Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
30 aprel 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən on birinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

I HİSSƏ

II HİSSƏ

III HİSSƏ

IV HİSSƏ

V HİSSƏ

VI HİSSƏ

VII HİSSƏ

VIII HİSSƏ

IX HİSSƏ

X HİSSƏ

XI HİSSƏ

...Mənim pianino söhbətimi eşidər-eşitməz atam qəti şəkildə bildirdi ki, uzağı bir aya problem həll olunacaq!

Bu xəbər məni bir az sevindirdi. Amma başqa tərəfdən. Ümid edirdim ki, pianinom alınacaq və hökmən çöl küçəyə baxan otağa qoyulacaq. Hər gün pianinoda çadığım mahnıları küçədən keçən oğlanlar eşidib mənim kimliyimlə maraqlanacaqlar. Bəli, “məşhurluq” naminə hər şeyə dözmək olardı. Lap musiqi dərslərini öyrənməyə də!

Atam dediyini elədi. Pianonu alıb gətirdi. Göy rəngli darvazamız taybatay açılanda bir yük maşınının dalın-dalın həyətə girdiyini gördüm.

Atam mənə baxıb güldü. Pianinonu dayım oğlu Vaqif Bakıdan alıb göndərmişdi. Sevinc, heyrət, məsuliyyət hissi mənim daxilimdə bir-birinə qarışmışdı. Pianino o qədər ağır idi ki, onu yerindən tərpətmək üçün səkkiz-doqquz adam lazım idi. Qısa bir zamanda qonum-qonşuda nə qədər igid vardısa, bizim həyətdə cəm oldu. “Zindan” adı verdikləri aləti birtəhər götürüb giriş otağına girdilər. Onların pianinonu mən arzuladığım otağa yox, uşaq otağına apardığını görüb qışqırdım:

- Ata, ora yox, qonaq otağına aparın!

Atam qəddi əyilmiş halda qolunun altından bir mənə, bir də anama baxıb dedi:

- Axı anan dedi, bu otağa qoyaq.

Anam dedi də, elədi də! Çünki, yataq otağı gün ərzində bomboş olurdu və mənim dərs çalışmağım üçün orda “münbit” şərait vardı. Atam üçün bu qərar ona görə sərfəli idi ki, yataq otağı da yaxın idi və “zindanı” ora yerləşdirmək daha asan olacaqdı. Beləliklə, pianino konusunda arzum məhv oldu. Elə həmin gün söz verdim ki, allah eləməmiş, lap Motsart qədər istedadım olsa da, bu sənətin ardınca getməyəcəm!

Məhəbbətin bəxş etdiyi ilk ürək çırpıntılarını beşinci sinifdə duymuşdum. Məktəbimizdə Elçin adlı atasız bir oğlan oxuyurdu. Anası aptekdə əczaçı işləyirdi. Kasıb idilər. Elə bir yaraşığı da yox idi. Qarayanız, çöp kimi oğlan idi. Soyuq aylarda əyninə həmişə internatdan verilən dama-dama palto geyinərdi. Məktəbdə ən kasıb geyinən o idi. Amma onun kasıblığı, çəlimsizliyi qurduğum xəyallara mane olmurdu. Lakin, necə oldusa günün birində onun üçün qurduğum xəyallar yerli-dibli yoxa çıxdı. Yerini başqa xəyalların sahibi tutdu. Sinif rəhbərimizin Aqil adlı oğluna vurulmuşdum deyəsən. İlk gördüyüm gündəcə... Hər halda belə fikirləşirdim. Oğlan hər gün dərsdən çıxıb anasının yanına gəlirdi, evə birlikdə gedirdilər. İki daşın arasında onun qarabuğdayı çöhrəsinə, mütənasib üz quruluşuna baxıb yeni xəyallar üçün “material” toplayırdım. Bu xəyalların içində nələr yox idi: idman zalının düz ortasında istidən tıncıxıb yıxılmağım, məktəbin ən gözəl qızlarının gözü qarşısına Aqilin məni yerdən qalxızıb sinfə aparmağı, təlaşla həkim çağırmağı...

Hər gün onun xəyalıyla yatıb, onun xəyalıyla dururdum. Bir gün bu xəyallarım da suya düşdü. Bu dəfə səbəb qısqanclıq idi. Ordan-burdan qulağıma çatmışdı ki, məndən iki yaş böyük olan Aqil rayonumuza yenicə gəlmiş varlı bir ailənin qızına vurulub. Beləcə beş aya yaxın sürən xəyali məhəbbətim sona çatdı. Yazıq Aqil ona olan sevgimdən ömür boyu xəbərsiz qaldı.

Günlərin birində gözləmədiyim bir sevgi qapımı döydü. Daha xəyallarında özü özümə acıyan o nakam qızcığaz deyildim. Yeddinci sinfi bitirənə yaxın məndən dörd yaş böyük bir oğlanın mənə vurulduğunu eşitdim. Sinfimizdə başlanan pıçapıçlardan, gülüşmələrdən vəziyyətin xeyli ciddi olduğunu anladım. Adı Elşad idi. Onuncu sinfi bitirəcəkdi. Hara gedirdimsə, qarabaqara izləyirdi məni. Amma yaxınlaşıb bir söz demirdi.

Bir gün lap qapımızın ağzına qədər gəlib çıxdı. Üzbəüz qonşunun oğlu ilə bir sinifdə oxuyurdu. Atası yaxşı maşın ustası idi. Hər gün “Volqa” maşınlarını gətirib qoyurdu qonşumuzun qapısına, sonra gəlib aparırdı. Hər gəlişində qaçıb evə girir, bütün pəncərələri, qapıları açıb pianinonun səsinə güc verirdim. Amma bilirdim ki, mənim ifa etdiyim musiqilərin harayı gedib ona çatmır.

