İlk fraza – Səfər Alışarlı yazır...

İlk fraza – Səfər Alışarlı yazır...
6 may 2020
# 12:11

Kulis.az yazıçı Səfər Alışarlının “İlk fraza” essesini təqdim edir.

Dostum, tənqidçi Rüstəm Kamal nəsr əsərində ilk cümlənin sehrindən danışdı yaxın günlərdə. Gətirdiyi misallar sanballı müəlliflərə aid idi. Əlbəttə, istənilən sayda əlavə də etmək olar.

Hər bir nasiri maraqlandıran, üzərində bəzən baş sındırmağa vadar edən bu ədəbi məsələ, əslində, nə ilə, necə bağlıdır?

Heç şübhəsiz, nəsr əsərinin ilk cümləsi sintaktik baxımdan qüsursuz olmalıdır. Məntiq öz yerində, ilk cümlə, daha doğrusu, başlanğıc fraza əsərin yazılma üslubunun leytmotivi rolunda çıxış etsə və bunu axıradək qoruyub saxlaya bilsə, müəllifin uğuru kimi qiymətli olar.

Məsələnin başqa tərəfi də var. Gücənib, tükənib ilk cümləni birtəhər formalaşdırmaq olar, ancaq onun layiqli davamı gəlməyəcəksə, əziyyət hədərdir. Hədərliyi o yana dursun, müəllifin "gözə kül üfürən", "ədəbi tozanaqçı", hətta qrafoman obrazlarını da yaratmağa qadirdir. İlk cümlə indi bizim xəbər saytlarının çox geniş və allahsızcasına istifadə etdiyi publisistik pornoqrafiya görkəmində də çıxış edə bilər. Misal gətirmək istəmirəm, yaxşı halda elə xəbərin başlığı və ya ilk cümləsi "bilər" feili ilə bitir, yaxud başlıqdan və ilk cümlədən fərqli olaraq məzmun ümumiyyətlə Azərbaycan reallığına aid olmur.

Mənim fikrimcə də ilk frazanın sehrli, sanballı səslənməsi və mövzuya etibarlı təməl daşı kimi qoyulması vacibdir. Bu məsələnin böyük zamanın ritmi ilə birbaşa bağlılığını istisna etmirəm. Tutaq ki, SMS tələbatlarına uyğun söz və cümlələrin, düşüncə və anlayışların ucdantutma hər kəsin telefonuna hakim kəsildiyi bir zamanda təmtəraqlı üslubda düşünmək və yazmaq arzu edilən uğuru gətirə bilməz. Quru SMS stenoqrafikliyini də birbaşa nəsrə transformasiya etmək fayda verməz. Çünki nəsr bədii mətn formatında zühur etməklə oxucunun zehniyyəti, düşüncəsilə bərabər onun emosiyalarına da təsir etməyə borcludur. Deməli, üslub məsələsinin həllini ortalıq bir tutumda axtarmaq və tapmaq olar.

Əslində, bu məsələlər böyük ədəbiyyatşünaslıq təhlillərinin mövzularıdır, mən lakonik olmağa çalışıram.

Üslub hər şeydən öncə müəllifin düşüncə tərzidir, predmetin, hadisənin, insanın, hərəkətin və sözün mahiyyət görüntüsü, qəbul edilib müəyyən təhkiyə ilə mətnə çevrilməsidir. O müəyyən edir ilk frazadakı sözlərin linqvistik düzülüşünü, sayını, frazanın sintaktik quruluşunu və məna mahiyyətinin melodik akustikasını. Məsələn, hələ institutdan yadımdadır ki, “üslub mürəkkəb şeyləri deməyin sadə üsuludur”. Ənənəvi süjet və fabuladan ibarət hadisənin nəqlində ilk fraza yazıldığı andan sonra dəyişməz qala bilər. Ancaq o, kulminasiyadan və sonluqdan asılı olaraq dəyişə, hətta yenidən yazıla bilər. Elə mətnlər var ki, onların əvvəli, ilk fraza da daxil olmaqla, ən axırda yazılır, daha doğrusu, sonluğa uyğun olaraq dəyişdirilir və təzədən işlənir.

Müəllifin bütün gücünü birinci frazaya qoyub o biriləri, necə deyərlər, boş buraxması heç cür özünü doğrulda bilməz. Mətndə ümumi ideyaya xidmət edən hər cümlə, sanki canlı fərd, şəxsiyyət olaraq özünə cavabdehdir. Onun libası, boy-buxunu, baxışı, duruşu, yerişi, ağzının danışığı bədii məntiqin estetik qanunlarına uyğun olmalıdır. Onun hər birinin qolundan yapışıb soruşmaq olar: “Sən burada neynirsən, oğlum?”

Yaxşı oxucu tənqidi gözlə mətnə yanaşanda hər bir cümləyə ümumi kontekstdə baxıb onu öz tərəzisinin üstünə qoyub çəkisini müəyyən edir, sonra ultrasəs müayinəsində onun daxili quruluşuna baxır və güc maşınında məna yükünü ölçür. Sonra da onu bağçaya düşmüş adi bir çınqıl kimi götürüb zibil vedrəsinə tullayır.

Əgər o frazanın yaratdığı boşluq həqiqətən mətnin mənasına və musiqisinə xələl gətirirsə, ondan üzr istəyir, tozunu-torpağını silib könlünü ala-ala qaytarıb öz yerinə qoyur. Bu dəfə çınqıl öz yerində əvvəlkindən də gözəl görünür. Əks halda hesabı 1:0 öz xeyrinə yazır və sıfırlar artdıqca müəllifin oxunmaq ehtimalı azalır.

Nəhayət, müəllifin istedadı, xarizmasınüfuzu haqda...

Mənə elə gəlir ki, bədii mətndə, ümumiyyətlə bədii məntiqdə bu amillər aparıcıdır. Müasirləri müəllifi sevməyi, onun dəyərli yazılarına yüksək qiymət verməyi bir qayda olaraq xoşalmır. Bu, həmişə belə olub: sağlığında kor Fatma, öləndə badam gözlüm!

Müəllifin oxucu tərəfindən sevilməsi üçün saydığım üç məsələ vacibdir. Həyat və tale elə gətirib ki, müasirləri nə Dostoyevskini, nə Tolstoyu, nə Qoqolu, nə də Mirzə Cəlili (dəyərli yazıçı və şairlərin çox böyük əksəriyyətini bura əlavə etmək olar) seviblər. Yalnız rəhmətlik Lenin ədəbiyyatsız inqilab etməyin qeyri-mümkünlüyünü dərk edib Tolstoya çox yüksək qiymət vermişdi və Avropada onunla yanaşı qoymağa ikinci müəllif tapmamışdı. Müəllif həqiqətən dəyərli əsərlər yaradıbsa, öləndən sonra onun sözünün sirri, sehri və cazibədarlığı ikiqat, üçqat artır. O mənada ölü müəlliflərin ilk frazası da, elə son frazası kimi, xüsusilə möhtəşəm, dəyərli və mükəmməl görünür. Belə götürəndə, öz aramızdır, nə var bu cümlədə, ya abzasda?

“Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar” və sair. Heç nəyə iddiası olmayan adicə sadə cümlələrdi, elektrik cərəyanı, çimdiyi, dümsüyü, şilləsi-təpiyi də yoxdur. Ancaq hekayə klassik nəsrimizin şedevrlərindəndir!

# 3055 dəfə oxunub

Müəllifin son yazıları

# # #