Ana, sən qarnındakı bəbəni yemisən?

Ana, sən qarnındakı  bəbəni yemisən?
17 avqust 2011
# 06:00
Anam küllükdən tapıb
Mustafa! (Murad Köhnəqala)



“Mən nəğmə qoşuram” filmində balaca qızcığaz oxuduğu nəğmədə nənəsindən onu hardan tapdıqlarını soruşur. Nənə “səni leylək gətirdi” deyə mahnıyla cavab verir. Mahnı eləyir! Niyə məhz leylək, bunu mən hələ də başa düşmüş deyiləm. Durna, qaz, qaranquş ola bilməzdi? Üstəlik bu leyləyin bəs “hacı”sı hanı?

Bapbalaca qız idim, qonşumuzda qoca bir kişi rəhmətə getmişdi. Qonşuluq davası vardı aramızda uzun zamandı. Küsülü olduğumuzdan hasarın o tayına keçə bilməyən nənəm bu taydan güdürdü yas həyətini, salavat çevirirdi, yaylığının kənarıyla gözünü silirdi.

Mən ayağının altına dolaşanda üstümə çımxırıb qovdu. İkinci, ya üçüncü sinif şagirdiydim, hardansa ölümün nə olduğunu bilirdim. Ən azından gözümün qabağında yüz yaşım qədər toyuğun boğazını üzmüş, isti qazana salıb yolmuş, bişirmişdilər.

Mən də o toyuğu qulağıma deyil, əlbəəttə ki, ağzıma yemişdim deyə, ölümün nə olduğunu bilirdim. İki gündən bir nənəm yas yerində idi, qapılarda qalmışdı arvad əməlli-başlı. Bu yas yeri nə deməkdi, bilirdim.

Nənəm məni qovdu. Arvaddan azacıq aralanıb sırtıq-sırtıq irişməyə başladım. Əyilib yerdən gavalı ağacının quru budağını götürüb tolazladı nəvəsinə sarı, səsini uda-uda söyləndi ki, hasarın o tayında eşitməsinlər. Az qala pıçıldaya-pıçıldaya:

-Nənə, ay nənə İlahəgilin babası ölüb? –soruşdum.

Bu sual arvadı kövrəltdi. Başını sallayaraq təsdiqlədi çarəsizcə.

-Nənə, mən də böyüyəndə öləcəm?

Nənəm ani hərəkətlə məni bağrına basıb:

-Yox, a bala. Sən böyüyənəcən elə dərman çıxardacaqlar ki, içən kimi cavanlaşacaqsan. Tay heç kim ölməyəcək ha... – dedi.

Arın-arxayın evə gəldim. Uzun, dar koridordakı köhnə divanın üstündə tüklü, dairəvi qarnı və ağzı əcaib şəkildə açıq uzanmış atamı görcək üstünə cumdum qeyri-ixtiyari, qarnına döyməyə başladım. Atam qorxu dolu gözlərini açıb:

-Hə, hə... nədi, nolub?-deyə ayağa sıçradı.

Başımı aşağı salaraq: -İlahənin babası ölüb, aparırlar basdırmağa –dedim.

Atam bunu eşitcək hirsindən partladı.

-Uşaqsan, uşaq işinlə məşğul ol. Ölüb, Allah rəhmət eləsin. Qoymazlar yatam- deyib yenidən yatağına uzandı.

Mən içəri girəndə qəfil mənə elə gəlmişdi , atam da ölüb, ona görə üstünə cumub oyatmışdım ki, yatanın ölü olub-olmadığnı tez yəqinləşdirim.

Uşaqlara bol-bol yalan söyləyirik. Xoxanlarla, cinlərlə qorxuduruq, başımızın arxasında da gözümüzün olduğunu söyləyirik. Fərqində də deyilik ki, bu yalanlar onların həyatında böyük təsirlər buraxır.

Uzun zaman inanmışdım ki, həqiqətən ölümü yenən o dərmanı icad edəcəklər. İnamım sarsılanda özüm də sarsılmışdım. Deyirdilər ki, məni evimizin qabağındakı gül kolundan tapıblar. Sarışın balaca qardaşımın anası rusdur. Guya atam onu Rusiyadan gətirib, anası da havaxtsa gələcək. Uşaq yazıq uzun müddət doğma anasına isnişə bilməyib, rusiyalı anasının xiffətini çəkdi.

Mən qızım Nilufərə deyirdim ki, onu xəstəxanadan bir milyon manata almışam. Soruşurdu ki, bəs Nərmini? Nərmin o biri qızımdır. Deyirdim onu da bir milyon manata almışam. Dava başlanırdı, nə başlanırdı? Kim daha çox bahadır, onun davası gedirdi. Nərmindən bezəndə isə, Nilufər deyirdi:

-Ana istəmirəm Nərmini, apar onu qaytar, əvəzinə başqa bacı al.

Üçüncü dəfə hamilə olanda həqiqəti söyləmək qərarına gəldim. Hər an qarnımı uşaqların qəfil zərbələrindən qorumaq məcburiyyətindəydim. “Baxın, siz də qarnımda böyümüsünüz. Burası sizin yuvanız. Yumurtanın içindəki cücə kimi indi burda, qarnımda təzə bir bəbə böyüyür”-deyə izah etməyə başladım. Nərmin təəccüblə soruşdu: - Ana, sən bəbəni yemisən?

Bundan sonra uşaqların xəstəxanada satıldığına çox çətinliklə
inandıra bildik qızları. Doğum evindən çıxanda onlar ikisi də qarşılamağa gəlmişdilər. Yenidən inanırlar ki, uşaqlar xəstəxanada satılır, özü də onlar özləri qalan bütün uşaqlardan daha dəyərlidirlər.

Səbirsizliklə yalanımın ortaya çıxmasını gözləyirəm, uşaqların yanında uzun zaman yalançı qalmayım.

Uşaqlara deyilən ən zəhləmgetmiş yalan bilirsiz hansıdır?

“Sənin yaşında olanda mən .... bir dəfə də iki almamışdım, dərsdən qaçmamışdım, oxumağı, yazmağı bilirdim, anama-atama kömək eləyirdim və s və ilaxır”.

Belə hap-goplarıyla uşağını küçümsəyən valideynləri görməyə gözüm yoxdu.

Amma yuxarıda etiraf elədim ki, mental dəyərlərin at oynatdığı bir məmləkətdə biz həmişə uşaqlarımıza yalan danışmağa məcbur olacağıq. Hətta onlar böyüyüb ərgən qız, oğlan olanda belə. Çox az valideyn var ki, öz övladına ilk sevgisindən bəhs etsin.

Hətta onların bir çoxu öz zamanında sevib, sevgi uğrunda canlarından keçməyə belə hazır olublarsa da, gənc qızlarını, oğlanlarını heç cür başa düşmək istəmirlər. Hətta yalandan deyə bilərlər ki, heç vaxt sevməyiblər, ata-analarının diqtəsi ilə evləniblər.

Uşaqlarımızla səmimi ola bilməyəcək qədər onlardan uzağıqsa, niyə onların həyatına bu qədər yaxın olmağa çalışır, hər işlərinə burnumuzu soxuruq?
# 942 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #