"Çingiz Mustafayev yanıma gəlib başını divara vurur, hönkür-hönkür ağlayırdı" - Məşhur diktorla müsahibə

"Çingiz Mustafayev yanıma gəlib başını divara vurur, hönkür-hönkür ağlayırdı" - Məşhur diktorla müsahibə
23 avqust 2021
# 09:00

Samirə Əşrəf

Kulis.az AzTv-nin keçmiş diktoru, teleaparıcı Kəmalə Əzizqızı ilə müsahibəni təqdim edir.

- Sizin təqdimatınızda çox vaxt bu fikir səslənir. Bir zamanların tanınmış diktoru. Bu təqdimat sizə necə təsir edir?

- Təbii ki, təzə-təzə, yəni mən televiziyadan uzaqlaşanda bu çox ağır təsir edirdi. Hətta bir müddət depressiya da keçirdim. Amma sonra özüm-özümü ayağa qaldırdım, idmanla məşğul olub özümü həmin vəziyyətdən çıxardım. Azərbaycanın ən ağır dövrlərində, 90-cı ildə televiziyaya gəlmişəm. On yeddi il televiziyada işləmişəm. 1991-ci ildən səhər proqramını aparırdım. O zaman da Birinci Qarabağ müharibəsi, itkilərimiz, şəhidlərimiz, işğal olunan rayonlarımız haqqında səhər proqramında məlumatlar, xəbərlər verirdik. İnanın bu xəbərlərin hamısını gözü yaşlı oxuyurduq. Yəni Azərbaycan televiziyasının tarixində on yeddi illik, az da olsa iştirakı olan insanın birdən-birə televiziyadan atılması, kənarlaşdırılması təbii ki, çox ağır təsir bağışlamışdı. Amma sonralar normal qəbul etdim. Çünki həyatdır. Həyatda isə durğunluq olmur, nələrsə dəyişməli, hərəkət etməlidir.

- Və işdən çıxarılan tək siz deyildiniz, az qala kollektiv şəkildə pərən-pərən oldunuz...

- Bəli. Bizim nəsil, yəni mənim işlədiyim dövrdə olan həmkarlarımızın hamısını birdən efirdən uzaqlaşdırdılar. Bunu isə efiri yeniləmək ideyası ilə etdiklərini deyirdilər. Amma məncə Azərbaycan televiziyasının öz simaları var. İstəsələr də onları silib bitirə bilməzlər. Yəni onları yox etmək mümkün deyil.

- Sima məsələsində çox haqlısınız. İndi də televiziya aparıcıları çoxdurlar. Amma onlar sizin qədər efirin siması ola bilmirlər. Sizin uğurunuzun sirri nədə idi?

- Şans, qismət də ola bilər. Bir də ki, sizin dediyiniz diktor məktəbi doğrudan da var idi. Üç yüz nəfərin içərisindən, üç mərhələli müsabiqədən altı nəfər seçmişdilər. Sonra o iki nəfər də ələndi, dörd nəfər qaldıq. Bizdən bir nəfər keçdi başqa quruma. Rafiq Həşimov, Dilarə Səlimova və mən qaldıq. İndiyə kimi də şükür Allaha ki, bir yerdəyik.

- O zamanlar ən çox nəyə fikir verirdilər?

- Hər şeyə. Biz bayaq dediyim üç mərhələdən keçəndə, komissiya yaradılmışdı. Komissiyanın tərkibində rejissorlar, redaktorlar, diktorlar və tanınmış insanlar vardı. Onlar hər şeyə nəzarət edib yoxlayırdılar. Səhnədə özünü aparmaqdan tutmuş, xarici görünüşə qədər fikir verilirdi. Bir də o vaxtı iki dildə yaxşı danışmaq bacarığı mütləq idi. Həm rus dilində, həm də Azərbaycan dilində. Çünki proqramlar iki dildə hazırlanırdı.

- Sizin çətinliyiniz nə olmuşdu?

