Böyük otaq - Sənan İsmayılovdan yeni hekayə

Sənan İsmayılov, yazıçı

Sənan İsmayılov, yazıçı

18 avqust 2022
# 15:00

Kulis.az Sənan İsmayılovun “Böyük otaq” adlı hekayəsini təqdim edir.

Çox da iri olmayan, ikimərtəbəli ev tikintisinin aparıldığı həyətə açılan bu yaşıl rəngə boyanmış dəmir darvazanın qarşısında eyni hadisə son bir ay boyu hər gün təkrarlanırdı: açarların etibar olunduğu çəlimsiz elektrik ustası ancaq peşəkar ev oğrularına xas olan bir səriştə ilə əyilmiş açarı kilid yerinə maneəsiz şəkildə taxdıqdan sonra kənara çəkilərək, deyirdi:

– Hə-ə, görək bu gün hansınız daha güclü imiş?

Əzələli bədənə malik qara fəhlə kinayə ilə:

– Bunun öhdəsindən elə sən özün də gələrdin, – deyib, var gücüylə açarı bururdu. Bunun ardınca kilidin içində köhnə maşınlardakı sürət ötürücüsünün səsinə bənzər yüngülvarı bir şaqqıltı eşidilirdi. Hırıldayan elektrik bildirdi:

– İndi yox, amma kilid yağlansaydı, bax, onda yəqin ki, bunun öhdəsindən gələrdim.
Kepkalı, hündürboy suvaqçı soruşdu:

– Onda nəyi gözləyirsən ki?
Bic-bic gülən qara fəhlə elektrikin yerinə bu suala cavab verdi:

– Maaşına ediləcək əlavəni. Artıma nail olmasa, o, burada bircə vintə də toxunan deyil.
Əsəbi tərzdə başını geri əyən elektrik:

– Qara qızın dərdi varmış desənə! Tezliklə bu ev təhvil veriləcək və ev sahibi kilidi də təzələyəcək. Bir an əvvəl o əlavə otaqdakı işləri tamamlamaq lazımdır, – dedi, sonra isə hiddətli baxışlarını küçəyə açılan və səkidən iki metr yarım yüksəkdə yerləşən yeganə pəncərənin çərçivəsinə dikdi.
Bu gün dörd nəfər idilər. Həyətə girdilər. Üçü birbaşa iri tut ağacına doğru yön aldı. Elektrik isə evin metal millərdən naxışları olan giriş qapısına tərəf üz tutdu, asanlıqla açdığı qapını bir qədər aralı qoyub, əlüstü həyətə dönməklə, o da öz yoldaşlarına qoşuldu. Bir həftə əvvələ qədər inşaatçılar iş gününə həyətin künc-bucağında vaxt öldürməklə başlayırdılar: biri siqaret tüstülədirdi, ikincisi bir kənardan təzə evin tamaşasına dururdu, üçüncüsü çay dəmləyir, sonuncusu isə təbii ehtiyacı ilə bağlı həyətin uzaq küncünə üz tuturdu.
Bu gün isə hərəsi bir budağı aşağı əyməklə, ağ tutun barını dadmağa girişmişdilər. Tut mövsümünün sonuna ya iki həftə qalardı, ya da daha az, odur ki, mövsüm bitdikdən sonra bu bal dadan giləmeyvələri yemək həvəsinə düşən kəs gərək illah ağaca dırmaşaydı, ancaq buna da heç birisində həvəs qalmayacaqdı.

– Hər gün eyni şeylər yaşanır! Görən bunlar havaxt buralardan gedəcəklər? – deyən ötkəm bir səs eşidildi. “Konak” adlanan qonaq otağının bir cüt pəncərəsi tut ağacının bitdiyi bu həyətə açılırdı.
Hər üç pəncərəsi həyətin əks tərəfinə baxan və “Mətbəx” adlanan otaq yarıyuxulu səslə soruşdu:

– Yenə də fəhlələrdən gileylənirsən?
Hiddətini cilovlaya bilməyən qonaq otağı kükrədi:

– Başqa kimdən olacaq?! İşə yarım saat erkən gəlirlər ki, tut tıxışdırsınlar. Bəlkə elə öz həyətlərində də tut ağacı bitir və guya ondan yeyə bilmirlər də?! Elə bil nahara qədər dözəmmirlər.

– Siz də onları görməməzlikdən gəlin. Kaş biləydiniz ki, onlar hələ mənim məkanımda hansı hoqqalardan çıxırlar. Hələlik istifadəyə tam hazır deyiləm, bununla belə, onlar hər gün eyni yeməyi – ət və o zəhləmgetmiş kartof qızartmasını bişirirlər! Nəfəsim lap daralır. Sizin isə həm buxarınız var, həm pəncərələriniz üç ayrı səmtə açılır: özün üçün havalan ki, havalanasan, – deyən Mətbəx şikayət yağan bir səslə gileyləndi: o ara bu otağın səsi fəhlələrdən birinin qızartma tavasının dibini qazıdığı vaxt çıxan o cırıltılı səsləri xatırlatdı.

Buna hər hansı cavab verməyən Konak dərin bir ah çəkməklə kifayətləndi, dama qədərki divar boyu çəkilən buxarı borusunun içiylə yayılan aha divarları bu boruya bitişik olan və ikinci mərtəbədə yerləşən üç yataq otağı da oyandı.
“Keçit” adlanan dar dəhliz söhbətə qoşuldu:

– Bəs onlar yeməyi harada hazırlasınlar axı? Bəlkə mənim döşəməmdə, hə?!
Elektrik hələ giriş qapısını açdığı an oyanmışdı Keçit və indi həyətdən axıb-gələn tərtəmiz havanı ciyərlərinə çəkməkdəydi.

– Sizə nə var ey?! Amma onların yararlandığı o yağdan mənim ödüm ta ağzıma qədər gəlir. Qab-qacaqları da təmiz olmur. Hər gün yuyub-sürtsələr də, hisi-yağı çəkilmək bilmir. Yaxşı ki, o təzə mətbəx sobası hələ qutusundan çıxarılmayıb, yoxsa bu sırtıq ustalar onu da yaman günə salardılar. Kaş tezliklə mənə təmizkar bir ev sahibəsi tapılaydı, – deyə şikayətlənən mətbəx fınxırdı. Çıxartdığı bu səs eynən aşpazın öz önlüyünü silkələməsinin səsini xatırlatdı.
Birinci mərtəbədə yerləşən və “Aşak” adlanan vanna otağı da öz burulğanlı səsini ucaltmalı oldu:

– Bəs onda mən başıma haranın daşını töküm?
Buna cavab kimi ikinci mərtəbədəki “Yuxak” adlı vanna otağından şırıltıya bənzər bir qəhqəhə yüksəldi:
Aşak çımxırdı:

– Ehey, yuxarıdakı! Əgər əkiz qardaşının bəxti qara qəlibsə, buna gülmək ədəbsizlikdir. Onsuz da gələcəkdə bizim hər ikimizdən eyni məqsədlə yararlanacaqlar. Fəhlələrin təbii ehtiyaclarına görə məndən yararlanması barədə ev sahibinin və ya iç icraçısının verdiyi qərar isə müvəqqəti sıxıntıdır.
Üç yataq otağına xidmət etməklə, ikinci mərtəbədə yerləşən və pilləkən marşı önündəki məkanı həmin otaqlarla bölüşən vanna otağı özünün su şırıltısına bənzər səsiylə, yəni pəsdən dedi:

– Ondan da mənə əkiz qardaş olar?! Həm ölçü baxımından ondan iki dəfə böyüyəm, həm də avadanlıqlarım daha bahalıdır.
Bir cüt vanna otağı arasında gedən bu söhbətə qarışmamaqdan ötrü yataq otaqları bir ağızdan dilləndilər:

– Bütün bunların təqsirkarı – Otakdır! O, tam suvanana qədər gərək hamımız səbrimizi basaq. Bunun ardınca rəngsaz və xarratlardan ibarət briqada gələcək – onlar bütün işi bir həftəyə, uzağı iki həftəyə bitirər. Elektrik ustası isə elektrik açarlarını və rozetləri quraşdıracaq. Odur ki, bu mübahisəmiz yersizdir. Bizdə görüləcək işlər isə xırda-xuruş sayıla bilər.

Əslində bu üç yataq otağının – “Kiçik” ləqəbli balaca otağın, “Orta” ləqəbli ortahal otağın və “Böyük” ləqəbli iri otağın – arası ona görə saz idi ki, hər üçünün əvvəlcədən bir yataq otağı kimi nəzərdə tutulan Otakı görən gözləri yox idi. Ancaq neyləyəsən?! Onun barəsində, yəni layihəyə sonradan əlavə edilmiş bu otaq barədə ideya son anda (əgər ev tikintisi üçün bu söz ümumiyyətlə keçərlidirsə!), yəni ev yiyəsinin: “Gəlin, qarajın üstünə bir mərtəbə də artıraq və oranı anam üçün yataq otağı edək” – təklifindən sonra ağıllara batmışdı.
Tikintinin iş icraçısı ciddi görkəm alaraq xatırlatmışdı: “Baxın, həmin otaq digər otaqlarla ortaq divara sahib olmayacaq. Bircə o pilləkən meydançasındakı sahədən başqa. O otağın altında isə sərin bir qaraj yerləşəcək. Amma bunun da nəyi qarajdır axı?! Həm dardır, həm də narahat. Ora heç maşın da sığmaz. Onu bəzi əşyaları saxlamaq üçün kiçik anbara çevirə bilərsiniz. Bir halda ki, qarajda israr edirsiniz, qoy siz deyən olsun! Ancaq daha bir yataq otağı inşa eləmək də sırf sizin seçiminizdir. Ancaq nəzərə alın ki, o yataq otağı yayda bürkülü, qışda isə soyuq olacaq”.
Otak evin digər otaqlarına səsləndi:

– Məndən bəhs edirsiniz belə?

Birinci və ikinci mərtəbələrin arasında yerləşən bu otağa dar bir meydançadan girilirdi və bu yer birinci mərtəbədən ikinciyə qalxan pilləkənin baş ucunda idi. Bu “Otak” sözünün özüylə bağlı işləndiyini son üç həftədə fəhm eləsə də, o, hər dəfə öz adını eşidərkən hələ də səksənirdi. Çünki bu adın qəzəb, ya da istehza çalarıyla işləndiyinin fərqində idi. Hər səfər özüylə bağlı qınaqlar eşidəndə: “Eyb etməz, buna da alışaram” – deyə özünə təskinlik verərdi.

– Bu otaqların hər birinin adını sən gərək çoxdan əzbərləyəydin. Xüsusən də öz adını. Axı sən başqalarından üstün biri deyilsən, – deyə Konak nəsihətamiz bir tövrlə ona dedi. Qonaq otağının səsi qısıq olsa da, xeyli dərinlərdən gəlirdi, ancaq buxarının borusu sayəsində bu səs, eynilə şəhər darvazaları yanında səhərçağı qarovul rəisinin sıra düzülüşü zamanı öz əsgərlərinə verdiyi əmr kimi, evin bütün guşələrinə yayılırdı.
Bu qənaətlə Keçit də tam çılğınlıqla razılaşdı:

– Haqlıdır, gərək çoxdan buna alışaydın!

Digər otaqlar kimi, dəhliz də Konakdan qorxub-çəkinirdi: axı Konak bu evin ən iri və bahalı tərzdə döşənən guşəsi idi. Onu bəzəməkdən ötrü təkcə mebel sifarişinə bir ətək pul xərclənmişdi, satın alınan və divardan asılacağı günü gözləyən tablolar da ucuz sayılmazdı. Keçiti ən çox cırnadan isə bu evə qədəm qoyan hər kəsin mütləq qaydada Konakın o qapı boşluğuna heyranlıqla boylanması idi, bəziləri isə birbaşa qonaq otağına baş çəkməklə, oradakı gözəlliyə öz heyranlıqlarını uca səslə dilə gətirirdilər (otağa girişin kənarları solğun füruzəyi naxışlarla bəzədilmişdi. İlk baxışda naxışlar bəsit görünürdü, ancaq baxışların iki-üç saniyə boyu bunlara zillənəndə başa düşürdün ki, naxışlardakı bu solğunluq qonaq otağının sirli pərdəsini xəfifcə aralamaqdan ötrü imiş). Dəhliz təlaşla düşünürdü: “Eh! Kaş ev sahibi mənim də döşəməmə bahalı bir xalı sərəydi, divardan isə ulu babasından yadigar qalan o qədim xəncəri asaydı, yoxsa təkcə elə o qonaq otağıdır bu el-aləmin dilinin əzbəri. Bir də ki mən divarlarıma naxış vurulmasını istəmərəm, axı onlar gələnləri məhz qonaq otağına cəlb edərlər”. Bu mebellər, tablolar və köhnə xəncər barədə isə o, ev sahibi ilə xanımının söhbəti əsnasında xəbər tutmuşdu.

Otak elə hey car çəkmək istəyirdi ki, bu evdəki bütün otaq və guşələrin adını bilir, bəzən digər otaqlar arasında gedən söhbətlərə qoşulmamasını və təşvişə qapılmasını da o, özünü təzəlikcə bu evin bir parçası saymağa başlaması ilə izah edirdi. Hə, özünü xeyli naqolay hiss edirdi. Çünki o, yəni Otak, ümumiyyətlə mövcud olmamalıydı. Aydın məsələdir ki, bu ev elə qalan otaq və məkanlar hesabına da keçinə bilərdi. Bu səbəbdən də o, özünü yetərincə əmin hiss eləmirdi. Ev sahibinin sırf öz anası, hamının “nənə” adlandırdığı ağbirçək qadın üçün mövcud evə bitişik əlavə otağı niyə tikdirməsindən də Otak agah deyildi (halbuki bu qərar hamını cırnatmışdı). Ancaq həyat məhz belədir və onu olduğu kimi qəbul eləmək daha məsləhətlidir. Əgər bu otağın da digər məkanlarla yan-yanaşı mövcudluğu uyğun görülmüşdüsə, deməli, bu, elə belə də olmalıymış.

Evin bütün məkanlarının bu otağın tikilib, başa çatdırılacağı anı gözlədiyini öyrənincə, Otak lap səbirsizləndi. Həm də qalan otaqlardan daha betər daralmışdı səbri, çünki evdəki bütün otaqlar mebel və digər avadanlıqların yerləşdirilməsinə, demək olar ki, hazır vəziyyətə gətirilmişdi (vanna otaqlarında isə bunları artıq quraşdırmışdılar). Həm də ev əhlinin yolunu səbirsizliklə gözləmələrinə rəğmən, digər məkanlar Otakın tamamlanmasını vacib sayırdılar. Konak vaxtaşırı təkrarlayırdı: “Bircə o çatmırdı ki, tamamilə vecəyaramaz bir məkanın tozu-torpağı gəlib, mənim bahalı mebellərimin üstünə qona. Xeyr, bağışlayacaqsınız! Yaxşısı budur, gözləyim”. Əgər insan övladı olsaydı, o, elə özü də yorulmaq bilmədən kərpic daşıyar, palçıq qarışdırardı, gecə-gündüz demədən çalışardı ki, tikinti bir an əvvəl bitsin. Amma hərdənbir şükür edirdi: nə yaxşı ki, insan deyil o – yoxsa bunca buyruğa və irada əsla davam gətirməz, başını götürüb, bu evdən qaçardı. İkincisi (və bu xüsus daha önəmli idi), nənənin buraya gözlənilən gəlişi idi onu təlaşlandıran.
Otakda pəncərə quraşdıran fəhlələrin söhbətindən isə öyrənmişdi ki, bugünlərdə ev sahibinin anası tikintini görməyə gələcək. Ağbirçək üçün tikilən bu otaqda quraşdırılan ilk şey məhz bu pəncərə idi. Qonşularının ona qarşı səsləndirdiyi iradlara rəğmən, məhz küçəyə açılan bir pəncərəyə sahib olmasından Otak hədsiz dərəcədə məmnun idi: axı bütün bu evdə Otak yeganə məkan idi ki, nəinki küçəni görən bir pəncərəsi vardı, həm də bu pəncərə küçənin lap dibindəydi, səkidən cəmi iki metr yarım yüksəkdə yerləşirdi.

İndi Otak ev sahibinin maşından enən ağbirçək anasının bir kənardan bu evə necə tamaşa edəcəyini xəyalında canlandırır və həyəcana qapılırdı. Çox yəqin, qadın öz otağının hansı tərəfdə yerləşdiyini oğlundan xəbər alacaq, onun küçəyə açılan pəncərəsi olduğunu görüncə isə bir uşaq qədər sevinəcəkdi. Bir də Otak təsəvvürünə gətirirdi ki, ağır addımlarla həyətin dəmir darvazasına yanaşanda belə, qarı nənə gözlərini həmin o pəncərədən heç cür ayıra bilməyəcək.
Hamı bu ağbirçəyə “nənə” deyirdi. Bu sözdən ətrafa bir ilıqlıq və xoş rayihə yayılırdı. Otaka elə gəlirdi ki, əlindəki toxumasıyla kresloda əyləşən bu qarının övladlarıyla öz xatirələrini bölüşdüyünü, ya da nəvələrinə şirin nağıllar danışdığını görür artıq. Otak düşünürdü: “Əgər ev sahibi anasının fotosunu indidən divardan assaydı, nə yaxşı olardı! Onda işim yüngülləşərdi!” Ancaq sonra ağlına batdı ki, divarın biri hələ tam suvanmayıbsa, onda bu cür baxımsız bir yerdən öz anasının şəklini asmağı kim rəva bilər axı?!”

Özünün evdə canlanmağa başlayan həyatın bir parçasına necə döndüyünü Otak gündən-günə daha aşkar şəkildə sezməkdə idi. Sözügedən məqam bu otaqda hər gün azı üç fəhlənin işləməsiylə əsla əlaqədar deyildi, bu, həm də Otakın öz ətrafında və qəlbində baş verənlərlə bağlı sürəkli düşünüb-yaşadıqlarından qaynaqlanırdı. Digər otaqların özünə qarşı münasibətindən, onların çığır-bağırından və deyingənliyindən, əlbəttə ki, canı sıxılırdı. Amma bu da qulağıbatmış kimi oturmaqdan daha yaxşı idi! Otak düşünürdü: “Onların mənə qarşı münasibəti gec-tez dəyişəcək. Həm də mütləq! Çünki aralarında təkcə mən küçəyə açılan pəncərəyə sahibəm. Bu isə təkcə mənim üçün yox, bütün bu ev üçün ətraf aləmə açılan bir göz deməkdir. Mən isə gördüyüm hər şeyi mütləq başqalarıyla bölüşəcəyəm. Beləcə, biz hamılıqla, yəni birlikdə bəxtəvər olacağıq”.

Ağbirçəklə gözlənilən görüş onun qəlbini necə riqqətə gətirirdisə, Otak sanırdı ki, onun qəlbi haradasa buralarda – ya kərpiclərin arasında, ya da beton döşəmənin altında döyünür və həmin qəlbin döyüntüləri ilə öz otağına bir an əvvəl köçməyə tələsən nənənin qəlb döyüntüləri həmahəngdir. Qəfildən ağlına gələn fikir sonradan onun özünə necə ağlasığmaz görünmüşdüsə, onu başqalarıyla bölüşməyi hər halda özünə əsla rəva görməzdi. O, düşünürdü: “Zəlzələlər baş verəndə də, evlərin qəlbi güclü sarsıntılara davam gətirmədiyindən binalar yerlə-yeksan olur. Onda belə çıxır ki, biz də elə insanlar qədər canlıymışıq”.

* * *

Artıq beş gecədən çox idi ki, onun yuxusu ərşə çəkilmişdi – elə hey gəlib-keçən maşınların səs-küyünə qulaq kəsilir, baxışlarıyla onları qarşılayıb, yola salırdı. Ara-sıra o, ahıl yaşdakı insanların guya ipə-sapa yatmazlığı barədə fəhlələrin dediklərinə də şahid olurdu. Bəs birdən o qoca qarı da gecənin bir aləmi bu evə baş çəksəydi, necə olacaqdı?

Otak artıq, demək olar ki, hazır idi. Geriyə bircə sonuncu divarın suvağını bitirmək, qapını yerinə taxmaq, suvaq təbəqəsinin üstünə hansısa duru məhlulu yaxmaq, divar kağızlarını yapışdırmaq, tavanı rəngləmək, radiatoru quraşdırmaq və balaca sayılsa da, o gözoxşayan çilçırağı tavandan asmaq qalırdı. Sonra isə... Hə, sonra isə otağa mebel, geyimlər və bəlkə hələ televizor da gətiriləcəkdi. Ev sahibəsinin hazırda yaşadığı mənzildən öz köhnə əşyalarını gətirməsi də maraqlı olasıydı. Bəs birdən o, öz uşaqlıq dövründən qalan əşyaları bura gətirsə, necə olacaq? Yəni köhnə sandığın qoxusu çökən geyimlərindən nələrisə və oyuncaqlarını bura gətirsə? Bəlkə də o qədim sandığın elə özünü gətirəcəkdilər bura. Nənənin şəxsi əşyalarına baxaraq, Otak onun keçmişinə dair öz təxminlərini yürüdə biləcəkdi.

Bərbəzəkli, bəzən də niyə bunca ağır olduğu anlaşılmayan paltarlarla dolu şifonerin, (otaq sahibəsinin istəyinə bağlı olaraq, enli və ya dar) çarpayının, aynalı bəzənmə masasının, içi bahalı zinət əşyaları və ucuzvarı bijuteriya ilə dolu mücrünün haraya qoyula biləcəyini otaq öz xəyalında götür-qoy edirdi. Qarşıdakı macəralarla bağlı intizar Otaka güc-qüvvət verirdi deyə, öz divarlarına ağır və nəmli palçıq məhlulunun sıçradılması onun heç vecinə, ya da sən deyən vecinə deyildi, baxmayaraq ki, iyun bürküsü bu nəmi xüsusi amansızlıqla buxara çevirirdi.

Suvaq qatı sürətlə quruyub-bərkiməsin və vaxtından əvvəl çatlamasın deyə, iş icraçısı onun hər saatbaşı isladılmasını fəhlələrə tapşırmışdı. Hələ bir də onun bu otağı necə hikkəylə süzdüyünü görəydiniz! Fəhlələrin hay-küylü, kəskin söyüşlərlə müşayiət olunan söhbətlərinə də dözməyə məcbur idi Otak. Ancaq o, öz gələcəyinə boylana bilirdi, özünün necə yar-yaraşıq qazanacağını, gec-tez fərqli, indikindən daha maraqlı bir yaşam tərzinə qovuşacağını bildiyi üçün bunlara qatlaşırdı. Bu səbəbdən də hər cür məşəqqətə dözməyinə dəyərdi.

Hələ küçəyə baxan divar hörülməmişdən də o, özünü bir otaq kimi hiss edirdi. Hər günü sevinc və əyləncələrlə dolu olan dörd-beş yaşlı uşaq kimiydi Otak: ən adi, ucuzvarı hədiyyəni də dəyərli bir şey sanır, özünün bu sonuncu divarına hörülən hər kərpicə hədsiz sevinirdi. Kərpiclərin keyfiyyəti və onların gətirildiyi daş mədənlərinin uzaqlığı barədə fəhlələr arasında gedən söhbətlərə diqqətlə qulaq verirdi. Ancaq kərpiclərin daşındığı o qəribə yer adları ona heçcə nə demədiyindən, o, bütün kərpicləri yüksək keyfiyyətli sayır, tikintinin bir an əvvəl bitməsini arzulayırdı.

* * *
Nənənin, ən nəhayət, yeni evlə tanışlıq üçün gələcəyi günü gözləməkdən fəhlələrin də, otaqların da gözünün kökü saralmışdı. Axır ki, o qızmar iyun günü gəlib, yetişdi. Ta səhər açılandan bəri bütün otaqlar nənənin məhz bu gün evə təşrif buyuracağını deyib, dururdular. Həm də bu söhbət Konakın hədsiz narazı sözlərindən sonra başlanmışdı. Qonaq otağı sakit və yekəxana bir əda ilə demişdi:

– Böyük şey olub – nənə gələcəkmiş! Hamı necə əl-haya düşübsə, deyərsən ki, bəs general əsgərlərin sıra düzülüşünə baxmağa gələcək! Şəxsən mən onu öz qoynumda görməkdən zərrəcə məmnun olmaram. Son nəticədə mən – bir qonaq otağıyam, istənilən evdə bircə dənə qonaq otağı olur və o, digərlərindən daha önəmli məkan sayılır, çünki bütün maraqlı olaylar məhz orada yaşanır. Axşam saatlarında televizora baxmaqdan ötrü bütün ailə ora toplaşır, gün ərzində görüb-eşitdiklərini də orada bölüşürlər. Həm adi, həm də ən hörmətli qonaqları burada ağırlayırlar.

Konak nənəni bir general ilə müqayisə eləyəndə Otakı gülmək tutdu: “Halbuki indi onun özü də digər otaqlara təlimat verərmiş kimi danışır”.
Konakın dedikləriylə bağlı mətbəx dodaqaltı nələrsə donquldansa da, heç kəs onu dəstəkləmədi. Buxarısının tüstü borusu sayəsində bu qonaq otağı üç yataq otağını da isindirirdi deyə, onlar Konakdan hədsiz dərəcədə asılı idilər. Əslinə qalanda, heç mətbəx də Konaka qarşı müxalif mövqe tutmurdu: bilirdi ki, qonaq otağında iri masa qurulandan sonra, çox yəqin ki, o otaq nüfuzlu qonaqların yeyib-içəcəyi əsas məkana çevriləcək.

Keçit adlanan dəhliz çılğıncasına Konakın tərəfini tutdu:

– Heç mən də onun üstümdən keçməsini istəməzdim, sadəcə buna iqtidarım yetməz. Çünki evə qədəm qoyan hər kəs məndən keçib-getməyə məcburdur.
Yataq otaqları sevincək halda və bir ağızdan dilləndilər:

– Biz isə ondan artıq imtina eləmişik, çünki qadın evin sonradan artırılan qismində yatacaq. – Bunun ardınca gülərək, sözlərini belə tamamladılar: – Otak isə ümumiyyətlə yataq otağı sayılmır.

Süni heyrət sərgiləyən Keçit istehzalı tərzdə dedi:

– Doğrudan?! Mən onu da bir yataq otağı zənn edirdim.

Yataq otaqları Otakı dalamaq üçün qətiyyətlə dedilər:

– O – ağbirçək qadın üçün zavallı və müvəqqəti bir sığınacaqdır sadəcə.
Ara qızışdırmaqda usta sayılan Konak qət elədi ki, alovu tədricən azalmaqda olan bu mübahisəyə təzə çır-çırpı atmağın tam vaxtıdır, odur ki, dedi:

– Hə, əkizlər, bəs sizin hansınız o ağbirçəyin qulluğunda duracaq?
Konakın bu sualı Aşak və Yuxak adlı vanna otaqlarına ünvanladığı hamıya yaxşı bəlli idi.

Süni bir əda və heyrət ilə qur-qur edən Yuxak:

–“Əkizlər”? – deyib, sözünə davam eləmək istəsə də, Aşak buna imkan vermədi. Alt mərtəbədəki bu vanna otağı öz təklifini səsləndirdi:

– Gəlin, nahar üçün çörək almağa kimin gedəcəyi barədə qərara gələ bilməyəndə fəhlələrin seçdiyi üsuldan yararlanaraq, biz də püşk ataq.
Bayaq təklifi qəribçiliyə düşən mətbəx dodaqaltı donquldandı:

– Çörək almağa getmək əvəzinə, onların evlərindəcə zəqqumlanmaları daha məsləhətlidir.
Yuxak Aşakı sancdı:

– Görəsən o püşkü necə atacaqsan sən? Sikkəni çırtmayla havaya atacaqdın, yoxsa kibrit çöpünü sahib olmadığın ovcunda gizlədəcəkdin?!
Aşak səsini yüksəltdi:

– Guya sənin özünün ovcun var ki?!

– Hə, mənim də ovcum yoxdur. Ancaq səndə olmayan bahalı avadanlıqlar məhz məndə quraşdırılıbdır. Elə buna görə də fəhlələrə məhz səndən yararlanmaq tapşırılıb!

Bunu deyən Yuxak acı-acı güldü. Bu gülüşü birillik fasilədən sonra axıra qədər açılan, diametri bir neçə santimetrlik krandan gurlayan, özündən əvvəl isə boruda yığılıb-qalan təzyiqli havanı qovub-çıxaran paslı suyun axışına bənzətmək olardı.
Alt qatdakı vanna otağı buna veriləcək bir cavab aradığı anlarda Yuxak barışıq mövqeyi tutaraq dedi:

– Həm də o ağbirçək üçün sənin səviyyənə enmək hər halda mənim yanıma qalxmaqdan daha asan olar.
Tamamilə öz içinə qapanmağa hazırlaşan Aşak qəfildən özünün ucuzvarı kafelləriylə göz qamaşdırdı:

– Əgər qadın mənə baş çəksə, onda dönüşdə mütləq yenə Otaka qayıdacaq və belədə o, təkrar pilləkənlə yuxarı qata qalxmağa məcbur qalacaq. Axı Otak bu iki mərtəbənin arasına dürtüşdürülüb!
Pıqqırdayan su kimi qabaran Yuxak, ona elə təzəcə cavab verməyə hazırlaşırdı ki, Konakın zabitəli səsi eşidildi:

– Bəsdir də heyvərəlik etdiniz! Ağzınızı boşuna qoyduğunuz yetər! Mən bu qərara gəlirəm: əgər evin yiyəsi fəhlələrin yuxarıdakı vanna otağından yararlanmasını uyğun görmürsə, deməli, nənə də aşağı qatdakı vanna otağından istifadə edəcək.

Keçit razılaşdı:

– Müdrik qərardır.

Üç yataq otağı eyni anda dərindən köks ötürdü, vanna otaqları Aşak və Yuxak isə susmağa üstünlük verdilər. Bu evin sakinləri arasında nənənin hansı xətir-hörmətə sahib olduğunu Konak anlayır və hər vəchlə ağbirçəyi aşağılamağa çalışırdı, Otakın isə bütün bunların fərqində idi. Özünün hər iki vanna otağı ilə ortaq kanalizasiya xəttinə malik olduğunu bilirdi deyə, Konakın aldığı qərarın müzakirəsi əsnasında hər hansı fikir bildirməkdən çəkinən Mətbəx dilləndi:

– Hər şeyin təqsirkarı Otakdır! Əgər o, meydana çıxmasaydı, aramızdakı bunca çəkişmə də yaşanmazdı.
Yataq otaqları yenə də bir ağızdan dilləndilər:

– Necə də haqlısan, Mətbəx. Bax, görürsünüz, üçümüz belə rahat dil tapdığımız üçün bizim qoynumuzda o nənəyə yer ola bilməz.
Konak sözləri uzadaraq dedi:

– Hə-ə, siz hələlik dil tapırsınız. Mən sizlərə yaxşı bələdəm. Bütün ailə bura köçdükdən sonra görəcəm, necə şikayətlənəcəksiniz.
Eşitdiyi bu söhbətdən Otakın canına bir vicvicə düşdü. Əgər ağlamağı bacarsaydı, indi hönkürərdi, ancaq gücü sadəcə ona yetdi ki, divarlarına çəkilən təzə suvağın üzəri tər təbəqəsiylə örtüldü. Bəlkə də digər otaqlardan uzaqda yerləşdiyi üçün bu cür xoşagəlməz dedi-qodular onun qulaqlarına heç gəlib-çatmazdı. Ancaq, qonaq otağı başda olmaqla, qalan otaqlar bilərəkdən uca səslə danışırdılar. Üstəlik, Otakın qapısı hələlik yerinə taxılmamışdı, divardakı qapı boşluğundan isə, fəhlələrin uca səslə danışmalarına baxmayaraq, az qala bütün səslər, hətta aşağı mərtəbədəki vanna otağının durmadan damcılayan kranının səsi də ona gəlib çatırdı – bu üsulla Aşak öz acı taleyindən şikayətlənirdi.

Otak bu cür “xoşagəlməz” söhbətləri eşitməməyi daha uyğun sayırdı, ancaq istər-istəməz digər otaqlardan qulağına gəlib çatanları da dinləməyə məcbur idi: ancaq, demək olar ki, həmişə nəzərləri küçənin o biri başına, ev sahibinə məxsus maşının istənilən an zühur edəcəyi yerə dikilirdi. Öz vəziyyətinin çıxılmazlığının fərqində idi o və yaşadığı ömrün sadəcə bir nənə sayəsində nəinki dözülən olacağı, hətta dolğunluq qazanacağı fikriylə də özünə təsəlli verirdi.
Gündüz vaxtı fəhlələrin əksər qismi nahar fasiləsinə çıxdı. Mətbəx növbəti dəfə öz narazılığını dilə gətirmək istəsə də, bir az mürgüləməyi uyğun bilən digər otaqlar tezcənə ona təpindilər. Mətbəxə qahmar çıxmağı düşünən Otak demək istəyirdi ki, onsuz da tezliklə fəhlələrdən canı qurtulacaq, bunun ardınca mətbəx cürbəcür ədviyyatların və ləziz təamların ətrinə, uşaqların şux söhbətlərinə, nənənin müdrik öyüdlərinə qucaq açacaq – ağbirçək unudulmaqda olan xörəklərin reseptlərini də, yəqin ki, hələ xatırlayar. Ancaq deyəcəyi hər sözün ətrafındakılar (xüsusilə də Konak) tərəfindən süngüylə qarşılanacağını bildiyi üçün belə davranmağa onun cürəti yetmədi. Susub durdu və onların küçələrinə tərəf burulan maşınlara göz qoymağına davam elədi.
Tanış maşına gözü sataşan Otak sevincək səsləndi:

– Nənə gəlir!

Konak yarıyuxulu səslə donquldandı:

– Hə, nolsun axı?!

İndiyədək ilk dəfə səsini bunca yüksəltdiyinə Otak özü də məəttəl qalmışdı.

Maşın darvazanın önündə dayandı. Aşağı enən ev sahibi keçib, arxa qapını açdı. Ağbirçək bir qadın tələsmədən aşağı endi.
Öz-özlüyündə: “Əcəb yaraşıqlı qadınmış! İndiyədək mən heç belə yaraşıqlı nənə görməmişdim” – deyə düşünən Otak öz qənaətinə gülümsəməli oldu, axı bu, onun həyatı boyu gördüyü ilk nənə idi. Nisbətən dolu bədənə malik qadın bəstəboy idi. Qısa kəsilən bəyaz saçları səliqə ilə yığılmışdı və onun bədirlənmiş Ayı xatırladan üzünü bir halə misalı əhatələmişdi. Bu üzü Otak fəhlələrin vaxtaşırı süfrələrinə qoyduğu iri şokoladların üzlüyündə təsviri olan qızcığazınkına bənzətdi, çünki onun da sadəlövh gözləri və dəyirmi bir çöhrəsi vardı. Həyatda hələ çox şeyə şahid olmayan Otak da bilirdi ki, ahıl insanların mütləq bir yeri ağrıyıb-sızlayır. Ancaq nənənin balaca bir qızın çöhrəsinə xatırladan üzündən ağrı-zad oxunmurdu...

Otak heyrətləndi: “Ancaq alicənab və güclü xarakterli qadının bu yaşda belə üzü, çöhrəsi ola bilər”. Ağbirçək qadının geyimi, bahalı sayılmasa da, zövqlü idi: onun tünd boz rəngli, sərbəst biçimli şalvarı, polad rəngindəki ipək köynəyi, badamı çalara malik pencəyi, fil dişi rəngindəki, qayıqvarı və alçaqdabanlı çəkməsi, həmin ayaqqabılara uyğun xırdahal əl çantası bir-birini tamamlayırdı. Qadın bir qədər kənara çəkilməklə, evə bütövlükdə nəzər saldığı zaman onun baxışlarının öz otağının küçəyə baxan pəncərəsindən yayındığını sezən Otakın az qala ağlı başından çıxacaqdı.

Otakın qəlbini sıxan məqam nənənin öz baxışlarını ona tərəf heç yönəltməməsiydi və belə anlaşılırdı ki, bütün bu binada pəncərəsi küçəyə baxan yeganə otağın məhz anasının yataq otağı olacağını ev yiyəsi bu qadına hələlik açıb, deməmişdi. Beləcə məlum oldu ki, nələrsə Otakın təxmin elədiyi məcrada getməyib, buna görə də o, əsas nəticəni, yəni nənənin bu evdə məskunlaşacağı anı təmkinlə gözləməyə başladı. Düşünürdü ki: “Hələlik mən səbrimi basa bilərəm. Dözməliyəm. Hər şey mümkündür”.

Evin cavan sahibi qadın üçün darvazanı açdı. Ağbirçək tələsmədən həyəti gəzib-dolaşdı, ağaclarla bağlı oğluna suallar verdi, lap pəsdən ondan daha nələrsə soruşdu.

Nənə ilə bağlı nə isə deməyə çalışan otaqlara bəlli idi ki, onlar bunu yalnız və yalnız Konak ürəyini boşaltdıqdan sonra edə biləcəklər:

– Elə gəzib-dolaşır, deyərsən yerin yiyəsidir bu! Mən bir şeyi anlamıram ey: ahıl insanlar axı niyə təzə binalara köçməliymiş, hə?!
Otak bu fikrə qarşı etiraz eləmək istədi, ancaq cürəti çatmadı, çünki otaqlardan heç birisiylə münasibətlərini korlamaq istəmirdi. İynəli sözlərə, hətta aşağılamalara görə də hər kəsi əfv eləməyə hazır görünürdü o. İndi ondan ötrü ən vacib şəxs – nənə idi! Əsas məsələ isə – onun, ən nəhayət, gəlib, Otakda məskunlaşması idi.
Qonaq otağına yaltaqlanan Keçit dedi:

– O, mənim üzərimdən keçib-getməsin deyə, hər şeyə hazıram, sadəcə bunu necə edəcəyimi bilmirəm.
Ağır addımlarla evin giriş qapısına tərəf yönələn qadını oğlu müşayiət edirdi. İş icraçısı onların üzünə qapını açıb, salamlaşdı:

– Xoş gəlmisiniz, xanım!

Bu təzə evdə qadının dilindən qopan ilk sözlər: “Salam əleyküm!” – oldu. Bu kəlmələri bütün ömrü boyu unutmayacağından Otak artıq əmin idi. Ən əvvəl geniş qonaq otağına baş çəkməsiylə qadın dəhlizi hədsiz dərəcədə cırnatdı. Orada buxarıya nəzər saldı. Çöhrəsində dolaşan ifadə evin onun könlünə yatdığından xəbər verirdi. Sonra o, vanna otağına daxil oldu, oradan çıxarkən pəsdən, amma xeyli səlis tərzdə öz iradını bildirdi:

– Deyəsən, içəridəki əlüzyuyanın altından su sızır. Güclü olmasa belə, bütün hallarda o sızmanın qarşısı alınmalıdır.
Arxa tərəfdə dayanan iş icraçısı dilləndi:

– Alarıq. Santexnikimiz bu gün iş başındadır və hazırda yuxarıdakı vanna otağında bəzi avadanlıqları quraşdırır.
Vanna otağından çıxan qadın mətbəxə üz tutdu.
İçəri girincə, o, fəhlələrə: “Nuş olsun!” – dedi. Onlar nahar yeməyini artıq tamamlamaq üzrə idilər.
Yerlərindən qalxan fəhlələr pərakəndə halda, amma bir ağızdan: “Sağ olun” – dedilər.

Elektrik təklif elədi:

– Sizin üçün çay süzümmü? Təzədəm və kəklikotulu çayımız var.

– Yox, sağ olun, siz heç narahat olmayın, – deyən ağbirçək əlüstü mətbəxi tərk elədi. Oğlu ilə iş icraçısı yenə onun ardınca düşdülər.

– Bəs indi hara baxaq, bala?

– Yuxarı qalxaq, yataq otaqlarını da sənə göstərim.

Təzəcə lak çəkilən səthini inşaat tozu örtməsin deyə, bozumtul kağızla sarınan taxta məhəccərdən sol əliylə tutan qadın bir az gücənərək, ikinci mərtəbəyə qalxdı. Pilləkən meydançasında ikən anasını qabaqlayan oğul nənənin otağına, yəni Otaka, birinci qədəm qoydu. Gülümsəyərək otağın ortasında ayaq saxladı, ağbirçək qadın isə yan tərəfləri yaxın günlərdə suvanan qapı boşluğuna əlləriylə dayaq verdi. Bir qədər məzəli tərzdə oğlundan soruşdu:

– Mərtəbələr arasında pusquya yatan bu məkan nədir belə? Eynən ağacın sıx budaqları arasından asılan sığırçın yuvasını xatırladır.
Otakın təpəsinə sanki soyuq su əndərdilər: “Axı necə ola bilər ki, o, məni – öz otağını tanımasın?!”
Cavan ev sahibi özünü itirdi və çəkingən tərzdə dedi:

– Bura sənin otağın olacaq. Yataq otağın.

Qadının buna hansı cavabı verəcəyini təyin etməkdən ötrü Otak diqqətlə qadını süzürdü. Özündən nə isə, daha doğrusu, nəhs bir şey uydurmayan otaq hələlik donub qalmışdı və buranın sahibəsi olacağı düşünülən qadının təpkisini gözləyirdi.
Ağbirçək dəqiqləşdirmək üçün soruşdu:

– Mənim yataq otağım?
Onun bu sualında həm heyrət, həm də çətinliklə sezilən bir narazılıq çaları sezilirdi. Qadın əllərini qapı boşluğundan çəkdi, ovuclarına yapışan qurumuş suvaq tikələrini təmizlədi, sadə çərçivəli gözlüyünü düzəltdikdən sonra diqqətlə oğlunu süzdü. Söhbətin müşkül olacağı nənənin baxışlarından da anlaşılırdı.
Cavan oğlan özünü itirdi. İndi, yəni bu dar macalda bir bəhanə uydurmaq, özünə haqq qazandırmaq mənasız idi deyə, o, qısaca cavab verdi:

– Hə.

– Əzizim, sənə elə gəlmirmi ki, bura belə bir cür, yəni qəribə otaqdır? Əndirəbadidir? Elə təsəvvür yaranır ki, o, ümumiyyətlə bu evə bir yamaqdır.
Qonaq otağından qəhqəhə səsi yüksəldi. Adətən yekəxana davranan Konak sakit tərzdə danışardı, ancaq onun bu gülüşü evin digər otaqlarını da çaşqın duruma saldı. Digər otaqların karıxıb qaldığını görən Konak nisbətən təmkinli bir səslə sözünə davam elədi:

– Mən axı sizə demişdim ki, bu Otaka aramızda yer yoxdur. Yuxarı mərtəbədəki yataq otaqları da haqlıdırlar – Otakı otaq saymaq olmaz, o, olsa-olsa, zəhər tuluğu və xəstəhal bir qarı üçün miskin bir sığınacaqdır.
Qonaq otağının bu sözlərinə digər otaqlar xısın-xısın gülüşdülər, yataq otaqları isə özlərini daha betər dartıb-durdular. Otak bundan sarsıldı, ancaq o, hələ də vəziyyətin düzələcəyinə müəyyən ümidlər olduğunu güman edirdi.
Ev sahibi özünü təmizə çıxartmağa çalışdı:

– Amma, anacan, bu otaq hələlik tam hazır deyil. Bütün suvaq-boya işləri bitdikdən sonra o, tamamilə fərqli bir şəkil, görkəm qazanacaq. Axı aşağıdakı otaq sənin könlünə yatmışdı. Bu otağı biz yaxın günlərdə tikib-tamamlamışıq, bu səbəbdən də səndə yanlış təəssürat yarandı. Məncə, bu xudmani otaq xeyli rahat olacaq. Bax, bu pəncərə isə düz küçəyə baxır – evdə ikinci belə pəncərə yoxdur.
Qadın bu səfər də öz şagirdinin səhvini yaxalayan ibtidai sinif müəlliməsi kimi danışmağa başladı:

– Görürsən ki, haqlıymışam. Bu – yamaq, calaq otaqdır. O, yerli-dibli olmaya da bilərmiş.
Cavan oğlan gözlərini yerə dikdi. Oğlunun tutulduğunu görən qadın buna məhəl qoymadan sözünə davam elədi:

– Amma bu, heç ikinci mərtəbə də sayılmır, eləmi?
Cavan oğlan astadan, amma kəskin şəkildə iradını bildirdi:

– Sənin hətta buraya da yorğun-arğın qalxman indi diqqətimdən yayınmadı. Onda hər gün dəfələrlə ikinci mərtəbəyə sən necə qalxarsan?!

– Amma bu heç birinci mərtəbə də sayılmaz. Belə çıxır ki, bu bapbalaca otağı iki mərtəbənin arasına güclə pərçimləyibsiniz, – deyərkən dodaqlarında istehzalı təbəssüm dolaşan ağbirçək başını buladı. – Bəs yuxarıda nə var? Yataq otaqlarıdır?

– Hə, orada bizə, oğullarımıza və qızımıza aid üç yataq otağı yerləşir.
Qadın susdu. Yaranmış bu qəliz vəziyyətdən bir çıxış yolu tapıbmış kimi, qəfildən cavan oğlan sevincək dedi:

– Əgər indi baxıb, onlardan hansınısa bəyənsən, qoy səninki olsun. Qalxaq yuxarı, öz seçimini elə. Vanna otağı da ora yaxındır.
Ev sahibinin bu təklifini eşitcək, üç yataq otağının üçü də az qaldı huşunu itirə. Bir-iki saniyə sonra santexnikin içində hələ də qurdalandığı üst qatdakı vanna otağından ətrafa yayılan boğuq su səsi onları özlərinə gətirdi. Bayılmaqdan qurtulan yataq otaqlarının bir-birinə dikilən baxışlarında dəhşət ifadəsi donmuşdu. Əgər qadının hansı otağı seçəcəyinə dair verdiyi cavab bir az da ləngisəydi, yəqin bu otaqlar söyüş yağdırmağa başlayacaqdılar.

– Yox, mən o otaqların heç birində yaşayan deyiləm. Çünki onları sən özünüz və balaların üçün tikibsən.
Daxilən yüngülləşən yataq otaqları köks ötürüb, razılıq dolu baxışlarını bir-birinə zillədilər.
Ancaq cavan oğlan ondan əl çəkmədi:

– Bilirsən, ağlıma hansı fikir gəldi? Bəlkə biz qonaq otağında müəyyən guşəni ayırıb, orada sənə otaq düzəldək?
Bu yerdə qonaq otağı necə qeyzləndisə, onun bir divarına söykədilən və ayaqları qəribə bir tərzdə əks səmtlərə yönələn bəyaz nərdivan yerə aşdı. Ancaq sonra, yəni anlayanda ki, bu əzazil qadın oğlunun təklifiylə razılaşsa, onun iki qismə bölünməsi qaçılmaz xarakter qazanacaq, Konak lap ruhdan düşdü. Digər otaqlar onu məsxərəyə qoymağa hazırlaşırdılar ki, qəfil dayandılar:

– Yox, qonaq otağına da heyfim gəlir. Onun bütün gözəlliyi elə genişliyindədir, qoy necə varsa, elə də qalsın.

– Sən ümumiyyətlə burada yaşamağı düşünürsənmi?

– Bilmirəm… Məncə, yox… Bilirsən, oğlum, əvvəlcə sənin varlığının yada salınmadığı, sonradan isə təsadüfən xatırlandığı üçün tez-tələsik, həm də iki mərtəbənin arasında nə olduğu anlaşılmayan bir otağın uydurulduğu bir evdə mən yaşamaq istəməzdim. Bu səbəbdən də son nəticədə gərəksiz bir adam üçün vecsiz bir otaq zühur edib burada. Razıyam, mən nə cavanam, nə də yetərincə sağlamam, ancaq yenə də hər barədə özümə baxacaq haldayam. Köhnə mənzilimdə qalmam daha məsləhətlidir, rahatlığım da pozulmaz. Nə inci, nə də məni naşükür biri say… Belə-ə… Bu yeni evinizdə sizə xoşbəxt və firavan bir həyat arzulayıram. Məni isə, oğlum, indi öz köhnə evimə apar.

Bu sonuncu cümləni ağbirçək gülümsəyərək desə də, bunda eyni zamanda həm qüssə, həm ağrı, həm də inciklik çaları vardı...

Qadının bu gedişinə evin bütün otaqları, alt mərtəbədəki vanna otağı da sevindi, baxmayaraq ki, santexnik onun xarab kranının təmirinə hələ başlamamışdı. Otak isə hələ də ümid bəsləyirdi ki, nənə yenə öz fikrini dəyişə bilər. Ancaq ev sahibi geri döndüyü vaxt onun bütün ümidləri yerlə-yeksan oldu. Kişi otağa girib, yanaşdığı pəncərənin önündə bir az dayandı, əsəbi halda yumruğunu pəncərə rəfinə çırpdıqdan sonra iş icraçısına səsləndi:

– Buradakı işləri təcili bitirmək lazımdır. Bu işləri sən o qara fəhlələrdən birinə də tapşıra bilərsən. Buna görə ustaları işdən ayırma. Qoy onlar başqa otaqları və mətbəxi tamamlasınlar.

– Bəs elektrik işləri necə olsun?

– İşıq açarlarını və rozetləri quraşdırsınlar. Məftillərin uclarını isə açıq saxlamaq olmaz, bu – təhlükəlidir.

– Yaxşı, bəs isitmə batareyaları necə olsun? Boruları, demək olar ki, döşəmişik, – deyən iş icraçısı artıq dil-boğaza qoymurdu – nənə üçün ayrıca otağın tikintisiylə bağlı o qəribə, həm də gecikmiş ideya ta əvvəldən bu adamın heç könlünə yatmamışdı.

– Batareya-zad lazım deyil. Anam bu evə köçməkdən imtina elədi. Hə, daha bir şeyi deyim – divar kağızlarını da yapışdırın, getsin. Ucuzvarı olsun. Döşəməyə də çox vaxt itirməyin, mən biləni, digər otaqlara sərf olunmayan bir az taxta qalmalıydı evdə.

– Anladım. Bəs qapı?

– Hətta heç kəs yaşamasa belə, bəyəm qapısız da otaq olar?! – deyən ev sahibinin üzündən əsəbilik və suçluluq ifadəsi yağırdı.

Elə həmin gün yeniyetmə şəyird o sonuncu divarın suvaq işinə girişdi. İlk dəfəydi ona belə bir iş tapşırırdılar. Palçığı fərli hazırlamamışdı, yəni suyu lazım olduğundan bol qatmışdı. “Ustalığına” tərif yağdırmaqdan ötrü digər ustalar hərdənbir ona baş çəkirdilər, o da palçığı mala ilə divara necə çırpırdısa, sıçrantıları dörd tərəfə yayılırdı – bilinmirdi məzə üçün belə davranır, yoxsa ki sırf hikkəsindən. Nəticədə Otakın divarları idbar alına bilərdi, ancaq axşamüstü ora gələn suvaq ustası xüsusi lövhə ilə o divardakı nahamarlıqları düzəltdi. Bütün gecə uzunu həmin divar puçurlanıb, durdu. Bunun səbəbi ya palçığa bol su qatılması idi, ya da Otakın ağlaması...

***
İki ay sonra bütün ailə – ər-arvad, bir cüt azyaşlı oğlan və qız – bu yeni evə köçdü. Belə köçdən öncə və məlum adətə görə, böyüklər və uşaqlar neçə-neçə mağazaya baş çəkdilər. Bu sayədə onlar, demək olar ki, bütün otaqları bacardıqca döşəməyə nail oldular. Qədim xəncəri ev sahibi gətirib, dəhlizdəki xırdahal xalçanın üstündən asdı. Bu evdəki ən qədim əşya məhz ona nəsib olduğu üçün Keçit özünü göyün yeddinci qatında hiss edirdi. Çünki “evgördü”yə gələn qonşular da sırf bu xəncərə tamaşa etməkdən ötrü mütləq dəhlizdə ayaq saxlayır, yalnız bunun ardınca qonaq otağına yollanırdılar.

Bu ailə yadigarının dəhlizdə nümayiş etdirilməsi öz təsirini bariz şəkildə göstərirdi. Konak (gah buxarı vasitəsiylə dərindən köks ötürməklə, gah pəncərələri laybalay açıb, lay çərçivəni zərblə yan divara çırpmaqla) nə qədər əlləşsə də, qonaqların dəhlizdə ləngiməsinə mane ola bilmirdi. Digər otaqlardan fərqli olaraq, artıq Keçit qonaq otağı qarşısında “quyruq bulamağına” da son qoymuşdu. Hətta o, özünü bu evin ən önəmli məkanı elan etmək barədə də düşünürdü, çünki evə girən hər kəs dəhlizdən yararlanmağa məcbur idi.

Qonaqları qarşılayıb, yola salarkən Keçit özündənrazı davrananda Konak bu sözlərlə onu dalamağa çalışırdı:

– Divarların hər nə qədər bəzədilsə də, sən həmişə bir keçid olaraq qalacaqsan. Heç kəs səndə ləngiyən deyil. Divarından o xəncərin asılması da qorxunc bir səhvdir.
Günlərin bir günü ev sahibəsinin uzaq qohumu bu evə baş çəkməsəydi, bəlkə dəhliz yenə də bu cür qalmağına davam edəsiydi. Yüngülvarı şam yeməyindən sonra bu səksən yaşlarındakı şələbığ kişi ev yiyəsindən soruşdu:

– Bəs o xəncəri niyə dəhlizdən asıbsan?

– Siz ki ulu babamı tanıyırdınız. Xəncər mənə ondan yadigar qalıb. Bu əşya sadəcə bahalı deyil, həm özünə görə tarixçəsi var, həm də göz oxşayır. Onu bir şkafın küncündə gizlətməyə mən gərək duymadım.

Qonaq gülümsədi:

– Heç mən də onu gizlətməni rəva görməzdim. Amma qonaqları divardan asılan xəncərlə qarşılamaq – əsla qonaqpərvərlik nişanəsi sayıla bilməz. Bu, məntiqə ziddir. Hər şeyin öz yeri var axı.

Bunun səhərisi xəncər qonaq otağındakı buxarının üstündəki divara vuruldu. Öz sevincini ört-basdır eləməyə çalışan Konak qonağın dünən dediyi sözləri az qala laqeydliklə təkrarladı:

– Hər şeyin öz yeri var axı, – dedikdən sonra o, ağayana tərzdə əlavə elədi: – Bu dünyanın düzəni əzəldən belədir və o, əsla dəyişməz.
Konakın budəfəki atmacaları dəhlizə hər hansı təsir göstərmədi, buna görə qonaq otağına zərrəcə acığı tutmadı, çünki o, evdə görülən işlərdə özünün iştirakı barədə düşünürdü və ümumilikdə götürəndə, evdəki rolundan məmnun idi. Qonaqları ən birinci qarşılamaq da, onlarla ən son xudahafizləşmək də Keçitin bəxtinə düşmüşdü.

Bu evdə yaşayanların və qonaqların qışda öz üst geyimlərini dəhlizin divarına vurulan asılqandan asmalarında, yayda isə beysbol kepilərini oradakı papaq rəfinə qoymalarında pisə yozulacaq nə ola bilərdi axı?! Ən müxtəlif çəkmələr – ataya aid olan və adətən təmizliyi ilə göz qamaşdıran, uşaqlara məxsus olmaqla, palçığı üstündəcə quruyan və ananın son dəbli, hündür dabanlı çəkmələri – divarın girintili qismində qurulan o şkafın ən alt rəfində yanaşı düzüləcəkdilər.

Ev sahibəsinin sırf bu dəhliz üçün bəyənib-aldığı, həm də gözəl çərçivəli bir aynanı usta elə dünən bu qapının sağ tərəfindəki divardan asmışdı. Onun alt qismindəki rəfə isə açarlar və hər cür vacib xırda-xuruş qoyulasıydı. Qışda yağan ilk qarın papaqlarda və yaxalıqlarda içəri gələn qismini də məhz onun qarşısındaca çırpacaqdılar… Özünü xoşbəxt sayması üçün Keçit bir xeyli səbəb düşünüb-tapmışdı və artıq heç kəs, hətta bu evdə özünü başqalarından xeyli üstün tutan birisi belə, onu seçdiyi mövqedən nə daşındıra, nə də onu məsxərəyə qoya bilərdi.
Bir daha cırnatmaqdan ötrü Konak ona səsləndi:

– Nə dərin fikrə gedibsən, ay uğursuz?

– Çox hörmətli Konak, düşünürəm ki, mən sizin zənn elədiyiniz qədər uğursuz biri sayılmaram. Həyatda hərənin özünə xas bir yeri olduğundan hər kəs məhz öz yerində ikən gərəkli və vacibdir, – deyən Keçit azca susub, sözünə davam elədi:

– Bu dünyanın düzəni əzəldən belədir və o, əsla dəyişməz.
Konakın bu dikbaşlığından hiddətlənən Konak dişlərini qıcadı:

– Filosofa bir bax!
Səhərdən-axşamacan çalışan Mətbəx öz ünvanına səslənən iradları qulaqardına vururdu, çünki vanna otaqlarının hər ikisi suyun hədsiz israfından şikayətçi idilər, həyətdə oynadıqları vaxt oğlanlar gah meyvə, gah qutab, gah da bir dilim çörək götürməkdən ötrü vaxtaşırı mətbəxə qaçırdılar deyə, dəhlizdəki döşəməni gündə bir neçə dəfə silib-süpürmək lazım gəlirdi. Yaxın vaxtlara qədər fəhlələrin “qəribə” bir yağla bu məkanda necə ət qızartdıqlarını Mətbəx artıq yerli-dibli unutmuşdu. Axı indi bu otaq ta səhər açılandan bəri ləziz qoxular və şirin söhbətlər ilə dolub-daşırdı. Gün uzunu burada həyat qaynayırdı. Hətta gecələr də mətbəxin şirin yuxusuna haram qatanlar tapılırdı: gah oğlanlardan biri səssizcə, ayaq barmaqlarının ucunda ora baş çəkirdi ki, iki-üç konfet çırpışdırsın, gah da ikinci oğlan gəlib, konfetləri sayır, özüylə onlardan bir neçəsini götürür, yerdə qalanların yarısını isə başqa şkafda gizlədirdi. Bəzən ev yiyəsinin özü, səs salmaqdan ehtiyatlanaraq, ehmalca bura gəlir, içi saysız-hesabsız boşqab və bankalarla tıxcanan soyuducudan axşamdan qalan dolmayla dolu qazanı götürüb, stulun kənarında əyləşməklə, bunlardan iki-üçünü atışdırırdı.

Mətbəx özünə aid bütün qab-qacağı sevirdi – həm plastik nimçələri, həm dəmir süzgəcləri, həm yanmanı önləməkdən ötrü səthinə xüsusi təbəqə çəkilən sondəbli tavaları, həm də divarları yuxarıya doğru daralan köhnə və ağır qazanları (ev sahibəsi bunları əzizləyərək, nəvazişlə “qazançalar” adlandırırdı). Buradakı hər bir fincanı, stəkanı, nəlbəkini, su qədəhini, çəngəl-bıçağı o, yəni Mətbəx, nəinki tanıyır, hətta bunların hər birinin olduğu dəqiq yeri də bilirdi. Bunlardan mətbəxin könlünə ilk yatan isə çuqundan hazırlanmaqla, qalın divarlara malik, kənarları yüksək və iriölçülü tava idi. Bu qabda adətən ev sahibəsi özünün “badımcan dolması” adlandırdığı o misilsiz təamı bişirirdi.

Ev sahibəsinin dolma bükməsinə tamaşa edərkən Mətbəx az qalırdı bayıla. Hətta bir dəfə bu tamaşaya necə dalmışdısa, oğlanlardan kiçiyinin ehtiyatsızlıqdan xırda bir fincanı necə yerə salıb, sındırdığı da gözündən yayınmışdı. Buna necə heyranlıqla baxmayasan axı?! Masaya tünd ametist daşı rəngdə badımcanlar, al qırmızı pomidorlar və zümrüdü rəngli bibərlər düzülürdü. Xudmaniliyi və qüsursuzluğu baxımından bütün bu tərəvəzlər böyük diqqətlə seçilirdi. İçlik üçün nəzərdə tutulan ət qiymə maşınından keçirilirdi (ət nə çox yağlı olmalıydı, nə də tam yağsız): Mətbəx köhnə qazandan eşitmişdi ki, keçmişdə bu içlik əti xüsusi dəhrə ilə narın hala salırmışlar, bu səbəbdən ona hələ də “quşbaşı ət” deyilir.

Narın doğranmış soğanla qarışdırılan quşbaşı ət vam odda qovrulduğu anlarda havaya sarıkök, darçın və daha neçə-neçə ədviyyatın xoş rayihəsi yayılırdı: ev sahibəsi tərəvəzləri pörtlətdiyi dəmlərdə Mətbəx bunların adını öyrənməyə də macal tapasıydı. Boyuna iki qismə ayrılan badımcanlar xəfif qızardılır, saplağı təmizlənən pomidorların, zədə görməsin deyə, zərif daxili divarları, iç ləti, habelə şirəsi çay qaşığı ilə ovulub çıxarılır, bibərlərin isə saplaq qarışıq “qapağı” kəsilir, tumları alınırdı. Ev sahibəsi hazır qiyməni səliqə ilə tərəvəzlərin içinə doldurduqdan sonra onları o iri tavanın içinə düzürdü, aralarına reyhanın yaşıl və bənövşəyi yarpaqlarından qoyur, ən sonda isə qaba iki qaşıq da ərinmiş yağ tökürdü. Ardınca vam odun üstündəki tavanın üstünü ağır qapaqla örtürdü. Ancaq bu təama xas rayihənin ətrafa yayılmasına heç o ağır qapaq da mane ola bilmədiyindən, o, ehmallıca evin bütün guşələrinə yayılmağa başlayırdı. “Bu, bəxtəvər yaya, bitməkdə olan yaya xas bir rayihədir” – deyə düşünən Mətbəx rəngləriylə gözoxşayan bu təamın qoxusu bütün evi başına götürərsə, öz bəxtəvərliyinin azalacağından hələ təşvişə də qapılırdı, ancaq sonradan dərk eləyirdi ki, daha böyük xoşbəxtliyə qovuşmaqdan ötrü əgər əlindən heçcə nə gəlmirsə, onda ən azından gərək bəxtinə düşənlə kifayətlənəsən.

Bütün ailənin süfrə başına toplanması səhnələrinə tamaşa eləməyi o, necə də sevirdi! Belədə ailə üzvlərinin əlləri tamamilə ağlagəlməz yönlərdə hərəkət edir, sanki hamılıqla mürəkkəb bir işin icrasına köklənirdilər; süfrədə dilimlənmiş çörək bitincə, növbə əsasən oğlanların sevimlisi sayılan nazik lavaşa gəlirdi. Duz və bibər qabları isə yeməyi dada gətirməyə daima hazır vəziyyətdə idilər. Masanın bir kənarında həmişə sous qabları sırayla dururdu (nardan və zoğaldan çəkilənlər də daxil, bunlar adətən beş çeşid olurdu, ancaq hamısının adını yadda saxlamaq da müşkül məsələ idi) və ev əhlindən kim isə yeməyinə dad qatmaq istəsəydi, bunlar tez onun köməyinə yetişəsiydi. Çəngəl-bıçaqlar və boşqablar, ən usta musiqiçilər kimi, ahəngdar səslər çıxarır, bir dənə də xaric notun səslənməsinə yol vermirdilər.
Hər ötən gün Mətbəx ev sahibəsinin aşpazlıq məharətinə daha yaxından bələd olurdu. Bir dəfə qadının əri bir yeşik zoğalla evə qayıtdı. Uşaqlar əllərindəki piyalələri bu tünd qırmızı meyvələrlə doldurub, həyətə üz tutdular. Mətbəx fikrə getdi: “Bəs niyə belə çox?! Yəni birdəfəyə bu qədər zoğal yemək olar?!” Evin xanımı meyvələrin əzik və xarab olanlarını seçib, ayırdı. Sonra isə bərq vuran mis ləyənə şəkər tozu və su tökdü, seçdiyi meyvələrin hamısını bu hazır şərbətin içinə boşaltdı. Meyvələrlə dolu o qatı qarışım şüşə bankalara doldurulanda Mətbəx anladı ki, bu tədarükdən qadının məqsədi nə imiş.

Ana uşaqlarına izah elədi:

– Bu, bizim qışlıq mürəbbəmizdir. O, soyuqdəyməyə faydalıdır, ancaq adam heç xəstələnməzsə, onda bu təamı sırf ləziz olduğu üçün yeyə də bilər.
Qızı maraqlandı:

– Bəs qışa badımcan dolmamız necə, olacaq?

– Bəlkə də olacaq, ancaq badımcanı elə yayda yemək daha xeyirlidir. Bilməmiş olmazsan, qışın da axı özünə görə yeməkləri var.
Mətbəx isə qış mövsümünə xas təamların necəliyini hələlik təsəvvürünə gətirmirdi. Deməli, qarşıda onu maraqlı kəşflər və yeni-yeni arzular gözləyirdi! İndilik isə o, mürəbbənin ətrini alan arıların içəri girməyə can atmasına baxıb, xoşhallanırdı.

Bir gün bütöv bir ailə – iki uşaqlı bir ər-arvad bu evə təşrif buyurdu. Əvvəlcə ev sahibi qonağa bütün evi göstərdi, sonra qonaq otağında oturan kişilər çay içərək, ortadan qatlanan taxta lövhənin üstündə bir oyuna başladılar: onlar elə hey zər atır, taxtanın üzərindəki ağ və qara rəngli yastıhal daşları ora-bura sürüdürdülər (bu barədə Mətbəx Konakın ötəri sözləri sayəsində xəbər tutmuşdu). Uşaqlar bu vaxt həyətdə oynayırdılar. Mətbəxə qapanan qadınlar ət qızardır, xəmir yayır, tərəvəzləri narın-narın doğrayırdılar – bir sözlə, geniş bir süfrə açmağa hazırlıq gedirdi. Adamları sayan Mətbəx düşündü: “Nahar süfrəsində düz doqquz nəfər olacaq. Bəs mənim o balaca masamın arxasında bunca adama necə yer tapılacaq?!”

Elə bu məqamda qonaq otağındakı iri ziyafət masası gəldi onun ağlına. Təxmin elədiyi xoşagəlməz şey baş verdi – səs-küylü yemək məclisi az sonra qonaq otağında baş tutdu. Konak yenə də özünü təkəbbürlü aparırdı – gah pəncərələri laybalay açmaqla, yelçəkər yaradır, beləcə, özünün ağayana tövrü ilə bir mənada bütün evə meydan oxuyurdu, onu sorğu-suala tutan digər otaqlara saymazyana cavablar verir, qonaqlarla bağlı öz təəssüratlarını isə sanki həvəssiz bölüşürdü.

Qonaqlar getdikdən sonra böyük oğul anasından soruşdu:

– Artıq bizim böyük evimiz var. Belə çıxır ki, bundan belə qonağımız da çox olacaq?

– Nə bilim, ay bala?! İndi böyüklərin başı işə-gücə qarışıb, uşaqlar isə məktəbə gedirlər. Vaxtaşırı qonaq getməyə adamların vaxtı haradaydı?! Ancaq bizim qapımız yenə də gələn hər kəsin üzünə açıq olacaq.

Ananın sözlərini eşidən Mətbəx: “Belə yaxşıdır. Mən də qonaqların gəlişindən məmnunam. Əsasən də, onlar az-az gələcəklərsə” – deyə düşündü və qət elədi ki, ev yiyələrinin öz müsafirlərini qonaq otağında qəbul etmələrinə də etinasız yanaşsın: “Qoy o acıdil Konak da hərdənbir özü üçün şellənsin, yoxsa onu bir yada salan tapılmır deyə, zavallının içini həsəd yeyir. Ancaq evdə təmizlik işi aparılanda, ya da ev sahibi ara-sıra televizora baxmaq istəyəndə oraya baş çəkir. Halbuki əvvəllər o, özünün hamıdan üstünlüyü barədə durmadan nələrsə hüdüləyib, durardı”.

Ailə bu evə köçəndən bəri vanna otaqları arasındakı mübahisələrə də son qoyulmuşdu. Ev əhli bunların hər ikisindən yararlanırdı, Aşak da, qonaqları çıxmaq şərtiylə, başqalarının ondan yararlanmamasından artıq xeyli dərəcədə məmnun idi. Qonaqların qulluğunda durmağı özündən ötrü hələ bir imtiyaz da sayırdı o – axı ev yiyələri buraya hər yoldan keçəni dəvət etməzdilər. Düzdür, hərdənbir oğlanlar arasında yuxarı mərtəbədəki vanna otağında bu dəfə hansının yuyunacağı barədə mübahisələr qopurdu, çünki orada duşdan əlavə, vanna da var idi və suyla dolu vannada adam kefi istəyən qədər qala bilirdi. Bu vannasızlıq Aşakı yamanca məyus edirdi, buna görə də yuyunduqdan sonra kimsə dolu vannadakı suyu boşaltdığı vaxt Aşak nümayişkaranə tərzdə əlləriylə qulaqlarını qapayırdı. Borular az sonra partlayacaqmış kimi, o, bundan cırnayırdı. Ancaq az sonra o da yeni bir avadanlığa – su masajı funksiyasına malik duş kabinasına yiyələndi və bundan sonra “əkizlər” arasında sarsılmaz bir sülh bərqərar oldu.

Evin sakinləri barədə az qala bütün təfərrüatları bildikləri üçün yataq otaqlarının başlıca əyləncəsi – dedi-qodu yaymaq idi. Bununla yanaşı, onların hər biri üçün ən yaxın və ən önəmli sirdaş öz daimi sakinləri idi. Məsələn, “Böyük” adı verilən valideynlərin otağı daima evin xanımını tərifləyir (hətta ona ev sahibindən daha artıq rəğbət hissi duyurdu) və tez-tez vurğulayırdı ki, pinti-pələş kişi öz pal-paltarını addımbaşı, həm də harada və necə gəldi atdığından qadın əsl zillət çəkir. Bir dəfə Otak kişinin corablarından bəhs edərkən sözündən belə çıxmışdı ki, həmin corablar ucbatından otağa başçatladan, dözülməz bir üfunət çöküb. Buna şahid olan birisi yəqin düşünərdi ki, illər uzunu pəncərələri qapalı qaldığından Böyükün havası bu cür ağırlaşıbmış. Hərçənd sonradan o, gülərək məsələyə dəqiqlik gətirmişdi:

– Düzünü desəm, mən onun corablarını iyləməyə heç cəhd göstərməmişəm – bəlkə də bu, sanıldığı qədər də qorxulacaq bir şey deyildir. Ancaq onları ora-bura atması və sonradan özünün də tapa bilməməsi danılmaz faktdır. Hər dəfə onları tapmaq üçün kişi xanımına ağız açır: “Corablarımı görməmisən ki? Corablarımı görməmisən ki?” Zavallı qadın! Neyləsin axı o?! Gedib balaları üçün qəhvəaltı hazırlasın, yoxsa bütün künc-bucağı dolaşmaqla, o andıra qalmış corabları axtarsın? Hələ oğlanları demirəm! Kiçik, sən onlara bir təpinsənə – yoxsa gah biri, gah da digəri vaxtaşırı mənim məkanıma soxulur və şkafdakı paltarların ardında gizlənir.
“Kiçik” adlanan xudmani yataq otağı uşaq səsiylə gileyləndi:

– Mənim əlimdən nə gələr ey?! Uşaqdan nə ummaq olar axı? Gizlənqaç oynayırlar da.

– Gizlənqaç? Əlbəyaxa dalaş nə vaxtdan “gizlənqaç” adlanır görəsən? Yoxsa böyük oğlanın gözünün altının göyərməsi də bu “gizlənqaç”ın nəticəsidir? – deyə qızcığazın yataq otağı olan Orta qız səsini yamsılayaraq, istehza ilə soruşdu.

Üzünə böyüklərə xas ciddi ifadə verən və bu zaman yetərincə məzəli görünən Kiçikdən belə cavab gəldi:

– Bilirsən, bu balaca qardaşın da səbrinin bir həddi var. Yazıq neyləsin axı?! Böyük qardaşı onu hərdənbir cırnadır. Bu, sizə də bəllidir.
Digər iki yataq otağı bir ağızdan: “Bəllidir” – dedilər.

– Bu böyük qardaş bir də görürsən deyir ki, pəncərə önündəki çarpayı onunkudur. Səhəri gün bəhanə gətirir ki, guya soyuqlayıb və çarpayıları təkrar dəyişməyi təklif edir. Beləcə, hər dəfə bir bəhanə uydurub, tapır. Balaca qardaş lap bezəndə, dərhal onun dərsini verir! Həm də bu dərsi necə verirsə, cavab zərbəsindən yayınmaq üçün bəzən özü qaçıb, şkafda gizlənir.

Valideynlərin yataq otağı etiraz elədi:

– Onda o, qaçıb, orta otaqda, Ortada gizlənsin də!
Qızı qorumalı olduğu üçün Orta adlı otaq buna etiraz elədi:

– Məndə?! Məndəki şkaf balaca, içindəki paltarlar isə seyrəkdirsə, o, harada gizlənəcək?! Həm də ki qızcığaz həmişə öz otağında olur. Çünki dərs oxuyur!
Kiçik yataq otağı ehtiyatla soruşdu:

– Qulaq as ey, Orta, o qız “başdan o məsələ” deyil ki?

– Bununla nə demək istəyirsən?

– Axı özün demişdin ki, qız bir həftə qara rənglə hansısa qadın rəsmləri çəkir, sonrakı həftə bunları silir və qırmızı rənglə təzədən çəkir. Bu bir az qəribədir axı.
“Orta” adlı yataq otağı fikrə getdi:

– Nə bilim ey, bəlkə də qəribədir, bəlkə də – yox. Axı bu yaşdakı qız uşaqlarının bir qütbdən digərinə, yəni gah qaraya, gah da qırmızıya adlaması adi haldır.
Kiçik yataq otağı öz tapıntısına özü də heyrətləndi:

– Ağıla gələn ilk sual da bu olur: “Bəs niyə o, ağ rəngə üstünlük vermir, hə?”

– Sən özün “başdan o məsələ”sən! Bu da guya psixoloq olub başımıza! Ona görə ki, lövhənin özü ağ rəngdədir! O da ağ təbaşirlə ağ lövhədə şəkil çəkəsi deyil ha! – deyən Böyük bu iki qonşu arasındakı söhbətə qoşuldu. Sonra nəyi isə xatırlayıb, soruşdu:

– Bura bax, qızcığaz o uzun paltarı neynirdi axı? O ağ-qırmızı çiçəkləri olanı deyirəm?
Sualdan yayınmağa ümidi kəsilən Orta, güclə də olsa, öz təəccübünü büruzə verdi:

– O hansı ağ-qırmızı çiçəklidir elə?
Səhnədəymiş kimi, Böyük qırıq-qırıq və uca səslə qəhqəhə çəkdi:

– Ha, ha, ha! Yoxsa qızın məndəki şkafdan götürdüyü, anasına məxsus paltarı tanımırsan sən?! Həmin şkafda qadın köhnə-kühnə paltarları saxlayır deyə, bu əməldən xəbər tutmadı. Nə yaxşı, qız da onu tezliklə qaytarıb, yerinə qoydu.

Üzrxahlıq edərmiş kimi, Orta dedi:

– Hə, anası evdə olmayanda qızcığaz o paltarı əyninə taxmışdı.
Qonşuluqdakı yataq otaqları bir ağızdan soruşdular:

– Axı niyə? O paltar qıza böyük gələr axı.

– Paltarı əyninə geyinib, ayna qarşısında özünü süzən qızcığaz əgər özü bunları dilinə gətirməsəydi, axı mən haradan öyrənərdim ki, ona hamilə qalarkən anası məhz həmin paltarı geyinirmiş?!

Böyük və Kiçik dilləndilər:

– Təsirli səhnədir.

Orta da təsdiqlədi:

– Razıyam.

Yataq otaqları hamılıqla susdular. Ən nəhayət, bu sükutu böyük yataq otağı pozdu:

– Bəri bax, bəs bu son vaxtlar sənin o şahzadə qızcığazın telefonla, həm də heç kəs eşitməsin deyə, xısın-xısın kimlə danışır elə?

– Kimlə? Nə bilim kimlə?! Yəqin rəfiqələriylə danışar da, – deyən Orta təkrar üzünə heyrət ifadəsi qondurdu.

Bu dəfə Böyük əvvəlkindən daha uca səslə güldü:

– Ha, ha, ha!

– A-a-a, yəqin bu, sinif yoldaşlarından bir oğlandır da. Zəng edir ki, ev tapşırığını soruşsun.

– Əşşi, hə! Əgər o, hər gün verilən ev tapşırığını qeyd eləyə bilmirsə, onun necə şagird olduğunu mən təsəvvür edirəm.

– Yaxşı! Lap elə bir oğlan zəng edib. Nolsun axı?! Bəlkə qızdan xoşu gəlir? Bunda pis nəsə var? Öz aralarında kitablar, filmlər, bilgisayar oyunları barədə danışırlar. Bunda necə, pis nəsə var?! – Bu yerdə Orta əlüstü xahiş-minnətə keçdi: – Bura bax, Böyük, çox rica edirəm, bu barədə qızın atasının yanında ağzından bir söz qaçırma ha. Diqqətli ol, yaxşı? Yoxsa mənim şahzadəm danlanar...

– İndicə nə dediyini heç özün eşitdin görəsən? Heç fərqindəsən dediklərinin?! Kişi evə gələn kimi bunları onun birbaşa qulağına, həm də çığıraraq desəm, heç bilirsən nə baş verər?

– Allah xətrinə, qorxutma məni! Nə baş verər ki?

Çəkdiyi qəhqəhədən Böyük yırğalandı:

– O baş verər ki, dediyimi yerli-dibli eşitməz. Sən indi bircə saniyəliyə təsəvvürünə gətir də: burada danışdıqlarımızı əgər ev sahibləri eşidə bilsəydi, əsl onda bu evdə nələr yaşanardı?! Canım-gözüm, insan övladları əmindirlər ki, “divarların da qulağı var”, ancaq onlar, Allaha çox şükür, heç fərqinə varmırlar və xəbərdar deyillər ki, divarların hələ dili də var, həm də bəzilərininki hədsiz uzundur...

O heyndə, demək olar ki, bütün otaqlar və onlarla birgə dəhliz, hətta anbar kimi yararlanılan qaraj da qəhqəhə çəkdi.
Gülüş səsləri səngiyincə, yaranan sükutu kiçik yataq otağı pozdu və bildirdi ki, yaxın günlərdə oğlanlar gecənin bir aləmində ata-analarının dilləşməsinə yuxudan oyanıbmış. Öz çarpayılarında oturmaqla, uşaqlar öz aralarında söz güləşdiriblər. Bu əsnada böyük oğlan atasının, kiçik oğlan isə anasının tərəfini tutubmuş.
Qüssəylə köks ötürən Kiçik vurğuladı:

– Buna rəğmən, onların heç biri istəməzdi ki, anası ağlasın.

Bu yerdə söhbətə qoşulan Orta böyüklər arasındakı mübahisə əsnasında hansı səhnəyə şahid olduğundan söz açdı:

– Onlar mübahisə edəndə mənim şahzadəm də xeyli gərgin olur. Elə bugünlərdə, valideynləri çənələşdiyi zaman, o, pəncərə qarşısında durub, acı göz yaşları axıdaraq, durmadan təkrarlayırdı: “Axı bu böyüklər uşaqların hər şeyi sezdiyini niyə diqqətə almırlar?!” Həm də axı uşaqlar öz ata-analarının, xüsusən də dilləşdikləri zaman, dediklərinə gizlicə qulaq asırlar.

Birinci mərtəbədən səs gəldi:

– Amma, Kiçik, sən də qan qaraltmağa cansan ha.
Bunu deyən qonaq otağının səsində bir qınaq sezilirdi.

* * *
Ev varlığını sürdürürdü… İlin bir mövsümü digəriylə əvəzlənirdi. Bura qonaqlar gəlib-gedirdi. Bayramlar və doğum günləri qeyd olunurdu. Mətbəxdə qayğanaqlar, sıyıqlar və tortlar bişirilirdi. Uşaqlar gah ora-bura cumur, gah da otaqlarına çəkilərək, dərslərini hazırlayırdılar… Ev öz varlığını sürdürürdü. Bəxtəvər idi. Özünə bənzər milyonlarla ev kimi, onda da həyat eşqi çağlayırdı. İçindəki bütün otaqlar, məkanlar razı və bəxtəvər görünürdülər. Hətta vanna otaqları Aşak və Yuxak da, bir-birinin ünvanına atmacalar atsalar belə, yetərincə şad-xürrəm idilər. Alt mərtəbədəki vanna otağının kranlarıyla bağlı ta əvvəldən müəyyən problemlər yaşanırdı, ora üçün daha bahalı kranlar və hidromassajlı duş kabinası alınmışdı deyə, o, artıq Yuxaka sən deyən həsəd aparmırdı. Konak haqlı idi: ailə üzvləri yerbəyer olandan sonra yataq otaqlarının da arası xeyli sərinləmişdi. Bununla belə, söz atmalarını hesaba qatmasaq, sən deyən dilləşmirdilər. Hərəsi öz sakinlərini öyüb, durmaqda idi. Ara-sıra, xüsusən də sakinlərdən hansı birisə problem yaşayanda, öz təəssüratlarını bir-biriylə bölüşürdülər.

Bu evdə hamı bəxtəvər idi. Bircə Otakdan başqa. Çünki onu ümumiyyətlə bu evdən biri saymırdılar. Otak anlayırdı ki, xoşbəxtlər bəxtəvərliyi məhz təkbaşına dadırlar. Nadir hallarda, çox nadir hallarda birlikdə bəxtəvər olmaq mümkündür. Bütün otaqlar hədsiz təkəbbürlü davranırdılar, sanki xoşbəxtlik – sırf fərdi həzzə hesablanmış nemət idi. Sanki o, bir dondurma idi: hər kəs onu tək yemək istəyir və başqalarıyla bölüşməyi əsla ağlına gətirmirdi. Qonşuları arasında gedən söhbətlərdən öyrəndiyi qırıq-qırtıq bilgilərlə kifayətlənirdi Otak. Hərdənbir onun qismətinə müəyyən diqqət və lütflər də düşürdü: məsələn, kimsə onun qapısını açıb, kandarda durur, sonra qapını bağlamaqla, çıxıb gedirdi. Ya kim isə yazqabağı evin bütün məkanlarını havalandırır, ya da uşaqlardan biri çəkdiyi rəsmi sırf məzə üçün qapının altından içəri itələyirdi.

Uşaqlar bu evi çox vaxt, xüsusilə də qışda, bir oyun meydançasına çevirirdilər, ancaq oyun əsnasında Otakda gizlənmək fikri onlardan heç birinin ağlına gəlməzdi. Tamamilə boş olan otağın axı harasında gizlənəsən ki?! Uşaqlar hətta öz kitab və oyuncaqlarını da ora qoymaq niyyətindən uzaq idilər, onları öz otaqlarında saxlayırdılar. Bu evə köçəndən bəri ev sahibəsi cəmi bircə kərə yolunu həmin otaqdan salmış, onda da karıxıbmış kimi çiyinlərini çəkmiş və bir daha bura uğramağa gərək duymamışdı.

Evdə həyat özünün kədəri və sevinci, lal sirləri və şux sağlıqlar ilə coşub-çağlasa da, Otakın tavanından sallanan patrona bir lampa bağlamaq yada düşmürdü. Adətən qışda, xüsusən də bu yerlər üçün nadir sayılan qarlı günlərdə təzə qarın qoxusu içəriyə dolsun və sazaqlı rüzgar otaqdan-otağa dolaşsın deyə, evin bütün qapı-pəncərələrini açırdılar. Otak arzulayırdı ki, kaş onun da qapı-pəncərəsi açılaydı, kaş o da təmiz qış havasını doyunca ciyərlərinə çəkəydi. Amma bu otağın könlündən keçənləri heç kəs anlamırdı, duymurdu.

Hər dəfə qartopu oynamaqdan ötrü uşaqların hay-küylə evdən çıxdığını eşidən Otak sevinc dolu səslərin bütün küçəni necə başına götürdüyünə tamaşa edirdi. Pəncərədən uşaqların şux əyləncələrinə göz qoyan Otak heyrətlə: “Evin balaca sakinləri necə də şirin və sevimlidirlər” – deməkdən usanmırdı. Atılan qartopu gəlib, pəncərəyə dəyəndə Otak sevincindən diksindi: “Yəni doğrudanmı kim isə mənimlə oynamaq fikrinə düşüb?” Ancaq onun bu sevinci uzun sürmədi. Qızın sərt səsi eşidildi:

– Ehey, ehtiyatlı ol! Yoxsa pəncərəni qırarsan!

Səs tembri dəyişərək qalınlaşmağa başlayan böyük qardaşdan buna cavab gəldi:

– Təsadüfən alındı. Bir də ki, qartopuyla pəncərənin qırıldığı harada görünüb axı?! Hətta şüşəsi qırılsa belə, onsuz da o otaqdan heç kəs yararlanmır ha.
Otak isə hələ də onlara tamaşa edirdi. Qalın qar örtüyünün içiylə çətinliklə yeriyən balaca oğlana dikilmişdi baxışları. Uşaq yaxınlaşıb, Otakın pəncərəsinə qar topu atdı. Bir az duruxandan sonra oğlan ona gülümsədi. Hə, hə, Otaka gülümsədi.

Bir dəfə evdə yaranan yelçəkər ucbatından Otakın qapısı ilə döşəməsi arasındakı yarığa bir vərəq gəlib, düşdü: miləmil dəftərdən qoparılan bu kağızın hər iki yanında qırmızı xətlər çəkilmişdi. Vərəqdə titrək uşaq əliylə “palto” sözü yazılmışdı. İlahi, Otak bu sözü yazan uşağı görməyi necə də arzulayırdı!
Bənzər hadisə bir kərə bütün ailə növbəti dəfə nənənin ziyarətindən gələndə yaşanmışdı. Uşaqlardan hansısa vərəqdə girdə üzə malik, başı kəlağayılı ağbirçək bir qadın rəsmi çəkmişdi. O rəsmin hansı yolla gəlib, bu otağa düşdüyünü bilməyə çalışan Otak narahat idi. Görünür, kimsə bu vərəqi məxsusi qaydada qapı arasından içəri salmışdı. O rəsm bir neçə gün boyu və ta kiçik oğlan bu otağa gələnə qədər döşəmədəcə qaldı. Ardınca içəri girən atası oğlana dedi ki, otaq soyuq olduğundan buranı dərhal tərk eləsin.

Oğlan soruşdu:

– Buranı isitmək olmazdı ki?

– Axı niyə?! Burada heç kəs yaşamır, isitmək isə əlavə xərclər tələb edir. Böyüyəndə bunları anlayarsan.

Səhəri gün istilik itməsin deyə, kişi qapı arasındakı yarığa əski tıxadı.

Bir gün böyük oğlan yemək hazırlamaq istəyinə düşdü. Məhz onda Otaka tərəf cuman ev yiyəsi onun pəncərəsini açmışdı ki, yelçəkər sayəsində bəlkə o üfunət dağıla. Qoxu həqiqətən də başçatladan idi və qonşu otaqlar da bundan hədsiz gileylənirdilər. Qoxudan tam qurtulmaqdan ötrü evi bir neçə gün havalandırmaq lazım gəldi. Ancaq məhz bu hadisə ev sahibini həm bu otağın kandarından içəri keçməyə, həm də onun pəncərəsini günlərlə açıq saxlamağa vadar elədi. Ömrünə yeni çalar qatan o üfunət Otaka özünün mövcudluğunu da xatırlatdı.

Bir dəfə isə kiçik oğlan Otaka girmək qərarına gəldi. Atası maraqlandı:

– Sən niyə bura can atırsan axı?

– Bu otağı görmək istəyirəm.

– Burada görüləsi nə varmış?!

Nənənin necə bir insan olması artıq Otakı heç narahat eləmirdi. İstəyir, lap yekəxana və şıltaq biri olsun. Özü pultdakı gərəkli düyməni basmaq iqtidarında olsa da, gözlüyü boynundan iplə asılsa da, qoy o, gözlərinin zəiflədiyini bəhanə gətirərək, televizorun kanalını dəyişməkdən ötrü öz oğlunu, gəlinini və ya nəvəsini köməyə çağırsın. Qoy içmədiyi çay soyuduğu üçün o, hər yarım saatdanbir çay istəsin, ya da köhnə adəti üzrə nimdaş corabları yamasın və evdəkilərə yırtıq corabları atmağı yasaqlasın.

Ahıl yaşdakı istənilən qadının xoş xatirələrə və acı məyusluqlara sahib olduğunu Otak onsuz da təxmin edirdi. Yəqin nənə də bu evin sakinləriylə öz xatirələrini paylaşacaqdı, Otak isə keçmişlə bağlı bu xatirələri öz canına hopdurunca, bunlar artıq onun özünə də məxsus olacaqdı. Əgər doğmaları bu ağbirçəyin xatirələrini dinləməkdən imtina eləsəydilər, o halda qadın öz-özüylə danışıb-dərdləşməyə məcbur qalardı. Belədə otaq nənənin hekayətləriylə dolub-daşardı və onun həyatı bu evdəki digər otaqlarınkından daha maraqlı keçərdi. Ancaq görünən o idi ki, bu arzu heç baş tutana oxşamır, bununla belə, Otakın içində ara-sıra zəif də olsa, bir ümid işığı şölələnirdi.

* * *
Bir bazar günü, səhər tezdən ana ev sahibinə zəng vurdu. Arvadı maraqlandı:

– Nəsə olub ki?

– Gedib, onu bura gətirməmi arzulayır.

Bunun belə olduğunu ən azından valideynlərin yataq otağı digərlərinə belə nağıl etmişdi. Ev sahibi gedib, anasını bura gətirənə qədər bütün ailə artıq oyanmışdı. İlk dəfə olduğu kimi, bu səfər də nənə əvvəl bağı dolaşdı, qonaq otağına baş çəkdi, mətbəxdə çay içdikdən sonra gülümsəyərək dedi:

– İndi də mən yuxarıya, öz otağıma qalxım, bir balaca dincəlmək istəyirəm.

Oğlu günahkarcasına dedi:

– Amma orada uzanacaq bir yer yoxdur axı. Həm də otağı tamamən toz basıb yəqin.

Ağbirçək heyrətləndi:

– Siz ora əl gəzdirmirsiniz ki? Həm də heç?
Bir anlığa Otakın sanki nəfəsi durdu. O, sevinc hissiylə qət elədi: “Yox, mən heç yanılmamışam!”

Oğlunun dərin çaşqınlığını görən qadın dedi:

– Eyb etməz, mən qalxım, gerisini biz orada danışarıq.
Məhəccərdən yapışmaqla, cəmi beş pillə qalxandan sonra qadın ayaq saxladı. Nəfəsi daralmışdı, əl hərəkətiylə bildirdi ki, qalxmağa davam edə bilməyəcək və oğlu aşağı enməkdə ona kömək eləsin. Ana-bala gəlib, qonaq otağındakı divanda əyləşdilər. Taqətsiz qadın qınayarmış kimi oğlundan xəbər aldı:

– Deməli, o otaqda indiyəcən heç kim məskunlaşmayıb?
Oğlu cavab verdi:

– Heç kim. Düşünürdük ki, əvvəl-axır sən geri dönmək fikrinə düşərsən.
Oğlunun yalan danışdığı qadına gün kimi bəlliydi. Odur ki, bic-bic gülümsədi:

– Amma sən özün də dedin ki, otaqda heçcə nə yoxdur.
Qadın güclə gülümsəyirdi. Cavan oğlan xəcalət hissinə qapılmışdı.
Gəlininin canıyananlıqla gətirib, divanın dirsəkliyinə söykədiyi iri yastığa başını söykəməzdən öncə qadın qısıq səslə dedi:

– Heyif.
Oğlu soruşdu:

– Nəyə heyfsiləndin?
Nənə cavab vermədi. Onların böyrünü kəsdirən balaca nəvə dilləndi:

– Yəqin otağa görə heyfsilənir.
Ev sahibi təəccübləndi:

– Adamın otağa necə yazığı gələ bilər ki?!

Bundan bir neçə gün sonra qadın bu dünyadan köçdü. Nənəsinin keçindiyi gecə qəfil yuxudan ayılan kiçik nəvə gizlicə Otaka baş çəkdi, alnını o küçəyə baxan pəncərəyə söykəməklə, için-için ağladı. Evdəkilərdən hələlik heç kəs bilmirdi ki, nənə əbədi yuxuya gedib artıq. Otaka elə gəldi ki, oğlanın axıtdığı bu göz yaşlarıyla əslində ağbirçək öz otağıyla vidalaşır və burada məskunlaşmadığı üçün ondan üzrxahlıq diləyir. Göz yaşları axıdan uşaq dedi: “Mən nənəmin ölməsini istəmirəm”. Bu, elə nadir anlardan biri idi ki, Otak özündə həyatı, onun kiçik də olsa, son dərəcə önəmli bir qımıltısını hiss elədi. Başını yırğalamaqla, Otak yenildiyi taleyin üzünə gülümsədi.

* * *
Nənənin yas mərasimi uzaq bir yerdə keçirilsə də, cənazəsi oğlunun evindən qaldırıldı. Buna qədərki bir neçə saat boyu isə nəşin olduğu tabut Konakın döşəməsində saxlanıldı. Evə elə hey adamlar gəlməkdə idi. Hamının üzündən qəm-qüssə yağırdı, hər kəs susurdu, danışarkən isə pıçıldaşırdılar. Konakın öz səssizliyini qoruması evin bütün otaqlarının diqqətini çəkmişdi. Buna rəğmən, içəri girib-çıxanların əlindən bezən Keçitin giley-güzarı heç kəsilmək bilmirdi. Hətta molla hansısa yad dildə dua oxuduqdan sonra tabut evdən çıxarılanda da, Konakdan səs-səmir çıxmadı.
Sonrakı günlərdə ev yiyəsinə başsağlığı verməyə gələnlərin ardı-arası kəsilmək bilmədi. Nənənin vəfatının yeddinci günündən sonra evə gəlib-gedənlərin sayı xeyli azaldı. Bütün o günlər ərzində, Keçidin şikayətləri hesaba qatılmazsa, sırf Mətbəxin bunca adam üçün aramsız çay dəmlənməsinə duyduğu təəccüb nidaları yüksəldi. Mətbəx hiddətlənirdi: “Bundan belə mənə aid məkanda yayın bütün ətirlərini özündə cəmləşdirən o badımcan dolması, xəfif zəfəran dadı verən və daz başları bəmbəyaz düyünün altından boy göstərən yumurtalı-şüyüdlü plov bişirilməzsə, bəs halım necə olacaq?”
Konakın isə səsi heç çıxmırdı. Hətta onun səsini çıxartmağa başladığı ilk günlərdə də bu səsdə hər hansı amiranəlik və zabitə çaları sezilmədi. Onun tam mənada bərpasına haradasa otuz-qırx gün lazım gəldi – görünür, şux məclislərə öyrəşən Konak heç ağlına da gətirməzdi ki, onun məkanında nə vaxtsa cansız bədən də saxlanar. Yeri gəlmişkən, ötən günlər ərzində evə başsağlığı verməyə gələnlər də fərqinə varmışdılar ki, qonaq otağındakı buxarıda bir çat əmələ gəlib. Qonşu otaqlar pıçıldaşırdılar ki, bu çat ya tabutu görüncə onun keçirdiyi qorxudan, ya da nənənin məhz qonaq otağında canını tapşırmaq fikrinə düşməsinə Konakın hiddətindən irəli gəlib: qonaq otağı səssizcə və vaxtaşırı içini çəkdiyindən buna dözməyən buxarı çatlayıbmış.

Üstəlik, qonaqlar da cürbəcür idilər: bəziləri bağa çıxıb, ağaclara nəzər salır, digərləri içdikləri çayı ağızucu tərifləyir, bir başqaları isə mərhuməyə yaxşı və qayğıkeş oğul olduğu fikrini ev sahibinə aşılayırdılar. Bununla yanaşı, qonaqlar əsla üst mərtəbəyə qalxmırdılar (və yuxarıdakı otaqlar bundan xeyli məmnun idilər). Təkcə orta yaşlardakı bir qadın pilləkənlə yuxarı qalxıb, Otakın qarşısında ayaq saxladı, otağın qapısını açdıqdan sonra önə doğru addım atmadan, üzünə qaşqabaqlı ifadə verərək, otağa göz gəzdirdikdən sonra sual elədi: “Ev sahibi öz anasına buranımı rəva görübmüş?!” Nənənin ölümündən kədərlənən Otak buna görə bir az da dərdə-qəmə batdı.

* * *
İyun günlərindən birində ev sahibinə bir məktub gəldi. Xanımını yanına çağırıb, məktubu əvvəlcə qonaq otağında oxumaq istəsə də, sonra bu fikrindən daşındı. Birlikdə ikinci mərtəbəyə qalxıb, öz yataq otaqlarına qapandılar. Bütün ev boyu ora-bura qaçışan, hələ hərdən həyətə də çıxan oğlanlar hansısa oyun oynayırdılar. Qızları isə resepti “dünyada heç kimin ağlına gəlməyəcək” ləziz bir təam hazırlamaq niyyətinə düşmüşdü. Bir sözlə, adi yay günü idi – adətən belə günlərdə hətta məşğul görünmələrinə rəğmən də, hər kəs qayğısız bir adam təəssüratı bağışlayır.
Ər ilə arvadın həmin məktubu ucadan oxumadığını və öz otaqlarına qalxdığını görüncə, Konak zabitəli tərzdə Böyükə səsləndi:

– Qulaqlarını şəklə ha, Böyük. Deyəsən, bunlara vacib bir məktub gəlib. Çünki onu aşağıda oxumağı uyğun görmədilər, bəlkə də uşaqların bunu öyrənməsini diləmədilər. İstənilən halda sən onların öz aralarında nə danışacağına qulaq ver.
Qapını arxalarınca örtən ər-arvad məktubu süzdülər. Ev sahibinin məktubu tutan əli, taqəti kəsilibmiş kimi, qəfil aşağı endi. Qadın karıxdığından başını əlləri arasına alan və əsəbi halda otaqda var-gəl edən ərinə göz qoyurdu. Qəfildən o, ayaq saxladı və əllərini sərt şəkildə havada yellətdi. Belə görünürdü ki, həmin an o, səsini başına atmağa hazırlaşır, ancaq arvadının ovcuyla göz yaşlarını sildiyini görəndə, səsi elə qırtlağındaca ilişib, qaldı. O, xanımına yanaşdı… Aralarında necə pəsdən danışırdılarsa, nəinki Böyük, hətta yəqin özləri də nə dediklərini eşitmirdilər.

Otaqlar məktubda nədən bəhs olunduğunu öyrənmək üçün əldən gedirdilər, çünki böyüklərin davranışları nə isə xeyli önəmli bir şey baş verdiyini göstərirdi.
Səbir kasası daşan qonaq otağı maraqlandı:

– Hə, nə var orda? Nə barədə xısınlaşırlar?

Böyük təəssüf hissiylə dilləndi:

– Mən heçcə nə eşidə bilmirəm.

Konak hiddətlə ona dişlərini qıcadı:

– Deməli, qulaqlarında nə isə bir problem var. Bəlkə onda qapını açasan? Qoy orada danışılanları başqaları, yəni qonşuların eşitsin.

– Mən qapını necə açım axı?! Həm də aça bilsəydim, dərd yarıydı – kişi qapını açarla kilidləyib. Gördüyüm qədəriylə, ikisi də hədsiz təlaşlanıb, amma qısıq səslə danışırlar. Pıçıldaşırlar. Sanıram nəinki mən, hətta özləri də bir-birini eşitmir. Etdikləri tək şey – deyilənləri təkrar bir-birindən soruşmaqdır.

– Bu cür yetkin insanlar özlərini dərin təlaşa salan bir xəbər alanda, axı necə pıçıldaşa bilərmiş?! Bənzər durumlarda səbirləri daraldığı üçün onlar hayqırmalıydılar axı.

Yataq otağı buna:

– Ola bilsin… – deməyə hazırlaşırdı ki, ev sahiblərinin otaqdan çıxmaq istədiyini gördü və dedi: – Buranı tərk edirlər.

Yolboyu bu cütlüyü bütün otaqlar və məkanlar – əvvəlcə yuxarıdakı vanna və üç yataq otağı, sonra isə Mətbəx, Keçit və alt qatdakı vanna otağı – narahat baxışlarla süzdü. Başqalarından fərqli olaraq, təkcə Konak özünü daima elə aparırdı ki, guya öz təmkinini tam qoruyur. Ev yiyələri əvvəlcə həyətə, ardından isə küçəyə çıxdılar.

Bu məqamda Konak ağayana tərzdə Otaka üz tutdu:

– Sənin o bircə pəncərəylə də bəxtin əcəb gətirir ha! Gör, neyləyirlər orada?

Ər ilə arvad darvazanın qarşısında gəzişirdi. Kişi əl-qolunu ölçərək, nələrsə deyirdi, qadın isə göz yaşlarını silməkdən ötrü ara-sıra ovcunu üzünə tərəf aparırdı. Yoldan keçənləri görüncə, bu cütlük ayaq saxlayıb, susurdu. Bütün bunlar yarım saata qədər sürdü. İndiyədək Otak bu ailənin həyatına məhrəm sayılmamışdı və onda həmin həyatdan hər hansı əsər-əlamət də yox idi, ancaq digər otaqlarla müqayisədə o, həyatın nəbzini daha dəqiq tuturdu. İndi o da anlayırdı ki, digər otaqların keçirdiyi təşviş əsassız deyilmiş və qarşıdakı nəhs günlər onların hamısını çulğaya bilər… Ancaq bu barədə söz açmağa cürəti yetmirdi, çünki özünə də, başqalarına da acıyırdı.

Hər beş-altı dəqiqədən bir Otak eyni cümləni təkrarlayırdı:

– Onlar küçədə var-gəl edirlər.

– Mən demişdim də, o məktubda vacib bir şey yoxdur. İnsanların başına hər cür iş gələ bilər, ancaq bu o demək deyil ki, bizlər də buna baxıb, hədsiz təlaş keçirməliyik. Bəzən insanlar öz evlərini satırlar, orada əvvəlkindən daha zəngin bir sahib peyda olur, – deyən Konak özünü çoxbilmiş kimi göstərsə də, səsindəki köhnə arxayınlıq qeybə çəkilmişdi.

Otak isə fərqli düşünür və susmağa üstünlük verirdi.

Evə qayıdan ata övladlarına səsləndi:

– Uşaqlar, hazırlaşmaq lazımdır, buradan getməliyik.

Qızı soruşdu:

– Bəs mənim özəl nahar təamım necə olsun?

Qızının gözlərinin içinə baxmağa cürəti yetməyən ana:

– O, sonraya qalsın, – dedi. Ananın bu cavabının ardınca bütün evə anlaşılmaz bir qüssə çökdü. Bayaqdan bəri dəcəllik edən, o otaq sənin, bu otaq mənim qaçışan oğlanlar da ciddiləşdilər, səssizcə gedib, öz xudmani çantalarını yığmağa başladılar. Qız isə hamıya vəd elədiyi o “ləziz nahar” üçün hazırladıqlarını da özüylə götürdü.

Bütün ailə üzvləri susurdu. Evin otaq və məkanları da həmçinin. Konak da, hamı kimi, susur, ara-sıra bacası sayəsində, həm də əvvəlkinə nisbətən fərqli bir tərzdə içini çəkirdi. Evi sonuncu tərk edən kiçik oğul oldu. O, lal-dinməz bütün otaq və məkanları birbəbir dolaşdı. İkinci mərtəbədən enərkən, Otakın qapısını açıb, içəriyə göz gəzdirdi və: “Salamat qal, nənəmin otağı” – deməsiylə bütün evi heyrətə gətirdi.
Otakın qapısını isə o, açıq qoydu.

* * *
Ailə evi tərk etdikdən sonra buradakı bütün otaq və məkanlar əvvəlcə pıçıltıyla təxminlərə qapıldılar, Konakın köhnədəki kimi öz varlığını nəzərə çarpdırmadığını görüncə isə, ev əhlinin buranı belə tələsik atıb-getməsi barədə qızğın fikir yürütməyə girişdilər. Söhbətin üçüncü günündə əgər Konakın zəhmli səsi yüksəlməsəydi, bəlkə də bənzər dedi-qodular öz-özünə də səngiyəcəkdi:

– Gələcəkdən heç nəyi gizləmək olmaz. Vaxtı gələndə biz o səbəbi öyrənərik.

Havasızlıqdan əziyyət çəkən Keçit gileyli tərzdə maraqlandı:

– Bəs o gələcək haçan gələcək?

Bunun cavabında çarəsizliyə qapılan Konak buxarı vasitəsiylə necə dərindən köks ötürdüsə, damdakı bacadan bayıra atılan qatı və qapqara hava axınından bağdakı quşlar diksindi, sonra isə cikkildəşərək, hərəsi bir səmtə uçdu. Ailənin evdən getməsi barədə mübahisəyə də bununla nöqtə qoyuldu.
Aradan günlər, həftələr, aylar… illər ötdü. Bu evin qapısını bir bəndə açmadı. Adətən bir kişi hərdənbir həyət qapısını açmaqla, burada təmizlik işləri görürdü. Ara-sıra pəncərədən boylanmaqla, gah qonaq otağını, gah da mətbəxi süzüb, başını bulayırdı. Bir müddət sonra o da ayağını bu həyətdən kəsdi. Otaqlar onun yolunu çox gözlədilər. Bir müddətdən sonra o keçmiş günlərdəki nəşənin təkrar geri dönəcəyinə dair onların bəslədiyi ümidlər də tükəndi. Ötən günlər barədə danışarkən onlar artıq qüssələnirdilər. Ailə tərk etdikdən az sonra bu evə xeyli xırda tarla siçanı daraşdı. Ancaq sonradan onların da evdən əl-ayağı kəsildi, çünki burada azuqəlik bir şey tapmırdılar. Gör, yiyəsizlikdən mətbəx hansı zilləti çəkirdisə, hətta siçanların da ona baş çəkməsini arzulayırdı. Şikarları qeybə çəkildiyindən hörümçəklər burada tor qurmağa bir gərək duymurdular. Gündüzlər də eynilə gecələr qədər bitməz və bezdirici idi. Ancaq gündüz saatları daha çəkilməz olurdu, çünki yatmaq da mümkün deyildi. Yaranmış bu durumda bütün otaqlar heç olmayan kimi Otaka möhtac idilər. Vaxtilə məruz qaldığı istehza və təhqirləri unudaraq, o, evin böyründəki küçədə olub-bitənləri qonşularına nağıl edirdi. İndi onun söhbətləri bu evdəki həyatı qismən canlandıran yeganə şey idi.

Otak evin yanından keçən maşınları təsvir edir, yoldan ötənlərin söhbətlərindən qulağına dəyən cümlələri qonşularıyla bölüşürdü. Bir dəfə o, qarşı cinahda yaşayan ərlə arvadın söhbətinə qulaq müsafiri oldu. Səsini ucaltsa da, nəcib biri sayılan kişi demişdi:

– Küçəyə açılan bu pəncərəni neynirmiş axı bunlar?! Oradan baxan adam bizim həyəti ovcunun içi kimi görər.

Qonşu qadın isə öz qısqanc ərini bu sözlərlə sakitləşdirmişdi:

– Amma o otaqda ta əvvəldən heç kəs yaşamayıb. İndi isə ev özü də tamamən boşalıbdır.

– Mən də elə ona görə deyirəm: əgər otaqda heç kim yaşamayacaqdısa, bu pəncərəyə nə ehtiyac vardı?! O ki qaldı burada heç kəsin yaşamamağına, gör, sənə nə deyəcəm: hərdən mənə elə gəlir ki, bu pəncərə kiminsə gözüdür.

Qonşu qadın baxışlarını hələ də Otakın pəncərəsindən ayırmayan ərini xəfif təbəssümlə süzdü. O, isə qısa fasilədən sonra sözünün ardını gətirdi:

– Ev sahibinin anası bu otağı niyə bəyənməmişdi, orasını da heç anlamıram.

Öz evinə getməyə tələsən qadının cavabı ləngimədi:

– Amma yenə də ölməyə qadın bura gəlmişdi.

– Yox, canım. Buraya məhz ölmək üçün gəldiyini mən düşünmürəm. Axı qonşular da danışırdı ki, yazıq qadın hər şeyə rəğmən, axır-axırda burada məskunlaşmağı arzulayırmış. Məncə, qət edibmiş ki, öz imtinasıyla o, həyatın bərkindən-boşundan çıxmayan oğlunun könlünə toxunubdur və ev yiyəsini vicdan əzabından qurtarmaqdan ötrü bura köçmək niyyətinə düşübmüş. Ancaq oğlunun bəxti gətirmədi. Qızının xəstələndiyini öyrənincə, kişi tamamən dəyişdi. Deyilənlərə görə, hətta bu evi satmaq da istəyirmiş, çünki müalicəyə xeyli pul-para sərf edibmiş.

Qonşu qadın öz evinə getməyə tələsdiyi üçün dedi:

– Mövcud olmayan qonşular barədə yetər bu qədər danışdıq.

Qonşular ağır addımlarla uzaqlaşdılar. Qəfildən Otak indicə öyrəndiyi xəbəri öz qonşularıyla bölüşmək həvəsinə düşdü. Son dəqiqələrdə öyrəndiyi bu xəbər evin cansıxıcı həyatını bəlkə bir neçə günlüyə də olsa, fərqli məcraya sala bilərdi. Hətta düşündü ki, Konakın yekəxanalığından ötrü elə özü də qəribsəyibdir və təzə xəbəri eşidən qonaq otağının olan gücünü toplayaraq, bu sözlərlə bütün evi lərzəyə salacağını xəyalında canlandırdı: “Demişdim axı sizə – gələcəkdən heç nəyi gizləmək olmaz!” Ancaq Konakın özünün fitvasıyla bütün otaqların qızın xəstəliyinin baisi kimi “Orta” adlı yataq otağının üstünə cumacağını düşündüyü üçün Otak bu niyyətindən vaz keçməli oldu.

Otak özündən daha çox digər otaqların halına acıyırdı. Əvvəlki həyatın həm özündənrazı qonaq otağına, qonaqpərvər və rahat mətbəxə qayıtmasını, vanna otaqlarında su şırıltısının eşidilməsini, uşaq otaqlarının şaqraq səslərlə dolub-daşmasını elə diləyirdi ki, o. Hətta bir kərə bu arzusunu dilə gətirsə də, həmişəki kimi, istəyi anlayışla qarşılanmamışdı.

Köhnə əyyamlarda olduğu kimi, yenə də onu dərindən sancmağa çalışan Konak dedi:

– Sən niyə belə narahat olursan axı?! Sənin ki itirəcəyin bir şey yoxdur. Onsuz da sən bu evdə əlahiddə bir məkan sayılırdın. Hətta sənin alt qismindəki anbarda belə müəyyən həyat nişanəsi sezilirdi. Sən cavan yaşda qocalıb-qartıyan birisinə bənzəyirsən, aradan uzun illər ötməsinə rəğmən, beləsində baş verən dəyişiklikləri sezmək daha çətin olur. Çünki yenə həmin bəyaz saçları, həmin qırışları görürük qarşımızda.

* * *
Otakla bağlı ən önəmli hadisələr nədənsə məhz iyun ayında baş verirdi. Bu səfər də belə oldu. Qızmar iyun günündə naməlum bir maşın evin yanında dayandı. Maşın bu küçədə ilk dəfə peyda olmuşdu, çünki Otak buradan keçən maşınları, onların rənglərini, nömrələrini, hətta sürücülərini də yaddaşında saxlayırdı. Bu, tamamilə fərqli bir maşın idi. Ondan dörd nəfər endi – cavan kişi ilə qadın, bir oğlan və bir qız uşağı.

Kişi sevincək evi göstərdi:

– Fotosunu sənə göstərdiyim ev, bax, budur.

Evi kənardan tam görə bilsin deyə, özü beş metr geri çəkildi. Kişinin baxışları öz pəncərəsinə dikiləndə, az qaldı Otakın ağlı-huşu başından çıxa. Ona elə gəldi ki, bu zillənən baxışlar vaxtilə buranı tərk edən ailənin o kiçik oğluna məxsusdur! Hə-ə, vaxtilə ona qartopu atan balaca oğlanın baxışlarıydı bu. Əgər o ara qonaq otağının səsi qulağına dəyməsəydi, Otakın sevincdən huşunu itirəcəyinə şübhə ola bilməzdi:

– Otak, deyəsən axı orada bir maşın dayandı. Yəqin qonşunun maşınıdır. Sənin “gonbul” ayaması taxdığın o hərif balıq ovundan qayıdıb, eləmi?
Mətbəx dilləndi:

– Kaş mən də bir balıq qızardaydım.
Hələ tərəddüd keçirən Otak:

– Yox, yox. Deyəsən, gələn bizim doğma ailəmizdir, – deyən kimi dəhlizin səsi yüksəldi:

– Doğrudanmı bu gün giriş qapım açılacaq?!
Yataq otaqları şübhə ilə:

– Bəlkə bütün bunlar bir uydurmadır? – deyə, hamını ruhdan saldılar və evə təlaş dolu bir sükut hakim kəsildi.
Özünü bir qədər ələ alan Otak küçədəki adamların hərəkətlərinə göz qoymağına davam elədi.

– Uşaqlar, atanız siz yaşda olanda bir neçə il, baxın, bu evdə yaşayıbdır.
Qızcığaz heyrətlə dedi:

– Əcəb gözəl evmiş bu!
Bir şey deməyən kişi cibindən bir topa açar çıxarmaqla, dəmir darvazaya tərəf getdi. Otakın ürək döyüntüləri o ara get-gedə artdı və o, bu yaşantını, nəyin bahasına olursa-olsun, başqalarıyla bölüşməyə gərək duydu – ömründə ilk dəfə və məhz indi o, özgənin dəstəyinə ehtiyac duyurdu.
Otak pəsdən:

– Bizim ailədir bu, – dedi, elə həmin an çoxdan unutduğu və bu evin canlılğını göstərən səslər dəydi qulağına: qonaq otağındakı barın rəfinə düzülən büllur qədəhlər bir-birinə xəfif toxunmaqla, cingilti qopartdılar, mətbəxdəki boşqablar necə titrəşdilərsə, onların az sonra yerə tökülərək, çiliklənəcəkləri təəssüratı yarandı. Bəs qazan və tavalar neyləyirdi? Onlar bir göz qırpımındaca çəngəl və qaşıqlar üçün zərb alətinə çevrildilər. Hər iki vanna otağının köhnə şlanqlarından sanki yay yağışı səpələnirdi, demə, görünməmiş sevincdən onlar dəlinibmiş. Bir-biriylə qucaqlaşan yataq otaqları isə için-için hönkürürdülər.
Evin qapısını açan cavan kişi uşaqları və xanımını qabağa buraxdı. Keçit dedi: “Kaş bu qapı örtülməyəydi və mən təmiz havanı ciyərlərimə çəkəydim”.
Kişi də, onun duasını eşidibmiş kimi, qapını açıq qoydu:

– Gör, neçə illər bu qapı açılmayıb ey. Qoy ev təzə havanı içinə çəksin.
Keçmiş ev sahibinin kiçik oğlu sonrakı həftə öz ailəsiylə birgə bu evə köçdü. Bütün pəncərələr silindi, döşəmələr və pərdələr yuyuldu, vanna otaqlarında təmizlik işləri görüldü. Çox keçmədən evin yeni yiyəsi özünün böyük qardaşı və bacısı ilə də əlaqə qurdu. Bildirdi ki, köhnə evlərində əməlli-başlı məskunlaşıb və hamını bir araya yığmaqla, valideynlərinin əziz xatirəsini anmaq niyyətindədir. Elə həmin gün ev sahibi gətirdiyi xudmani masanı, kreslonu və çap makinasını Otakda yerləşdirdi.

– Burada mən ailəmizin həyatından bəhs edən bir kitab yazacağam. Onda nənəmlə bağlı xatirələr də yer alacaq. Sadə divar kağızları bəzi yerlərdə divarlardan qopub-aralansa da, geridə qoyduğumuz təxminən iyirmi il ərzində ucuzvarı qara şamdan hazırlanan döşəmə taxtaları arasında boydan-boya yarıqlar yaransa da, bu otaq məni həmişə özünə cəzb edibdir. Bəli! Mən yetərincə maraqlı bir kitab yazacağam!
Yeni ev sahibi öz doğmalarına bildirdi ki, indiyədək bu otaqda nə hörümçək toru görüb, nə də qulağına bir arı vızıltısı dəyib. Vaxtilə mürəbbə bişirilərkən iznsiz mətbəxə soxulan o həşəratlar bura heç vaxt girməyiblər. Bununla yanaşı, heç kəsin yaşamadığı bu məkan həmişə nədənsə öz cəlbediciliyini qoruya bilib.
Uşaq vaxtı qonşuluqdakı mağazalarda bazarlıq etdikdən sonra evə dönəndə o, evi yox, mərtəbələr arasında tikilən və pəncərəsi küçəyə açılan otağı özünə yön seçirmiş. Sözügedən pəncərə heç vaxt açılmazmış. Ondan baxanda qarşı cinahdakı qonşunun həyəti görünürmüş. İçəridə bu otağı sirrə bürüyəcək və nənənin qeyri-adi olduğu qədər də, xoş ətrə malik köhnə əşyaları-filan saxlanan sandığı da yox idi. Bununla yanaşı, durğunluğa məhkum bu otaqda ondan ötrü doğma sayılacaq nə isə var imiş.

Qəribə cəhət bu idi ki, heç kəsin yaşamadığı bu otaq məhz yaşamağa can atır, nəfəs alırdı. Vaxtilə bu evdə yaşanan hər şey üçün – ad günləri, valideynlər və uşaqlar arasındakı dilləşmələr, oğlanların səs-küylü oyunları, yeni filmlərin və dünya hadisələrinin ailədaxili müzakirələri, ev sahibəsinin bayram piroqu üçün çəkdiyi əziyyət, evin yeganə qızının ilk romantik həyəcanları üçün – Otakın burnunun ucu göynəyirdi. Heç kəsin yaşamayacağı bu otağın niyə tikildiyinə dair oğlan öz atasına da bir neçə kərə sual vermişdi. Əgər orada heç kim məskunlaşmayacaqdısa, onda bəs niyə ailə öz köhnə əşyalarını orada saxlamaq əvəzinə, sürüdərək, çardağa aparırdı ki?!

Ən azından, bu otağı imtahanlara hazırlaşan tələbələrə kirayəyə vermək olardı. Bu otaq həmişə həyatla tam bir ziddiyyət təşkil eləmişdi. Həyat – doluluq deməkdir və onda boşluğa əsla yer yoxdur: hətta heç bir işlə məşğul olmasan belə, sən bir kimsənin yadına düşmürsənsə, əgər bax, bu dəqiqənin özündə bir Allah bəndəsi səndən ötrü darıxmırsa, mütləq elə insan tapılacaq ki, sən özün ondan ötrü darıxasan, onu xatırlayasan. Hər kəs bu həyatda bir uğur axtarıb, onun həsrətiylə yaşasa da, ümidlərin doğrulmaması tamamilə fərqli məsələdir. Hətta belə məqamlarda darıxdırıcı günlərlə və ya uğursuzluqlarla dolu olsa belə, həyat yenə öz axarından qalmır, həm də illər sonra bütün bunlar həyatın ən misilsiz məqamları kimi xatırlanır.

Həyatı biz müxtəlif çərçivələrə malik xeyli tablonun sərgiləndiyi bir rəsm qalereyası kimi təsəvvür edə bilərik. Hansısa tablonun çərçivəsi bahalı və zərif ola bilər, digərinin çərçivəsi isə qaba və ucuz taxtalardan, tez-tələsik hazırlana bilər və onu rəsm çərçivəsi adlandırmağa hər adamın dili dönməz. Ancaq bütün hallarda sərgi ziyarətçiləri çərçivələrə baxmazlar – bir insanın və otağın həyat tarixçəsində önəmli olan o, deyil axı.

Cavan oğlan küçəyə baxan pəncərəni açdı. Evin otaq və məkanlarının başları sevincdən özlərinə qarışmışdı, daima kölgədə qalan, amma indi hədsiz dərəcədə bəxtəvər sayılan Otakı isə onlar yenə də, eynilə əvvəlki kimi, unutmuşdular.

Ruscadan tərcümə: Azad Yaşar


# 3379 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #