Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər

Molla Pənah Vaqif haqqında deyilənlər, yazılanlar və gerçəklər
21 iyul 2024
# 11:57

Kulis.az Natəvan Dəmirçioğlunun Molla Pənah Vaqif haqqında məqaləsini təqdim edir.

Klassik ədəbiyyatımızın Molla Pənahı - Qazax mahalında doğulan Pənah Mehdi ağa oğlu Vaqif Şuşa şəhərinə niyə getmişdi? Orada yüksəlməsi, nüfuz sahibi olması təbiidir. Bunu Vaqif fitri istedadı, ilhamlı qələmi, dərin zəkası, məntiqi təfəkkürü, siyasi diplomatik düşüncəsi, ruhani hissiyyatı-öncəgörənliyi ilə qazanmışdı. Bəs nədən orada öldürülmüşdü? Ədəbiyyat tarixindən oxuduqlarımı və Vaqifi yetişdirən, milli dəyərlərimizi yüzilliklərdən minilliklərə ötürən Qazax müdriklərindən eşitdiklərimi oxucularımızla bölüşmək niyyətindəyəm.

Vaqifin Qazaxdan Qarabağa getməsinin səbəbi və nəticəsi haqqında yazmazdan əvvəl Molla Pənah Vaqifin taleyində mühüm rol oynayan ustadı Şəfi Əfəndini yad etməliyik. Ş.Əfəndi elm-mərifət, iman sahibi, uca bir ideoloq idi. Əslən Yuxarı Salahlıdan olan Vaqif Daş Salahlıda mədrəsədə dərs deyən Ş.Əfəndinin ocağında şəyird dayanır. Vaqifin alimi-üləma Şəfi Əfəndinin sevilən, seçilən şəyirdi olmasını gözü götürməyənlər də var idi. Bir gün ustadın qızı ilə gəlini bağçada gəzərkən belə insanlardan biri Vaqifi çağırır, nədən bu gözəllərə şeir yazmadığını soruşur. Əsl şairliyin istənilən anda, istənilən şəraitdə və istənilən mövzuda yaza bilmək bacarığı olduğunu söyləyir. Vaqif fikrə gedir. Niyyəti bəd olan insan oxu hədəfə düz vurduğunu düşünür və tez Vaqifdən aralanır. Vaqif bir şeir yazır:

Səhər-səhər həsrət ilə gəzirdim,

Cüt qoşa nar gördüm iki sinədə.

Birisi qız idi, birisi gəlin,

Can qurban eylərəm ikisinə də.

Gəlinin yaxası qızıl düyməli,

Qızın yaxasıdı polad iynəli,

Hər ikisin gərək gözəl öyməli,

Can qurban eylərəm ikisinə də.

Gəlinin dodağı Təbrizin məti,

Əlli-altmış tümən qızın qiyməti,

Belə gözəl sevən neylər cənnəti,

Can qurban eylərəm ikisinə də.

Kababım olaydı, közüm olaydı,

Yar yanında ötkün sözüm olaydı,

Vaqif deyir, iki gözüm olaydı,

Baxaydım bunların ikisinə də.

Vaqif şeiri yazıb bir daşın altına qoyur. Gözəllər daşın altından görünən şeiri götürüb oxuyurlar, Şəfi Əfəndiyə verirlər. Bir versiyada isə, həmin insan uzaqdan Vaqifi güdürmüş. Şair gedəndən sonra, şeiri götürür və Ş.Əfəndiyə çatdırır. Ustadın hadisədən xəbərdar olması Vaqifin orada qalmasını mümkünsüz edir. Köç vaxtı olduğundan, yaylağa gedən karvana qoşulub gedir. Azərbaycan ədəbiyyat tarixinin böyük alimi Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında yazıb: "Molla Pənah Daş Salahlıda məşhur Şəfi Əfəndidən elm, təhsil edir imiş. Daş Salahlıda molladan bir xəta üz verməyə görə orada artıq qala bilməyib, gedir yaylağa. Çün o vaxtı yaylaq mövsümü imiş".

Karvan Gəncə karvansarayında əylənir.Taleyin ümidinə qalan Pənah bir mollaxanaya uğrayır. O,çox kamil biri idi. Hüsnxətti gözəl bilirdi. Quran oxuyurdu. Şeir yazırdı. Onu mədrəsəyə məktubdar götürürlər. Bir hücrəyə yerləşir, məktubdarlıqla məşğul olur, onunla dolanır. Bir gün Qazaxdan bir kimsəsiz qadın Gəncəyə gəlir, bildirir ki, onun oğlunu günahsız tutub Gəncə qazamatına salıblar. Məktub yazdıraraq Gəncə xanına çatdırmaq niyyətindədir. Vaqif xana təsirli bir məktub yazır. Qadına deyir ki, xan bu məktubu oxuyanda soruşsa kim yazıb, mənim yazdığımı demə. Qadın söz verir. Saraya gəlir. Xan qadının oğlunu azad etmək əmri verir, məktubu yazanı soruşur. Qadın əvvəl demir, sonra mədrəsədə oturan mollanın yazdığını deyir. Xan, Vaqifi sarayına gətirdir. Ona deyir ki, bundan sonra sarayda məktubları sən yazacaqsan, əvəzində bir qızıl alacaqsan. Beləliklə, Vaqif Gəncə xanı üçün məktublar yazmaqla məşğul olur. Bir gün Qarabağ xanı İbrahimxəlil xan Gəncə xanına qonaq gəlir. Söhbət əsnasında ona qabil bir mirzə lazım olduğunu deyir. Xan Vaqifi məsləhət bilir, özünə də deyir ki, bundan sonra Qarabağ xanının mirzəsi olacaqsan. Nəticədə, Vaqif Qarabağa gəlir. Vaqif ruhani biliyə, diplomatik təfəkkürə, güclü intuisiyaya, geniş dünyagörüşünə malik bir insan idi. O, Qarabağ xanlığının baş vəziri, eyni zamanda, indiki anlamda desək, xarici işlər naziri olur. Firudin bəy Köçərli yazır: "Axund Vaqif öz fitri qabiliyyəti sayəsində az vaxtda şöhrət və hörmət kəsb edib, Qarabağın əyan və əşrafı arasında mötəbər və ləyaqətli adamlardan birisi hesab olunur".

İbrahimxəlil xan Vaqiflə məsləhətləşmədən heç bir iş görməzdi. Hətta ailə məsələlərində də... İbrahimxəlil xan qızı Ağabəyim ağanı qardaşı oğlu Məhəmməd bəy Cavanşir istəyəndə Vaqifdən fikrini soruşur. Vaqif deyir ki, xan sağ olsun, qızı vermə, Məhəmməd bəyin sol gözündə boz damar var, o, sonsuz olacaq. İbrahimxəlil xan Vaqifə o qədər inanırdı ki, qızını vermir. Məhəmməd bəy Cavanşir bunu unutmur.

Tarixən məlumdur ki, Qacar Şuşaya hücum edəndə İbrahimxəlil xan ailəsiylə birlikdə Car Balakəndə, qaynı Əmmə xanın sarayındaydı. İşləri qardaşı oğlu Məhəmməd bəy yönləndirir kimi görünsə də, Vaqif Qarabağda idi və baş vəzir idi. "...Molla Pənahdır ki, tədbirli və kamallı, məşhur baş vəzir idi və İranda Rumda olduqca şöhrət tapmışdır" (F.K.) Qacar Vaqifi zindana saldırır, elan etdirir ki, 40 min əsgərin kəlləsindən qala yapdıracaq, ən uca yerinə də Vaqifin başını qoyacaq. Nədən Vaqifin başını? Səbəb nə idi, niyə qırx min?

Araşdırmaçı jurnalist Şəmistan Nəzirli arxivlərə müraciət edərək belə bir fakt əldə edib: "1795-ci ildə Ağa Məhəmməd şah Qacar 85 minlik qoşunla Qarabağa hücum edəndə Vaqifin böyük xidməti oldu. Kömək üçün İrəvana gedib, oradan qoşun gətirdi. O vaxt Qarabağ xanlığında cəmi 15 min qoşun var idi". Demək, Vaqif 85 minlik Qacar ordusuna müqavimət üçün 40 min əsgər toplaya bilir. Qacarın "40 min kəllədən qələ yapdırıb, ən uca zirvəsinə Vaqifin başını qoymaq" əmri buradan qaynaqlanır. Oğlu Əli bəylə birlikdə zindana atılan Vaqif buradan sağ çıxacaqlarını deyir oğluna. "Buna görə rəml atıb, çox diqqətlə hesaba baxanda ona yəqin oldu ki, şah gərəkdir haman gecə qətl olunub, bir də ...günün şəfəqlərini görməyə. Ürəyi təskinlik tapıb, zindan böyüyündən soruşdu ki, şəhərdə təzə bir əhval yoxdur ki?" (F.K.) Axırıncı dəfə xəbər-ətərin olub-olmamasını soruşanda zindanbaşı deyir ki, gecə Qacarın başını kəsiblər. Vaqif deyir, mən elə bunu soruşurdum."Molla Pənah dəxi səlamət zindandan çıxdı" (F.K).

Vaqif tutulanda Qacarın yavəri onu tanıyıbmış. Bir vaxt İran dövləti Azərbaycana hədə-qorxu göndərəndə İbrahimxəlil xan Vaqifi İrana göndəribmiş, münasibətləri qaydaya salsın deyə. Orada İran mollaları cavan görünən, üzü təraş edilmiş Vaqifə sataşırlar, istehza ilə "Ağa, sizdə atı neçə yaşarda qırxırlar" deyə soruşurlar. Vaqif çox arifanə, diplomatik cavab verir. Deyir: "Ağa, atın cinsinə baxır, iki yaşar da qırxarlar, üç yaşar da. Amma eşşəyə, qatıra qırxlıq vurmazlar". Yavər həmin adamı - Vaqifi tanıyıb, ona sonu çatdığını söyləyir. Vaqif deyir ki, onu fələkdən başqa kimsə bilməz.

Vaqif tutulmazdan əvvəl Şuşanın baş dəmirçisinə 40 min mıx düzəltmək əmri verilmişdi. Hər mıxa bir hərbçi kəlləsi keçirilib, təpə düzəldəcək ən uca yerinə isə Vaqifin başını taxacaqdılar. Ustaya göstəriş verən yavər deyib ki, sabaha qədər bu mıxları düzəltməsən, boynun vurulacaq. İndi Qacar qətlə yetiriləndə həmin ustanın qapısını döyürlər. Usta kəlməyi-şəhadətini gətirir, qapını açır. Gələn adam tabuta vurulmaq üçün mismar istəyir. "Mıxı mismar eləyən Allah var" deyimi oradan yaranır.

Vaqif azad olunmağına baxmayaraq, Məhəmməd bəy Cavanşir ondan əl çəkmir. "O, sonsuz olacaq" deməyinin heyfini Vaqifdən alır. Onu oğlu ilə birlikdə Cıdır düzündə edam etdirir. Qazaxlılar Vaqif üçün, yana-yana "Qarabağlı sonlu öldü sənə nə, sonsuz öldü sənə nə" deyirlər. Qazaxda günü bu gün də işlədilən bu el məsəli Vaqifin ölümü haqqında olan üç versiyanın ən düzgünü bu olduğunu göstərir. Vaqifin ölümü ilə bağlı F.Köçərli yazırdı: "Vaqifin özündən çox kiçik və gözəl olan qadını Məhəmməd bəyin xoşuna gəlirdi. O, Vaqifi öldürtdürüb xanımına sahib olmaq istəmişdi". Həmid Araslı isə "17-18-ci əsrlər Azərbaycan ədəbiyyatı" kitabında "Vaqifin ölümünü qadın məsələsi ilə əlaqələndirənlər yanılırlar, çox böyük səhv edirlər. Tarixi faktlar Vaqifin cahil Məhəmməd bəyin hakimiyyəti əldə saxlamaq məqsədilə şairi öldürtdüyünü aydın göstərir" yazır. Ş.Nəzirli isə "Nüfuzlu nəsillər tarixindən" kitabında bildirir: "Vaqif Məhəmməd bəy Cavanşirin baş vəziri olmaqdan imtina etmişdi, ona görə onu edam etdirmişdi". Yuxarıda dediyimiz el məsəli isə birmənalı olaraq Vaqifin edamının Məhəmməd bəyə sonsuz olacaq deməyinin nəticəsi olduğu ehtimalını gücləndirir.

Qacarın Şuşada qətlindən sonra İranla münasibətləri düzəltmək üçün Ağabəyim ağanı Qacarın qardaşı oğlu Fətəli xana kəniz göndərirlər. Ağabəyim ağa Fətəli xana könül vermir. Fətəli xan onun gözəlliyinə, ağlına böyük qiymət verir, ona toxunmur. Ağabəyim ağanın vətən həsrəti çəkdiyini görən Fətəli xan Şuşadan karvan-karvan torpaq apartdırıb orada Qarabağda bitən bütün güllərdən, çiçəklərdən, ağaclardan bir bağ saldırır. "Vətən bağı" adlandırılan bu bağda təkcə Xarıbülbül bitmir. Ağabəyim ağanın məşhur beytində "Vətən bağı al-əlvandı, Yox içində Xarıbülbül" deyilir.

Nəsil-şəcərə ilə bu sətirlərin müəllifinə qohum olan Şəfi Əfəndi Vaqifin getməyini münasib bilsə də, çox təəssüflənir. "Şəfi Əfəndi Molla Pənahın getməyindən xəbərdar olub, izhari-təəssüf edir.., öz arvadına deyir ki, sən axırda eşidərsən ki, Molla Pənah böyük bir şəxs olacaqdır. Çünki o, çox zirək, maddəli və cövhərli adamdır" (F.K).

Vaqif çox böyük adam oldu. Anadilli şeirimizi ərəb-fars təsirindən qoruduğuna görə ədəbiyyat tariximizdə, bir şairin baş vəzir, nüfuz sahibi olma səviyyəsinə görə ictimai fikir tariximizdə, qonşu dövlətlərlə uğurlu siyasət apara bildiyi üçün diplomatiya tariximizdə, Quranı əzbər bildiyinə, öncəgörən olduğuna görə din tariximizdə, natiqliyi ilə mədəniyyət tariximizdə iz qoyan unikal şəxsə çevrildi.

# 4873 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #