Son illər Novruz bayramını nostalji hislərlə qarşılayıram. Şər qarışan kimi bir dəstə uşaq əllərimizdə zənbil, papaq ( Boston ) düşərdik qəsəbənin canına. Küçədən küçəyə, evdən evə yol ölçərdik, papaq atardıq və üzümüzü Mart ayının sərin küləyinə tutub bayrama sevinərdik.
Qəsəbəmiz böyük deyil. Saysan, iki yüz əlliyə yaxın evdi. “Xanqızı” kanalı qəsəbənin yanağından sığal kimi çəkilib axır, uzanıb Aranın genişliyinə yayılır. Genişlik boyu sıralanan Böyürtkən kolları, İydə ağacları “Xanqızı” kanalının pırtlaşıq saçıdır, səpələnib. Təpəliklərdən baxanda Ərgünəş və Böyük Kirs dağları görünür. Dağlar sıralanıb uzaqda qövsvari bir xətt yaradır.
Qəsəbəmizin Novruz ab-havası həftələr öncədən başlayardı. Hələ qışın qurtaracağında Fevral soyuğunun əldən saldığı adamlar Çərşənbə tonqalının başına yığışardılar, qızınardılar, “azarlığım-bezarlığım odda yansın” deyib tonqal üstündən hoppanardılar. Bizdən fərqli olaraq papaq atmaq üzrə dünya çempionu uşaqlar günortadan başlayardı işə və qaranlıq yavaş-yavaş qəsəbəni canına alanda, günəş uzaqdan bənövşəyi rəngə çalıb tərpənməz duran Böyük Kirs dağının arxasında itəndə iki yüz əlli evin hərəsindən bir əhvalla ayrılmış olardılar, əllərini əvvəl-əvvəl əllərinə, sonra bir-birinin kürəyinə çırpardılar “Bu bayram da belə...” – deyərdilər, iri zənbillə dolu azuqələrini bellərinə şəlləyib yollanardılar evlərinə.
Zənbili dolu uşaqlar qəsəbənin ən hörmətli uşaqları hesab olunurdu. Zənbilin dolu idisə, demək gələcəyin parlaq olacaqdı, hər işdən baş çıxaracaqdın, bir az da böyüyəcəkdin, cavanların yanında danışmağa sözün olacaqdı və cavanlar səni dinləyəcəkdi. Gələn bayramda üz-gözünü rəngləyib, əcaib pal-paltarda (o paltarlar hər il Novruz axşamı məktəbin teatr dərnəyindən oğurlanırdı) küçəyə çıxan, papaq atan uşaqları qorxudan dəstənin arasında sən də yer alacaqdın. Üz-gözünə rəng çəkib, qadın paltarında uşaqları qorxutduğuna görə bayrama sevinəcəkdin. Demək ki, daha uşaq deyildin! Bayram səni böyüdüb...
Qəsəbəmizdə iki məhəllə var. Bunlardan biri Alman səfirliyi tərəfindən bina olunub, digəri Noveç. Aralarında bir il məsafə olmağına baxmayaraq hamı bu iki məhəlləni “köhnə məhəllə”, “təzə məhəllə” deyib ayırır. Məhəllə uşaqlar arasında ilk günlərdən rəqabət yaranmışdı. Hər iki tərəf bir-birini ötməyə çalışırdı.
Dəqiq xatırlayıram, uşaqlıq dostlarımdan biri top almışdı. Elə sevinirdi ki, hərdən oyunun düz ortasında topu götürüb cibində hərlədiyi güllü dəsmalla silirdi. “Qoyun bir az dincəlsin. Sonra oynayarıq” – deyirdi.
Qamış sapları ilə haşiyələnmiş həyətlərin arasından toz-torpaqlı küçələr keçirdi. Qəsəbədə tək-tük adamın maşını vardı. Buna görə yolunu azıb bizim qəsəbəmizə çıxan, qab-qacaqla, pal-paltarla dolu olan və az qala yük yerinin ağırlığından sürünə-sürünə irəliləyən maşınlardan özgə bu küçələrdən maşın keçməzdi. O küçələrdə futbol oynayırdıq. O vaxt da belə bir oyun gedirdi, hamı qan-tər içində itmişdi, tutaşan, itələşən, bir-birinə diş atan... bu vaxt “köhnə” məhəllənin uşaqlarından biri yaxınlaşdı bizə, oynamaq istədiyini dedi. Top aldığı üçün sevindiyindən pörtən uşaqlıq dostum isə, “Sən almansan. Get almanlarla oyna...” – deyib icazə vermədi ona. Oyuna davam elədik və həmin oyunda dalbadal dörd qol vursam da, heç biri sayılmadı.
İlk günlərin dava-dalaşlarını, mübahisələrini, söz-söhbətlərini dünənki kimi xatırlayıram. Ən böyük rəqabət Novruz ərəfəsində baş verərdi.
Novruz bayramına hazırlıqlar bir həftə öncədən başlayardı. Alman məhəlləsinin cavanları gecəylə kəşfiyyata çıxardılar. Biləndəki ki, Norveç məhəlləsinin cavanları bayram günü nisbətən kiçik maşın təkəri yandıracaq, onlar tez-tələsik böyük maşın təkəri axtarardılar və tapardılar. Əlbəttə, Noveç məhəlləsinin cavanları da kəşfiyyata çıxardılar və hər alınan məlumatda təkərlərin ölçüsü böyüyərdi, sayı artardı. Bayram axşamı hər iki məhəllədə böyük bir tonqal çatılardı. Tonqalın işığı evərin pəncərəsinə dəyib sınardı.
Sonra musiqi çalınardı.
Qəsəbədə yalnız bir adamda musiqi aləti var idi. Elektronik gitara.
Sulduz dayı toylara gedirdi, rayon tədbirlərində ifa eləyirdi. Bayram günü gələndə hər iki məhəllənin cavanları Sulduz dayının qapısında növbəyə dururdular, qiymət artırırdılar, istəyirdilər canlı musiqi onların məhəlləsində çalınsın. Sulduz dayı da hər ili bir məhələyə ayırırdı. Gitaranın düz simləri Femidanın tərəzisi kimi hər iki məhəlləyə bərabərlik işarəsi çəkirdi və bundan heç kim incimirdi.
İki məhəllə arasındakı rəqabətlərdən biri də kimin kimi qorxutmağı idi. Əcaib paltarlar geyinmiş, üz-gözünü rəngləmiş cavanların küçə boyu səs-küy sal-sala dolaşmağı uşaq yaddaşıma vahimə kimi yazılıb. Məqsəd qarşı məhəllənin uşaqlarının gözlərini kəlləsinə çıxarmaq idi.
Mən bu iki məhəllə arasındakı rəqabətdə, təxminən, ortada yer alırdım. Evimiz Norveç məhəlləsinə düşsə də, qohumlarımızın əksəriyyəti Alman məhəlləsindən idi. İş belə gətirmişdi ki, Norveç məhəlləsinin cavanları evimiz Norveç məhəlləsinə düşdüyü üçün dəyib dolaşmırdılar mənə. Özlərindən bilirdilər. Alman məhəlləsinin cavanlarının çoxu ilə qohum idim deyə onlardan da bir təhdid ummurdum.
Ancaq həmin bayram axşamlarından birində... Papaq atmağa çıxmışdıq. Bayram tonqalları asta-asta sönürdü. Tonqalın ətrafına toplaşan adamlar bir-bir, iki-bir evlərinə yığışırdı. Mən də zənbilimi belimə şəlləyib həvəslə evin yolunu tuturdum ki, qəfil qarşı küçədən it səsinə bənzər səslər eşitdim, içimi dəli bir qorxu bürüdü, sonra səslər dəyişdi, çevrilib adını bilmədiyim bədheybətin səsi oldu, sonra o səsin sahibi yavaş-yavaş qaranlığın arasından çıxıb mənə doğru irəlilədi. Dizlərim əsir, dişlərim bir-birinə dəyirdi. Ürəyim elə döyünürdü ki, az qala balıq akvariumdan çıxan kimi hoppanıb ağzımdan çıxsın.
O əvvəl asta-asta yeriyirdi. Diqqətlə izləyirdim ki, onun nə olduğunu anışdıra bilim. Bəlkə də, yeni-yeni oxuduğum Dədə Qorqud dastanındakı Təpəgöz idi, bəlkə də, ruhlar aləmindən qonaq, bəlkə də, Cırtdan nağılındakı Div. Cırtdanın qəhrəmanlıqlarını əzbərləmişdim, əgər Div olsaydı, onu asanlıqla tovlayacaqdım.
Hər şey naməlumluq içində eşələnirdi. Hər halda qaranlığın arası ilə mənə doğru gələn vahiməli kölgənin papağıma konfet doldurmayacağını bilirdim.
O qəfil qollarını açdı. Mənə doğru götürüldü. Qorxum pik həddə çatmışdı. O vaxt huşum gedib.
Ayılanda əmim oğlu Rəşadı gördüm yanımda. Sən demə, bayaqdan Təpəgöz bildiyim, ruhlar aləmindən qonaq bildiyim, Div bildiyim adam əmimoğlu Rəşad imiş. Sən demə o da məni tanımayıb, elə bilib Norveç məhəlləsindən başqa bir uşağam. Çünki o istiqamətə gedirəmmiş. Üzümə su vurub ayıtmışdılar məni. Bədənim suyun içində üzürdü. Rəşad isə məndən çox qorxmuşdu.
– Götür bu yumurtaları, evdə heç nə danışma – o tez-tez deyirdi və yumurtaları zənbilimə yığırdı.
Yumurta rəngləyib döyüşdürmək bayram ərəfəsində ən sevimli məşğuliyyətlərimizdən biri idi. Cavanlardan yumurtanı necə bərkitməyi, bərkimiş yumurtalar ilə əfəl uşaqların yumurtalarını udmağı öyrənirdik. Bəziləri yumurtaları duzlu kasaya qoyub günlərlə gözləyirdi. Güya yumurta duzlu kasanın içində qaldıqca bərkiyəcək. Bəziləri bunu düyü kasasında sınayırdı və bəziləri ( mən də daxil idim bu cərgəyə ) xüsusi ustalıqla yumurtanın uc hissəsinə yapışqan yaxardı. Bir qədər gözlədikdən sonra yapışqan bərkiyir, yumurtanın ucu daş kimi olurdu. Yumurtanın ucuna diqqətlə baxmaq rəqibin ağlına gəlməzdisə, bəxtin gətirirdi, həmin gün udduğun yumurtalardan gələn bayramacan qayğanaq yeyə bilərdin. Yox, əgər rəqibin səni tanıyırsa və yumurtanın ucundakı yapışqanı hiss eləyib döyüşdən boyun qaçırırsa, demək kitabın bağlandı. Hətta yapıqansız yumurtalarla belə döyüşməyə adam tapmayacaqsan.
Bu ili də Novruz bayramını nostalji hisləri ilə qarşıladım. Yaxın günlərdə iş yoldaşım qəfil vəfat etdi. Hamımız şoka düşmüşdük. Bunu heç kim gözləmirdi.
Dəfn mərasimində asta-asta qar yağırdı. Qəbiristan bəmbəyaz kəsilmişdi. Qar baş daşlarına qonub əriyirdi. Qayıdış yolunda başqa bir iş yoldaşımın əlini çiynimdə hiss elədim:
– Bayramqabağı heç yaxşı olmadı. – o dedi.
Və mən hiss elədim ki, hə, deyəsən, doğrudan da, bayram gəlir. Rəngli yumurtalar, çatılan tonqallar, papaq atmalar, qulaq pusmalar, Novruz.
Bayram günü sönük keçdi. Uşaqlar deyib gülür, əylənirdilər. Cəmi üç nəfər tapaq atdı. Papaqları doldurub onlara qaytardım. Həyətimizdə tonqal qaladıq, ancaq tüstü məni boğdu və bayırda çox qalmayıb içəri keçdim. Dəfn günü soyuqlamışdım. Əhvalım heç yaxşı deyildi. Atam zəng elədi: İçmək istəyirsən? – o dedi. Cavabım “yox” oldu.
Gecəyə az qalmış əmim oğlu Rəşad qonaq gəldi. Rəşad uzun müddətdir Bakıda yaşayırdı. Onu çoxdandır görmürdüm. Bir qədər söhbət elədik. Sonra ovcunda sıxdığı rəngli yumurtanı tutub dedi:
– Gəl döyüşdürək.
Bayram süfrəsindəki yumurtalardan birini götürdüm, o tərəf bu tərəfinə baxdım. Və onu astaca Rəşadın ovcundakı yumurtanın arxasına vurdum...