1905-ci ildə Ernest Ricard Xarli işləmək üçün İngiltərədən Hindistanın Kəlküttə şəhərinə gəlir. Onun cəmi iyirmi yaşı vardı. Evlənmək haqqında düşünməyən gənc elə həmin ərəfədə Gerturuda Robinson Yakji ilə tanış olur. Gerturudanın gözəlliyi Ernesti onunla evlənməyə məcbur edir. 1911-ci ildə ailə quran cütlük Kəlküttdən çox da uzaq olmayan dağlarla əhatə olunmuş Darcilingdə yaşamağa başlayırlar.
1913-cü il noyabrın 5-də onların Vivyen adlı qızları doğulur. Vivyenin səhnəylə ilk tanışlığı çox erkən yaşlarından başlayır. Üç yaşı olanda səhnədə şeir deyir.
Vivyenin anası savadlı qadın olduğu üçün hələ uşaq yaşlarından onda ədəbiyyata, musiqiyə maraq oyadır. Ona Hans Andersonun, Redyard Kiplinqin nağıllarını oxuyur. Yunan mifologiyası ilə tanış edir.
1920-ci ildə-Vivyenin yeddi yaşı tamam olmağına az qalmış valideynləri onu Londonun qərbində yerləşən “Roxemptonun müqəddəs ürəyi” monastırına qoyurlar. Monastırın ən kiçik şagirdi olan qızcığaz orda özünə çoxlu rəfiqə tapır. Lakin, sonralar o, gələcəkdə aktrisa olacaq Morin O Sallivan ilə möhkəm dostluq edir.
Monastırı bitirdikdən sonra hər iki rəfiqə 1932-ci ildə Londonun İncəsənət Akademiyasına daxil olurlar.
1932-ci ildə Vivyen Herbert Li Hofmanla tanış olur və ürəyində deyir: “Mən ona ərə gedəcəm”. Həmin ərəfədə Vivyenin 19, Hofmanın isə 31 yaşı vardı. 1932-ci ilin dekabr ayında onlar ailə həyatı qururlar.
Toydan sonra ərinin istəyi ilə təhsilini yarımçıq qoyan Vivyen əri ilə bal ayına çıxır. Gəzintidən döndükdən sonra iki otaqlı balaca mənzilə yerləşən ailə bir müddət sakit və xoşbəxt yaşayırlar. Lakin, Vivyen tezliklə darıxmağa başlayır. Təhsilini yarımçıq qoymağın peşmançılığı onu dərindən narahat edir.
Bir müddət sonra ərini yola gətirir ki, ona fransız dili dərslərinə getməyə icazə versin. Birinci rübü müvəffəqiyyətlə bitirdikdən sonra o, hamilə olduğunu öyrənir. Bu səbəbdən dərslərə ara verir. 1933-cü il oktyabrın 12-də onları Syuzan adlı qızları dünyaya gəlir.
Olivye Lourenslə tanışlıq və başlanan uğurlar
Aktyor Lourens Olivye Vivyeni ilk dəfə “Maska Dobrodeteli” tamaşasında görüb bəyənir. Tamaşadan sonra o, Vivyeni təbrik edir. Bundan sonra onların əlaqələri davam edir. Həmin ərəfədə onun arvadı aktrisa Cilli Esmond hamilə qalır. Lakin, Olivye tezliklə başa düşür ki, Vivyen kimi gözəl və ağıllı qadını sevməmək mümkün deyil. 1937-ci ildə onlar “Plamya nad anqley” filmində tərəf-müqabili olurlar. Çəkiliş vaxtı bir-birlərinə daha da bağlanan cütlük tezliklə evlənmək qərarına gəlir. Lakin nə Linin həyat yoldaşı, nə də Olivyenin arvadı boşanmağa razılıq verir. Belə olan halda onlar birlikdə yaşamağa davam edirlər.
Günlərin birində isə Vivyen Marqaret Bitççelin “Küləklə sovrulanlar” romanını oxuyur. Və belə qərara gəlir ki, həmin əsərin ekran versiyası üçün hazırlanan ssenarinin baş qadın rolunu çox gözəl ifa edə bilər. Bunun üçün də o, öz agentini məcbur edir ki, filmin prodüsseri Devid Selzniki Vivyeni Skarlet roluna təsdiq etmək üçün yola gətirsin.
Filmlərlə yanaşı aktrisa teatrda da işləyirdi. O, Lourens Olivyenin quruluşunda hazırlanan “Hamlet” tamaşasında Ofeliya rolunu ifa edirdi. Bir müddət sonra Vivyen yaxın rəfiqəsi Morinlə birlikdə “Oksfordda yanki” filminə çəkilir. Həmin filmdən sonra aktrisa Birləşmiş Ştatların diqqətini özünə cəlb edə bilir.
Lourens Olivye isə bir müddət Hollivudu tərk etmək məcburiyyətində qalır. Onlar Vivyenlə müvəqqəti də olsa ayrılırlar.
Həmin ərəfədə Hollivvudda “Küləklə sovrulanlar” əsərinin çəkilişlərinə başlamaq üçün hazırlıqlar gedir. Skarlet rolu üçün təsdiq olunacaq aktrisanın axtarışları səylə davam edir. Filmin prodüseri ona təkif olunmuş aktrisaların filmlərini nəzərdən keçirir. Eləcə də Vivyen Linin bütün filmlərinə baxır. Bir müddət sonra o, filmin rejissoruna belə bir gizli məktub yazır. “Mən bu yeni qıza ümid edirəm.” Həmin ərəfədə Olivyeyə yaxın olmaq bəhanəsi ilə Los-Ancelesə köçən Vivyen Devid Selznikin qardaşı Mayronla görüşür. Mayron onunla tanış olduqdan sonra əmin olur ki, qardaşının axtardığı aktrisa məhz Vivyendir. Bütün bu proseslərdən sonra filmin rejissoru da Vivyeni həmin rolda görməyə razılaşır. Beləliklə Vivyen öz arzusuna çatır və rəqiblərini arxada qoyaraq çətinliklə də olsa, Skarlet roluna təsdiq olunur.
Filmin çəkilişləri çox çətin qaydalarla həyata keçirilir. Filmin ilk rejissoru Kyukor filmdən çıxarılır və onu Viktor Fleminq əvəz edir. Li ilə Fleminq çox tez-tez mübahisə edirlər.
Aktrisa filmdə tərəf-müqabili olduğu Klerk Qeybl və onun həyat yoldaşı ilə çox yaxın dost münasibətlər qurur. O, həftənin bütün günləri fasilə vermədən filmin çəkiliş meydançasında olur. Çox yorğun və əsəbi olan Vivyen üzünü görmədiyi Olivyeyə yazdığı məktublarda bunları yazır: “Mən artıq dözə bilmirəm. Bu cür işləməyə vərdiş edə bilmərəm. Kinoya çəkilməyə isə nifrət edirəm”.
Çörçillin sevimlisi....
Lakin, çəkilən zəhmət öz bəhrəsini verir. Film bitdikdən sonra gözlənilən mükafatı qazanır. Vivyen Li 1940-cı ildə ən yaxşı qadın roluna görə “Oskar” mükafatına layiq görülür.
Elə həmin ili Cill Esmond Olivyedən, Xolman isə Vivyendən boşanmağa razılıq verirlər. Olivyeniun uşaqları Cillidə, Vivyenin qızı isə atasında qalır. 1940-cı il 30 avqustda onlar Kaliforniya ştatında evlənirlər. Toyun şahidləri isə aktrisa Ketrin Xepbern və rejissor Qarson Kanin olur.
Li və Olivye 1941-ci ildə “Ledi Hamilton” filminə çəkilirlər. Film hər iki aktyora çox böyük uğur gətirir. Onların şöhrəti Amerika sərhədlərini aşır. Keçmiş SSRİ-də film çox yüksək nəticələr əldə edir.
Böyük Britaniyanın baş naziri Uinston Çörçill Amerikanın prezidenti Franklin Ruzveltin iştirakı ilə baş tutan məclisin sonunda məhz həmin filmi izləməyi təklif edir. Film Ruzveltin də xoşuna gəlir. Həmin vaxtdan sonra Olivye və Vivyen Çörçillin ən sevimli sənət adamı olurlar. Çörçill ən layiqli məclislərinə fəxri qonaq kimi onları dəvət edir.
1943-cü ildə Vivyen Afrikaya turneyə çıxır. Həmin ərəfədə aktrisada güclü öskürək baş qaldırır. Xəstəxanaya yatırılan Vivyenə vərəm diaqnozu qoyulur. Bir müddət xəstəxanada yatan aktrisa sağalandan sonra “Sezar və Kleopatra” və “Anna Karenina” filmlərinə çəkilir. Elə həmin vaxtlar həkimlər Vivyenə hamilə olduğunu deyirlər. Vivyenin və Olivyenin sevinci çox çəkmir. Vivyen uşağı hələ bətnində ikən itirir. Xəstəlik və filmlərin yorğunluğundan sonra Vivyen dərin depressiyaya düşür.
1948-ci ildə Olivye və Vivyen Avstraliyaya işgüzar səfərə çıxırlar. Onların oynadıqları tamaşalar çoxlu uğurlar əldə etsə də Vivyen yorğunluqdan və yuxusuzluqdan əziyyət çəkir. Vivyenin halı pisləşəndə onu dublyorları əvəz edirdi və bu, bəzən həftələrlə çəkirdi.
Lakin bir dəfə Olivye onu səhnəyə çıxmağa məcbur edir. Bundan imtina edən Li Olivyedən yumruq zərbəsi alır. O, bunun əvəzində hamının gözü qarşısında Olivyenin üzünə şillə vuraraq səhnəni tərk edir.
İkinci “Oskar” və itirilən məhəbbət
Bir müddət sonra aktrisa yenidən özündə güc tapıb “Arzular tramvayı” filminə çəkilir. Filmdə aktrisanın tərəf-müqabili yaraşıqlı Marlon Brando olur. Film uğur qazansa belə kino-tənqidçilər Vivyenin ifasını uğursuz hesab edirlər. Buna baxmayaraq 1952-ci ildə Vivyen həmin filmdəki roluna görə ikinci “Oskar”ı qazanır. Filmin rejissoru isə filmin uğur qazanmasında Vivyenin xüsusi rolu olduğunu vurğulayır.
Bir müddət sonra Vivyen daha da əsəbi olmağa başlayır. Lourens üçün onunla yaşamaq günü-gündən çətinləşir. O, meylini aktrisa Con Poluyrayta salır. Bu xəbər Vivyenə çatanda o, psixoloji böhran yaşayır. Həkimlər ona manyakcasına depressiv vəziyyət diaqnozu qoyurlar. Lourens hiss edir k, artıq Vivyenlə bircə dəqiqə də birlikdə yaşamaq mümkün deyil. Beləliklə onlar ayrılırlar. Vivyen isə öz gündəliyinə bunları yazır: “Mən tək qala bilmirəm. Bütün sakitliyimi itirib dözülməz hala düşmüşəm. Mən daima nə iləsə məşğul olmaq məcburiyyətindəyəm”.
Vivyen isə aktyor Cek Marivel ilə yaxınlaşmağa başlayır. Cek onu hər cür xasiyyəti ilə qəbul edir. Onlar birlikdə xarici ölkələrə qastrola çıxırlar.
1967-ci ildə onlar birlikdə yaşamağa başlayır. Hamı elə bilir ki, onlar artıq evlənmək üzrədirlər. Lakin, təəssüf ki, vərəm xəstəliyi Vivyenin hər iki ağ ciyərini sıradan çıxarır. Həkimlər ona təcili xəstəxanada müalicə almağı məsləhət görsələr də o, təklifləri rədd edir.
Bir gün o Ceklə birlikdə oynayacaqları tamaşanı məşq edirdilər. Fasilədə Vivyen mətbəxə keçib özünə sup hazırlayır. Otaqda tək qalan Cek mətbəxdən möhkəm və küt səs eşidir. Mətbəxə gələndə Vivyen huşsuz halda yerdə uzanıqlı olur.
O, Vivyeni yataq otağına gətirir. Vivyen özünə gəlsə də bədənini hərəkət etdirə bilmir. Cek Olivyeyə zəng vurur. Həmin ərəfədə Olivye də xərçəng xəstəliyindən müalicə olunurdu. Buna baxmayaraq o, tez zamanda Vivyenin evinə gəlir. Gəlib çatanda isə artıq Vivyenin cansız bədəni ilə qarşılaşır.
8 oktyabr 1967-ci ildə aktrisa Londondan o qədər uzaq olmayan qəbiristanlıqda dəfn olunur.