Müharibənin başlanması ilə Elşadın əsgər getməsi bir oldu. Həm də mənimlə bircə kəlmə belə kəsmədən... Onu bir də heç vaxt görmədim. Amma bu günə qədər də unutmadım!

Evimizdəki son günümdə bütün nəql etdiklərimi xatırlayıb dərin iztirab keçirirdim. Həyət-bacadakı lal sükut məni daha da kədərləndirirdi. Pianinonun qapağını qaldırıb barmaqlarımı sarımtıl dillərinə sürtdüm. Musiqi kitablarımı götürüb termonun qarşısına qoydum. O biri otaqdakı nağıl kitablarımı, başqa əşyalarımı gətirdim. Hamısını qutuya yığıb sintetik iplə dörd yerdən bağladım. Evimizdə o qədər qutular bağlanıb açılmışdı ki, öyrənmişdim. Bu vərdişim getdikcə təkmilləşəcəkdi. Evimizdən çıxan bağlamalar müxtəlif qapılara düşdükcə iplər bıçaqla kəsiləcək, içindəki əşyalar boşalacaqdı. Sonra yenidən eyni qutulara yığılıb daşınacaqdı. Lap axırlarda iplərə qənaət olsun deyə onları kəsməyəcəkdik. Atam hövsələ ilə açıb yumrulayacaq və pencəyinin döş cibinə qoyacaqdı.

O son gecə anam havalı adamlar kimi evi dörd dolandı. Onu götürüb, bunu qoyurdu. Gah paltarlarımızı qablaşdırır, gah saatlarla çarpayıda oturub hıçqırıqlara boğulur, gah da əlindəki əski ilə həmişə güzgüləndiyi termonun tozunu silirdi. Siyirmələri boş, üstü tozlu termonu... O, evdəki bütün əşyalarla vidalaşırdı. Onu öz bədbəxtliyi ilə baş-başa buraxıb bayıra çıxdım və divar boyu sıralanan gülləri suladım.

Atamın minbir əziyyətlə qurub yaratdığı bostanı toyuqlarımız tar-mar etmişdi. Avqust ayı olduğundan gilənar ağacının başında qalan tək-tük meyvə yetişib qaralmışdı. Yerə tökülən əriklər qurumuş, qarışqaların azuqəsinə çevrilmişdi. Çəpər boyu sıralanan rəngbərəng qızılgüllər, zanbaqlar susuzluqdan saralmışdı.

Acmışdım. Nə yeyəcəyimi bilmirdim. Anam elə bil mənim aclığımdan duyuq düşmüşdü. Bostana girib ləkdəki koldan bir neçə pomidor dərib evə keçdi. Mən də dalınca getdim. Stolun üstündəki yekə boşqabda pomidor salatı vardı. Salatın tən yarısını yeyib, doydum və divanın üstünə yıxılıb daş kimi yuxuya getdim.

Səhərə yaxın zil qaranlıqda anam məni dümsükləyib oyatdı. Getmək vaxtı idi. Mən qalxanda saatın hələ beş olduğunu görüb təzədən yatmaq istədim. Anam çox tələsirdi. Elə bil nəsə pis bir hadisə olacağını hiss edirdi. Mən sonralar bildim ki, təhlükəli anlarda anamın yuxusuna qarapaltarlı bir qadın gəlib onu xəbərdar edirmiş. Yenə həmin qadın onun yuxusuna gəlib və evdən tez çıxmağımızı söyləyib. Anam yuxudakı qadına qaraçuxa deyirdi.

Rayon dərin bir səssizliyə qərq olmuşdu. Fırtına öncəsi sakitlik kimi... Hava yavaş-yavaş işıqlanırdı. Üzü yuxarı – “Pemka”ya tərəf qalxanda qarşıdakı nəhəng qoz ağacının altında bir qaraltı göründü. Anam əlimdən tutub özünə tərəf çəkdi. Qaraltının bizə tərəf gəldiyini görəndə xeyli qorxduq. Anam diqqətlə baxanda toxtadı:

“Sergeydi!”

Sergey bizi görəndə uşaq kimi sevindi. Anam tez atamı xəbər aldı. Sergey atamın iki gün əvvəl getdiyini söylədi. Anam kədərlə ona baxıb dedi:

“Sən niyə getmirsən, Sergey? Nəyi gözləyirsən?”

Qaşqabağını salladı:

“Kimim var ki, yanına da gedim?”

Anam onu məzəmmət etdi:

“Niyə belə deyirsən? Bakıda nə çox qohum-əqrəban. Hələ burdan gedənləri demirəm. Birinin yanında köç salıb yaşayarsan.”

O, Qayğılı-qayğılı başını yırğaladı:

“Adamın öz evi, ailəsi olmadısa...” - Xeyirxah və sevgi dolu baxışlarla mənə baxıb əlavə elədi – “Arzu, sən çox ağıllı qızsan. Heyif ki, böyüməyini görə bilməyəcəm. Heyf.”

Anam, onu bizimlə getmək üçün çox dilə tutdu, heç cür razılaşmadı. Çarəsiz qalıb sağollaşdıq.

Sergey bizdən gözləməyimizi xahiş edərək evinə getdi. Onun evi lap yaxındaydı. Az keçməmiş əlində bir bağlama və göy cildli dəftər geri qayıtdı, ikisini də mənə verib dedi:

“Arzu, bunları bibinə çatdırarsan.”

Anam qeyzlə ona baxıb dedi:

“Sergey!”

O, anamı eşitmirmiş kimi alnımdan öpüb, iri addımlarla aralandı.

# 2866 dəfə oxunub

Müəllifin son yazıları

# # #