Əkrəm Əylisli sizin üçün seçdi-LAYİHƏ

Əkrəm Əylisli sizin üçün seçdi-LAYİHƏ
13 noyabr 2012
# 08:15
Kulis.az “Antologiya” layihəsinə start verir.

Bu layihədə məşhur yazıçıların ən çox sevdikləri hekayələri çap ediləcək.

Layihənin ilk qonağı olan xalq yazıçısı Əkrəm Əylisli məşhur amerikan yazıçısı Cerom David Selincerin (1919-2010) “Banan balığının asan ovlanan günü” hekayəsini seçdi.

Hekayəni orijinaldan dilimizə Tehran Vəliyev tərcümə edib.

Bu hekayə Selincerin “9 hekayə” silsiləsinin ilk hekayəsidir.

Kulis.az “Antologiya” layihəsi çərçivəsində “Banan balığının asan ovlanan günü” hekayəsini təqdim edir.




Mehmanxanada qalan doxsan yeddi nəfər nyu-yorklu reklam agenti şəhərlərarası telefon xəttini bir dəqiqə də rahat buraxmadıqlarından beş yüz yeddinci nömrədəki qız səhər-səhər Nyu-Yorku sifariş verəndən sonra düz saat üçün yarısınacan gözləməli oldu. Əlbəttə, boş-bekar da dayanmadı. Əvvəlcə kiçik, cib formatlı qadın jurnalını götürüb oradan “Seks ya nəşədir, ya da cəhənnəm əzabı” adlı məqaləni oxudu. Sonra darağını və diş fırçasını yudu. Açıq-qəhvəyi rəngli yun kostyumunun yubkasına düşən ləkəni təmizlədi. “Saks” univermağından götürdüyü köynəyinin düyməsini qoparıb təzədən tikdi. Üzündəki xalın üstündə təzəcə bitmiş iki xırda tükü dartıb çıxardı. Və nəhayət, telefonçu qız onun otağını calaşdıranda pəncərənin qabağındakı divanda əyləşib sol əlinin dırnaqlarına lak çəkməklə məşğul idi və bu işi qurtarmağına lap az qalmışdı. Ancaq bu qız telefon zənginə görə əlindəki işi yarımçıq qoyan xanımlardan deyildi. Həmin anda onun oturuşuna baxsan, elə bilərdin ki, telefon lap çoxdan, onun yetkinliyə çatdığı gündən bəri aramsız zingildəyir.

Telefon aramsız zingildəsə də, qız tələsmədi, əlindəki xırda lak fırçası ilə çeçələ barmağının dırnağına səliqə ilə aypara çəkməyinə davam etdi. Sonra lak şüşəsinin ağzını qapadı, ayağa qalxdı, hələ qurumamış sol əlini havada yellədə-yellədə o biri quru əli ilə divanın üstündəki ağzınacan dolu külqabını götürüb gecə stolunun yanına gəldi. Telefon da burada, bu stolun üstündəydi. Səliqəylə yığışdırılmış qoşa divan-çarpayının üstündə oturdu. Yalnız bundan sonra, telefon beşinci və ya altıncı dəfə zəng çalanda dəstəyi götürdü.

- Alo! – Dedi və sol əlinin tarım tutduğu barmaqlarını ağ rəngli ipək xələtinə toxundurmamaq üçün özündən bir az da araladı. Əynində tək bu xələtdən, bir də ayaqlarına keçirdiyi sürütmələrdən savayı heç nə yox idi. Üzükləri də duşxanada qalmışdı.

- Nyu-Yorku calayıram, missis Qlass, – telefonçu qızın səsini eşitdi.

- Çox sağ olun, – dedi və külqabıya gecə stolunun üstündə yer elədi.

Dəstəkdən qadın səsi eşidildi.

- Muriel? Sənsənmi?

Qız dəstəyi qulağından azca araladı.

– Mənəm, ana. Nə var, nə yox?

– Səndən yaman nigaranam. Niyə zəng eləmirdin? Yaxşısanmı?

– Dünən axşam da, srağagün axşam da zəng eləmək istəyirdim. Ancaq telefon burada...

– Muriel, de görüm yaxşısanmı?

Qız dəstəyi qulağından bir az da araladı.

– Lap yaxşıyam. Amma yaman istidir. Deyilənə görə, Floridada çoxdan belə isti...

– Niyə mənə zəng vurmurdun. Təmiz ürəyimi ye...

– Ay ana, əzizim, axı niyə qışqırırsan? Mən səni lap yaxşı eşidirəm, – qız dedi. – Dünən axşam iki dəfə sizi sifariş verdim, amma...

– Atana demişdim ki, dünən, bəlkə, zəng vurdun. Amma o bilirsən də... Bir şey olmayıb sənə, Muriel? Düzünü de.

– Dedim ki, lap yaxşıyam. Bəsdir, sən allah bəsdir, ayrı sözün yoxdur?

– Ora nə vaxt çatdınız?

– Yadımda deyil. Çərşənbə günüydü, deyəsən. Lap səhər-səhər.

– Maşını kim sürürdü?

– O, – qız dedi. – Özün də həyəcanlanıb – eləmə. Lap ehmal sürürdü. Özüm də məəttəl qalmışdım.

– O sürürdü? Muriel, axı sən söz vermişdin ki...

– Ana! – Qız onun sözünü kəsdi. – Dedim axı. O lar ehmal sürürdü. Lap düzünü bilmək istəyirsənsə, bütün yol boyu əllidən yuxarı qalxmadı.

– De, görüm yolda o ağac məsələsi kimi, heç bir hoqqabazlıq-zad eləmədi ki?

– Ana, dedim axı, lap ehtiyatla sürürdü. Bəsdir sən canın, mən özüm əvvəlcədən ondan xahiş etmişdim ki, yolun ortasındakı ağ xətdən qırağa çıxmasın. O da başa düşdü ki, mən nə deyirəm. Yazıq heç ağaclara tərəf baxmadı da. Yaxşı yadıma düşdü, atam maşını düzəltdirmədi ki?

– Hələ yox. Dörd yüz dollar istəyirlər, təkcə o zadı düzəltməyə, adı nə idi onun...

– Ana, Seymur atama demişdi axı, pulunu özü verəcək. Bu barədə narahat olmağa...

– Yaxşı, yaxşı, buna sonra baxarıq. O, özünü indi necə aparır? Maşında-zadda deyirəm.

– Lap yaxşı, – qız dedi.

– Yenəmi səni o yava adla çağırır?

– Yox indi bir təzəsini tapıb.

– O nədir elə?

– Ana, bunun sənin üçün nə fərqi var axı?

– Muriel, mən bilmək istəyirəm. Atan...

–Yaxşı, yaxşı. Özündən çıxma. O, indi məni 1948-ci ilin ən “Müqəddəs Yelbeyini” deyə çağırır, – qız irişə-irişə dedi.

– Hələ gülürsən də, Muriel. Bu ki, dəhşətdir! Buna gülmək yox, ağlamaq lazımdır. Fikirləşəndə adamın...

– Ana, – qız onun sözünü kəsdi, – qulaq as, gör nə deyirəm. Yadındadır, o, Almaniyadan mənə bir kitab göndərmişdi? O şeir kitabı vardı ha, onu deyirəm. Hara qoymuşamsa, tara bilmirəm. Evdən çıxanda...

– Qorxma, itirib-eləməmisən.

– Doğrudan? – Qız dedi. – Dəqiq bilirsən?

– Lap dəqiq. Bizdədir, Freddinin otağında. Yadından çıxıb burada qoymuşdun, mən də götürdüm, ancaq şkafda ona yer tapa bilmə... Niyə soruşursan? O istəyir, hə?

– Yox. Ancaq yolda o kitab haqqında mənim fikrimi soruşdu.

– O ki almancadır!?

– Elədi, anacan. Amma onun üçün bunun fərqi yoxdur, – qız dedi və qıçını qıçının üstünə aşırdı. – Deyir ki, o şeirləri əsrimizin ən böyük şairi yazıb. Deyir, gərək, heç olmasa onun tərcüməsini-zadını tapaydın. Ya da elə almancanı öyrənəydin. Necədir sənin üçün?

– Bu ki dəhşətdir. Dəhşət. Yox, buna yalnız acımaq lazımdır. Atan dünən axşam deyirdi ki...

– Bir dəqiqə, ana! – Qız dedi – Dəstəyi yerə qoyub pəncərənin qabağındakı divana sarı getdi. Oradan bir siqaret götürüb yandırdı, qayıdıb yenə qoşa divan-çarpayıda əyləşdi. – Hə, eşidirəm, ana, – dedi və ağzındakı tüstünü havaya püflədi.

– Muriel, mənə qulaq as!

– Qulağım səndədir.
– Atan doktor Sivetski ilə danışıb.

– Doğrudan? – Qız içini çəkdi.

– Hər şeyi ona danışıb. Hər halda, özü mənə dedi. Atanı tanımırsan bəyəm? O ağac əhvalatını da. Pəncərə söhbətini də. Nənənə dediklərini də. Yazıq arvad necə dəfn olunmaq istədiyini vəsiyyət eləyəndə onun nə dediyi yadındadırmı? Bermud adalarının rəngli şəkillərinin başına nə oyun gətirdiyini də – bir sözlə, hamısını ona danışıb.

– Hə? – Qız dedi.

– “Hə” nədi? Heç bilirsən həkim atana nə deyib? Əvvələn, bunu deyib ki, hərbiçilərin onu bu vəziyyətdə hospitaldan buraxmaları əsl cinayətdir. Vicdan haqqı. Atana açıq şəkildə bildirib ki, ola bilsin – özü də buna ehtimal daha çoxdur, – Seymur öz hərəkətlərini idarə etmək qabiliyyətini tamam itirsin. Vicdanım haqqı belə deyib.

– Burada, mehmanxanada da bir psixiatr var, – qız dedi.

– Kimdir? Adı nədir?

– Yaxşı yadımda qalmayıb. Rizerdir, deyəsən. Deyilənə görə, çox yaxşı həkimdir.

– Heç eşitməmişəm.

– Nə olsun. Sən eşitməmisən deyə pis həkimdir?

– Muriel, məni əsəbiləşdirmə. Biz burada sənə görə bərk narahatıq. Keçən axşam atan sənə teleqram vurmaq istəyirdi ki, evə qayıdasan, çünki...

– Yox, ana, mən hələ qayıtmaq istəmirəm. Arxayın ola bilərsən.

– Muriel! Vicdan haqqı doktor Sivetski deyir ki, Seymur tamamilə dəli ola...

– Ay ana, axı heç iki gün deyil gəldiyimiz. Neçə ildən bəri birinci dəfədir məzuniyyətə çıxanda adam kimi dincəlirəm. İndi deyirsən şələ-küləmi də yığışdırıb evə qayıdım, hə? Yox, qayıdan deyiləm, – qız hökmlə dedi. – Bir də ki onsuz da indi bu halda qayıda bilmərəm. Təmiz yanmışam, yerimdən tərpənə bilmirəm.

– Necə? Yəni elə bərk yanmısan? Bəs mən sənin çantana “Bronz” mazı qoymuşdum axı. Niyə ondan istifadə etməmisən? Onu çantanın...

– Sürtmüşdüm, amma xeyri olmadı. Yenə də yandım, özü də bərk.

– Bu, çox təhlükəli şeydir. Haran yanıb elə?

– Hər yerim, əzizim, hər yerim.

– Bu, çox pis şeydir.

– Qorxma, ölüb-eləmərəm.

– Yaxşı, de görüm, o, psixiatrla danışıb – elədin?

– Belə də, danışdım, az-maz.

– O nə dedi? Sən onunla danışanda Seymur haradaydı?

– “Okean”da piano çalırdı. Gələn gündən iki axşamdır, orada piano çalmaqla məşğuldur.

– Yaxşı həkim nə dedi?

– Heç. Elə bir şey demədi. Birinci o özü mənə yaxınlaşdı. Dünən axşam “binqo” oynayanda mənimlə yanaşı oturmuşdu, soruşdu ki, o biri salonda piano çalan mənim ərimdirmi? Dedim, bəli, ərimdir. Sonra soruşdu ki, Seymur bu yaxınlarda xəstə-zad yatmayıb ki? Mən də dedim ki...

– Axı bunu niyə soruşdu?

– Bilmirəm, ana. Mən bilən, ona görə ki, Seymur həm çox arıqdır, həm də sifətdən xəstə adama oxşayır, – ¬¬qız dedi. – Nəysə, “binqo” oyunundan sonra o, arvadıyla bir yerdə məni bir bara dəvət elədi. Mən də getdim. Arvadı yaman zırpı şeydir. Yadındadır, Bonvitdə qəşəng bir don görmüşdük, e? Hələ sən də dedin ki, bunu geyənin, gərək, incə-mincə...

– O yaşıl donu deyirsən...

– Hə, hə. Bax, ondan geyinmişdi! Yançaqları-zadı tamam bayırda qalmışdı. Tez-tez məndən soruşurdu ki, Seymurun Medison-avenyudakı şlaypa dükanın sahibi Suzen Qlassa qohumluğu çatmır ki?

– Bəs o nə dedin? Həkim e, həkim nə dedi?

– Ee, nə deyəcək. Heç nə. Bir də ki barda səs-küydən qulaq tutulurdu.

– Yaxşı, yaxşı. Bəs sən ona demədin ki, Seymur nənənin oturduğu kresloya neyləmək istəyirdi?

– Yox, anacan. Demədim. Çox elə xırdalamadım, – qız dedi. – Bəlkə, bir də onunla danışa bildim. Bütün günü barda olur.

– Demədimi ki, günlərin bir günündə Seymur – özün bilirsən də – ağlını-zadını itirə, sənə xətər yetirə bilər?

– Yox, yox, – qız dedi. – Bilirsən, ana, nə var. Belə bir hökm vermək üçün, gərək, onun əlində çoxlu fakt ola. Gərək, xəstənin uşaqlıdan tutmuş ta bu günəcən, həyatı haqqında hər şeyi bilə. Axı mən sənə dedim ki, bar çox səs-küylü idi, ağız deyəni qulaq eşitmirdi.

– Hə, yadıma düşmüşkən, de, görüm o mavi paltonu neylədin? Geyirsənmi?

– Geyirəm. Çiynindən bir az yığdırmalı oldum.

– Bu il orada necə geyinirlər?

– Çox pis. Elə bil, dünyadan xəbərsizdilər. Hamı parıltı xəstəsi olub, – qız dedi.

– Qaldığınız otaq necədir?

– Pis deyil. Ötüşmək olar. Müharibədən əvvəl yaşadığımız nömrəni bu dəfə ala bilmədik, – qız dedi. – Bu il yaman sarsaq adamlar yığışıb bura. Yeməkxanada bizimlə yanaşı stolda oturanları görsəydin, dəli olardın. Elə bil, arabadan indicə düşüblər.

– İndi hər yerdə elədi. Gecə köynəyi əyninə olurmu?

– Yaman uzundu. Sənə dedim axı uzun olacaq.

– Muriel, bir də səndən soruşuram. Düzünü de, hər şey qaydasındadırmı?

– Hə, anacan, hə! – Qız dedi. – Min dəfə hə!

– Evə qayıtmaq fikrin də yoxdur, eləmi?

– Yox, anacan, yoox!

– Dünən axşam atan dedi ki, nə qədər istəyir verirəm, özü təkcə hara istəyir getsin, hər şeyi bir də yaxşı-yaxşı götür-qoy eləsin. Hətta gəmi ilə dəniz səyahətinə çıxmağına da razıdır. Hər ikimiz bu qənaətə gəlmişik ki...

– Yox, çox sağ olun, – qız dedi və qıçını qıçının üstündən götürdü. – Ana, bu danışıq bilirsən mənə neçəyə...

– Heç başa düşə bilmirəm ki, sən bütün müharibəni oturub o gədənin nəyini gözləmisən? Tək sən deyilsən e, bütün bu indiki başıboş qızların hamısı...

– Ana! – Qız onun sözün kəsdi, – bəsdir, gəl bu söhbəti qurtaraq. Vaxtdır, Seymur indi hər dəqiqə içəri girə bilər.

– Haradadır ki?

– Çimərlikdə.

– Çimərlikdə? Təkbaşına? Qorxmursan, onu çimərliyə tək buraxırsan?

– Ana, – qız dedi, – elə danışırsan ki, elə bil, Seymur dəlixanadan-zaddan çıxıb.

– Mən elə şey demədim, Muriel. Özündən uydurma.

– Dediyindən belə çıxır. O yazıq isə dinməz-söyləməz qumda uzanıb özünü günə verməkdən başqa, heç nəyin yiyəsi deyil. Heç xələtini də soyunmur.

– Xələtini soyunmur? Elə niyə?

– Mən nə bilim. Yəqin, ağappaq bədənini camaata göstərməkdən utanır.

– Aman allah, axı ona, hökmən, günəş vannası lazımdır.

– Seymuru bəyəm indi tanıyırsan, – qız dedi və yenə qıçını qıçının üstünə aşırdı. – Deyir, istəmirəm ki, bu haramzadələr bədənimə döydürdüyüm şəkilləri görüb mənə ağız büzsünlər.

– Axı onun bədənində heç nə yoxdur! Bəlkə, əsgərlikdə-zadda döydürüb?

– Yox, anacan, yox, – qız dedi. Və ayağa qalxdı. – Bəsdir, qurtaraq. Bəlkə, sabah yenə zəng vurdum.

– Muriel, diqqətlə mənə qulaq as. Gör nə deyirəm.

– Eşidirəm səni, ana, – qız dedi və ağırlığını indi də sağ qıçının üstünə saldı.

– Əgər o, birdən əcaib bir hərəkət eləsə və yaxud belə bir söz desə, ərinmə, təcili mənə zəng vur. Başa düşdün də nə deyirəm? Eşidirsənmi?

– Ana, mən Seymurdan qorxmuram.

– Sən ancaq mənə söz ver. Söz ver ki, zəng vuracaqsan.

– Yaxşı, yaxşı, söz verirəm. Xudahafiz, – dedi. – Atama salam deyərsən. – Və dəstəyi asdı.

– Seymur Qlass, Uzundraz, – anası ilə mehmanxanada qalan balaca

Sibil Karrenter dedi.

– Yəqin, onu görən olmaz?

– Bəsdir də, ay şeytan, dinc dur. Ananı hövsələdən çıxarma, düz dur görüm.

Missis Karrenter gündə bərk yanmasın deyə, Sibilin çiyinlərinə yağ tökür, sonra onu uşağın arıq sərçə qanadlarına oxşar kürəklərinə sürtürdü. Sibil iri, bərk doldurulmuş çimərlik torunun üstündə özünü rahatlayaraq, gözünü okeana tərəf zilləmişdi. Əynində sarı bir çimərlik dəsti vardı, ancaq bu dəstin sinəliyinə indi onun heç bir ehtiyacı yox idi. Bu, ona yalnız doqquz, on ildən sonra lazım ola bilərdi.

– Heç demə, adicə cib dəsmalı imiş, özü də ipəkdən, yaxından baxan kimi bildim, – skamyada missis Karrenterlə yanaşı oturan qadın dedi. – Kaş onu necə bağladığını mən də biləydim. Çox qəşəng görünürdü.

– Ola bilər, – missis Karrenter razılaşdı. – Sibil, səninlə deyiləm, dinc dur.

– Yəqin, onu görən olmaz? Hə? – Sibil soruşdu.

Missis Karrenter nəfəsini dərdi.

- Qurtardıq, – dedi. Yağ şüşəsinin ağzını bağladı. – Di qaç, şeytan, sən get, oyna. Anan da getsin mehmanxanaya, missis Habellə martini içməyə. Oradan sənə zeytun gətirəcəm.

Sibil anasının əlindən qurtulan kimi, qumlu sahilə cumdu və “Balıqçı pavilyonu”na sarı addımlamağa başladı. Yolda ayaq saxlayıb, uçuq nəm qum saraycığını ayağı ilə vurub uçurtdu və bir azdan mehmanxana çimərliyinin həndəvərindən tamam uzaqlaşdı.

Xeyli, təqribən, beş yüz metr gedəndən sonra, birdən üzü dənizə, sahildəki qum təpəciklərinə sarı götürüldü. Cavan oğlanın arxası üstə uzandığı yerə çatıb dayandı.

– Çimməyə gedəcəksən, uzundraz? – qız soruşdu.

Cavan oğlan səksəndi, əynindəki xələtin yaxalığından yapışdı. Sonra qarnı üstə çevrildi, kolbasa kimi bükülmüş dəsmal gözündən sürüşdü. Başını qaldırıb Sibili süzdü:

– Aaa, salam Sibil!

– Getmirsən çimməyə?

– Elə səni gözləyirdim, – oğlan dedi. – Təzə nə xəbər var?

– Nə?

– Bugünkü proqramı deyirəm. Təzə bir şey var?

– Sabah atam gəlir. Əyirplanlə, – Sibil ayağının ucu ilə qumu sovura-sovura dedi.

– Gözümü tökdün ki? O yana elə cumbuş, – deyə cavan oğlan Sibilin topuğundan yapışdı. – Hə, elə vaxtdır, gəlsə, yaxşıdır. Mən də elə bu saat onu gözləyirəm. Bu saat.

– Bəs o xala haradadır? – Sibil soruşdu.

– Hansı xala? – Cavan oğlan seyrək saçlarının qumunu çırpdı. – Bunu bilmək çox çətindir, Sibiş. Min yerdə ola bilər. Bəlkə də, bərbərxanadadır. Saçlarını rənglədir. Ya da elə otaqda oturub kasıb uşaqlara oyuncaq düzəldir – yumruqlarını düyünləyib üst-üstə qoydu və çənəsinə söykədi. – Sən məndən ayrı şey soruş. Nə qəşəng çimərlik paltarın var. Mənim də bu cür mavi çimərlik kostyumundan xoşum gəlir.

Sibil bir ona, bir də öz qabarıq qarnına baxdı.

– Bu ki sarıdır, – dedi, – sarı.

– Doğrudan? Yaxın gəl görüm.

Sibil bir addım irəli gəldi.

– Doğru deyirsən. Lap ağlımı itirmişəm!

– Getmirsən çimməyə? – Sibil dedi.

– Hələ fikirləşməliyəm. Arxayın ola bilərsən, bu saat elə bu məsələni beynimdə ciddi götür-qoy etməklə məşğulam.

Sibil cavan oğlanın arabir yastıq kimi istifadə elədiyi hava döşəyini ayağı ilə göstərərək:

– Bunu doldurmaq lazımdır, – dedi.

– Düz deyirsən. Doldurmaq lazımdır, özü də mən istədiyimdən də çox.

– Əllərini çənəsinin altından götürdü, çənəsi quma dirəndi. – Sibiş, – dedi, – sən çox gözəl qızsan. Sənə baxanda adamın ürəyi açılır. Bir az özündən danış mənə. – Əllərini irəli uzadıb Sibilin hər iki topuğunu ovuclarının içinə aldı. – Bax, mən Oğlağam, – dedi. – Bəs sən nəsən?

– Şeron Lirşuts deyir ki, piano çalanda sən onu böyründə oturtmusan, – Sibil dedi.

– Doğrudan, belə dedi?

Sibil dərhal başı ilə təsdiqlədi.

Cavan oğlan qızın topuqlarını buraxdı, qollarını geri çəkdi, sağ qolunu yanağının altına yastıqladı.

– Düzdür, Sibiş, – dedi, – amma mən neyləyə bilərdim, özün başa düşürsən də, məndən asılı deyildi. Oturmuşdum, çalırdım, sən də ki gözə dəymirdin. Birdən Şeron Lirşuts gəlib böyrümdə oturdu. Mən onu necə qovaydım? Heç qova bilərdim?

– Bilərdin.

– Yox, yox. Sən nə danışırsan, mən elə şeyi bacarmaram, – cavan oğlan etiraz elədi. – Ancaq heç bilirsən neylədim?

– Neylədin?

– Elə təsəvvür elədim ki, yanımda oturan sənsən.

Sibil dərhal aşağı əyilib qumu eşələməyə başladı.

– Gəl, gedək çimək, – dedi.

– Gedək. Məncə, bunu bacararam.

– Gələn dəfə onu, hökmən, yanından qovarsan. Yaxşımı? – Sibil dedi.

– Kimi?

– Şeron Lirşutsu.

– Aa, onu deyirsən, – cavan oğlan dedi. – Bu ad səni rahat buraxmır, deyəsən. Yuxunu-zadını əlindən alıb. – Və qəfil ayağa sıçradı. Okeana sarı boylandı. – Sibiş, gəl belə eləyək. Balıq tutaq. Banan balığı. Bəlkə də, bəxtimiz gətirdi.

– Nə balığı?

– Banan balığı, – dedi, xələtinin bağını açdı. Onu əynindən çıxardı. Ağarraq, cılız çiyinləri üşəndi. Əynində təkcə göy rəngli çimərlik paltarı qaldı. Xələti əvvəlcə uzununa iki qatladı, sonra büküb yumruladı. Bayaq gözlərinə örtdüyü dəsmalı açdı, qumun üstünə sərdi, xələti onun üstünə qoydu. Əyilib hava döşəyini yerdən qaldırdı, qoltuğuna vurdu. Sol əli ilə Sibilin əlindən yapışdı. Əl-ələ verib suya sarı yollandılar.

– Yəqin ki, sən banan balığı görmüsən də? – Cavan oğlan dedi.

Sibil başını buladı.

– Necə görməmisən? Bəs sən harada yaşayırsan belə?

– Bilmirəm.

– Necə yəni bilmirəm. Ola bilməz. Şeron Lirşutsun heç dörd yaşı yoxdur, amma haralı olduğunu dəqiq bilir.

Sibil dayandı, əlini onun əlindən çəkdi. Yerdən adi bir balıqqulağı götürüb maraqla ona baxmağa başladı. Sonra onu yerə tulladı.

– Sam mesəsi, Konnektikat, – dedi və qarnını irəli gəbərdə-gəbərdə yola düzəldi.

– Şam meşəsi, Konnektikat, – cavan oğlan onun dediyini təkrar elədi. – Hə, demək istəyirsən ki, eviniz hardasa Konnektikat ştatındakı şam meşəsinin yaxınlığındadır. Elə deyil?

Qız başını qaldırıb tərs-tərs ona baxdı.

– Bizim evimiz elə oranın özündədir, – hirslə dedi. – Mən Konnektikat ştatı, Sam mesəsində yaşayıram. – İrəli qaçıb, oğlandan bir neçə addım aralandı. Sol əli ilə sol dabanından yarpışıb iki üç dəfə hoppanıb düşdü.

– Ay sağ ol. İndi tamam aydın başa düşdüm, – oğlan dedi.

Sibil dabanını əlindən buraxdı.

– “Zənci balası Sambo”nu oxumusan? – dedi.

– Təsadüfə bax! – Cavan oğlan dedi – Qəribədir, mən onu elə dünən axşam oxuyub qurtarmışam. – Əyilib yenə Sibilin əlindən tutdu. – Bu kitab sənin xoşuna gəlir?

– Pələnglər yenə də o ağacın başına fırlanırdılar?

– Hə, hə. Hətta mən qorxdum heç dayanmayalar. Aman allah, ömrümdə bu qədər pələng görməmişdim.

– Orada axı cəmisi altı dənəydi.

– Cəmi altı! – Cavan oğlan heyrətləndi. – Bəyəm bu azdır?

– Mumdan xoşun gəlir? – Sibil soruşdu.

– Nədən?

– Mumdan?

– Çox, lap çox. Bəs sənin? – Cavan oğlan dedi.

Sibil başı ilə təsdiqlədi.

– Zeytundan necə, xoşun gəlir? – Qız yenə soruşdu.

– Zeytundan? Əlbəttə. Zeytundan, bir də mumdan. Onlarsız bir addım da atmaram.

– Şeron Lirşutsdan da xoşun gəlir, eləmi?

– Hə, hə! Xoşum gəlir, – oğlan dedi. – Bilirsən niyə? Ona görə ki, mehmanxanada, foyedə gəzişən balaca itləri o heç vaxt incitmir. Elə götürək, o kanadalı xanımım cırtdanboy buldoqunu. Bəlkə də, inanmayacaqsan mənə, amma mehmanxanada yaşayan balaca qızların bəziləri o iti çubuqla döyəcləməkdən ləzzət alırlar. Amma Şeron heç vaxt. O heç kimi incitməz, heç kimə sataşmaz. Bax, buna görə ondan çox xoşum gəlir.
Sibil dinmirdi.

– Mən saqqızı xoşlayıram, – axır ki, dilləndi.

– Onu kim xoşlamır ki? – Cavan oğlan dedi. Və ayaqlarını suya salmaq istədi. – Oy, oy, oy! Yaman soyuqdu. – Hava döşəyini suya buraxdı. – Yox, yox, Sibiş, bir dəqiqə hövsələ elə. Bir az irəli gedək, sonra.

Onlar su Sibilin qurşağına çatanacan getdilər. Sonra oğlan onu qaldırıb üzüqoylu hava döşəyinin üstünə qoydu.

– Bəs başına qoymağa günlükdən-zaddan bir şey götürməmisən? – Cavan oğlan soruşdu.

– Eyy, buraxma! – Sibil əmr elədi. – Möhkəm tut.

– Bağışlayın, missis Karrenter, mən öz işimi yaxşı bilirəm, – cavan oğlan dedi. – Siz ancaq suyun dibinə baxın, yoxsa banan balığını gözdən qaçırarsınız. Bu gün onun çox asan ovlanan günüdür.

– Hanı, heç bircəciyi də gözümə dəymir, – Sibil dedi.

– Aydın məsələdir. Onların çox qəribə xasiyyəti var, – Cavan oğlan döşəyi yavaş-yavaş qabağa itələyirdi. Su hələ onun sinəsinə çatmamışdı. – Çox faciəvi həyat sürürlər, – dedi. – Bilirsən necə, Sibiş?

Sibil başını buladı.

– Acan kimi suyun dibində olan darboğaz çalalara doluşurlar. O çalalarda kalan banan olur. Onlar bu çalalara girməmişdən qabaq adi balıqlardan heç nə ilə fərqlənmirlər. Amma elə ki girdilər, özlərini lap donuz kimi aparırlar. Birini öz gözlərimlə görmüşəm: o, çalaya girəndən sonra bir dəfəyə düz yetmiş səkkiz banan yedi. – Oğlan önündəki döşəyi yükü ilə birlikdə üfüqə sarı bir az da irəli itələdi. – Təbii ki, onlar bu cür çox yediklərinə görə o qədər şişirlər ki, girdikləri çaladan bayıra çıxa bilmirlər. Onun dar boğazından keçə bilmirlər.

– Çox uzağa getməyək. – Sibil dedi. – Bəs sonra neyləyirlər?

– Kimlər?

– Banan balıqları.

– Hə, yəni bilmək istəyirsən ki, onlar bu qədər yeyəndən sonra o çaladan bayıra çıxa bilməyəndə neyləyirlər, hə?

– Aha.

– Deməyə dilim gəlmir, Sibiş. Onlar ölürlər.

– Niyə? – Sibil soruşdu.

– Banan qızdırmasına tutulurlar. Bu, çox pis xəstəlikdir.

– Eyy, ora bax! Dalğa üstümüzə gəlir, – Sibil həyəcanla dedi.

– Gəl onu heç vecimizə də almayaq, guya, heç ondan qorxmuruq, – cavan oğlan dedi. – Guya, ikimiz də əsl cəngavərik – O, Sibilin topuğundan yapışdı, döşəyi aşağı basaraq, irəli itələdi. Döşək şahə qalxdı, dalğa ilə kəllə-kəlləyə gəldi. Dalğa qızın sarışın saçlarını islatsa da, o, nəşəylə çığırdı. Döşək yenidən üfüqi vəziyyət alanda qız islaq saçlarını əli ilə gözlərinin üstündən bir kənara atıb, sevincək dedi:

– Elə indicə birini gördüm.

– Nəyin birini, əzizim?

– Banan balığının.

– Ola bilməz! – Cavan oğlan dedi. – Ağzında banan var idimi?

– Vardı, – Sibil dedi. – Özü də altısı.

Cavan oğlan birdən Sibilin döşəkdən sallanan ayağından yapışdı, yuxarı qaldırıb onu öpdü.

– Eyy, neyləyirsən? – ayaq sahibi başını döndərib çığırdı.

– “Eyy” sənin özünsən. Geri qayıdırıq. Doymadın?

– Yox, hələ doymamışam.

– Onda çox hayıf, – dedi və döşəyi sahilə tərəf itələməyə başladı. Qıraqda Sibil düşəndən sonra onu qoltuğuna vurdu.

– Hələlik, – Sibil dedi və heç bir narazılıq etmədən mehmanxanaya sarı qaçdı.

Cavan oğlan xələtini geyindi, yaxasını bərk-bərk bağladı, dəsmalını cibinə soxdu. Yaş, sürüşkən, hələ də yöndəmsiz hava döşəyini qaldırıb qoltuğuna vurdu. Qızmar, yumşaq qumun üstü ilə tək-tənha mehmanxanaya sarı addımladı.

Zirzəmidə – mehmanxana müdiriyyəti müsafirlərdən xahiş eləmişdi ki, çimərlikdən qayıdanda öz otaqlarına yalnız buradakı liftlə qalxsınlar – burnuna sink mazı sürtmüş bir qadın onunla birlikdə liftə girdi.

– Mənim ayaqlarımda nə görmüsünüz belə, niyə baxırsınız? – Lift tərpənəndə cavan oğlan həmin qadına dedi.

– Başa düşmədim sizi? – Qadın təəccüblə soruşdu.

– Deyirəm, yəni mənim ayaqlarımda nə görmüsünüz?

– Bağışlayın, mən döşəməyə baxırdım, – qadın çiyinlərini çəkdi və üzünü qarıya sarı çevirdi.

– Baxmaq istəyirsiniz, deyin baxmaq istəyirəm, – cavan oğlan deyindi. – daha bunu xəlvət eləməyin nə mənası?

– Xahiş edirəm, saxlayın mən düşüm, – qadın liftçi qıza dedi.

Liftin qapıları açıldı, qadın geriyə dönüb baxmadan liftdən çıxdı.

– Hamı kimi mənim də iki normal ayağım var. Bilmirəm, bu camaat onlarda nə görüb? Hər yetən gözünü onlara zilləyir, – cavan oğlan deyindi. – Beşə xahiş edirəm. – Sonra cibindən otağın açarını çıxardı.

Beşinci mərtəbədə düşdü. Dəhlizin o biri başına tərəf getdi. Beş yüz yeddinci otağa girdi. Otaqdan dəri və lak iyi gəlirdi. Bir müddət dinməzcə dayanıb, qoşa yerli enli çarpayıda yatmış qıza tərəf baxdı, sonra gedib çamadanını çıxardı, açdı, tapançasını götürdü. Onun darağını çıxardı, baxdı, sonra qaytarıb yerinə soxdu. Çaxmağını geri çəkdi. Gəlib qızın böyründə oturdu, onun sifətinə baxdı, sonra tapançanı sol gicgahına dirədi və barmağını tətiyə basdı.

Tərcümə edəni: Tehran Vəliyev
# 2168 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #