Kulis.az Mahir N.Qarayevin tərcüməsində Federiko Qarsia Lorkanın poemasını təqdim edir.
1934-cü ilin yazında Mansanares arenasında buğa döyüşü zamanı ağır yaralanan məşhur torero İqnasio Sançes Mexias (1887-1934) ispan sənət adamlarının himayədarı, o cümlədən Lorkanın yaxın dostlarından idi. Toreronun ölümündən bərk sarsılan Lorka üç ay sonra yazdığı poemanı dostunun sevimli qadınına - Əndəlüs ansamblının rəhbəri, məşhur müğənni və rəqqasə La Arxentinitiyə həsr etmişdi.
Dörd hissədən ibarət poemada ispan xalq lirikasının qədim janrı llanto (ağı) ilə qəbirüstü elegiya janrı vəhdət təşkil edir. Dramaturji elementlərlə zəngin olan və antik yunan faciələrinin havası duyulan poemada məşhur torero əbədiyyətə qovuşmuş cəsur əsgər kimi anılır. Poema 1935-ci ildə Madriddə ayrıca kitab şəklində nəşr olunub.
İqnasio Sançes Mexiasa ağı
I. BUĞA ZƏRBƏSİ VƏ ÖLÜM
Axşamüstü, saat beşdi.
Hə, düppədüz saat beşdi!
Ağappaq mələfə gətirdi oğlan –
axşamüstü, saat beşdə.
Bir səbət kirəc də hazırdı çoxdan –
axşamüstü, saat beşdə.
Vəssalam, qalanı ölümdü təkcə
axşamüstü, saat beşdə.
Pambıqlar havaya uçdu küləkdə
axşamüstü, saat beşdə.
Şüşə də, nikel də oksid səpirdi
axşamüstü, saat beşdə.
Döyüşə atıldı qumru bəbirlə
axşamüstü, saat beşdə.
Bir buynuz sancılıb deşdi bir budu
axşamüstü, saat beşdə.
Qəfil uğultudan qulaq tutuldu
axşamüstü, saat beşdə.
Axşamüstü, saat beşdi.
Hə, düppədüz saat beşdi!
Səsləndi kilsənin ən böyük çanı
axşamüstü, saat beşdə.
İsti qan, boz duman, yuxu dərmanı
axşamüstü, saat beşdə.
Küçədə yas tutub susqun adamlar
axşamüstü, saat beşdə.
Buğa bir qıraqda sevinir amma
axşamüstü, saat beşdə.
Sarı yod iyinə büründü meydan
axşamüstü, saat beşdə.
Canı yavaş-yavaş düşürdü heydən
axşamüstü, saat beşdə.
Elə ki isti tər qəfil soyudu
axşamüstü, saat beşdə –
Ölüm o yaraya yumurta qoydu
axşamüstü, saat beşdə.
Axşamüstü, saat beşdi.
Hə, düppədüz saat beşdi!
Yataq əvəzinə taxta katafalk
axşamüstü, saat beşdə.
Fleytanın səsi qulaqlarında
axşamüstü, saat beşdə.
Buğa böyürtüsü gətirdi təngə
axşamüstü, saat beşdə.
Can çəkişməsindən qarışdı rənglər
axşamüstü, saat beşdə.
Günəştək qızarır qanlı yaralar
axşam üstü, saat beşdə.
Yetirdi özünü qanqrena da
axşamüstü, saat beşdə.
Yaşıl qasığında zanbaqdan çələng
axşamüstü, saat beşdə.
Şüşələr çatlayır qələbəlikdən
axşamüstü, saat beşdə.
Axşamlar saat beş, ah, nə yamandı,
nə qorxuncdu, nə müdhişdi!
Bütün saatlarda düz beş tamamdı –
hə, düppədüz saat beşdi!
II. AXAN QAN
Yox,
mən ona baxmayacam!
Harda qaldı,
qoy doğsun Ay –
görməyim İqnasionun
qumda göllənən qanını.
Yox-yox,
baxmaq istəmirəm –
istəmirəm görmək onu!
Göydə bədirlənsə də Ay
boz buludların çətiri
kölgə salsın arenaya;
zülmət bürüsün hər yeri,
qaranlıq udsun hər yanı,
boz kölgəsi söyüdlərin
uzansın, tutsun meydanı.
Yox,
mən ona baxmayacam!
Çünki yaddaşım od tutur,
çünki yanır xatirələr.
Sönüb getsin qoy hamısı,
qoy hamısı unudulsun.
Car çəkin, qoy bu ölümdən
jasminlər də xəbər tutsun.
Yox,
mən ona baxmayacam!
Qoca dünyanın inəyi
isti qumdan yan keçmədi –
yaladı üzgün diliylə
qanla dolu gölməçəni;
Gisandonun buğaları
(yarı ölüm, yarı daştək)
böyürdülər, bağırdılar –
bu torpağı yüz illərlə
çeynəməkdən yorulmuştək.
Yox,
mən ona baxmayacam!
Ölümü alıb çiyninə
gedir yorğun İqnasio.
Doğmayacaq bir səhəri
əbəs yerə axtarır o.
Gözləriylə
öz əvvəlki surətini,
sağ canını, qamətini
gəzə-gəzə
qan süzülən yarasını
tapdı, gördü əvəzində.
Yox-yox,
baxmaq istəmirəm –
istəmirəm görmək onu!
Necə görüm,
necə baxım –
damardan fəvvarə kimi
al qanın fışqırdığına;
azğınlaşmış bir yığnağın
kükrəyib qışqırdığına!
Kim çığırdı – yaxınlaşım,
kim çağırdı – gəlim baxım?
Yox,
mən ona baxmayacam!
Qorxutmadı heç nə onu –
yaralı İqnasionu!
Nə qışqırdı, nə göz yumdu
buynuzların önündə o;
nə titrədi dörd yanında
cöngələri görəndə o.
Anaların qorxunc səsi
amma titrətdi hər kəsi!
Qulaq batdı bağırtıdan,
vay səsindən,
qıy səsindən;
uçub getdi çığırtılar
fermaların üzərindən.
Külək çox-çox uzaqlara
apardı çığırtıları –
yaydı dumanlı dağlara
bu sirli uğultuları!
Dağlardakı
qabanlar da eşitdilər,
otlaqdakı
öküzləri haraylayan,
çən-dumanda itib-batan
çobanlar da eşitdilər.
Baxmasın da qoy gözlərim,
görməsin İqnasionu!
Sevilyada yox bir prins
igidlikdə yensin onu.
Yoxdur onuntək birisi:
nə qılınc var qılıncıtək,
nə var o cür başqa ürək.
Mərmər kimi ötkəm vücud,
möhkəm bədən kimdə vardı?!
Ağlasığmaz aslan gücü
çaytək axar, çağlayardı.
Qədim Roma havasında
doğulan bir əndəlüslü;
Elə bil nur haləsində
üzməkdəydi gecə-gündüz.
Ağıllıydı üzündəki
təbəssüm də sünbül təki.
Bənzərsiz bir toreroydu,
dağ sevdalı dağlıydı o!
Onunku şehdi, qırovdu,
sünbüllərə bağlıydı o!
Arenada at oynadar,
buğanı heydən salardı!
Qılıncını sərt saplayar,
igidtək meydan sulardı!
İndi dərin bir yuxuda –
son yuxuya gedib indi.
İndi başı paralanıb –
göy yosunlar, yaşıl otlar
barmaq kimi aralayır
açır kəllə sümüyünün
qana batmış çiçəyini.
Yox,
mən ona baxmayacam!
İndi onun isti qanı
axıb gedir nəğmə kimi.
Axır, qızardır hər yanı –
bataqlığı, çəmənliyi.
Buynuzlardan süzülür qan,
axır min-min dırnaqlardan.
Axır qırmızı sel kimi,
uzun, yorğun bir dil kimi;
Axır sanki qaranlıqda
ulduzlu Qvadalkivir.
Yox,
mən ona baxmayacam!
Ah,
nə deyim sənə axı
bəmbəyaz ispan divarı!
Ağ hasarlar arasında
dərdin qara buğaları!
Ah,
nə deyim sənə axı
İqnasionun al qanı!
Bülbül kimi cəh-cəh vuran,
nəğmə deyən damarları!
Yox,
mən ona baxmayacam!
Bircə fincan tapılmaz ki,
bunca qanı tuta bilsin;
Yoxdur elə bir ayaz ki,
bu qanı soyuda bilsin.
Heç bir büllur örtə biməz
gümüşlə bu qızıl qanı;
Nə mahnı var buna bənzər,
nə bir zanbaq gülüstanı.
İçəmməz bir qaranquş da
bu qanı son damlayacan.
İstəmirəm görmək onu –
yox, mən ona baxmayacam!
III. QALAN BƏDƏN
Yuxunun inlədiyi alındır daş dediyin –
nə qıvrılan suyu var, nə donmuş sərv ağacı.
Daş dediyin zamanı daşıyan bir çiyindir –
çəkər ağır yükünü dərdlərin, acıların.
Qançır qanadlarını qaldırıb qorxa-qorxa
dalğaların qoynuna can atan boz yağışlar
qaçıb uzaqlaşırlar qollarını qırmağa,
qanlarını sormağa fürsət gəzən o daşdan.
Buludu damla-damla öz canına çəkir daş,
yığır sümüklərini çöl quşunun, qurdların.
Nə bir nəğmə, nə bir səs, nə kristal, nə atəş –
onun verdiyi yalnız bomboz arenalardı.
Uzanıb İqnasio daşın üstdə eləcə.
Olan olubdur daha. Hər şey qurtardı, bitdi.
Ölüm saraldıb onun sifətini gör necə.
Qaralır kəlləsi də minotavrdan betər.
Hər şey bitdi.
Yağış da doldu açıq ağzına.
Fışqırıb çıxdı hava sıxılmış ciyərindən.
Qarın göz yaşlarını sümürən son eşqi də
isinir sürülərin yununda hərdən-hərdən.
Nəsə xısınlaşırlar.
Danışırlar nədənsə.
Sükutda leş qoxusu. Hava üfunət bütün.
Bir vaxt bülbüllər ötən o qüsursuz bədənsə
indi dibi görünməz dəliklərlə örtülüb.
Heysiz, cansız bir bədən –
tək budur ondan qalan!
Sönüb gedir eləcə gözümüzün önündə.
Kim qatladı kəfəni? Dediyi sözlər yalan!
Ağlamır kimsə burda! Yoxdu nəğmə deyən də!
Nə ağı söyləyən dil,
nə sızlayan bir ürək,
nə atı mahmızlayan, nə ilan qorxudan var.
Başqa bir istəyim yox, yalnız bu önümdəki
bədənə göz zilləyib qalım burda çar-naçar.
Hayqıran adamları görmək istəyirəm mən –
nərəsindən at hürküb, axan çaylar kükrəsin;
qaynar ağızdan çıxan alovlu nəğmələrdən
sümüklər cingildəsin,
skeletlər titrəsin!
Kaş görəydim onları
bu daşın önündə mən –
bu cilovsuz bədənə baxaraq yana-yana,
bir çıxış yolu varsa, göstərəydilər həmən
əli-qolu ölümlə bağlanmış qəhrəmana.
Göz yaşı göstərsinlər
qoy mənə çaylar kimi
öz dadlı dumanları, geniş sahilləriylə –
duymadan İqnasio buğanın nəfəsini
daş üstdəki bədəni alsın aparsın deyə.
Qoy uşaqkən özünü yaşlı bir buğa sanan
Ayın arenasında itib getsin o çay da;
balıqların nəğməsi lal gecəyə qarışsın,
biryolluq yoxa çıxsın
bəyaz dumanda, çəndə.
Yox, örtməyin, örtməyin ağ dəsmalla üzünü
bağrındakı ölümə qoy alışsın özü də.
Get, İqnasio. Duyma buğa böyürtüsünü.
Yat, İqnasio, dincəl.
Ölür hətta dəniz də.
IV. GEDƏN CAN
Nə buğa tanıyır səni, nə atlar,
nə əncir ağacı, nə başqaları;
Nə uşaq tanıyır səni, nə axşam,
nə də kandarının qarışqaları –
çünki yoxsan daha,
ölmüsən artıq.
Tanımaz indən belə nə o üstündəki daş,
içində çürüdüyün nə qara atlas səni;
Susqun xatirələrin soyuyar, uzaqlaşar,
heç biri yada salmaz, heç biri anmaz səni –
çünki sən yoxsan daha,
çünki ölmüsən artıq.
Salxım buluduyla gələndə payız,
dağlar örtüləndə dumanla, çənlə
kimsə gözlərinə baxmaq istəməz,
hamı yayındırar gözünü səndən –
çünki yoxsan daha,
ölmüsən artıq.
Çünki ölmüsən artıq, çünki sən daha yoxsan
bütün yer üzündəki cansız meyitlər kimi;
Unudulub getmisən, yaddaşlardan çıxmısan
zibillikdə gəbərmiş yiyəsiz itlər kimi.
* * *
Tanıyan yoxsa da,
bilən yoxsa da,
haqqında bir dastan yaradacam mən;
O gözəl surətin yaddan çıxsa da,
yazıb yaddaşları oyadacam mən –
səni sabahlara tanıdacam mən.
Ölüm iştahandan yazacam sənin –
necəydi o anda ağzının tamı;
Məğrur sevincini saran qüssənin
dadını qoy bilsin, tanısın hamı.
Nə vaxtsa sənə bənzər başqa bir əndəlüslü
doğulacaqmı bir də,
doğulacaqmı burda?
Sızlayan ürəyimlə vəsf etdikcə mən səni,
külək də inildəyir zeytun budaqlarında.
Tərcümə: Mahir N.Qarayev