Parçalanma hüdudu – Sənan İsmayılov

Sənan İsmayılov

Sənan İsmayılov

17 dekabr 2021
# 13:55

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sənan İsmayılovun “Parçalanma hüdudu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Qadın qohumu ruh yüksəkliyi ilə ona dedi:

– Təsəvvür edirsən də, iki gündən sonra mən öz evimdə olacağam!

Anasını əvəz edən bu qadın indi “ahıl” adlandırılacaq yaşda idi. Ağbirçəyin könlünü qırmasın deyə, o, bu xüsusu əsla dilinə gətirməzdi, hərçənd bəzən əsəblərini güclə cilovlayırdı.

Qadın bütün dünyaya car çəkərmiş kimi, uca səslə danışırdı. Hətta bütün dünyaya olmasa belə, Yer kürəsinin dağlıq bir bölgəsində yaşayan qohum-əqrəbası bu qadının tezliklə doğma yurduna dönəcəyindən artıq xəbərdar idilər.

Cəmi 23 yaşı olsa da, bu cavan oğlan nisbətən yaşlı görünürdü və qadına hər hansı irad bildirmək istəmirdi deyə, indi yorğun düşdüyü üçün susurdu. Alçaq tavanlı, bir cüt yığılan yatağı olan və altı kvadrat metrlik kayutunda o, indi özü üçün sadəcə rahatlıq diləyirdi.

– Həyatımdakı ən uzun səyahətin təşkilinə görə mən sənə minnətdaram. Yer kürəsindən kənara çıxacağam ey! Uşaq vaxtımda mən ancaq bunu arzulayardım. Amma bir şeyi də deməliyəm: heç hara adamın öz evinin yerini vermir.

Cavan oğlan dişlərini qıcayaraq mızıldandı:

– Bəs nədir?! Amma bunu da sən özün istəmişdin. İmkanımız olsaydı...

Cavan oğlan bir istədi desin ki: “İmkanımız olsaydı, başqa birisini özümüzlə götürə bilər və bəlkə ondan daha çox fayda görərdik”, amma yenə də susdu. Zatən o, elə sözsüz də, yəni öz jestləri, davranışları və üz ifadələri ilə danışmaqdan da bezmişdi.

– Bizim bu kayut da əcəb xudmani imiş, – deyən qadın fikrini bir az açıqladı:

– Yəni on dörd günlük səyahət üçün bezdiricidir. Nə yaxşı, hələ bu sarsaq dəbilqə və əlcəkləri daima taxmaq bizdən tələb olunmur.

Qadın çarpayısının üstünə sərdiyi ləçəyi acıqla süzən cavan oğlan dilləndi:

– Yoxsa sən bu ləçəyi taxmağı arzulayırdın?

O cür ləçəklər ilk baxışda al-əlvan təsir bağışlayırlar, işığa tutanda isə onların şəffaf olduğu meydana çıxır. Ağbirçək yaylığı əlinə aldı – kosmik səyahətə yollanan hər kəsə özünə aid hansısa şəxsi əşya götürməyə icazə verilmişdi.

– Kaş biləydin o “sarsaq dəbilqələr” indiyədək nə qədər insanın həyatını xilas edibdir. – Cavan oğlan hikkəsini tam mənada cilovlamaqdan ötrü susub, yerindən qalxdı, rəfdəki illüstrasiyalı, köhnə jurnalı götürüb, onun şamşax səhifələrini şaqqıltıyla vərəqləməyə başladı.

Qadın maraqlandı:

– İşlərin necə, yolunda gedir?

Bu cavan oğlanın səyahətə yaşıdlarından hansı birinisə yox, məhz onu götürdüyü üçün özünü qınadığından qadının, heç şübhəsiz, xəbəri var idi. Özünə qarşı bu cür münasibətdən bir qədər inciyirdi, əlbəttə, bəlkə buna görə də oğlanın üzünə baxmaqdan çəkinirdi. Qadın həmişə belə edirdi – baxışlarından yağan ifadəni heç kəsə etibar eləmədiyi üçün adətən gözlərini yana tuturdu. Onun bu davranışı sadəcə uşaqlıqdan bəri böyüdüb, tərbiyə elədiyi cavan oğlan üçün keçərli deyildi.

Dərindən köks ötürən cavan oğlan dedi:

– Hə-ə, kaş kapitan bir an əvvəl məni yanına çağıraydı. Mənə nə isə vacib bir tapşırıq verəcəkmiş. Dünən bu barədə demişdi.

– Mən bu cürbəcür planetlərə yollanmaq arzusunu çətinliklə anlayıram. Bəlkə də qocalmışam. Məsələn, uşaq vaxtı bunu arzulayardım. Kaş biləydin…

Cavan oğlan onun sözünü kəsdi:

– Bilirəm, bunu artıq demisən.

– Heç bilirsən, indi nəyi xatırladım? Uşaq vaxtı şəhər qalasının yerləşdiyi qayalıqda ilin bu fəslində cürbəcür göy-göyərti yığmağımız yadıma düşdü. Sonra mən onlardan göy kətəsi bişirərdim. Və biz onları ərinmiş yağ əlavə etməklə, yeyərdik.

Bütün məhəllə sakinləri ilə, yaşlı qadınlar və uşaqlar ilə birgə şəhərdən kənarda yerləşən, “Qayabaşı” adlanan yerə yollandıqlarına, sonra isə cığırla üzüaşağı necə endiklərinə dair öz xatirələrini bu cavan oğlan da ara-sıra öz dostları və iş yoldaşları ilə bölüşərdi. Orada cürbəcür, onlarca növ göyərti yığardılar ki, indi onların adları yaddaşından tamam silinib-gedibdir. Balaca oğlan ikən o və həmin vaxt yaşı əllini ötən bu qadın evə bir kisə dolusu göy-göyərti ilə dönərdilər.

Sonra qadın bu göyərtiləri yuyub, narın-narın doğrayar, bunları iri boşqab ölçüsündə olmaqla, namnazik yaydığı, yuvarlaq biçimli yuxanın üzərinə düzərdi. Bu yuvarlaq xəmir yaymasını ortadan qatlamaqla, kənarlarını bükdüyü zaman göy kətəsi alınardı. Ardınca bunları dəyirmi və dəmir sacın üstündə 10-15 dəqiqə qızardardı. Sacın üstündən götürülən imisti kətənin səthində dəliklər açar, oraya ərinmiş yağ tikəsi qoyardılar və bu yağ axmaqla, kətənin içərisinə yayılardı.

– Bəs birdən bəxtim gətirsə, necə? Səncə, bu mümkündür?

Cavan oğlan əsəbi halda soruşdu:

– Axı nədə bəxtin gətirsə?

Qadının nəyi nəzərdə tutduğunu bilirdi, ancaq biganəlik göstərməklə, onun könlünü qırmağı da gözə almışdı.

– Mən nəinki Yer kürəsinə çatana qədər, hətta sənin böyüdüyün o doğma yerlərə təkrar baş çəkənə qədər diri qalmağı nəzərdə tuturam. Çünki sənin üçün yenə də həmin kətələrdən bişirmək niyyətindəyəm.

Bu ara önə uzatdığı və o üz, bu üzünə baxdığı əllərini qadın zənnlə süzürdü, sanki bunlar onun heç öz əlləri deyildi. Qanının qaralmasına rəğmən, cavan oğlan da həmin səmtə baxdı. Qəribə cəhət o idi ki, ötən illər ərzində bu əllər zərrəcə dəyişməmişdi, halbuki qadın özü ilbəil dəyişməklə, dözülməz, söz anlamaz və adamı cin atına mindirəcək birisinə çevrilmişdi… Əlləri isə tamamən dəyişməz qalmışdı – sanki bu xırda, toppuş və zərif çatlarla örtülən əllər vur-tut bircə həftə əvvəl bağçada tikanlı şitillər basdırmış, ya da qala divarlarının dibində göy-göyərti yığmışdı.

– Hazırda bizimlə Yer kürəsi arasındakı məsafə yüz milyon kilometrlərlə ölçülür. Hələ başqa planetdə də olmuşuq…

– Amma o planetdə bir ins-cins yox idi axı! Dümdüz və hər hansı maraq doğurmayan bir yerdə cəmi beşcə dəqiqəliyinə eniş etmək əcəb böyük hünərmiş!

Əsəbiləşən cavan oğlan səsini ucaltdı:

– Hə, cəmi beşcə dəqiqəliyinə! Bəs sən nə qədər istəmişdin? Axı bu, həmin planetə vur-tut üçüncü eniş idi. İrəlidə orada da koloniya qurulacaq.

Qadın susurdu: ya deyəcək sözü qalmamışdı, ya da oğlanın hikkəsinin yatışmasını gözləyirdi. Onun bu cür cırnamalarına qadın öyrəncəli idi, hərçənd qadının bu cür səbirli davranışının özü də oğlanı daha betər özündən çıxarırdı.

– Son dövrdə planetlərarası səyahətlərin “sosiallaşdırılmasının” geniş təbliğindən sən özün də xəbərdarsan. Gələcəkdə planetlərarası məskunlaşma daha əlçatan olsun deyə, səyahətə çıxarkən biz peşəkarlara bəzən yanımızda kimisə götürməyə icazə verilir.

“Biz peşəkarlara” ifadəsini xüsusi vurğu ilə deyərkən o, qadını qınayıcı baxışlarla süzdü. Bağıraraq ona: “Səninlə mən tamamilə fərqli insanlarıq! Sadəcə sarsaq bir təsadüf ucbatından eyni gəminin göyərtəsindəyik” – demək istəyirdi.

– Bunu bilirəm və məni yol yoldaşı seçdiyin üçün sənə minnətdaram. Hərçənd sən qız rəfiqəni və ya dostunu da özünlə götürə bilər, onların qarşısında hələ iftixar hissi də keçirərdin. İndiki halda isə sən mənim, yəni ağbirçək bir qadının önündə qürrələnməyə məcbursan, – deyən qadın utancaq və bir qədər məzəli tərzdə gülümsədi. Adətən ana öz övladının qınaqlarına bu cür gülümsəyir.

O ara zəng gəldi.

– Bu, kapitandır, – deyən cavan oğlan cəld yerindən qalxdı, çarpayısını divardakı girintiyə yerləşdirib, aynaya boylandı.

Qadın ona xeyir-dua verdi:

– Uğur olsun.

O isə heç geri də qanrılmadan nə isə mızıldanmaqla, kayutdan çıxdı.

***

– Buyurun keçin, – deyə kapitan onu özünün geniş kabinetinə dəvət elədi. Sonra otaqdakı adama müraciətlə dedi:

– Tanış olun, bu cavan oğlan heyətimizin ən cavan üzvüdür.

Kapitan və onun arıqhal, bəstəboylu qonağı kayutun bütün divarı boyu uzanan, o biri üzündə qapqaranlıq kosmik fəzanın qoynunda minlərlə ulduzun sayrışdığı nəhəng illüminatorun qarşısında qoyulan kreslolarda əyləşmişdilər. Ucaboylu və dolubədənli kapitanın çökdüyü kreslo onun bazburutu ilə müqayisədə xeyli xırda görünürdü. Cavan oğlan isə ayaq üstə durmaqda idi.

– Bu isə… – deyən kapitan arıq kişinin adını çəkdi, – yəqin siz onu “Gələcəyin Qurusu” adıyla artıq tanıyırsınız.

Cavan oğlan üzgörənliklə gülümsədi:

– Hə, əlbəttə ki.

Quru da buna cavab olaraq gülümsədi və əliylə daz başını sığalladı. Təbəssümdən onun gözləri bir az da qıyıldı.

– Onu da bilirsinizmi ki, kosmik uçuşların “sosiallaşdırılması” ideyasının müəllifi məhz bizim Qurudur? Mən ekipaj üzvünün özüylə hansısa qohumunu və ya dostunu gəmi göyərtəsinə götürmək ideyasını nəzərdə tuturam.

Cavan oğlan yalandan:

– Xəbərim var, – dedi.

Kapitan da, Quru da onun gopladığını anladılar deyə, cavan oğlan özünü lap naqolay hiss elədi. Quru təkrar gülümsədiyi zaman isə bu naqolaylıq daha da artdı.

Kapitan sözünə davam elədi:

– Bəli, məhz onun sayəsində ananızın kosmik səyahəti mümkün olmuşdur.

Gələcəyin Qurusu gülümsəməyinə ara verdi.

– Heç bimirəm buna görə sizə necə təşəkkür eləyim.

Quru qısıq səslə:

– Buna fürsət taparsınız, – deyincə, cavan oğlan lap karıxdı.

Kapitan növbəti sualını verdi:

– Qurunun bizlərdən nə ilə fərqləndiyini necə, bilirsinizmi?

Bu bəsit sualın ancaq bircə cavab variantı var idi:

– Yox.

– Bizlərdən fərqli olaraq, onun gələcək barədə bildikləri orta statistik insanın keçmişə dair biliklərindən qat-qat çoxdur. Elə buna görə də o – məhz Gələcəyin Qurusudur.

Özünün dərin, amma rahat kreslosuna gömülən Quru əllərini daraqladı, yana əydiyi başını yırğalamaqla, pəsdən dedi:

– Keçmiş məni heç maraqlandırmır da.

Nə deyəcəyini bilmədiyi üçün cavan oğlan hələ də susmağına davam edirdi.

Kapitanın verdiyi:

– Kosmik uçuşa ananızı da götürmənizdən razısınızmı? – sualının ardınca Quru suala soyuqqanlı bir tərzdə dəqiqlik gətirdi:

– Öz qadın qohumunuzu.

Qurunun üzü ciddiləşdi, kapitan isə bundan karıxdı. Onlardan hansı birisinə cavab verəcəyini kəsdirə bilməyən cavan oğlanın nəzərləri gah ona, gah da buna dikilsə də, ən nəhayət, o, üzünü Quruya tutdu. Üzünə təbəssüm qondurmağa çalışdığı anlarda o, kapitanın çöhrəsindəki çaşqın ifadə ucbatından bir narahatlığa qapılaraq:

– Əlbəttə, razıyam, – dedi.

Qurunun kapitandan daha böyük səlahiyyət sahibi olduğu bu kosmik gəmidə hər kəsə bəlli idi, ancaq kapitanın onun qarşısından qaçdığına hələlik tək-tük adam şahid olmuşdu.

Cavan oğlan yalan deyirdi, çünki başqa planetə, yəni Uzaka kosmik uçuş üçün yanlarında yoldaş kimi götürə biləcəkləri yaxınlarının (qohum və dostlarının) ad və şəxsi məlumatlarını təqdim eləmək ona da – heyətin digər üzvləri kimi – uçuşdan düz dörd ay əvvəl tapşırılmışdı. O da bu səfərə sevdiyi qız və ya dostu ilə çıxmaq arzusuna düşdüyündən məhz onların adlarını siyahıya salmışdı. Kosmik uçuşlara bəslədiyi atəşin həvəsi xüsusi vurğulamaqdan ötrü o, öz təqdimat məktubunda bildirmişdi ki, hələ uşaqlıq illərindən bəri ona ana əvəzi olan bir qadın qohumu ilə yolunu vaxtaşırı Qayabaşı adlanan sıldırım qayalıqdan salarmış. Oradakı qayalar üstə əyləşib, ayaqlarını boşluğa sallamaqla, onlar ulduzlu səmaya tamaşa edər, uzaq planetlərə uçuşlar barədə şirin xəyallara dalarmışlar.

Həmin məktub hər halda xeyli təsirli alınmışdı deyə, cavab məktubunda onun səfərə özüylə doğma adamını götürməsinə izn verilmişdi. Yəni sevdiyi qızı və ya dostunu yox, məhz yaxın qohumu olan o qadını. O günlərdə cavan oğlanın qapıldığı təəccüb və əsəbilik hədd-hüdud tanımırdı. Çünki onun gələcəyin yox, məhz keçmişin timsalı saydığı bir qadınla səfərə çıxmaq fikrinin özü onu əsl çılğına döndərmişdi. Ancaq təklifdən boyun qaçırtmaqdan da qorxurdu. Sözügedən qadın onu böyüdüb-yetişdirmişdi və dünyada bu oğlandan başqa da bir kimi-kimsənəsi yox idi. Qadının bir az qəribə sayılacaq xasiyyəti var idi – yad insanları əsla özünə yaxın buraxmazdı.

Quru davam elədi:

– Sizinlə bağlı və o qadına nə dərəcədə bağlı olduğunuza dair bilgilərlə mən ətraflı tanış olmuşam.

– O, mənə analıq edibdir. Doğma anamı isə heç xatırlamıram.

– Qadını təqdim edərkən yazmısınız ki, eşitdiyiniz ilk səsi də sizə o, bəxş edibmiş və bu, son dərəcə təsirli bir məqamdır, – deyə Quru bildirdi. Kapitan isə hələ də ağzına su alıb durmuşdu.

Cavan oğlan gülümsədi:

– Hə, elədir. Bir gün günortadan sonra mən həyətdə gec saata qədər oynamışdım. Həmin vaxt adətən o, məni yatırdırdı. Məni tutmaqdan ötrü ardımca qaçdığı zaman mən büdrəyib, gölməçəyə yıxıldım. Qadın üst-başımın çamurunu yuyub-təmizlədiyi vaxt qulaqlarıma naməlum bir səs dəydi. Sən demə, o, mənim yanbızımı şillələyirmiş. Həmin səsi mən sonralar, yəni aradan illər ötəndən sonra da unutmadım. Məhz illər ötüncə, bu səsin nə olduğunu anlaya bildim. Hərçənd o vaxt, yəni məni yuyundurduğu vaxt neçə yaşım olduğunu mən hələ də bilmirəm. Yaddaşıma köçən ilk səsin isə məhz bu olduğunu dəqiq xatırlayıram. İnsan beyninin izaholunmaz xassələrinə siz də bələdsiniz...

Bu son sözlər səsləndiyi vaxt kapitan ilə Quru baxışdılar. Kapitanın kefinin açıldığını sezən Quru hətta gülümsədi də. Cavan oğlan isə karıxdı və susdu.

Kreslosundan qalxan Quru illüminatorun şüşəsinə yanaşdı, arxası cavan oğlana dayanmaqla, sözə başladı:

– Elə biz də sizinlə insan beyninin o izaholunmaz imkanları ilə bağlı danışmaq istəyirdik.

Cavan oğlan təəccübünü gizlətmədi:

– Başa düşmədim.

Yerində dönən Quru ona tərəf bir neçə addım atdı:

– O Uzak planeti heç könlünüzə yatmışdı?

Bu qəfil sualdan cavan oğlan lap çaşqına döndü.

– Mən orada vur-tut beşcə dəqiqə olmuşam. Elə bütün qalan səyyahlar kimi. Düzü, bunun heç səbəbini də bilmirəm.

Quru soruşdu:

– Bəs bunu öyrənmək istərdinizmi?

Karıxmış cavan oğlan nə cavab verəcəyini bilmədiyi üçün gülümsədi.

Quru kapitana işarət elədi və o, pultun köməyi ilə ekranı açdı. Orada həmin planetin hamar səthi göründü.

– Tanış gəlir?

Cavan oğlan:

– Hə, – dedi. – Bu, Uzakdakı düzənlikdir.

– Bəs planetin səthinin bu cür hamar olması necə, sizi heçmi heyrətləndirmir?

– Heyrətləndirir. Ancaq buna dair nəinki bir izahım, hətta təxminim də yoxdur.

Quru və kapitan qəhqəhə çəkincə, cavan oğlan bundan pərt oldu. Quru ona təskinlik verdi:

– Fikir eləməyin. Bununla bağlı heç bizim də hansısa izahımız yoxdur. Yəni hələlik yoxdur. İndi isə bura nəzər salın.

Quru kapitana göz vurdu və o, ekrandakı görüntünü dəyişdirdi. Uzakın səthinə çıxarılan bir çəpiş elə oradaca təkbaşına buraxıldı. Heyvancığaz narahat halda başını ora-bura bulayırdı. Ondan ötrü bura tamamilə yeni bir oylaq idi: nə bir ot, nə bir daş, nə də səs-səmir vardı burada. Şikayətlə mələyən çəpiş bir neçə addım atdıqdan sonra dayandı və ürkək halda ətrafına baxındı. Hansısa vacib bir məqam diqqətindən yayınmasın deyə, cavan oğlan gözlərini ekrandan heç ayırmırdı. Bir neçə dəqiqədən sonra isə elə bir şey baş verdi ki, oğlan az qala heyrətdən çığıracaqdı – çəpiş qeybə qarışdı. Bir ah çəkən cavan oğlan gözlərini Quruya zillədi.

Bic-bic qımışan Quru soruşdu:

– Yəqin anladınız da, çəpişin başına nə gəldi?

Cavan oğlan başını yırğaladı. Quru isə hələ də gülümsəməyinə davam edirdi: gözləri qıyıldığı üçün yırtıcı heyvanı xatırladan bu insanın bir an sonra necə davranacağı heç bəlli olmurdu.

– Ya da siz onun dəhşətli və gözəgörünməz bir varlıq tərəfindən parçalandığını düşündünüz.

Kapitan ilə Quru təkrar qəhqəhə çəkdilər.

– Ancaq yanılırsınız, bütün cihazlar göstərir ki, qeybə çəkildiyi vaxtdan iki saat sonra da o, hələ diri imiş. Sadəcə olaraq planetimizdəki bütün canlı və cansız məxluqlar kimi, o da milyonlarla mikrozərrəciyə parçalanıbmış. Çünki o planetdə var olan bütün həyatlar mikrozərrəciklərə parçalanmağa məhkumdur, elə bu səbəbdən onun ərazisi hamardır – nə bir dağ-dərə var, nə də təpə. Yüzillər boyu biz düşünürdük ki, Yeri tərk edib, başqa planetdə məskunlaşan istənilən varlıq orada da, eynilə Yerdəki, yəni o öyrəşdiyimiz şəklini qoruya bilər. Halbuki bu planet bizə tamamilə fərqli bir mövcudluq şərti diktə edir. Hər şeyə rəğmən, burada öz mövcudluğunu davam etdirən insanoğlu tamamilə fərqli – gözəgörünməz, toxunulmaz, ancaq yenə də canlı və düşünən – bir varlığa çevrilir. Ola bilsin, uzaq gələcəkdə insanoğlu məhz belə bir məxluqa dönəcəkdir. Hələlik isə biz bu çevrilməni sadəcə araşdıra bilirik və bunun özü də insanlar üçün xeyli vacibdir.

Danışıq tempini yavaşladan Quru daha sonra əlavə elədi:

– Təbii ki, biz hələlik orada su ehtiyatları tapmamışıq, ancaq onların da – bəlkə fərqli bir şəkildə – var olduğundan əminik. Ola bilsin, orada su da zərrəciklərə qədər parçalanmaqla, bütün planet boyu yayılıbdır. Gəlin, davam edək, – deyən Quru kapitana göz vurdu və o, pultdakı bir düyməni basdı.

Ekranda kiçik bir raket peyda oldu: Uzak üzərindəki fəzanı yarıb keçdikdən sonra o, qısa müddətə gözdən itdi, az sonra təkrar zühur eləməklə, orbitdən kənara çıxdı.

– Gördüyünüz kimi, təkcə canlılar yox, cansız obyektlər də görüntüdən itə bilirlər. Müşahidələrimiz göstərir ki, Uzakın səthindən on kilometrlik radiusda istənilən şey parçalanaraq, gözəgörünməz olur. Bayaqkı raket də həmin on kilometrlik yüksəkliyi keçdikdən sonra təkrar öz adi görünüşünü bərpa elədi. Biz bu yüksəkliyə “Parçalanma hüdudu” adını vermişik. Beləliklə, siz planetdə nələrin baş verdiyini öyrəndiniz. Maraqlıdır, əgər bu fenomeni şəxsən siz araşdırsaydınız, işə nədən başlayardınız?

– İlk növbədə mən mikrozərrəciklərə parçalanan o canlıların və ya əşyaların sonradan nələrə məruz qaldığı ilə maraqlanardım. Bu işi isə raketlərdəki robot tipli cihazlarla həyata keçirməyin mümkün olacağını düşünürəm.

– Doğru düşünürsünüz! Elə biz də belə etmişik. Bilirsiniz, niyə? Çünki “Parçalanma hüdudu”ndan çıxaraq, öz ilkin görünüşünə dönən və orbitdən kənara çıxan raket buna məhz fəzaya göndərilərkən aldığı ilkin inersiya hesabına nail olur. Ancaq o da var ki, cihazların köməyi ilə aparılan bütün qeydlər də o əsnada silinib, gedir. Cihazlar daha sonra işlək vəziyyətə qayıtsalar da, bu, zahirən belə olur: onların içində bir yığın metal və plastik, sıradan çıxmış model qalır sadəcə. Robotların süni beyni isə ümumiyyətlə fəaliyyətdən qalır.

Çaşqınlığa qapılan cavan oğlan bu nəticələrin indi və niyə məhz onunla bölüşüldüyünü anlamaqda hələ də acizlik çəkirdi.

Quru sözünə davam elədi:

– Təkcə insanoğlunun görüb-yaşadığı şeyləri, yəni onun beyninə köçən bilgiləri hətta “Parçalanma hüdudu”ndan sonra da qoruyub-saxladığına dair əlimizdə danılmaz dəlillər var. Nəyi qəsd etdiyimi anlayırsınızmı?

Cavan oğlan heç düşünmədən dedi:

– Yox.

– Dediyim odur ki, əgər o raketdə canlı bir insan olarsa, parçalanma anında baş verənlərlə bağlı bütün bilgilər ilkin görünüşün bərpasından sonra da onun yaddaşında bütün təfərrüatlarına qədər qorunar. – O ara gözlərini bərəldən Quru cavan oğlana hədsiz qorxunc təəssürat bağışladı. – Bu barədə bir düşünün.

Sonrakı bir neçə dəqiqə ərzində Quru əllərini arxasında çataqlamaqla, var-gələ başladı. Cavan oğlan ağır-ağır sözə başladı:

– Anladığım qədəriylə, o planetdə bir az çox ləngisəydik, mən və səyyah yoldaşlarım da diri qalmamıza rəğmən, mütləq başqa bir şəklə düşəcək və o planeti heç cür tərk edə bilməyəcəkdik.

– Haqlısınız, – deyən Quru gülümsədi, kapitan isə razılıqla köks ötürdü. – Maşının beyni ilə müqayisədə insan beyni daha tutumlu və xeyli əsnəkdir. Biz də həmin raketdə uçmağa cürəti yetəcək bir beyinə malik insanın axtarışındayıq.

Cavan oğlan üçün bugünkü gün sarsıntılarla dolu imiş:

– Sizcə, mən bunu bacararam ki? – dediyi anlarda həyəcandan onun boğazı qurudu.

Qəhqəhə çəkən Quru:

– Yox, yox, – deyib, ciddiləşərək öz niyyətini açıqladı. – Bizə intellektual bir resurs kimi yox, sırf bilik saxlancı, yaddaş yeri kimi istifadə edəcəyimiz hər hansı beyin lazımdır.

Məsələnin məğzini hələ də tam anlamayan cavan oğlan təkrarladı:

– Yaddaş yeri kimi bir insan beyni.

Quru təklif elədi:

– Oturmaq istəməzsiniz?

Otaqda cəmi iki kreslo vardı deyə, Quru ona kapitanın yerini təklif elədi və kişi bazburutuna rəğmən, çevik tərzdə yerindən qalxdı. Cavan oğlan indicə eşitdiklərindən necə karıxmışdısa, öz kreslosunu ona verən kapitana təşəkkür eləmədiyi də unutdu. Quru onunla üzbəüz əyləşdi.

– Ehtiyac duyduğumuz şey – sadəcə bir beyin materialıdır və gəldiyimiz qənaətə görə, sözügedən material üçün ən uyğun namizəd – sizin qadın qohumunuzdur. Biz onu “Parçalanma hüdudu”nu yaracaq aşağı sürətli uçuş aparatında kiçik bir səyahətə yollamaq niyyətindəyik.

Qurunun təklifindən cavan oğlan əməlli-başlı sarsıldı: o, gözlərini yerə dikərək, yumruqlarını gah sıxıb, gah da açmağa başladı. Quru öz açıqlamalarına davam elədi:

– Qadın qohumunuzun yaddaşındakı bilgiləri sonradan biz maşınların yaddaşına köçürəcəyik və bunların məğzi artıq Yer planetində saf-çürük ediləcək. Orada bu işə hər cür mütəxəssislər – bioloqlar, fiziklər və kimyaçılar – cəlb olunacaq.

Cavan oğlan hələ də susurdu.

– Qadın qohumunuzun kəskin formalı Alçheymer xəstəliyindən əziyyət çəkdiyi də bizə məlumdur – ağlın sürətlə azalması belə xəstələri qaçılmaz şəkildə ölümün ağuşuna sürükləyir.

Başını qaldırmayan cavan oğlan, ən nəhayət, pəsdən dedi:

– Elədir ki, var. Məhz buna görə də mən səfərə niyə onu özümlə götürməmdə israr elədiyinizi anlamaqda çətinlik çəkirdim.

– Məsələnin hüquqi tərəfinə görə siz heç narahat olmayın. İndiyədək nadir hallarda tətbiq olunan bir qanun var və onun müddəaları bəşəriyyətin rifahı naminə bizim məhz belə davranmamıza haqq verir. Ancaq insanın öz razılığının alınması şərtiylə. O qadının yeganə qohumu kimi, biz də sizdən belə bir razılıq almaq qərarına gəldik. Psixi cəhətdən anlaqsız biri sayıla biləcəyi üçün eyni xahişlə o qadına müraciət eləyə bilməzdik. Əvvəlcədən xəbərdarlıq edirəm: bu sınaqdan sonra qadının bərpa olunacağına dair hər hansı zəmanət verilmir. Əksinə, onun xəstəliyi daha da ağırlaşa bilər. Ancaq biz yenə də hər tədbiri alacağıq, – deyən Quru sözünü tamamladı.

Səssizlik təkrar kayuta hakim kəsildi. Cavan oğlanın baxışları illüminatora zillənmişdi – onun digər üzündəki kosmosun ucsuz-bucaqsız zülmətində ulduzlar biganəliklə sayrışırdılar. Ancaq o, ulduzları görmürdü, çünki qadınla bağlı öz uşaqlıq xatirələri – qayalıqdakı gəzintilər, səmimi qucaqlaşmalar, kimsə xətrinə dəydiyi zaman oğlanın göz yaşlarını silən o qadının əlləri – canlanırdı xəyalında. Xəstə olduğu günlərdə qadına sərgilədiyi çılğınlığa və hikkəyə görə indi qəfildən onun hələ özü-özünə də acığı tuturdu. Bir də indi onu anladı ki, qadının bişirdiyi kətələri dadmaq həzzindən birdəfəlik məhrum qalacaq.

Bir istədi yerindən durub, uca səslə, həm də Qurunun düz gözünün içinə baxaraq desin ki, o, lap əvvəldən xəstə qadının kosmik səyahətə göndərilməsini qəsdən planlayıbmış və əgər Yer kürəsində qalsaydı, bəlkə də qadın öz qohumunu bu dərəcədə qıcıqlandırmazdı. Ancaq heç nəyi dəyişə bilməyəcəyini düşününcə, susdu. Quru o ara xəfifcə öskürdü.

Quruya tərəf qanrılan cavan oğlanın cürəti sadəcə bu sözləri deməyə yetdi:

– Yəqin indi mən gedib qadını həm buna hazırlamalı, həm də onunla vidalaşmalıyam.

Kapitan dedi:

– Bunun məntiqli bir addım olacağını heç düşünmürəm. Bizim həkim ona iynə vuracaq. Qadın onsuz da xəstəliyi ilə bağlı iynə vurdurur. Bunu da həmin iynələrdən biri kimi qavrayacaq və heç nədən şübhələnməyəcək.

Gəmi kapitanı və Quru onu təkbaşına qoyub uzaqlaşdıqları vaxt cavan oğlana elə gəldi ki, bu tənhalıq artıq onun əbədi yol yoldaşına çevriləcək. Sırf ona baxdığı zaman qadının daxili işıq, mehir yağan baxışlarını o ara gözləri önünə gətirdi. Başqalarının onu aldada biləcəyindən ehtiyatlandığı üçün qadın təkcə ona etibar edərdi. Budur, öz doğması saydığı yeganə insan da indi ona qarşı xəyanət yolunu seçibdir. Belə əməlin əzabına cavan oğlan bütün qalan ömrü boyu qatlaşacaqdı və bu, onun özü üçün də şəxsi “Parçalanma hüdudu” sayılacaqdı.

***

Qadın Qayabaşı yaxınlığındakı qəbiristanlıqda torpağa tapşırıldı. Dəfndən sonrakı gün cavan oğlan aşağıdakı məzmunda məktub aldı:

“Sizə analıq eləmiş o qadının vəfatı ilə bağlı dərin səmimiyyətlə başsağlığı verirəm. O, bəşəriyyətə böyük bir xidmət göstərdi – onun beyni Uzak planetindəki həyatla bağlı alimlərimizə önəmli bilgilər ötürdü. Məhz o bilgilər sayəsində biz gələcəffkdə həmin planetdə Yer sakinlərinin koloniyasını qura biləcəyik.

Mənim başsağlığı diləklərimə Gələcəyin Qurusu da qoşulur. Yeri gəlmişkən, o, əmindir ki, sizdən əla kosmik səyyah çıxacaq. Sizə də bəlli olduğu kimi, o, gələcəyi dəqiq görməyi bacarır.

Hörmətlə,

Kapitan”.

Məktub onun əlini yaxıb-yandırırdı. Onu tikə-tikə eləmək və ya yandırmaq keçirdi içindən. Ancaq bu fikirdən daşındı. Məktubu elə yerdə gizlədəcəkdi ki, özündən başqa heç kəs tapa bilməsin. Əgər ölməzdən əvvəl fürsət taparsa, onu təkrar oxuyacaq və bu sayədə bir qərara gələcəkdi – əbədi zülmətəmi qarışıb-getsin, yoxsa o ağbirçək qadının ardınca yollansın. Ancaq Qurunun haqlı olduğuna şübhə bəsləmirdi – kosmos onun yolunu gözləyirdi.

Ruscadan tərcümə etdi: Azad Yaşar

# 3294 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #