Kulis.az Orxan Saffarinin "20-ci sahə" kitabı haqqında Mirmehdi Ağaoğlunun "Orxan Saffarinin sahəsi" adlı yeni yazısını təqdim edir.
Orxan Saffari elə bil əhd edib ki, ağlına gələn bütün gözəl mövzuları məhv etsin. Düzü, onun yenicə təqdimatı olmuş “20-ci sahə” adlı hekayələr kitabını oxuyanda məndə bu fikirlər yarandı. Açığı, çox təəssüf elədim. O mövzulara da, Orxanın zəhmətinə də heyfim gəldi.
Saffarini, ilk növbədə, yaşıdlarından fərqləndirən əsas xüsusiyyəti mövzu seçimidir. Onun hekayələri başqalarına bənzəmir, həyatın dibindəndir, personajlarının çoxu qeyri-ordinar adamlardır. Bakıda, xüsusən Bayıl tərəflərdə yaşayan, cəmiyyətin ən alt qatından çıxmış (oğrular, narkomanlar, fahişələr) bu personajlar fələyin hər cür şilləsini görmüş bəxtsiz, eyni zamanda vecsiz, avara insanlardır.
“20-ci sahə” kitabında Saffari yeni mövzularla yanaşı özünün personajlar pleyadasına da yeni personajlar əlavə edib. Bu dəfə kitabda müharibə, əsgərlik mövzusunda bir sıra hekayələrə rast gəlmək mümkündür.
Kitabı oxuyanda görürsən ki, Saffari hekayələri uydurmur, onlara yaxşı bələddir, mövzuların içində olub və özünün yaxşı müşahidə qabiliyyəti ilə gözündən heç nə yayınmayıb. Yəni bu mövzuları tapmaq məharət tələb edir. Özü də hekayələrdə elə detallar var ki, onları görmədən, eşitmədən özündən uydurmaq mümkünsüzdür. Buna görə də Saffarinin hekayələri, ilk növbədə, mövzusu ilə oxucunun diqqətini cəlb edir.
Lakin, təəssüf ki, kitabda yer alan hekayələrin çoxu yarımçıq bitir. Məsələn, “Kent”, “Kor bağır”, “Şıkı Həsən”. Adını çəkdiyim bu hekayələr qəfil bitir, elə bil müəllifi kimsə qovur. “Kor Bağır”, “Kazımın anası” kimi hekayələrdə isə dərinlik yoxdur. Hekayələri oxuyanda hiss edirsən ki, müəllif elə bil tapdığı mövzuya hədsiz aludə olduğundan sonluğu gətirməyi unudub, buna görə də yarımçıq kəsib.
Vətən müharibəsindən sonra bizdə müharibədən, ön cəbhədən, müharibənin cəmiyyətə təsirindən, qazilərin həyatından bəhs edən əsərlər hələ kifayət qədər yazılmayıb. Varsa da, çoxu psevdovətənpərvərlik haləsinə bürünüb, elələrindən danışmağa heç dəyməz. Saffari isə müharibədən, əsgərlikdən bəhs edən hekayələrdə psevdovətənpərvərliyə qaçmır, əksinə əsgərlik həyatının məişət tərəflərini, adətən, Ayın o biri üzü kimi görünməz qalan sifətlərini açıb göstərir. “Zəngəzur dağlarında”, “Maqsud”, “Əjdər” bu qəbildən hekayələrdəndir.
“Zəngəzur dağlarında”, “Kazımın anası”nda sırf əsgərlik həyatından bəhs olunur. “Maqsud” könüllü olaraq müharibəyə yollanmış təzə bəyin döyüşdən impotent kimi qayıtmasıdır.
“Əjdər” hekayəsində isə müharibədə iki qolunu, bir ayağını itirmiş, avara, oğru bir qazidən bəhs edilir. Maraqlıdır ki, Saffari burada qəhrəman yaratmağa çalışmır, qazini necə var, o cür - oğru, nəşəxor kimi göstərir. Əlbəttə, bunlar xüsusən indiki məqamda yazıçıdan cəsarət tələb edir və təqdirəlayiqdir. Yeri gəlmişkən, “Əjdər” kitabın yaxşı hekayələrindəndir.
Amma, məncə, kitabın ən gözəl və cəsarətli hekayəsi “İrina Qasparyan”dır. Hekayənin mövzusu belədir ki, Laçında xidmət göstərən əsgərlər erməni evinə girib əşyaları qarışdırırlar. Əsgərlərdən biri paltarların arasında gənc qıza məxsus alt paltarı tapır, sonra ailə albomunu eşələyib qızın şəklini də götürür. Bundan sonra əsgərdə istər-istəməz qıza – İrina Qasparyana qarşı sevgi yaranır. Qəhrəman komandirin telefonundan İrinanın “Facebook”unu tapır, sonra orada ermənicə yazılanları dostuna yollayır ki, tərcümə eləsin. Arada qızın evinə gedib vurnuxur, masturbasiya edir. Sonra qızın postlardan birində belə bir yazı görür: “Evimiz üçün çox darıxıram. Bütün xatirələrimizi, ailəmizin ən xoş günlərini, hər şeyi Laçında qoyub gəldik. Azəri əsgərlər onları bizdən zorla aldı”. Bundan sonra qəzəblənən əsgər şəkillə alt paltarını çəkib “Messencer”də ona yollayır və bir gün İrinaya geri qaytaracağını yazır.
Hekayənin təhlilinə keçməzdən qabaq onu deyim ki, məndən ötəri ədəbiyyat heç bir ideologiyaya, heç bir qəlibə sığmır, heç bir qanuna tabe olmur. Onun öz qanunları, tələbləri var. Buna görə də Saffarini necə deyərlər, indiki həssas məqamda qınamaq yersizdir. Bəs qeyri-həssas məqam nə vaxt olacaq? Heç kəs bilmir. O zaman bu gülünc yanaşma nə üçündür? Ədəbiyyatın missiyası, məramı aydındır. Hələ bilmək olmaz, bəlkə, iki xalq arasında sülh yaradacaqsa da, bu cür cəsarətli, etiraf dolu hekayələr yaradacaq. İkinci tərəfdən isə, əsgərlərin mülki şəxslərin evlərinə girib əşyaları, xüsusən qadınların əşyalarını qarışdırması bütün müharibələrdə olub. Bu yaxında Qəzzaya girən israilli əsgərlər də eyni hadisəni törətmişdilər. Dünyanın başqa yerlərində də müharibələrdə, çox güman, belə məqamlar baş verir.
Gələk “İrina Qasparyan”a. Bilmirəm bu, Saffarinin təxəyyülünün məhsuludur, yoxsa həqiqətdə başına gəlib, amma onu deyim ki, belə mövzu hələm-hələm adamın əlinə düşməz. Elə bil bu mövzunu Tanrı özü Saffariyə pay verib. Səbirli bir qələm bu hekayəni böyüdüb povest də edə bilərdi, çünki, necə deyərlər, gəzişmək üçün kifayət qədər yeri var. Orxan isə bu cür həssas bir mövzunu tez-tez tələsik işləyib, hövsələsizlik göstərib.
Misal üçün, qəhrəmanın sonrakı günlərdə qızın evinə gəlməyini Saffari ikicə cümlə ilə təsvir edərək, məsələni tezcənə erotizmə bağlayıb. Halbuki qəhrəmanın psixoloji dərinliklərinə enmək üçün orada olduqca geniş imkanlar var idi. Qızın o evdəki həyatını, yaşayışını təsvir edə bilərdi, öz həyatı ilə müqayisə edərdi, qızın çarpayısına uzanıb xəyalən onunla sevişərdi və sair. Bütün bu vasitələrlə dərinliklərə enərdi. Saffari isə bu məqamların heç birinin üstündə dayanmayıb. Süjetə fokuslanaraq sonluğa doğru tələsib. Açığı, bu hekayəni oxuyanda çox heyfsləndim. Orxanın bu cür gözəl mövzuya belə başdansovdu yanaşması məni üzdü. Əgər Saffari tələsmədən, aramla qəhrəmanın bütün psixoloji dəyişmələlərini təhkiyəsinə tökə bilsəydi, Misimavari bir gözəl hekayə ortaya çıxacaqdı.
Elə hekayələr var ki, oxuyursan, uzun müddət hadisəsi də səni tərk etmir, təsiri də. Elə hekayələr də var ki, oxuyursan, təsiri bir müddət sonra unudulur, amma süjeti, əhvalatı uzun müddət yaddaşında qalır, hətta soruşan olsa, danışa bilərsən. Amma elə hekayələr də var, oxuyursan, əhvalatı yadından çıxır, nəql edə bilmirsən, amma təsiri uzun müddət yadında qalır, səni tərk etmir. Məsələn, Raymond Karver belə yazıçılardandır. Oxuduğun hekayənin süjetini soruşsalar, danışa bilməzsən, amma təsiri heç vaxt səni tərk etmir, xoş xatirə kimi ağlının bir guşəsində hifz olunur.
Saffarinin hekayələri isə hələ ki birincilərdəndir. Oxuyursan, mövzu, süjet yadında qalır, amma təsir görünmür, ya yoxdur, ya da zəifdir. Mən inanıram ki, bunlar hamısı gənclik yaşından irəli gələn naşılıqlardır, zamanla həllini tapacaq və biz Orxan Saffarinin imzasında bir-birindən gözəl hekayələr oxuyacağıq.
Bircə tələsməsin.