Azərbaycanda "Tik-tok"u bağlasınlar!

Azərbaycanda "Tik-tok"u bağlasınlar!
7 iyun 2021
# 11:33

Hamımızın içində bayağılıq var: kiçik, orta və böyük həcmdə. Heç kim bunu inkar edə bilməz. Heç kim sona qədər ciddi deyil, yaxud başdan-ayağa zəka küpü deyil. Bayağılıq bizim yaradılış mahiyyətimizdə var. Biz istəsək də, istəməsək də bu bayağılığa yuvarlanırıq. Məsələn, sevəndə. Bayağılıq tələsinə düşdüyümüz ən gözəl və maraqlı yer orasıdır.

Var bayağılığı inkar edən və özü bayağı olan adamlar, var bayağılığı qəbul edib onunla pul qazanan adamlar, var bayağı olduğunu bilən, ancaq ortada girinc qalanlar, bir də bayağı ola-ola özünü ciddi aparmağa çalışanlar. Hələ çeşid sayı çoxdur, mən bir az azaltdım. Tutaq ki, mən öz bayağılığımı qəbul etmişəm. Təpədən-dırnağa bayağıyam. Bir də gördün, özümü hansısa dəxlisiz bir videoya baxan yerdə tutdum. Yaxud hansısa mənasız bir kitabı maraqla oxuyuram. Bayağılığımla çoxdan barışmışam. Bəzən öz bayağılığım mənə ilham verir. Hətta bayağı şeylərdən daha çox ilham alıram.

Bayağılara, bayağı videolara və insanlara ciddi-ciddi şərh verənləri görəndə gülməkdən özümü zorla saxlayıram. Guya bunun gördüyünü biz görmürük, guya bu dəhşətli dərəcədə intellektual adamdı, hər gün bayağılıqla qarşılaşmaq onu hədsiz yorur... Halbuki o adam əslində özündəki bayağılığı basdırmağa çalışan adamdır. Çünki dediyimiz kimi, bayağı olmayan insan olmaz, olsa da ol şəxsdə... Nəysə, mövzudan yayınmayaq.

Bayağılıq böyük əsərlərin, böyük filmlərin yaranmasına təkan verib. Bircə “Don Kixot”u misal çəkmək kifayətdir. Bilənlər bilir, Servantes bu əsəri necə, hansı şəraitdə yazıb, hardan ilhamlanıb. Bayağılıqdan yola çıxılmaq hissəsini həssas oxucunun özü çox yaxşı başa düşəcək. Lütfən, başa düşənlər başa düşməyənlərə də izah etsin ki, beləcə istinin bu vaxtında bir-birimizi yormayaq. Hər şeyi mən izah edəsi deyiləm ki?

Mən hər cür bayağılığa dözərdim deyirdim. Elə bir bayağılıq ola bilməz ki, o bayağılıq məndə ikrah hissi yaratsın və ürəyim bulansın. Yox idi. Vallah-billah! Özümün də bayağı olduğum üçün normal yanaşırdım. Mən və mənimkimilər sadəcə bayağılığını içində gizlədən, içəndə yaxud, yüngül məclislərdə o bayağılı qəfil oyanan həqiri-bəndələrik.

Tik-tok bayağılığı məni heyrətə gətirdi. Mən hələ bu qədər bayağı insanın bir yerdə toplaşdığını görməmişdim. Elə bil bir-bir, qapı-qapı düşüb harda bayağı varsa, “qaqa, təzə tema var, yığış gedək” deyibən doluşdurublar bayağılığa. Onsuz hamımız bayağıyıq. Zor-xoş bunu gizlətmişik, arada sırtıqlığımıza salıb üzə çıxardırıq. Amma bayağılığın bu formada təzahürü mənim beyin hüceyrələrimdəki hər şeyi öldürdü.

Tik-tokda yoxam, heç olmaq fikrim də yoxdu. Ümumiyyətlə, sosial şəbəkələrdən uzaq durmaq lazımdır. Bu ayrı mövzudur. Çünki artıq sosial şəbəkələr çox sıxıcı və eyni zamanda aqressiyanın töküldüyü yerə çevrilib. Hamı aqressivdi orda. Söz yazmağa peşmansan: o dəqiqə tökülüşüb səni yortmağa hazırlaşırlar. Nəsə, ayrı sort adamlardı ordakılar. Tuta bilmirəm. Tik-tokdakı istifadəçiləri isə, ümumiyyətlə, anlaya bilmirəm. Bu adamları hardan tutub gətiriblər, onlar nə içir, nə yeyir, nəylə qidalanırlar? Yəni bu qədər bayağı olmaq üçün harda özlərini inkişaf etdiriblər? Onlar o qədər bayağıdırlar ki, bir adam istəsə o qədər bayağı ola bilməz. Dəxlisizlik, dıydıqlıq, mənasızlıq, məzmunsuzluq və dəxi bu kimi çatışmazlıqlar yallı gedir orda. Bizim bir tanış var, ona tik-tok böcəyi deyirəm. Hərdən onun tik-tokdakı videolarını yaxın bir dost mənə göndərir. Baxıram ona, deyirəm, İlahi, mən bu adamı tanıyırdım, o, ailəcanlı, gülərüz, zarafatcıl, maraqlı bir tip idi, nə oldu ona, nə baş verdi, içində hansı təbəddülatlar oyandı? Tanıya bilmirəm illərdir tanıdığım adamı.

Mən Tik-tokdan o qədər boğaza yığıldım ki, hətta bu dəqiqə onun bağlanmasını arzulayıram. Düzü, əvvəllər olsa, özüm öz sözümə gülərdim. Tik-tokda yoxsan, nəyinə lazımdır ki, qoy camaat girsin, əsəblərini soyutsun. Yox! Məsələ bu qədər sadə deyil! Mənə elə gəlir, Tik-tok bizim psixologiyamızı pozmaqdadır. Ordakı cavanları görəndə gələcəyimizin uçuruma gedəcəyini təxmin edirəm və bundan qorxuram. Adamlar heç bir hiss keçirmirlər. Yaşamırlar. Robotdurlar sanki. Və o qədər bayağıdırlar ki, bütün bunlar bir-birinə birləşəndə dəhşətli bir mənzərə yaranır...

Ola bilsin, mən yaşlanıram, bilmirəm. Amma qoy yazımın sonu da qocafəndi olsun: Azərbaycanda Tik-Toku bağlayın, cavanlar bir az həyat yaşasın!

# 2918 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #