Kulis.az Səhər Əhmədin “Tərk edilmiş ər və yaxud quyudan çıxan qurbağa” yazısını təqdim edir.
Çox sevdiyim ibrətamiz bir hekayət var. İki qurbağa dərin bir quyuya düşür və başlayır quyudan çıxmaq üçün çaba göstərməyə. Başqa qurbağalar quyunun başına yığışıb qışqırırlar: "Boş yerə əziyyət çəkməyin, quyu çox dərindir, çıxa bilməyəcəksiniz". Qurbağalardan biri bir azdan mübarizəni dayandırır, o biri isə dayanmadan cəhd göstərir və... quyudan çıxır. Çünki o qurbağa... idi!
Nöqtələrin yerinə müxtəlif sözlər yazmaq olar. "Çünki o qurbağa əzmli idi, iradəli idi, güclü idi" və daha nələr. Əslində isə o üç nöqtənin yerinə elə üç hərfli söz yazmaq lazımdı. "Çünki o qurbağa Kar idi"...
...Uzaq bir dağ kəndində tanıdığım ailə vardı. Ər zalımlığı, qadın da məzlumluğu ilə ad çıxarmışdı. Cavanlıqda pəhləvanlıqla, sonralar reketliklə məşğul olmuş kişi indi də dini fanatizmə yuvarlanmışdı. Onun saqqallı üzündə fiziki gücün cahilliklə birləşib yaratdığı bədheybət bir ifadə vardı. Ər nə qədər bədheybət idisə, qadın o qədər sısqa, köməksiz və aciz idi.
Kənd əhli bu ailənin faciəsinə - əzazil ərin öz arvad-uşağına elədiyi zülmə çoxdan alışmışdı. Qadın tez-tez üz-gözü döyülməkdən şişmiş halda qohum-qonşuya şikayət edir, hərdən başını götürüb anasının evinə qaçır, amma hamı inadla ona öz evinə qayıtmağı məsləhət görürdü. Çünki camaatın fikrinə görə "Fəzlin xilası mümkün deyil"di, quyu çox dərindi, "qurbağa" quyudan çıxa bilməzdi.
Günlərin bir günü qadın yoxa çıxdı. Onu son dəfə qəbiristanlıqda görmüşdülər. O, başından yaylığı açıb atasının başdaşına bağlayıb qeyb olmuşdu.
Kənd əhli onun birmənalı olaraq ya intihar etdiyini, ya da əri tərəfindən öldürüldüyünü düşünürdü. Kişinin qapı-qapı gəzib arvadını öldürmədiyi haqda içdiyi andlara baxmayaraq, şübhələr azalmırdı. Uzun axtarışdan sonra qadının təğyiri-libas olub saçlarını kəsdirmiş halda Türkiyə sərhədini keçdiyi aydın oldu.
Camaat indi də təsəvvüründə qadın üçün faciəvi sonluq yazmağa başladı. Düşündülər ki, o hansısa mafiyanın, qadın alverçilərinin əlinə düşüb və bir də heç vaxt geri qayıtmayacaq. Amma bir azdan qadın zəng edib uşaqları ilə əlaqə yaratdı. İş tapıb işlədiyini, onlara pul yollayacağını bildirdi. Uşaqlar analarının qayıtmasını dönə-dönə xahiş edəndə dözməyib geri qayıtdı.
Ər qadınını bağışladı. Ona bir daha əl qaldırmayacağına and içdi. Amma az keçmədən hər şey yenə öz köhnə məcrasına qayıtdı. Qadın ikinci dəfə qaçdı. Bu dəfə Bakıya üz tutdu və uşaqlardan birini də özüylə aparmağa müvəffəq oldu.
Kənd camaatı yenə çaş-baş qaldı. Camaatın nəzərində rollar dəyişdi, kişiyə günahsız yerə tərk edilmiş ər, qadına isə xəyanətkar kimi baxmağa başladılar.
Onların fikrincə, təhsilsiz, köməksiz , gücsüz bir qadın bunu bacarmamalıydı, bu hadisənin məntiqi sonluğu mütləq faciə ilə bitməliydi: ya intihar, ya qətl, ya da qadın alverinə tuş olmaq. Səbəb isə odu ki, bizim camaat faciə janrını daha çox sevir. "Mutlu son"a - qurbağanın quyudan çıxmasına maraqlı deyil. Başqasının faciəsi bizim üçün ağrıkəsicidi, öz dərdimizi xəfiflətmək üçün təsəlli rolunu oynayır. Beşindən açağı olduğunu bilən kəs mütləq beşindən yuxarı olduğunu da bilməlidi.
Mövzunu çox çürütməyək. Mən hamıya cəmiyyətin diqtəsinə qarşı kar olmağı arzulayıram və bütün ümidsiz proqnozlara rəğmən, quyudan çıxa bilən cəmi canlıları alqışlayıram.