- Kamera qorxusu vardı. Məktəb illərindən hər zaman məktəb tədbirlərinin aparıcısı olmuşdum. Ona görə də aparıcılıq problem deyildi. Bir də mən təzə-təzə efirə çıxanda, əlimi qoymağa yer tapmırdım. Mən də jestlərlə danışmağı xoşlayıram. Bir dəfə efirə hazırlaşırdım. Rəhmətlik Rafiq Hüseynovla rastlaşdım, o, gördü ki, həyəcanlıyam. Məni qucaqlayıb dedi, qızım niyə həyəcanlısan? Efirdə də görürəm ki, əlini qoymağa yer tapmırsan. Yaxşısı budur sən efirdə olanda əlinə bir karandaş, ya qələm götür, onda rahat olacaq. Kameradan isə qorxma, ona diqqətlə bax, elə təsəvvür et ki, onun arxasında sənin ən çox sevdiyin adam dayanıb. Eləcə də böyük səhnələrdə aparıcılıq edəndə, zaldakı insanların içərisindən bir nəfəri seçib, çıxış boyu ona danışırsan. Onun dediklərindən sonra mənim bütün həyəcanım, əsmələrim, kamera qorxum yox oldu.

Biz nəinki Rafiq müəllimdən o dövrün bütün diktorlarından öyrənirdik. İnanın bizə o qədər doğma münasibət vardı ki, bunu ifadə edə bilmirəm. Hamısı böyük məmnuniyyətlə bizə kömək edirdilər. Və yaxud da, bir səhvimizi deyəndə, mütləq əməl edirdik, heç vaxt küsmürdük. Mən sizə bir söz də deyim ki, orta məktəbi də, universiteti də rus dilində bitirmişəm. Azərbaycan dili üzrə öz üzərimdə işləmişdim. Amma Azərbaycan dilim o qədər mükəmməl deyildi. Rusdillilərdə isə belə bir xüsusiyyət var ki, qəbul etdiyi sözü rusca düşünür, sonra onu tərcümə edir. Tərcümə müddətində isə pauza yaranır. Pauzanı da nə ilə doldurmaq olar, təbii ki, e hərflərindən istifadə etməklə (gülür). Amma öz üzərimdə işlədikcə, bunlar hamısı yox oldu.

- Sovet dövründə qadın aktrisalar kimi qadın diktorlara da münasibət birmənalı deyildi. Qadın diktor olmaz, efirə çıxmaz fikirləri sizin haqqınızda səslənmişdi?

- Yox. Mən heç rastlaşmadım belə hallarla. Bizim dövrdə siz deyən məsələlərə artıq səthi münasibət yox idi. Bir də 90-cı illər, müharibə dövrü, qarışıqlıq insanların dərdini çoxaltmışdı. Belə məsələlər ətrafında söhbət etməyə insanların marağı, vaxtı yox idi.

- Ömrünüzün hansısa dönəmlərində, və yaxud da işdən çıxarıldığınız vaxtda sənət seçiminə görə peşmançılıq çəkdiniz?

- Bir dövr olur ki, insanın özünə yazığı gəlir, təsəlli vermək istəyir. Məndə də kaş ki, diktorluq sənətinə getməyəydim, kimi fikirlər olub. Hətta mənə oğlum da hərdən deyir ki, sən öz peşəni tətbiqi riyaziyyat sahəsini inkişaf etdirsəydin, indi daha çox uğur əldə edərdin. Mən universitetin tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. İki il orta məktəbdə, daha sonra universitetdə dərs də demişəm. Mənim qrup yoldaşlarım dünyanın bir çox yerlərində bu sahə ilə ciddi məşğul olurlar. İndiki rəqəmsəl texnologiyanın inkişaf etdiyi dövrdə mənim ixtisasım, proqramlaşdırma sahəsi ən öndə gedən ixtisaslardan, peşələrdən biridir. Yəni zamanla mənə də dedilər ki, nahaq televiziyaya getdin. Televiziya isə elədir ki, ora bir girən, bir də ordan çıxan sevinir (gülür). Televiziya işi çətindir. Həm də ani işdir. Yəni bir verilişi əziyyətlə hazırlayırsan, həmin veriliş bitəndən sonra hər şey də bitir. Hazırladığın məhsulun dəyəri efirə çıxandan sonra azalır. Amma bütün hallarda televiziya başqa aləmdir. Orda yaradıcısan, yaratmaq istəyirsən. Yaradıcılıq sevgisi olmayan insan televiziyada qala bilmir.

- Belə bir fikir də var ki, indi efirdə kişi səsi çatışmır. Münasibətiniz maraqlıdır...

- Ümumiyyətlə, indi bütün kanallarda gəncləşmə siyasəti gedir. Biz də o zamanlar efirə gələndə gənc idik. Amma bizimlə paralel Rafiq Hüseynov, Sabir Ələsgərov, Hicran Hüseynov olub. Ümumilikdə, isə Azərbaycan televiziyasında kişi diktorlar, aparıcılar çox olmayıb. Amma onlar hamısı yadda qalıblar. Səs tembrləri, aparıcılıq qabiliyyətləri, zahiri görünüşləri ilə.

- Bəs indikilər niyə yadda qalmırlar?

- Bəlkə də çoxluqdandır. Bir də hər bir aparıcının özünə məxsus xüsusiyyəti olmalıdır ki, tamaşaçını onunla özünə cəlb etsin. İndi bu yoxdu. Bundan başqa efirə standart üsulla çıxırlar. Onların qeyri-adi, özlərinə məxsus elementləri, üslubları olmadığına görə də ola bilər.

- İndiki efirlərdən peşəkar insan kimi nə qədər razısınız?

- Bizim indiki aparıcılarımızın dünya görüşündə kasadlıq, bilik çatışmazlığı var. Onlar efirə sanki robot kimi çıxıb mətn oxuyurlar. Sanki diktordular. Doğrudur, bizi diktor kimi işə götürmüşdülər, amma biz sonradan diktorluqdan aparıcılığa keçdik. İndikilər isə aparıcı kimi aparıcı deyillər, daha çox diktordurlar. Bundan başqa indi aparıcılar dünyanın məşhur insanlarının adlarını, şəhər adlarını, terminləri doğru vurğulamırlar. Bizim dövrdə bunları etmək mümkün deyildi. Bizim qalın bir kitabımız vardı. Orada vurğular barədə, hansı sözlərin harda işlənməsi haqqında məlumatlar vardı. O kitab işlənməkdən cırılmışdı. Biz nəyisə bilməyəndə mütləq soruşurduq. Amma indikilər elə deyil. Bəziləri öyrənmək istəyir, bəziləri necə gəldi davam edir.

- Siz öz üzərinizdə necə işləyirdiniz?

- O vaxtlar internet yox idi. Rus telekanalları vardı. Biz onlara baxırdıq. Mən indinin özündə də hər gün yeni bir məlumat almasam, öyrənməsəm, olmaz. Hər bir insan hər gün nə isə oxuyub, öyrənməlidir. Aparıcı isə ələlxüsus bunu etməlidi. Bu gün texnologiya o qədər inkişaf edib ki, bu günlə sabahın arasında yerlə göy qədər fərq var. İndi öyrənmək rahatdır. İnternet hər şeylə təmin edir. Bizim dövrümüzdə biz saatlarla, günlərlə kitabxanalarda olurduq. Amma mən insanları da qınamıram. Müəyyən zaman oldu ki, boşluqlar oldu, əlifba dəyişdi və s. İndiki nəsil həmin boşluğa düşənlərdi. Onlar oxumadılar.


- Siz oxuyurdunuz?

- Əlbəttə.

- Hansı yazıçıların əsərlərini oxumusunuz?

- Mən rus təhsilli olduğuma görə daha çox rus ədəbiyyatını oxuyurdum.

- Konkret müəllif adları çəkə bilərsiniz? Bəlkə sevən tamaşaçılar həmin müəllifləri tapıb oxudular...

- İnanmıram, tapıb oxusunlar... İndi açıq deyim ki, kitab oxumağa vaxtım yoxdur. Amma müəyyən əsərləri internetlə tapıb baxıram. Görürsünüz artıq eynək taxıram. İndi həyat sürətlə ötüb keçir. Həftə başlayır, bir də baxırıq ki, artıq bitib. O vaxt belə deyildi, vallah deyildi. Bəlkə onda həyatımız hadisələrlə, məlumatlarla o qədər də zəngin deyildi, amma insanlar bir-birlərinə maraqlıydı. Yaşamaqdan, həyatdan zövq ala bilirdik. İndi insanlar restoranlara yığışırlar, amma söhbət etməyə mövzu tapmırlar. Hərə bir telefon götürüb onunla məşğul olur. Bu gün həyat çox adiləşib.

- Deməli texnologiyanın həm də mənfi tərəfləri var?

- Təbii. Texnologiya insanların insani ünsiyyətini, mənəvi qidasını əlindən alıb. İndi sizinlə söhbətdən mənəvi qida alıram, hansısa enerji mübadiləsi olur. Bax, insanların həyatında həmin enerji mübadiləsi yoxdur. Hamı robot kimi gəzir (gülür).

- Həmkarlarınızın, müəllimlərinizin çoxu dünyasını dəyişib. Ən çox kimləri xatırlayırsınız?

- Hamısını. Rafiq Hüseynovu, Sabir Ələsgərovu, Hicran Hüseynovu, Davud müəllimi, Sabir Axundovu tez-tez xatırlayıram. Bizim də dövrümüsə bu cür vidalar qismət oldu. Allah hamısına rəhmət etsin. Onların itkisi ilə sanki bizim bir parçamız da yox olur. Adlarını çəkdiyim insanlar hamısı da çox mehriban və baməzə insanlar idi. Bizim sıramızı dağıtmaqla sanki böyük bir məktəbi məhv etdilər.

- Efirdə olduğunuz zaman maraqlı və ya təhlükəli hadisələr olurdu?

- Çox olub. Bir dəfə efirdə xəbər oxuduğum zaman işıqlar partladı pencəyimin arxa tərəfinə qığılcım düşdü və pencəyim yanmağa başladı. Elə yana-yana da reklama qədər xəbəri oxudum. Hətta kürəyim də yanmışdı. İndi də deyirlər ki, sən necə dözdün. Bilirsiniz, məni diktorluq həyatım ritmik və dolu olub. Hətta məni güldürmək üçün dostlarım deyirdilər ki, soyuducunu da açırıq ordan sən çıxırsan (gülür). İndi hərdən fikirləşirəm ki, mən o qədər işləri necə çatdırmışam. Hərdən oğlumu qoymağa yer tapmayanda, onu da özümlə çəkilişlərə aparırdım. Yəni çox çətin idi. Bizim bəlli iş qrafikimiz olmurdu. Günün bütün saatlarında çəkilişlərə, verilişlərə gedirdik.

- Kəmalə xanım, Çingiz Mustafayevlə çox yaxın dost olmusunuz və onun ölüm xəbərini siz çatdırmısınız?

- Elədir. Rəhmətlik bizi sevirdi, çəkilişlərdən çıxanda, bizim yanımıza gəlirdi. Bəzən ac və yorğun olurdu. Amma mən Çingizi çoxdan tanıyırdım. Biz universitetdə oxuyanda o, orada “DJ”lik edirdi. Mən onu Xocalı faciəsindən sonra çox pis vəziyyətdə gördüm. O hadisədən sonra bura gəlirdi və dayanmadan hönkür-hönkür ağlayırdı. Deyirdi, siz bilmirsiniz, mən orda nələr gördüm, nələr yaşadım. Belə deyirdi, otururdu yerə ağlayırdı, başını divara vururdu. Tərslikdən də həmişə o, gələndə gecə növbələrinə mən düşürdüm. İndi də onun haqqında danışıram, gözüm yaşarır. Sonra biz onu sakitləşdirirdik, çay, yemək verirdik. Amma ac olsa da, yemək yemirdi. Sonra da Daşaltıya getdi və həlak oldu. Onun xəbərini də mən efirdən dedim. Həmin gün əynimdə üstü ağ, güllü, arxası qara rəngində olan köynəyim vardı. Həmin köynəyi tərsinə geyinib efirə çıxdım. Çingizin xəbərini əllərim, səsim titrəyə-titrəyə necə dedim, özüm də bilmirəm.

- Oxuduğunuz ən ağır xəbər idi?

- Yox. O zaman rayonlarımız bir-bir işğal olunurdu, biz də hamısını çıxıb efirdən deyirdik. Ən ağır xəbərlər idi. Bəlkə də indiki yaşda olsaydım, o hadisələr mənə daha ağır təsir edərdi. O vaxt gənc idik, həssas idik, amma başımız bir az havalı idi.

- Bu günkü qələbə xəbərlərini çatdıra bilmədiyiniz üçün təəssüfləndiniz?

- Əlbəttə. Amma İkinci Qarabağ müharibəsi zamanı biz prezidentin çıxışlarını o qədər həyəcanla gözləyirdik ki, bunu ifadə edə bilmirəm. Onun hər çıxışından sonra bizim otaqdan elə səslər çıxırdı ki, özümüz də təəccüblənirdik. Biz birinci Qarabağ müharibəsinin arxa cəbhədə iştirakçısı idik. Sanki ikinci Qarabağ müharibəsində mən də iştirak etdim. Ümumiyyətlə, mənim həyatım çox maraqlı olub.

Foto: Nicat Əlili

# 11493 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #