"Dedilər, ölmüsən..." - Cavid Qasımovun yeni şeirləri

"Dedilər, ölmüsən..." - Cavid Qasımovun yeni şeirləri
5 avqust 2024
# 15:13

Kulis.az Cavid Qasımovun yeni şeirlərini təqdim edir.

***

Dedilər, ölmüsən,
Qəfil xəbərdən
Ürəyim sıxıldı, halım dəyişdi.
Başladım özümə pıçıldanmağa,
İlahi, niyə tələsdi?
Haraya getdi?
Gözümdən bir-iki damla yaş
atıldı bu xəbərin dalıyca su tək.

Sonra,
Dedilər ki, yalandır,
Sən də yaşayırsan hamımız kimi.
Sevindim,
bir-iki damla da gözümdən düşdü.

Vallah, keçməmişdi üstündən azca,
Öldün - söylədilər, öldün dedilər.
Dillənmədim, dinmədim,
Kefimi pozmadım ikinci dəfə.

***

Küçə lampaları -
Sərxoş kəpənəklərin gecə ocaq başıdır,
Səkilərin on addımdanbir
Tozlanmış yaddaşıdır.

Daşa tutulan lampadan
Neçə kəpənək ocağını,
Neçə səki yaddaşını itirdi.
Küçələr hara gedəcəyini bilməyib,
Ayağını, başını itirdi.

Küçə lampaları-
Eynəyi kirlənmiş,
İşığı sirlənmiş
Bomjdu
Kəpənək qanadlarında...

***

Yağış kimi ayrılmaq,
Əli boş, üzü ağ,
Yavaş-yavaş yox olmaq
Asan deyil.

Gölməçələr
yağışın yerə çəkdiyi bulud şəklidir,
Kirli, bulanıq.

İndi mənim haqqımda nə fikirləşirsənsə, fikirləş .
Uzaqdan gələn əli kağız gəmili uşaq
Bu gölməçəni ağ ulduzlarla dolduracaq...

***

Yoldan ötrü çəkdiyi ahdan
Sinəsinə tikiş vuruldu ayaqqabının.
Bağ bildiyin
Səriştəsiz cərrah sapıdır.
Yarasının açılacağı yer
Qapı-qapıdır...

Necə düyünləsən də
Həmişə kəpənək alınır.
Yalançı qanadlarıyla
Haçansa uçacağına inanır.

Dəymə kəpənəyin qanadlarına,
Yolu diksindirməsin
Qanad səsi...

***

Ac dalğalardan ötrü sahilə
Bir ovuc qağayı səpilib,
Bir ovuc balıqqulağı.
İllərdi boz süfrədən kəsilmir
Dalğaların ayağı.

***
Nəsə çatmırsa
Əvvəldən olmayıb
Məsələn, kirpinin bir qarış sapı,
Dəvəquşunun uçmaq eşqi,
Ölümün ikinci planı
Əvvəldən olmayıb.

Sevmək ayrılıqdan ötrü məşqdir.
Sevirsənsə kirpi üçün sapa,
Dəvəquşuna ucu-bucağı bilinməyən səmaya çevrilirsən.
Ölümə gəlincə,
Ondan sonrakı həyata...

İndi iynəsinin hara sancıldığı
Bilinməyən sap üzərində addımlayır,
Kürəyində dişlənmiş alma olan kirpi,
Arxasıyca Adəm.

# 2643 dəfə oxunub

Oxşar xəbərlər

Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

14:30 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər