Hər gecə yuxuma Şahsənəm gələr - Məmməd İsmayılın şeirləri

Hər gecə yuxuma Şahsənəm gələr - Məmməd İsmayılın şeirləri
1 noyabr 2023
# 15:00

Bu gün tanınmış şair Məmməd İsmayılın doğum günüdür.

Kulis.az şairi təbrik edir və şeirlərini təqdim edir.

Bağlı gözlərini kim açar indi?!

Dünya da gözəldi...Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi...

Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın...

Vaxtı da unudar baxtı unudan,
Baxdı oyaq qalan yatmaya bilər.
Hardan biləsiydin gözünü tutan,
Axırda sözünü tutmaya bilər...

İnsanı azdıran insan ağlıdı,
Nədən qaçılsa da, bəxtdən qaçılmaz.
Hər şeyin bir yerə başı bağlıdı
Dərddən bu dünyanın başı açılmaz...

Gələcək ölümmüş illərin ardı
Sirr dedin, sirrin də yeri bilindi.
Qolun bağlı olsa, kimsə açardı,
Bağlı gözlərini kim açsın indi?!

Qışın çiləsindən üzü yazaydın,
Nəydi uduzduğun, udduğun onda.
Əlinə keçmişdi...buraxmasaydın,
Bəxtin qollarıymış tutduğun onda...

Nağıl quyusunun görünməz dibi
Kəsilən kəndiri ölüm-itimdi.
Axırda, nə əl var, nə əl sahibi
Nədə ki üç kəlmə: – Tap görüm kimdi!

Ümid – korun-korun sönəcək ocaq,
İçində səssizcə inləyən uddu...
Bağlayan bağladı gözünü, ancaq
Qayıdıb açmağı çoxdan unutdu..

Gör harda fürsəti verdin əlindən
Gözünü bağlayan korun bəxtimi?
Sən xoşbəxt olmadın dərdin əlində,
Bax sənə dərd verən dərd, xoşbəxtdimi,?

Sübh namazları...

...Bahar gecəsində sübh namazları,
Bulaqda su olur, könüldə arzu
Gecə yerlə göyün bu təmasları...
Bir gəmi dənizdə açır səhəri
İman namazından keçir bir gəmi,
Tanrı gözəllikdən pay əsirgəmir.
İlahi səslərə qulaq kəsilən
Sahil qayaları donmuş fikirdir,
Səcdəyə qapanan təkbirdi hər dağ.
O boğaz suları,o sahil, bu mən
Səhər namazına olmuşuq ortaq.

Unudulmuş limanlar...

Ümidləri kül olub saqqalında, saçında
Buludu tüstü bilər vaxtsız sönən ocaqlar.
Qismətinə düşən nə qərib yol ayrıcında
Qatarları yan keçən səssiz dayanacaqlar...

Görünən əməlimi görünməz mələklərin
Ömrün durğun gölündə qəfil fırtına çıxdı.
Çox şey vardı içində gələcək diləklərin,
Bircə qürbət yoxuydu, o da kartına çıxdı.

Gediş-dönüş yolları...Köçəri quşlar...Səma!
Göydən xəbər almada yer durna lələyindən.
Hicrət günortasından ömür düşdü axşama
Xəbər gətirəni yox səhər gələcəyindən..

Gecənin qucağında tənha bir bayquş səsi,
Özünə yoldaş gəzər əzik giley-güzarı.
Nə keçmiş geri dönər, nə gələcək gələsi,
Ürəyi – sevənlərin tərk edilmiş məzarı...

Sızım-sızım sızlayar dağlanmış bir ney kimi
Duyğuları qürbətin yağmurundan, qarından.
İlham ənginlərində arayışlar peykimi
Yeniliklər boylanar əski misralarından!

Heç əzəldən yoxuymuş səsi-sorağı sanki,
Soruşsan, xəbər verən tapılmaz həyatından.
Sahildə unudulmuş limanmış. Bir liman ki,
Yan almaq gəmilərin çoxdan çıxıb yadından...

Çöpçatan

M. Bərçinə

...Hər şey axındadır, hər şey axında...
Amansız zaman da su ayağıdır,
Biri də oturub çay qırağında
Hələ bəxtimizi suya axıdır..

Hər kəsin gözündə bu yuxudan var
Mürgülü dünyanın masal çağında:
Orda, çay başında çöp axıdan var,
Çöpçatan dayanıb çay ayağında.

O kimdi, altında hansı ulduzun
İlahi sirrini qatır sulara?!
Yenicə doğulan oğlanın, qızın
Tale çöplərini atır sulara?

Yerdə axıb gedər minbir gümanla
Göydə ulduzlarla bəhsə girən çay!
Tale çöplərində keçmiş zamanla
Gələcək zamanı birləşdirən çay...

Əlində əskiməz yığval ipləri
Bəxtin marığına yatan kimdi bəs?
Sulara qarışıb axan çöpləri
Tutub bir-birinə çatan kimdi bəs?

Yapışar bir saman çöpündən, batan,
İstəyi uğruna canından keçər.
Hərdən arzusuna çatmaz çöpçatan
Tutmaq istədiyi çöplər yan keçər.

Çöpçatan nə desin qəmin bəxtinə
Yaddaşa salınan iz itə bilməz.
Kimin taleyini kimin bəxtinə
Necə calamışdı, özü də bilməz.

Nə günə düşübdü doğduğum ölkə,
Nağıl yox, var gəzir gücü çatan, var...
Gözümə çöp düşdü, görmədim, bəlkə
Nə çöp axıdan var, nə çöpçatan var..

Çirkinə çevrildi neçə gözəl, gör
Kimdən sorağını alım, çöpçatan?!
Kim çıxdı, çöpümə çıxanı gəl gör,
Ay gözü kor olmuş zalım, çöpçatan!
Yetim sevgilər...

Gerçəkdən gerçəkdi dediyim yalan,
Məchul bir əl döyər qapımı gündə.
Məcnundan, Kərəmdən, Dilqəmdən qalan
Yetim sevgilər var bu yer üzündə...

Laləlik olmayıb nə olasıydı
Məcnunun Leyliyə gözü düşən yer?!
Gəlinqayasıydı, Qızqalasıydı
Nakam sevgilərin izi düşən yer...

Tarixə çilənən o göz yaşları,
İnləyib saralan simlər üçündür.
Gecə tənha qalan bulaq başları,
Sevgi yaddaşları... kimlər üçündür?

Talelər dərbədər, diyar-diyardı
Nə yaxın edər ki, bu uzaqları,
Niyə Ərzurumun gədiyi qardı
Görənə dağ çəkər Məcnun dağları?!

Hər eşqin axırı bir günahladı,
Suda sınmayacaq su qabı yoxdu...
Şirin Xosrovlara könül bağladı,
Fərhadlar neyləsin?
Cavabı yoxdu...

Zaman dolayında çıxmaz ki, yoxa
Təkrarı olmayan qədim sevgilər.
Quş budaq axtarar uçub qonmağa
Bəs onda neyləsin yetim sevgilər?

Tapar tapmacanın cavabını kim?
Qəriblik Allahın hədiyyəsiymiş...
Mən hardan biləydim yetim ürəyim
Yetim sevgilərin ev yiyəsiymiş...

Ölüm əl eləyir əhlət daşından
Qoy gedim yolumdan əyləmə, Leyla.
Min ildi keçmişəm Məcnun yaşından
Gəl mənə Leylilik eyləmə, Leyla...

Hicrət günəşinə qürub olmuşam,
Bulud gözlərimdən axsa, nəm gələr..
Qürbətə düşəli Qərib olmuşam,
Hər gecə yuxuma Şahsənəm gələr...
Bütün sevgilərin mənəm günahı,
Yetim sevdaların “Yetim segahı!”

Heyif cavanlıq çağından

Ovçunun fikri ovladı
Nəyim varsa buxovladı
Arxama düşüb qovladı,
Mən qaçdıqca qabağından.

Bu yolda itsin, itməsin
Əkdi, ümidi bitməsin?
Nə söz qaldı eşitməsin
İşvəli yar dodağından.

Gözü dünyadan su içməz
Kəsən kəsməz, biçən biçməz.
Qocalığın sözü keçməz
Heyif cavanlıq çağından...

Canı canıma yer verə
Əsər etdi, əsər verə.
Bəlkə rüzgar xəbər verə
Yaxınından, uzağından.

Könül viranələr yurdu
Boş-boşuna xəyal qurdu
Nə olsun ki, bəxt umurdu
Qarlı qışın sazağından...

Can köynəyi

İlahi bir hissmi, adicə tərmi
Behiştə döndərdi haçan köynəyi?
Sevdiyin adamı əvəz edərmi
Bir cana əvəzmi bir can köynəyi?
Çay niyə axsın ki, arana sarı,
Gəl,– deyən dənizdi dağların ardı.
Can alan qoxusu olmasa, arı
Çiçəyin dalınca necə uçardı?!.

Dönüb kül olacaq ocaq yandısa,
Sevdasız könüllər buz parçasıdır.
Aradan sevgilər buxarlandısa,
Öpülən köynək yox, bez parçasıdır...

Bəxtin qapısıdır açılan səhər
Əgər gözlədiyin gələcək olsa.
Sahibi dəyərdən düşdüsə əgər,
Dəyməz bir qəpiyə, yüz köynək olsa...

Görüş ayrılığı, hicran göynəyi,
Yönün də bir ayrı yöndü bəlkə də...
Gözündən düşəli, o can köynəyi
Mətbəx əskisinə döndü bəlkə də...

Sən gələcəkdin

Mən mənə dar gəldim, mən yetmir mənə,
Yox, bu adımdakı ün yetmir mənə.
Günüm yox, göydəki gün yetmir mənə,
Ömrümə yeni bir gün, gələcəkdin...

Qürbətə atmışdı hər birimizi,
Xeyir birimizi, şər birimizi...
Gəzib tapammırdıq bir-birimizi,
Mən – uzaq keçmişdim, sən – gələcəkdin.

Unudub şeytanın boş vədlərini,
Saxta “yox”larını, “əvət”lərini.
Silib aramızdan yaş hədlərini,
Dərdimə, sərimə tən gələcəkdin..

Səni mələklərdən mən idim uman..
Dağlara boşuna gəlməz ki duman...
Gümanlar içində ən böyük güman,
Gələcək içində ən gələcəkdin...

Ağrım zəmanənin, çağın üstünə,
Ahım axın edər axın üstünə...
Sinəmə çəkilən dağın üstünə,
Yaş olub gözləri çən gələcəkdin...

Sirrini açmada sirr özü mənə
Bir üzü sənədi, bir üzü mənə.
Gözləmə yeriydi yer üzü mənə,
Çıxıb hayandansa, sən gələcəkdin...

Səndən yadigar...

Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir şeir saxladım səndən yadigar...
A.Şıxlı


Sənsiz qalan dünyam gor əzabı, gor,
Nələr çəkdiyimi çəkməyənə sor!
Ölür gününəcən açılması zor
Gizli sirr saxlaram səndən yadigar.

Nədir varlığımı yandırıb yaxan,
Durub nə anlayar kənardan baxan?
Zəmzəm suyu kimi ruhuma axan
Bir şeir saxlaram səndən yadigar.

Yamanlar yanılsın peşələrində,
Qalsın divin canı şüşələrində!
Qəlbimin ən mübhəm köşələrində
Sənə yer saxlaram səndən yadigar.

De, ulu göylərin yer möcüzəsi!
Adammı tapmadın sevib küsəsi?!
Mən nəkarəyəm ki, Tanrının səsi,
Nə deyir, saxlaram səndən yadigar.

Döndüsə gözlüyə gözündə pərdən,
Tutaş kipriyini sıx, hərdən-hərdən.
Bəlalar gəlsə də başıma şərdən
Mən xeyir saxlaram, səndən yadigar.

Baş-ayaq oldusa əyən, əyilən
Tək qalan, təsəlli tapsın nə ilən?!
Köksümün altında ürək deyilən
Bir qəbir saxlaram səndən yadigar.

Yaşın yetmişüçü – sözün boyatı,
Dərd, əzab içində boydan-boyadı!
Onsuz da pir idi Şıxlı soyadı,
Piri, pir saxlaram səndən yadigar.
Eşit, ey Kərəmin Əslisi tərsa,
Sən də yar olardın haqq mənə yarsa!
Mən sən deyiləm ki! Səndən nə varsa
Birbəbir saxlaram, səndən yadigar.

lll

Nə ordadı, nə burda
Bəs neyləsin bu asi?
Bir ömür vurhavurda
Vətən qürbət arası..

Qapını döyə-döyə
On ildi vaxtın alır.
Bəlkə bir gün geriyə
Qayıtmaq ehtimalı...

Qürbətdi, sənsən, bir də,
Haray salan martılar.
Qaldı keçən əsrdə
“Bəlkə də qaytardılar...”

Bura bəxtin dişini-
Dişinə sıxdığı yer.
Dənizlər gərdişini
Boğaza yığdığı yer...

Ehtiyac qılınc ağzı
Qismət ilan ağzında
Bir ömrün çıxılmazı
Dardanel boğazında...

Vətən,...sındı o şüşə
Bərkinə varılan sən.
Kimin yadına düşər
Yaddan çıxarılan sən...

Ömrün keçmiş zaman şəkilçiləri...

Sən bu təşnəlikdə milyonda birdin
Uzaqdan duyular sədası dəfin.
Özün də bilmirdin, niyə sevirdin
Haraya qaçırdın, nəydi hədəfin...

Bir yerə yozacaq bu şeiri hamı
Fərqi nə, yüz yerə yozsunlar bir də..
İlk görüş, boranlı şubat axşamı
Xəyalın gerçəyə döndüyü yerdə...

İsti bir ürəyə soyuq bir ölkə,
Nə getmək asandı, nə qalasıydın.
Sən elə Allahın lütfüydün bəlkə,
Ya elə şeytanın baş bəlasıydın.

Yaxın da deyildin, gələm yaxına
Köçəm qonşunuza, yaxında qalam.
Qürbətdən qürbətə girəm yuxuna,
Üç gecə, beş gecə yuxunda qalam.

Saçım-saqqalımdı qışın qarında,
Bəlkə sevilərdim... sevən deyildim.
Görünür arzunda, xəyallarında
Qurub yaratdığın mən, mən deyildim.

İnsan neyləməli zaman gecdisə
Nə illah elədim mən, mən olmadım.
Yəqin ürəyindən nələr keçdisə
Keçdi, ürəyindən keçən olmadım.

Yoxsa yalanıydı göydən gələn səs
Yoxsa boşunamı getdi bu səyim?
Yəni doğrudanmı örtüşə bilməz
Sənin xəyalınla, mənim gerçəyim...

Desəm bir başqası verər yerini
Ya daşam, dəmirəm, desəm, inanma.
Axşamdan sabaha zəng səslərini
Susub gözləmirəm desəm, inanma.

Nə qaldı aradan keçən bir ildən,
Tale arxasınca baxıb deyinir.
Ölüdirildəndin, ölüdirildən
Adam öldürərmi diriltdiyini?..

Üyüdüb tökdüyüm nəydi səhərdən
Qatıb-qarışdırsaq fərqi nə çıxar;
Dərələr dağlara yalvarar hərdən
Nə olar məni də zirvənə çıxar...

Başlara gələnlər gələsi tez-gec
Fərqi nə, sırası arxadı, öndü.
Arada özündən soruşdunmu heç
Yelinə uçduğun yel niyə söndü.
Gündüz xəyalındım, gecə yuxun mən
Vaxtsız ayrılıqlar hansı an olur?!
Bunamı layiqdi unutduğun mən
İnsan bu qədərmi unutqan olur?

Kimdi ünvanına çalıp-çapdığın
Nəydi yaşaması, öləcəyi nə?!
Uzaq keçmişimdə nəydi tapdığın,
Qoymadı baxasan gələcəyinə?!

Arzu tükənəndə göz niyə doymaz
İnsanın uzalı qalar bir əli;
Gələcək zamana keçməyə qoymaz,
Ömrün keçmiş zaman şəkilçiləri...

Doğan özü üçün doğulmur yəqin.

Hər səhər açılar bir ismarışa
Yaxın gələcəkdən gələn istəyə.
Günlər də insanlar kimi yarışar
Günlər də tarixdə qalmaq istəyər...

Ay doğur, gün doğur, doğanlar bilər
Yoxdan var olanlar yox olmur yəqin.
Əbədi yaşayır böyük sevgilər,
Doğan, özü üçün doğulmur yəqin.

Kimə zövq verəcək boyu-buxunu,
Kimə dərd! Bir dərd ki, çəksən çəkilməz.
Doğar, kimin üçün doğulduğunu,
Çox zaman doğulan özü də bilməz.

Məhəbbət dilimi bildiyin lisan,
Könül genişliyin göyün əngini.
Doğulduğu günü doğmaz ki, insan
Doğar, sevən günü, sevilən günü...

Arada boşuna qürbət baş qatar,
Eşqin nuru düşsə könül evinə;
Sənin ad günündə səndən başqa da
Əyər sənin qədər varsa sevinən.

Ömründə, günündə sirr düyün-düyün,
Açsan da açılmaz indi bəlkə də.
Adi gün deyildi sən doğulan gün
Eşqin doğulduğu gündü bəlkə də...

Bir eşqin oduna verdin ömrünü,
Yoxsa gözlədiyin o gün bu gündü.
Bəlkə də dünyanın ən gözəl günü
Sevdiyin adamın doğduğu gündü...

Səndə kitabım var, üstündə şəklim...

Axşamlar canını sıxanda təklik,
Xışıltı salanda xəfif varaqlar...
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar...

Xəyalın yadından çıxan misrada,
Kitab həsrət qalar kitab rəfinə...
Oxuyub bağrına basarsan, ya da
Atarsan yatağın bir tərəfinə...

Nigaran ürəyin durmaz yerində,
Qatıb-qarışdırar ərki, naz ilə:
Sənə yazılmayan şeirlərim də
Sən elə istərsən sənə yazıla.

Bu dərdi nə çəkər ürəkdən özgə,
İçində başlayan hava küləkli.
Gözünün yaşını tökməkdən özgə
Əlindən nə gələr bir quru şəklin.

Dəyişik düşdümü baharla payız,
Çiçəkli bağlarmı meyvəli bağlar?
Yerimi verməz ki bir parça kağız
Gah sən ağlayarsan, gah şəklim ağlar...

Yanılar yalana ümid bağlayan...
Bu da bir atalar sözüdü yoxsa.
Bilməz ki, güzgüyə baxıb ağlayan,
Yaş tökən güzgüdü, gözüdü yoxsa.

Ümidi kəsilən ömür hədərmiş
Verdin ürəyini o hədərə sən.
Kədər!
Səndən mənə qalan kədərmiş
Məni qısqanarsan o kədərə sən...

İndi nə deyirsən, tərsa diləklim
Başqa söz deyərdin sən ayrı vaxtlar.
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar...

# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Xalça oğrusu - Tural Turanın hekayəsi

Xalça oğrusu - Tural Turanın hekayəsi

09:00 21 fevral 2024
Qatardakı adam - Kamal Abdullanın yeni hekayəsi

Qatardakı adam - Kamal Abdullanın yeni hekayəsi

10:16 19 fevral 2024
"Sənətini sevgilin kimi sev, ona bütün qəlbini ver" - Yazarlara 10 məsləhət

"Sənətini sevgilin kimi sev, ona bütün qəlbini ver" - Yazarlara 10 məsləhət

10:00 17 fevral 2024
KQB onun əsərlərini niyə qadağan etmişdi? - Erməni əsilli anasının soyadını götürən yazıçı

KQB onun əsərlərini niyə qadağan etmişdi? - Erməni əsilli anasının soyadını götürən yazıçı

15:00 16 fevral 2024
Tərbiyənin, təhsilin uşaqlara təsiri - Cinayətkarların arasında nə etməli?

Tərbiyənin, təhsilin uşaqlara təsiri - Cinayətkarların arasında nə etməli?

09:00 16 fevral 2024
Kefli İskəndərlə dərdləşmək, Şekspirlə çay içmək istəyirəm - Qorxmaz Quliyev

Kefli İskəndərlə dərdləşmək, Şekspirlə çay içmək istəyirəm - Qorxmaz Quliyev

09:00 15 fevral 2024
# # #