənağadan sonra Simranı dünyaya gətirəndə, Ayna əllərini göyə açıb demişdi: “Ta səndən heç bir diləyim yoxdu, Pərvərdigara!..”

Ancaq sonralar çox şeylər dilədi: oğluna düz yola qayıtmaq, adam kimi adamlar içində yaşamağa layiq olmaq, xoşbəxtlik, xoşbəxtlik, yenə də xoşbəxtlik...

İndi qapını açınca, az qala yarım ildir üzünü görmədiyi balasına gözü sataşan ana bilmədi neyləsin. Həmişə düşünərdi ki, qiyamət hardan gələcək?– sağdan, yoxsa soldan? Amma cavab tapa bilməzdi. Düşünərdi, düşünərdi, gecənin qaranlığını gündüzün işığına qatardı, – amma istədiyini ala bilməzdi, məyus-məyus gözlədiyini gözlərdi.

Bu da gözlədiyi...

Anasının məhrəm qoxusunu ciyərlərinə çəkincə Simranın gözləri doldu. Qucaqlayıb bağrına basdı. Ağarmış saçlarından öpəndə, onun nə qədər zəiflədiyini, nə qədər üzüldüyünü hiss elədi. Ayna təkcə ərini itirdiyinə görə deyil, görünür, həm də Simranın dərdindən bu günə düşmüşdü. “Bircə evləndirsəydim, rahatca ölərdim...” – deyirdi öz-özünə. Gecə-gündüz bu fikirin əlində girinc olub qalırdı.

– Ana... Yeməyə nəyimiz var? – Özü belə dedi ki, birbaşa mətləbə keçməsinlər.

– Bıy, anan sənə qurban. Bu dəqiqə... bu dəqiqə...

Aynanın başı yemək hazırlamağa necə qarışdısa, Simran ev-eşiyə göz gəzdirib, nə vaxtdır görmədiklərinə qəribə bir tərzdə baxdı.

O, nahar etdikcə, anası gözlərini zilləyib oturmuşdu, heç nə demirdi. Simran düşündü ki, “görünür, Həsənağa belə tapşırıb”. Bilirdi ki, Həsənağanın sözü evdə qanundur.

– Bəs gəlinbacım hanı? Uşaqlar hardadı?

– Gəlinbacın iki gündür anasıgilə gedib.Uşaqları da aparıb. Uşaqlardan ötrü adamın ürəyi darıxır lap...

– Bəs gəlindən ötrü darıxmırsan, ana?

Ayna güldü. Bircə kəlmə:

– Ay sənin saqqalın ağarsın, elə. Ondan ötrü də darıxıram. Niyə də darıxmayım?.. Ən çox istədiyimsə, sənin gəlinini görməkdir. Sonra ölsəm də olar...

– Ay ana, o nə sözdü? Ölmək nədi? Allah eləməsin...

Simran sonuncu tikəni udunca ayağa durdu, bilirdi ki, anası kövrəlib, indicə ağlayacaq, həm də söz düşmüşkən evlənməklə bağlı döşəyəcək cəmdəyinə.

Bakıya qayıdanda artıq axşamüstüydü. Evdən çıxanda: “Darıxma, ana, tezliklə sevindirəcəm səni” dedi. Anası yerindəcə quruyub qaldı, arxasınca əliylə su atdığı dəmdə, gözüylə də yaş çilədi.

Yolda onu fikirləşirdi ki, “Nolaydı, Narınc nənə deyən düz çıxaydı, Pərini müalicə elətdirəydim, bir bəbəmiz olaydı... Biz də özümüzü adamlar cərgəsinə qoşaydıq. Necə olmasa, əvvəl-axır anamın da üzü gülərdi, ta arxamca ağlamazdı...”

Müalicə isə, elə də asan bir şey deyildi, aylarla davam edirdi.

Simranın Pəriylə izdivac qurmasını artıq Həsənağa da, anası da bilirdi. Rayon yerində çətin də olsa, necə deyərlər, onlar bu məsləylə barışmaq məcburiyyətində qalmışdılar. Əslində, bu, heç barışıq da deyildi. Sadəcə, özləri demişkən, elə cür bir çarəsizlik idi ki, çıxış yolu yox idi artıq, hər şeyin üstündən gözüyumulu keçməyə məcbur qalıb susmuşdular. Simranın taleyilə bağlı ailə içində daha əvvəlkilər kimi aranı dağa, dağı arana daşımırdılar, bütün cəhdlərin mənasız olduğunu yaxşı başa düşürdülər. Bircə şeylə təsəlli tapırdılar ki, bütün rayonda Pərinin adı başqa heç kimlə deyil, təkcə Simranla çıxıb. Sadəcə Həsənağanı da anası Aynanı da əvvəllər çox narahat edən onun dul qadın olması, həm də aralarındakı on yaş fərq idi. Daha bu məsələyə də göz yumub dillənmirdilər. “Özlərinə xoşdur, qoy olsun...” məntiqini qəbul etmişdilər artıq. Ancaq yeganə bir narahatçılıqları Pərinin dünyaya övlad gətirə bilməməsiydi. Bundan ötrü isə müalicə gedirdi, Narınc nənənin tövsiyələri həyata keçirilirdi.

* * *

Amma heyif ki, nə Narınc nənə, nə də qəlbi nisgilli Ayna o günü görmədi. Pəri övladdan ötrü çırpınıb-çabaladığı dönəmlərdə onlar bir-birinin ardınca dünyalarını dəyişdi. Narınc nənə evi Salehin adına keçiribmiş demə. Buna görə də Simran kirayədə qaldığı mənzil sarıdan bir qədər arxayın idi. Anası Aynanın isə atası kimi onunla bağlı o dünyaya qəlbi yaralı getdiyini özünə bağışlaya bilmirdi heç cür. Bir tərəfdən də Pərinin müalicələri yaxşı nəticələr verirdi, həkim bildirmişdi ki, tezliklə hamilə olacaq. Amma xeyli pul lazım idi ki, proses davam etsin.

Simran artıq Sahilin qardaşı oğlu Nağının yanında, təzəcə açılmış gəlirli bir alqı-satqı şirkətində mühasib kimi çalışırdı. İşləri yaxşı gedirdi. Vaxtilə “ölərəm, amma atamın yadigarını satmaram...” desə də Pərinin müalicəsi ucbatından maşınını dəyər-dəyməzinə xırıd eləmişdi, ona görə də işindən bərk yapışmışdı, ürəklə çalışırdı. Yaxşı da maaş alırdı.

Sentyabrın ortalarıydı. O gün Bakıda Xəzri dəlicəsinə aləmi bir-birinə qatıb, yeri-göyü dağıdırdı. Simran özünü evə güclə çatdırdı. Kandarda Pəri üstünə yüyürdü, nəsə demək istədi, bacarmadı. Əlini ağzına söykəyib, həyəcan içində gözlərini bərəltdi, tez içəri girdi. Simran heç bir şey kəsdirə bilmədi. “Görəsən, noolub?” deyə ayaqqabılarını çıxara-çıxara fikirləşdi. Bu zaman telefonuna zəng gəldi. Müdir idi. Nağı neçə gündür xəstə olduğuna görə işə çıxmırdı. İndisə, işlə bağlı müəyyən şeyləri soruşurdu. Simran otağa girib həyəcandan tir-tir titrəyən, hələ də əlini ağzına qapayıb gözləri bərəli halda ona zillənib qalan Pərini süzə-süzə müdirlə danışırdı. Telefon söhbəti xeyli çəkdi. Danışıq bitəndən sonra Pəriyə yaxınlaşdı.

– Noolub?

Pəri onun boynuna sarıldı və...

– Cik-cirik, cik-cirik... – pıçıldadı. Amma sevinc dolu bu pıçıltı səsi Simranın qulağını batırdı... Həyəcanla soruşdu:

– Noolub sənə, Pəri?

Pəri qollarını onun boynundan çəkib, əlini yüngülcə öz qarnına sürtdü:

– Cik-cirik... cik cirik...

Simranın gözləri doldu. O başa düşdü ki, Pəri uşağa qaldığını söyləyir. Tez kandara çıxdı. İstəmirdi hansı ovqata düşdüyünü Pəri görsün. Həm də ağzını açıb nəsə deməyə qorxurdu. Qorxurdu ki, qəfil özü də cükküldəyər. Gör onda başına nə fəlakətlər gələr. O halda işə-filana gedə bilməz, biabırçılıq olar.

Tez-tələsik küləyin divan tutduğu həyətə düşdü. Hamama girib qapını vurdu, evin kandarında dayanıb səbirsizliklə onu gözləyən Pəriyə nəfəslikdən baxdıqca baxdı... Beləcə, hamamdaca dayanıb həyəcanının ötüb-keçməsini gözləyirdi. Sonra necə oldusa gözləri evin pəncərəsi üstündəki qaranquş yuvasına sataşdı. Yuvadakı balaların hər biri artıq böyümüşdü. İndi boyunlarını içlərinə qısıb Xəzrinin susmasını gözləyirdilər. “İlahi, noolar, bu xəbərdən kaş mən cikkildəməyim, noolar... Belə olsa, işim-gücüm necə olar?.. Bəs mən neylərəm? Neylərəm axı?”

Aradan on dəqiqə keçdi. Pəri artıq kandarda yoxuydu. Simran öz- özünə bir də səsləndi, özü də bu dəfə bərkdən: “Neylərəm mən axı?” və ardınca da sevincək əllərini qaldırıb: “şükür, cikkildəmədim, şükür” dedi. Ardınca bir şükran da yağdırdı: “şükür, balam olacaq, şükür!..”

Geri döndü, kandarda qaranquş yuvasına sarı boylanıb “salam olsun!..” dedi. Qaranquşlar cikkildədi və Simranın içini bürüyən səsləri Xəzrinin qanadlarında daşa-divara çırpılsa da sanki ruhuna bir amiranəlik bəxş elədi.

İçəri girincə sevincək halda Pərini qucaqladı:

– Gözün aydın, Pəri! Gözümüz aydın! Şükürlər olsun!

Pəri isə cavabında həzin-həzin cikkildəyir, üzünə sevinc göz yaşları süzülür, uçum-uçum uçunurdu...

* * *

Hə, müalicə öz işini görmüşdü. Pərinin vaxtından keçmişdi, hamiləydi. Simran da elə bil dünyaya təzədən gəlmişdi. Tamam ayrı düşüncələr içində yaşayırdı. Ata olcağıyla bağlı hissləri qəlbini dağa döndərmişdi. Bununla belə, cikkildəməsin deyə həddən artıq soyuqqanlı olmağa çalışırdı. Öz-özünə: “yəqin yer üzünün insanları o qədər soyuqqanlıdırlar ki, belə yaşantılara ürcah olanda, heç biri sevindiyindən müjdəli qaranquşa dönə bilmir, heç biri bizim kimi cikkildəmir... Nə bilim, Allah bizi nə yaradıb...”

Pərininsə yaşantıları ağlagəlməz idi. Dili də açılmışdı. Heç cür özünü ələ ala bilmirdi. Bu yaxınlarda dayısının işdən çıxarılması, ardınca da infarkt keçirib ölməsi barədə xəbər tutmuşdu, ancaq heç eyninə də gəlməmişdi. Fikri-zikri ancaq günü-gündən qarnını şişirdən körpəsindəydi. Həkim dönə-dönə tapşırmışdı ki, bir dənə də olsun ağır işə əl vurma. Deyilənlərə əməl eləyirdi. Narınc nənənin tozsoranı onlardaydı. Kreditlə paltaryuyan maşın da götürmüşdülər və bu, çox köməklərinə çatırdı. Qalan hər şeyi Simran sahmana salırdı. Onu qab-qacaq yumağa belə qoymurdu, evə gələn kimi həvəslə hər işi özü görürdü.

Onlardan ötrü dünyanın rəngi dəyişmişdi artıq. Dünyanın bir başında günəş doğurdusa o biri başında batmırdı daha... İşıq içindəydilər. Çox vaxt sabahı diri açırdılar. Bir-birlərinə o qədər gözəl şeylər danışırdılar ki, yorulmaq bilmirdilər...

Dekabrda müxtəlif aparatlarda müayinədən keçən Pəriyə dünyaya qız övladı gətirəcəyini bildirdilər. Çox sevindi. Bu xəbəri eşidib qorxudan xeyli susdu. Susdu ki, cikkildəməsin. Ürəyində: “mənimçün lap cikkildəsəm də xoşdu... balamdan ötrü nəinki qaranquş, lap cücü də olmağa hazıram, təki o gəlsin dünyaya...”

Aradan bir qədər keçdi, ər-arvad qərara aldılar ki, istirahət günlərindən birində, əvvəlcə burada istəkli Narınc nənənin, sonra da gedib rayonda öz valideynlərinin məzarlarına baş çəksinlər, bu xoş müjdəni onları ziyarət etməklə də olsa çatdırsınlar. Elə də etdilər. Taksi tutub yola düzəldilər. Getdilər, amma qohum-əqrabanı narahat etmədilər. Ziyarətlərini etdikdən sonra rayonda qalmayıb elə həmin gün də qayıtdılar.

Geri dönəndə, Pəri yolda Simrana:

– Sanço, nə yaxşı ki getdik, ziyarət elədik, – pıçıldadı. – Ta doğmalarımızın ruhları şad olar.

Simran başıyla təsdiqləsə də bu barədə düşünəndə, içində anası sarıdan yanıb-yanıb tökülürdü, bu günü görmədiyinə görə heyifsilənirdi.

Ayna qəflətən ürək tutmasından ölmüşdü, həmin an Həsənağanın yoldaşı evdəymiş. Onun dediyinə görə, Aynanın son sözü: “Simrandan nigaran gedirəm...” olubmuş. Bunu eşidəndə, elə bil, Simranın ürəyinə güllə dəydi. Uzun müddət özünü ölü saydı. Gecə-gündüz içində bu kəlmələri vird elədi: “Atam məndən küsgün getdi, anam məndən nigaran. Ta mən kiməm axı? kim? kim? – heç kim, yəqin.. heç kim... heç kim...”

Pərininsə içində qövr eləyənləri bir Allah bilirdi. Axır vaxtlar çəmənlikdə kəpənək qovan balaca bir qızcığaz kimiydi lap. Özünü çox qayğısz, çox xoşbəxt hiss edirdi. Üzünə baxanda elə bilirdin, məsumluqda tayı bərabəri olmaz onun. Həm də elə bilirdin, bir qaranquş kimidir, cikkildəyib xoşbəxtcəsinə nəsə xoş bir müjdə verəcək, o gözəl ovqatın içində də uçub gedəcək. Yeganə arxa-dayağı olmuş dayısının ölümü bəzi məqamlarda içdən onu üzsə də, dəlixana məsələsinə görə ona qarşı çox qəzəbliydi deyə bu hadisə hələ də vecinə gəlmirdi. Onun ölüm xəbərini eşidəndə sadəcə şəhadət barmağını uzadıb alnındakı ət xalını bir qədər o yan–bu yana oynadaraq, dərindən bir ah çəkib, köksünü ötürmüşdü, vəssalam. Yer-göy də dağılsaydı, Pərinin indiki ovqatını dəyişə bilməzdi. Bətnindəki, özü demişkən, bəbəş – ömrünə, gününə doğulası bir günəş idi ki, hələ dünyaya gəlməmiş nuru onu bürümüşdü.

Simran onun üzünə baxdıqca, keçmişdə haqqında nə düşünmüşdüsə, peşimançılığını çəkirdi. Duyurdu ki, ondan ötrü Pərisiz həyat – pərsiz helikopter kimi dığıldaya-dığıldaya yerindəcə qalmağa məhkum cəfəng bir xülya, ağılasığmaz bir şeydir. Bilirdi ki, Pərisiz mümkün deyil, qətiyyən! Üstəlik də ki, dünyaya gələsi körpəsini düşünəndə heç də Pəridən az sevinmirdi. Həmin sehirli işıq onu da bürüyüb-bələmişdi.

4.

...İikisi də yamyaşıl bir talada oturmuşdu. Ətraf sıx ağaclıq idi. Ağacların budaqları quşlarla doluydu. Quşlarınsa səsi bir-birinə qarışmışdı. Düşünmək olardı ki, yazdır, bu quşlar ona görə coşublar. Amma niyə bu qədər həyəcanlı olduqları anlaşılmırdı. O şaqraq səslər qəfil kəsiləndə ikisi də diksindi. “Nə baş verir? Nooldu?” Bulud kölgəsi kimi nəsə örtüldü üstlərinə. Talaya düşən işıq öləzidi. Amma qaranlıq deyildi, bu, bir sərinlik idi, bir göz qırpımındaca talaya endi və özüylə bihuşedici bir ətir gətirdi. Pəri meyxoş olmuş kimi başını Simranın çiyninə qoydu. Yuxarıdakı budaqların arasından, quşların tünlük yerindən qəfil, ağır, sərt, xırıltılı bir səs eşidildi:

– Başlayaq?

Cavab ləngimədi:

– Sən yüz illərlə yol gəlmisən, yorğunsan. Gedə bilərsən. Özümüz hər şeyi yoluna qoyacağıq. – Bu səs elə bil qeybdən, həm də amiranə bir şəkildə, gəlirdi, eşidildikcə də talaya meh kimi toxunur, o misilsiz ətir, o gözəl qoxu bir az da artırdı.

Yuxarıdakıların arasından iri bir quş uçub getdi. Simran qarğaya oxşatdı. Quşlar onu uğurlayırmış kimi bir ağız ötüb dayandılar.

– Bunları tanıyın. Bunlar ruhumuzu daşıyanlardı... Hər birimizdən nəsə var onlarda. Siz də yağdırın alxışınızı...

Quşlar elə cür çığırışmağa başladı ki, Simranla Pəri oturduqları yerdəcə bir-birlərinə qısılıb qulaqları batanacan üstlərinə yaz yağışı kimi yağan o sirli-sehirli səsi dinlədilər. Ardınca bayaqkı amiranə səs eşidildi, yenə araya sakitlik çökdü, ətir-qoxu artdı:

– Bunları qaranquşlara tapşırmışam, qoy köməkləri olsun!

Quşlar arasından bir şanapipik uçub talanın üstündə bir dairə vurdu, ən aşağıdakı budaqlardan birinə endi:

– Anquta da tapşırmaq olardı, – dedi, – ya gözümüzün işığı, ya müqəddəs hökümdarımız! Bilirsiniz ki, anqut cütlüyünün etibarı yer üzündə misilsizdir. Cütlüyün biri öləndə, o biri gözlərini ona zilləyib oturur sevgilisinin cəsədi yanında. Günlərlə eləcə, oturub qalır, öz canı ağzından çıxanacan yerindən tərpənmir, gözünü ölmüş sevgilisindən çəkmir...

– Yox, qaranquş göylər sevdalısıdır. Onun yerlə işi yoxdur, onun sevgisi də Dərgahlar Sahibinin ruhundan gəlir. Yer üzüylə təması çox azdır... Görürsünüz, heç sizin aranızda da qaranquş yoxdu. On dördün də içində adı çəkilmir... Buna baxmayaraq, onun öz nizamı var. Amma mənim də hökmümün divanəsidir! Sizin hər birinizi sevirəm, gözəlçələr! Ona da eşqim böyükdür!..

Simran da Pəri də o ətir-qoxudan necə bihuş olmuşdularsa, söhbətin məğzini tuta bilmirdilər, eşitdikləri bir nağıl kimi gəlirdi onlara. “Sim-sim, qapını aç!” da deməmişdilər. Amma bu anlaşılmaz ovqatın içində, bu qapını onlara əfsanəvi quşlar hökümdarı Simurq açmışdı deyəsən...

Onlar artıq bu ruh aləmindən özlərinə dönüb evlərinə qayıtmışdılar. Nəsə olmuşdumu? – bilmirdilər. Bir qədər öncə olub-bitənlər yadlarına gəlmirdi. Canlarında qalan bircə o misilsiz ətir-qoxuydu.

...Simran Əlişir Nəvainin “Quş dili” əsərini oxuyub qurtarmış hesab edirdi özünü. Amma bilmirdi, doğrudanmı oxuyub, ya yox...

Dünya isə elə həminkiydi. Öz simranlarıyla, pəriləriylə pərvanə kimi işığın, yarasa kimi qaranlığın başına fırlanırdı – kimin bəxtinə nə düşdü, düşdü. Dünyada Simurq nə gəzirdi? Bütün quşlar kimi qaranquşlar da öz işindəydi...

* * *

Hə, qaranquşlar öz işindəydi. Dünyaya təzəcə göz açmış balaların sarıca dimdikləri bu il də yuvadan boylanıb cərgəylə görünür, cikkilti aləmi götürürdü başına.

May ayının ortalarıydı. Simran Pərini müjdələdi:

– Ayağı düşərli olacaq bəbəmizin. Tezliklə öz evimiz olacaq bizim də. Nağı söz verdi bu gün. Kreditlə, ucuz ödənişli mənzil təşkil edəcək. O qədər sevinmişəm ki...

Körpəsinin dünyaya göz açmasına cəmi bir ay qalan Pəri əlini qarnında gəzdirdi:

– Mənim qaranquş balam belə də olmalıydı...

– Onun gəlişinə qurban!

Simran zəng edib sevincini Həsənağayla da bölüşdü. Ardınca da həyətə düşüb, yuvada cikkildəşən qaranquş balalarının sarıca dimdiklərinin necə açılıb-yumulmasını heyranlıqla bir xeyli seyr etdi.

“Sanço, sən qəribə oğlansan, dədə qəbiri, çox qəribə. – Haçansa, Kamil müəllim belə demişdi. – Lap göydəki təzə Ayı bir qıça limon kimi, bir dilim yemiş kimi ordan götürüb sənə versələr, yenə öz bildiyini deyəcəksən. Deyəcəksən ki, guya elə belə də olmalıydı. Guya ki, bu Yer üzündə hamı sənə borcluymuş. Mən qorxuram, kim səni sevib-seçsə, ona da minnət qoyub: “borcluydun mənə aşiq olmağa” – deyəcəksən”.

Düzdür, o vaxt Kamilin bu sözlərindən yüngülvari incimişdi. Amma indi demək istəyirdi ki: “Yox, ta mən sən deyən deyiləm, əziz dostum, qardaşım. Məni görsən, tanımazsan. Tanımazsan, dədə qəbiri.”

Hə, Simranı tanımaq olmurdu.

Onun nəzərində heç dünya da əvvəlki deyildi. İnsanların ruhunda, elə bil, qəza baş vermişdi. Qabaqkı adamlardan əsər-əlamət qalmamışdı. Elə quşlar da indi bir ayrı cür idi; itlər, pişiklər də həmçinin...

Uzun müddət çək-çevir edib, adını Rüzgar qoymağa razılaşdıqları körpələri dünyaya gəlşindən öncə, onlar üçün yerin-göyün dadını-tamını dəyişmişdi. Pəri bir qədər də gözəlləşmişdi. Üz-gözünə ilahi bir nur hopmuşdu. Simran isə daha da həssas olmuşdu. Elə bilirdin ki, enli, nəhəng bir çayın bir sahilindən o biri üzünə samandan körpü çəkiblər, o isə qarışqaya dönüb üstüylə yürüyür, həm də çox yaxşı bilir, çox gözəl anlayır ki, diqqətsiz olsa, yəni çaşsa, bir göz qırpımındaca yıxılacaq selin-suyun içinə və hər şey bitəcək...

Elə Sahil müəllimdən mesaj gələndə də ürəyi çırpındı, başı dumanlandı: “Artıq axırımdır, Sanço, səni görmək istəyirəm...”

Necə yəni “axırımdır”? Necə yəni? Çox keçmədi özünü çatdırdı onlara. Ağır vaxtlarında ona həmişə dayaq duran bu insan indi çarəsizcəsinə gözlərini tavana zilləmişdi. Az müddət içində əriyib-əriyib çöpə dönmüşdü. Dünyaya divanə kimi yalqız gəlib, yalqız da gedən bu insanın işi-gücü ancaq yazıb-oxumaq olmuşdu. Yenə də masanın, dolabın, kətilin üstü kitab-dəftərlə, kağız-kuğuzla dolu idi.

– Simran... Sanço... Bir azdan məni xəstəxanaya aparacaqlar. Ürəyimə damIb ki, ordan salamat çıxmayacam...

– Sahil müəllim... elə deməyin, siz Allah, elə deməyin...

Sonra o, xərçəng xəstəliyinə tutulduğundan uzun müddət xəbərsiz olduğunu, bu çarəsiz dərdin qəfil metastaz verib az vaxtda bütün daxili orqanlarını bürüdüyünü asta-asta Simrana başa saldı. Simran onun əlini ovcunun içinə aldı. Barmaqları buz kimiydi. Gözləri doldu. Həm də yadına düşdü ki, nə atasının, nə də anasının ölüm ayağında yanlarında olmayıb. Bu hiss də bir yandan göz yaşı tuluğunu iynələyib deşdi, yanaqları bir an içində islandı. Xəstə bunu görüncə gözlərini yumdu, elə bil, əziz bir adamının üzüldüyünü görmək istəmədi.

– Orda, bax o dolabın üstündə... bir yazı var... yarımçıq... elə mənim ömrüm də o cür yarımçıq bir yazıdır, Sanço... Çox istərdim... çox istərdim elmi yolla göstərəm... göstərəm ki, sizin sevginiz ilahidəndir... Götür o yazını... o yazı sənə ithaf edib yaratmaq istədiyim essevari elmi bir mətnə girişdən bir parçadır... özündə yadigar saxla... Sənə açıram sirrimi, sənə... Elə mən də o cür olmuşam... amma... amma... məndə alınmadı... bizdə alınmadı, alınmadı heç cür... Bir də ki... qaranquşlar... bax o quşlar... mən də... onların səsi... sev... qorxma quşlardan... götür o yazını, çünki...

Simran götürdü. Haçansa duyduğu o misilsiz ətir-qoxu içində sehirli-sehirli oyandı.

Amma məqamı gəlsə də, o, öz həyat tarixçəsini Simrana danışmadı. Daha doğrusu, danışa bilmədi. Həkimlər gəldi və onu apardılar.

Simran xatırlayırdı ki, bir dəfə sağlam vaxtlarında bu əziz dostu içki süfrəsində ona belə demişdi: “Simran, biz hamımız bu dünyada kirəkeşik... Yaşayırıq, yaşayırıq... Yaşamaq haqqımızın əvəzinə çox şey ödəyirik, çox şey veririk bu dünyaya. Axırda heç kimin gücü qalmır və... Hamı axırda canını verməklə ödəniş edir... və bomboş, inanırsan, bomboş gedir gediləsi yerə... yəni ora, əsl öz məkanına...”

Onu təcili yardım xərəyində qapıdan çıxardılar. Artıq Nağı da burdaydı, digər qohum-əqrabası da. Onların da gözləri dolmuşdu. Sən demə, işə gəlmədiyi günlərdə, Nağı xəstələnib eləməyibmiş, bu tərki-dünya əmisinin yanındaymış. Bunu Simrana sonralar dedi, yəni Sahil dünyasını dəyişəndən sonra...

Hə, bir neçə gün sonra, Sahil müəllim dünyasını dəyişdi. Bu itki Simrana çox ağır gəldi. Ondan yadigar qalan o yarımçıq yazını kərən-kərən oxudu, hər dəfə də o mətnin tam, bitkin ölmadığına görə içi göynədi... “Görəsən belə başlayıb sonda nə demək istəyirmiş o gözəl insan...”

* * *

Qəribədir ki, Pərini doğum evinə apardığı gün mərhum dostunun ona bağışladığı, oxumaqdan doymadığı, hər dəfə o sirli-sehirli ətri içində oyadan, cibində gəzdirdiyi həmin yazını xəstəxananın həyətində var-gəl edə-edə dönə-dönə bir daha gözdən keçirdi. Başlanğıcındaca yarımçıq qalmış həmin yazının sərlövhəsi “O SƏS” idi, altında “Giriş” yazılmışdı, məzmunusa beləydi: “...Uçqun olur, uçqun. Amma biz görmürük. Bir də gözümüzü açırıq ki, məsələn, yaşıl bir yamac uçuqlayıb gedib, yerində qaranlıq bir dərə qalıb. Ordan səslər gəlir – ancaq bizim yox, quşların eşitdiyi səslər.... kimsənin duya bilmədiyi səslər. O səslərin nə dediyini yalnız ikicə quş anlayır. Biri quşlar içində yeganə olaraq səsi Uca Dərgahlara yetişən gözəgörünməz Simurq, o biri isə yazın müjdəçisi Qaranquş... Unutmaq olmaz ki, Simurq bu dünyanın faniliyini bütün qanadlılardan yaxşı bilir. İndi desəm ki, sevgili qızlara bağışlanan çiçəklərə, güllərə o sirli, o əfsanəvi Simurqun qanadlarının, tüklərinin ətri hopub, inanan olarmı? Olmaz təbii... Çünki Simurq deyilən quşu hələ gördüm deyən olmayıb. Elə məsələ də ondadır ki, olmayıb. Olsaydı, o da bir növ gözdən-könüldən kənarda qalardı, heç onu insanlar xatırlamazdı da (gülməli də olsa qoy deyim: lap mənim kimi unudulardı)... O ilahi qeybdə yaşayır, ordan verir bütün quşlara hökmünü. Çünki quşların hökmdarı odur. Qaranquş isə bütün digər quşlar kimi daha çox yer üzünə deyil, göylərə bağlıdır, – Uca Dərgahlara... Yazın müjdəsini o verir. Təkcə yazın deyil, çox şeyin... Onun gətirdiyi müjdə göy üzünün sevgi dolu pıçıltısıdır. Gec-tez hamımızın ruhunu öz ağuşuna alası, hamımızı bürüyəsi elə bir pıçıltı ki, yer üzü həmişə ona möhtacdır. O pıçıltı ruhumuzun bizi hər an bürüyə biləcək ayrılıq, əzab, yalqızlıq adlı kəfənini ülgüc kimi çərtir, canımızı xilas edir... Həm də qaranquş yerə möhtac deyil. Sən heç vaxt Qaranquşu yerə düşüb dənlənən görməzsən, o ruzisini yalnız göy üzündə tapır, ovunu orada eləyir, özü də ildırım sürətilə... Səsi də ildırım sürətilə keçir ürəklərə, keçir və sevgiyə dönüşür...

Bu yazıyla üzümü sənə tuturam, əziz Simran, bu yazını səndən ötrü yazıram. Sənin də, sevgilinin də Qaranquş dilində danışmağınız, sizin heç də elə-belə adam olmadığınızı deyir. Deyir və təsdiqləyir. Mən belə düşünürəm ki, ürəklə, sevgiylə adi bir çiçəyin ləçəyindən öpən sevdalı adamlar, taleyin çatdığı ocaqdan dikələn ən gur bir alov dilimindən də öpər və uf da deməz... Başa düşürsən də nə deyirəm?.. Bunlar iki vur iki qədər rahat və anlaşılan şeylərdir. Sən sevdalısan, məni anlarsan... Dünyaya gələcək çocuğunuza sevginiz Dərgahlar Sahibi kimi özü bir gözmuncuğu olacaq. Bunu mən deyirəm sənə, unutma!.. Çünki onun gəlişi Sizin hər ikinizi qaranquş səsilə dindirib, ruhunuzu Simurq əzəmətiylə uğurlayacaq... İndi keçək quş dilinin çözümünə. Sən unutma ki... unutma ki, hər gün...

Vəssalam!..

Vəssalam... və yazı buradaca yarımçıq qalmışdı. Simran həm Sahil kimi bir pak şəxsiyyətin ömrünün, həm də bu yazının başlanğıcdaca yarımçıq qalmasına yanıb-tökülürdü. O, düşünürdü ki, bu bəlağətli kəlmələrdən sonra, yəqin quş dililə bağlı konkret və gözəl bir elmi açıqlama olacaqmış. Qeybdə dumanlı-dumanlı onlara diqtə olunanlar çözüləcəkmiş. Ona bir növ əndirəbadi görünə biləcək bu məsələni cənnətməkan Sahil müəllim elmi cəhətdən layiqincə açıb-tökəcəkmiş ortaya...

* * *

...Pəri ağrı çəkirdi. Doğum evinin birinci mərtəbəsinin açıq pəncərəsindən onun necə inləməsi, necə zarıması eşidilirdi. Simran isə eşikdə, pəncərənin altında var-gəl edirdi. Çox çəkmədi, Pərinin əzablı bir iniltisindən sonra körpəsinin ağlamaq səsi bürüdü aləmi.

Simran elə belə də gözləyirdi: körpə doğulandan sonra Pəri çəkdiyi əzabdanmı, sevindiyindənmi, ya nədənsə, qaranquş kimi cikkildəməyə başladı... Eşikdə özünü saxlaya bilmədi, nə qədər elədi, bacarmadı, Simran da ixtiyarsız qoşuldu ona. Elə bil, ağlayan körpə də onları eşidib səsini dəyişdi, o da cikkildədi və yenə qeybdəki talada ruhunu bürümüş həmin misilsiz ətir-qoxu yayıldı hər yana...

Bu körpənin dünyaya gəlişi, bu sirri-xuda səslər, bu ətir-qoxu bütün aləmlərə nə mesajıydı belə? Eə bil, Yer üzünün bu cütlüyü, Sahil müəllim demişkən, Uca Dərgah sahibinə kirayə haqqının qaranquş səsiylə çox gözəl bir ödənişini göndərirdi. Göy üzündə dolaşan böyük bir qaranquş dəstəsi isə civildəşə-civildəşə uçuşur, bunun heç də “kirayə haqqının ödənişi” deyil, Əbədi Sevginin yaratdığı xoşbəxtlik müjdəsi olduğunu bildirir, onu ildırım sürətiylə hər yana çatdırmağa tələsirdi...

SON

# 3865 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #