Elçin Hüseynbəyli: "Adımın o yazıçı ilə heç bir əlaqəsi yoxdur" - Söhbət

Elçin Hüseynbəyli: "Adımın o yazıçı ilə heç bir əlaqəsi yoxdur" - Söhbət
23 dekabr 2019
# 18:09

Bu gün yazıçı Elçin Hüseynbəylinin doğum günüdür. Yazıçı əlamətdar günlə bağlı Kulis.az-ın suallarını cavablayıb. 58 yaşını qeyd edən Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edirik.

- Elçin müəllim, ad günlərinizi neçə qeyd edirsiniz?

- Düzü, lap uşaqlıqdan ad günləri bizim tərəflərdə o qədər də dəbdəbə ilə keçirilməyib. O vaxtı kim idi kənddə ad günü keçirən? Açığı ad günlərinin təmtəraqla keçirilməsi son zamanlarda dəbə düşüb. Ad günlərimi həmişə ailə daxilində qeyd etmişəm. Heç vaxt təmtəraqlı ad günləri keçirməmişəm. Keçirmək fikrində də olmamışam. Bilmirəm bu nə il bağlıdır… Ola bilsin, torpaq itkisi, yaşla, həvəslə və istəklə də bağlı olsun. Ancaq hər ad günümdə təbrik edənlər olur. Sağ olsunlar. Övladlarımın hər ikisi də xaricdə yaşayır. Onlar da səhər təbrik ediblər, hədiyyələrini də göndəriblər.

- Bürclərin və illərin vədlərinə inanırsınızmı?

- Düzü mən inanclı adamam. Amma bürclərə və illərə siz deyən qədər də inanmıram.

- Bəs ilin sonunda və ya əvvəlində doğulmaq necə hissdir?

- Ümumiyyətlə dekabrın 23-ü Çin qoroskopuna görə ayrıca bir gün, bürc hesab olunur. Və çox uğurlu bir gün hesab olunur.

- Adınızın tarixi maraqlıdır. Elçin adı bizdə ötən əsrin ortalarından qoyulmağa başlayıb. Adınızın yazıçı Elçinin adı ilə bir əlaqəsi olubmu?

- 1961-ci ildə Elçinin özünün də 18 yaşı olub. Ona görə də düşünmürəm ki, adımın Elçinin adı ilə hansısa bir əlaqəsi olsun. Ancaq deyəsən, Elçin adı bizim əsərlərimizin hansındasa var. Səhv etmirəmsə, Məmməd Səid Ordubadinin ya da başqasının əsərlərinin birində bu ad var. Mənim atam da çox kitab oxuyan adam olub. Görünür adımı da o əsərdən təsirlənərək qoyub. Adımın mənası isə “el üçün” deməkdir. Çin açmasında isə sərkərdə mənasını verir.

- Ad gününüzlə bağlı özünüzün və yaxud da dostlarınızın sizə həsr etdiyi ədəbi yazılar olubmu?

- Doğrusu bu barədə nəsə yazdığımı xatırlamıram. Kiminsə haqqımda nə isə yazdığını da yadıma gəlmir.

- Ədəbiyyatda çox aktiv dönəmləriniz olub. İndi isə sanki az görünürsünüz. Bunun hansısa ciddi səbəbi varmı?

- Mən “Facebook”da o qədər aktiv deyiləm. İndi də əsasən hamı “Facebook”da fəaldır. Ancaq düşünürəm ki, mənim kimi zəhmətkeş yazıçı çox azdır. Son beş ildə yazdığım əsələr “Yenə iki od arasında”, “Vida” romanı də var. Bundan başqa da iki yüzə yaxın yazdığım köşə yazıları var. İndi də bir roman üzərində işləyirəm. Bu yaxınlarda da rus dilində “İqra V...” hekayələr kitabım çap olundu. Yəni yazıçı kimi fəallığım yetəri qədərdir. Sadəcə olaraq, yenə deyirəm, “Facebook”da fəal olmadığıma görə aktivliyimin azaldığını düşünürlər.

- Qarabağ hekayələrinizi vurğulamağı unutdunuz…

- Mənim Qarabağ hekayələrim ötən il çap olundu. Bir neçə yerdə onun təqdimatı da keçirildi. “Gözümə gün düşdü” adlı hekayələr toplusu idi. Bundan başqa Qarabağ hekayələri kitabım Tiflisdə və Türkiyədə də nəşr olundu. Son “Vida” romanımın özü də Qarabağ mövzusu ilə bağlıdır. Qarabağ mənim mahiyyətim olduğuna görə heç vaxt yadımdan çıxa bilməz.

- Deputatlığa namizədliyinizi verdiyinizi açıqlamışdınız. Bu nə dərəcədə real məsələdir?

- Bu barədə fikrimi reallaşdırmaq istəyindəyəm. Çünki müəyyən seçki dairələri, öz yaxın ətrafımız belə düşünürlər ki, Cəbrayılın mənim kimi bir deputata ehtiyacı var. Mən də bu barədə ciddi şəkildə düşünürəm. Yəqin ki, namizədliyimi verəcəm və bu barədə açıqlamalarım da olacaq.

- Ad gününüzdə, ilin son ayında özünüzə, insanlara nə arzu edərdiniz?

- Ötən il mənim üçün çox uğurlu oldu. Yaradıcılığımdan başqa dövlət başçısı, cənab prezident tərəfindən dəyərləndirildim. Haqqımda xeyli yazılar da yazıldı. Mən özüm də yola saldığımız ili özüm üçün kifayət qədər məhsuldar il kimi hesab edirəm. Əməkdar incəsənət xadimi adına layiq görüldüm. Amma mən doğurdan da özümü vətənsiz təsəvvür edə bilmirəm. Bayaq dediyim kimi Qarabağ, doğulduğum yer mənim mahiyyətimdir. Və demək olar ki, bu qədər uğurların qarşısında vətənsiz qalmaq çox kədərli duyğudur. Ona görə də arzu edirəm ki, gələn ili, lap elə dekabrın 23-nü doğulduğum doğma kəndimdə, Qarabağda keçirim.

- Elçin müəllim, yazıçılıqdan əlavə şəxsi həyatınızda, övladlarınızla bağlı maraqlı məqamları da bilmək xoş olardı.

- Nəvəmin yaş yarımı bu gün tamam oldu. O, 23 avqustda, mən isə bu gün anadan olmuşuq. Bundan başqa oğlum Orxanla həyat yoldaşı Ayla xanım magistr təhsili almaq üçün dövlət xətti ilə Frankfurtda getdilər. Cənab prezidentin tapşırığı ilə bu məsələ Gənclər fonduna həvalə olunub. Xaricdə təhsil almağa göndərilən qırx yeddi tələbə arasında oğlum və gəlinim də təmsil olundu. Oğlum bundan əvvəl də İngiltərədə maliyyə iqtisadiyyatı üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Yəni həyatımızda hər şey normaldır. Şikayətlənəcəyimiz bir şey yoxdur. Gündəlik ailə qayğıları hamımızın həyatında var. Qayğısız da insan yoxdur. İnsanın daim qayğısı olmalıdır ki, o, ayaqda dayana bilsin.

- Sizinlə bağlı niyəsə belə bir assosiasiya yaranır ki, sanki Elçin Hüseynbəyli tez yaşlandı. Bəs Elçin müəllim özünü hansı yaşda hiss edir?

- Tez yaşlanmaq hissi bilmirəm nədən yaranıb. Amma əslinə qalsa, mən özümü doğurdan da çox cavan hiss edirəm. Belə bir deyim də var ki, insan özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır. Amma bu yaşlılıq məsələsi həm də onunla bağlı ola bilər ki, biz çox gərgin həyat yaşadıq. Təsəvvür edin ki, 1989-cu ildə universiteti bitirib gələndə Qarabağ müharibəsinin, siyasi çəkişmələrin ən qızğın vaxtına düşdüm. Özüm qaçqınlıq həyatı yaşamasam da ətrafım, qohumlarım qaçqına çevrildilər. Torpaq itkisi doğurdan da insanı çox yaşlandırır, qocaldır. Bu baxımdan bəli, mən deyə bilərəm ki, çox zəngin bir həyat yaşamışam. Bunu həm jurnalistika, həm də dramaturgiyaya aid etmək olar. Çox yazıb, çox işləmişəm. Görünür bunların hamısı insanın yaşına təsir edir. Ancaq sağlamlıq baxımından elə bir şikayətim yoxdur.

- Son olaraq, yaradıcılığınızda hansı yeniliklər var?

- “Vida” romanımı bu yaxınlarda “Azərbaycan jurnalı”na təhvil vermişəm. Bir neçə gün bundan əvvəl mənim rus dilində hekayələr kitabım nəşr olunub. Hazırda “Komada kimlər” adlı roman üzərində işləyirəm. Paralel zamanlardan bəhs edən romandır.

# 4066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #