Qoca kimi yazan cavanlar, modern ola bilməyən yaşlılar, cəsarətsiz qələm əhli - Çağdaş hekayələrimizdə nə çatışmır?

Qoca kimi yazan cavanlar, modern ola bilməyən yaşlılar, cəsarətsiz qələm əhli - Çağdaş hekayələrimizdə nə çatışmır?
9 avqust 2021
# 15:24

Kulis.az Ayxan Ayvazın "Hekayə yazanlarda nələr çatışmır?" yazısını təqdim edir.

Hekayə çətin janrdır, az sözlə söhbəti həll etməli, ab-hava yaratmalı və eyni zamanda kiminsə təkrarı olmamalısan. Kiminsə təkrarı olmamaq məsələsi əslində, hər janra aiddir. Sadəcə hekayədə bu daha tez görünür. Hekayə yazıçının gücünü o dəqiqə göstərən janrdır. Yazıçı var, romanlar yazır, povestlər yazır, ancaq hekayədə axsayır.

Son illər yazılan hekayələri oxuyandan sonra məndə bir az pessimist duyğular oyandı. Çünki heç vaxt zəiflərin içində güclü görünmək istəmərəm, güclülərin içində güclü olmaq daha çox şeylər qatır mənə. Baxıram, hekayələr yazılır, iddialar yeri-göyü dağıdır, di gəl, mətn yoxdur. Əslində bu fikirləri yazmağa çəkinirdim. Niyə? Çünki bizdə həqiqəti eşitmək istəmirlər. Hamı bir-birini tərifləyib, xoş söz deyib işini bitmiş hesab edir. Düzü, qol-qanad qırmağı, həvəsdən salmağı da sevmirəm. Tanıyanlar bilir ki, başqasına həvəs yaratmaq ən çox sevdiyim işdir.

Bütün bunlarla bərabər, yazılan hekayələrlə bağlı ümumi fikirlərimi yazmağı qərara aldım. Düşünürəm ki, bunları yekəxanalıq, eqoistlik, özündən razılıq kimi qələmə verməyəcəksiniz. Çünki mən sadəcə gördüyümü yazıram və bundan incimək lazım deyil. Ümumiyyətlə, bu incimək söhbətlərini yığışdırın. İncimək nədir? Hamımız yekə kişilərik artıq. Nəysə, söhbət çox uzandı, keçək ümumi fikirlərimə:

- Hekayə yazan yazıçıların, xüsusilə gənclərin hekayə adı altında yazdıqları əslində hekayə deyil. Dəfələrlə onlara bunu izah etməyə çalışmışam, alınmayıb. Yəqin ki, savadsızlığım, kifayət qədər intellektual olmamağım burda xüsusi rol oynayıb. Heç olmasa bir ciddi, söhbəti bilən intellektual bir ədəbiyyat adamı – tutaq ki, Qorxmaz Quliyev hekayə haqqında qısa bir mühazirə desə və onlara hekayənin nə olduğundan danışsa, kifayətdir. Əgər yazdığın janrın nə olduğunu bilmirsənsə, oyuna uduzmuş başlayırsan deməkdir. Düşünün, futbolçudur, amma futbolun nə olduğunu bilmir. Təbii ki, o, oyunda biabır olacaq. Hekayə əhvalat deyil. Bəli, içində əhvalatı var. Ancaq yazılan hekayələrin əksəriyyəti sadəcə əhvalatdan ibarətdir. Hekayədən daha çox ovqat yazılarına, xatirəyə bənzəyir. Bir az da oçerkə. Yəni hekayədən başqa hər şeyə oxşayır. Ən böyük problem məhz budur: yazdığın janra bələd olmamaq. Roman yazanlarda da bu var: elə bilirlər, uzatmaq, cümləni doqquzmərtəbəli bina kimi ucaltmaq romanın əsas özəlliyidir. Geniş mövzudur. Dediyim kimi, intellektim, zəkam bunu daha yaxşı izah etməyə imkan vermir. İnanıram ki, yazını oxuyan ədəbiyyatçılardan biri hekayə haqqında geniş bir yazı yazar və orda hekayənin nə demək olduğunu izah edər.

- İkinci və bəlkə də ən vacibi. Oxuduğum hekayələrin, demək olar, hamısında müəlliflərin qorxduğunu gördüm. Qorxmaq deyəndə nəyi nəzərdə tuturam? Cümlələri elə yazıblar ki, sanki yazarkən minalı ərazidə gəzdiklərini zənn ediblər. O qapını qorxa-qorxa, ehtiyatla açanlar olur e, tam da o cür. Rahat ola bilmirlər. Hekayəyə ütülü, sığallı yanaşırlar. Cümlələri də elə. O cür cəsarətsiz, aşırı səliqəli hekayələri sevmirəm. Ürəkli olmaq lazımdır. Qapını zərblə açmaq. Hekayəyə qəhrəman əsgər döyüşə necə girir, elə girmək lazımdır. Yoxsa hər cümlənin üstündə əsə-əsə, “bəlkə birdən bunu səhv başa düşərlər”, “qohum-əqrəba, dost-tanış oxuyub deməzmi” kimi fikirləri olanlar heç vaxt yazıçı ola bilməzlər.

- Modern ola bilməmək. Bizim yazıçıların əksəriyyətinin ən böyük problemi. Əksəriyyətinin dedim, bir az yaxşı olmadı. Adamın üstündə Allah var, hamısında bu problem var. Ənənəvidirlər. Hətta o günləri bir gənc yazıçının hekayəsini oxudum, bir abzasdan o yana keçmədi. Elə bil 70 yaşındakı yazıçıdır, Sovet vaxtından yazıb-yaradır. Yenə o Soveti görənləri birtəhər anlamaq olar, sən ki cavan adamsan. Öz dilində yaz. Mümkün deyil. Ənənəvi dillə yazmağı üstünlük hesab edir.

- Xarici yazıçılara həddindən artıq aludə olmaq. Azərbaycan yazıçısının, xüsusən gənclərin ən böyük qəbahəti. Bu adam Nobel alıb, deyir ki, bəs hekayə belə yazılmalıdır, mən də elə yazdım. Yanlışdır! Düstur yoxdur. Və bir yazıçı başqa yazıçıya bu qədər aşiq olmamalıdır. Tutaq ki, o günləri sevdiyim müəlliflərdən biri olan Etqar Keretin hekayələr kitabını oxudum. Bəyənmədim. Adam öz imzasının arxasına gizlənib, yersiz hekayələr yazıb. Kitab ümumilikdə heç nədir. Bir-iki hekayəsi var, vəssalam. Biz yazsaq, topa tutarlar ki, bu nədir yazmısan. Ona görə də heç bir xarici yazarı özünüz üçün meyar hesab etməyin. Bizdən daha təcrübəli yazıçılar sadəcə xəritədir. O yolu yenə də özümüz getməliyik.

- Özünü fərqli göstərmək cəhdi. Əslində yazar fərqli olmalıdır. Bu dünyada çox yazan var, sadəcə fərqlənənlərin adları çəkilir. Azərbaycanda narazı olan yazı-pozu əhli var, bəs bizi görmürlər, bizi saya saymırlar deyirlər. Elə deyil. Tutaq ki, Qubada intihar etmiş yazıçı Rahim Dünyamalını götürək. Öz sağlığında da rezonans doğurmuşdu, öləndən sonra da “Tərsinə addımlayan kölgələr” romanı zaman-zaman, elə indilərdə də üzə çıxdı. Yəni mətn elə bir şeydir ki, o axır-əvvəl öz çuxurunu tapır. Heç narahat olmayın. Yaxşı yazmısınızsa, mütləq öz dəyərini alacaq. Yox, yaza bilmirsinizsə, şikayətlənməyin başını buraxın. Çünki yazıçının bu cür yersiz şikayətləri kənardan yaxşı görünmür. Balaca bir ölkədə seçilə, fərqlənə bilmirsinizsə, günah sizin özünüzdədir.

- Çox uzatmaq və bər-bəzəkli cümlələr. Hekayəni açırsan, oxuyursan, görürsən müəllif həddin artıq əziyyət verib özünə. Bəli, hekayə çətin janrdır, zülmlə yazılır. Bu ayrı. Ancaq yaza bilən adam üçün hekayə yazmaq su içmək kimi asandır, asan olmalıdır. Yaza bilməyən biri isə hekayəni uzada-uzada, lazımsız təsvirlər verməklə, öz istedadsızlığını ört-basdır eləməyə çalışacaq. Baxırsan ki, bu təsvirə ehtiyac yoxdur, bu cümlə çox pafoslu və ənənəvidir. Uzatmaq və böyük cümlələr qurmaq yazıçı olmaq demək deyil. Özünüzü aldatmayın.

- Bədiilikdən uzaq. Çoxusunda var bu. Hekayə yazıb, bircə dənə də maraqlı bədii ifadə tapmaq olmur. Bədii təfəkkürdən çox-çox uzaqdadırlar. Hekayəni elə yazır ki, o hekayəni istənilən adam yaza bilər. Bəzən bizə deyirlər ki, niyə deyirsiniz, filankəs cümlə qura bilmir. Başa salmaq olmur. Deyir, cümlə qurmağa nə var, 4-cü sinifdə oxuyan da cümlə qurur. Deyirsən, ay qardaş, söhbət yazıçı cümləsindən gedir. Yazıçı cümləsi. İndi bunu başa düşmürsənsə, mən nə edim. Get öyrən yazıçı cümləsi nə deməkdir, sonra danışarıq.

Yazıçı başqalarının ifadə edə bilmədiklərini ifadə edən şəxsdir. Əgər yazıçı da bunu ifadə edə bilmirsə, deməli, yazıçı deyil. Bu qədər sadədir yəni. Özünüzə yaxşı baxın!

# 3375 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #