Kulis.az Səddam Laçının yeni şeirlərini təqdim edir.
Tremor rəssam
Dağınıq otaq...
Fonda Mozart... Reqviem- d minor
Kətan parça üzərində
Tələskən barmaqlar – tremor
İki dünya bir olur hər səhər
İki adam qovuşur hər axşam
Səsləri kəsən bəstəkar
Əlləri əsən rəssam
Notlara hakim adam
rənglərə kəniz qız
Bir gözü gölməçə,
Bir gözü dəniz qız
Üsyan
Haqq ədalət bərpa olsun, İlahi
Ağladanlar, ağlayana gülməsin
Söz vermisən, sözünü tut, bir nəfər
Yaşatdığın yaşamadan ölməsin
Nə var axı asimanda qalmağa
Bacarırsan ürəyimdə qal, Allah
Sən demişdin heç kimi çox sevməyək
Onu səndən çox sevirəm, al, Allah
Mənə nələr yaşatmadı, vəfasız
Mən əvəzdən dilin gəlsə, söyərsən.
Sən demisən düzəlməsə, döy düzəlt.
Mən qıymadım, əlin gəlsə, döyərsən.
Qərib qadın
Sən qəribə qadınsan.
Nəfəsin od kimidir
Buz kimi görsənirsən
Sən öz dərdi bir yana
Hamının dərdin çəkən
Qız kimi görsənirsən
Sən qəribə qadınsan.
Gözlərində həqiqət
Dilində yalan yatır
Ürəyində məhəbbət
Qoynunda ilan yatır
Sən qəribə qadınsan
Yalandan dilin küsüb
Dodaqların öpüşmür.
Gözlərin açıq qalıb
Kirpiklərin görüşmür
Özünü danlamaqla,
Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan
Əməlin arzularla
Bir gün üst-üstə düşmür
Kəpənək ömrü
Dolaşıqdı insan ömrü
Qəmi düşür dəm vaxtına
Dəmi düşür qəm vaxtına
Keşməkeşdi insan ömrü
Neçə-neçə gözlər düşür
Neçə-neçə gözdən düşür
Ən hikmətli sözlər düşür
Ən ağıldan kəm vaxtına
Yersiz
Zaman alıb aparaydı
Könlüm fəryad qoparaydı
Qara bəxtim ağaraydı
Saçıma dən düşən yerdə
Sevgi dulu deyiləm mən
Eşqin qulu deyiləm mən
Gözü sulu deyiləm mən
Şeh olar çən düşən yerdə
Qalmayaydı, kaş düşəydi
Kirpiyimdən yaş düşəydi
Kaş başıma daş düşəydi
Yadıma sən düşən yerdə
Geri gəlməz yalvarsam da
Anı geri qaytarsam da
Axtarmıram, axtarsam da
Sən olmaz mən düşən yerdə
Kamil yalançı
Yenə yalan danışıram.
Bir yalanda sən sevirsən
Bir yalanda mən gülürəm
Birində sən qayıdırsan
Birində sənsiz ölürəm
Təzad dolu yalanların
Birində sən darıxırsan
Birində mən darıxmıram
Bu işdə püxtələşmişəm
Çoxdan yalançı çıxmıram
İndi gözəl bacarıram
Şəkillərdə xoşbəxtliyi
Xeyli vaxtdı təbəssümdə
Gizlədirəm bədbəxtliyi
Bizim yalan bazarında
Hər yalanı alan çıxır
Özüm yalançı çıxmıram
Yuxularım yalan çıxır
Bu yalançı səadətə
Hərdən özüm inanıram
Nə yaxşı ki, günəş çıxır
Səhər olur, oyanıram
Adəmlik
Başımıza düşür dünya
Daş üstə daş daşıyırıq
Sıxılmadan yaşayarıq
Dişimizi sıxa-sıxa
Pul görəndə, sümük görən
Köpək kimi yüyürürük
Yıxılanda böyüyürük
Kiçilirik yıxa-yıxa
Sürünürük ilan kimi
İçimizə qurd salırıq.
Orda-burda yurd salırıq
Yuvamızdan çıxa-çıxa
Sizlər acsız, bizlər toxuq
Demək üçün yaşayırıq
Yemək üçün yaşayırıq
Ac ölürük tıxa-tıxa
Tənhalığın şeiri
Yenə də düşmüsən yada bu axşam
Yenə boğuluram qəmdə, kədərdə
Gözlərin bəstəkar, dilin nəğməkar
Səni itirirəm zümzümələrdə
Sübhəcən göz yaşı, sübhəcən kədər
Birdəki can verən cavan ümidlər
Hələ yoxluğuna alışmayıblar
Arabir yenidən ümidlənirlər
Baxıb bu halıma yazıq dedilər
Ətrafa boylandım bir az yüksəlib
Gördüm kimsə yoxdur məndən savayı
Özüməm, özümə yazığım gəlib
İncidim özümdən, küsdüm özümdən
İnsan da özünə yazıq deyərmi?
Bir adam sevdiyin itirən zaman
Ürəyi bir nəfər azıq deyərmi?
Pis adam
Sən nə vaxt oldunsa, dostu axşamın
Mən o gün zülmətə vurulan kəsəm
Mən gecə sübhədək əriyən şamın
Divarda qoyduğu bir parça hisəm
Bir od olub, alışmağa nə var ki,
Yad işinə qarışmağa nə var ki,
sənlə küsüb barışmağa nə var ki,
Hünərin var məni mənlə barışdır
Özümdən inciyəm, özümdən küsəm
Sən getmisən, yerin dolmur, əzizim
Pis adama heç nə olmur, əzizim
Özündən qorx, mən ölmərəm, mən pisəm
Mən gecə sübhədək əriyən şamın
Divarda qoyduğu bir parça hisəm
Tanrıların şeiri
Məni himayənə al, Artemida
İnsan olmaq yorur məni
Qarışqa olsaydım,
Çiyinlərimdəki yükü
Ruzi bilərdim
Sevə-sevə daşıyardım.
Kəpənək olsaydım,
İntiharı düşünməzdim
Uça-uça yaşayardım.
Hörümçək olsaydım,
"Xərçəng"-lərin saçlarını hörərdim
Quş olsaydım,
Haralısan deyənlərə gülərdim
Donuz olsaydım,
Vegeterianları ayrıca,
Yəhudilərlə müsəlmanları
Bir arada sevərdim
Oxunu heyvanlara tuşla, Eros
İnsanlar seviləsi hər şeyi sevib