Məşhur diktorun xanımı: “Onu öldürmək istəyirdilər” - Müsahibə

Məşhur diktorun xanımı: “Onu öldürmək istəyirdilər” - Müsahibə
26 oktyabr 2022
# 21:00

Bu gün mərhum diktor, Xalq artisti Rafiq Hüseynovun anım günüdür. Kulis.az diktorun həyat yoldaşı Səbinə Hüseynova ilə müsahibəni təqdim edir.

- Səbinə xanım, bu gün mənimlə söhbətə gələrkən Rafiq müəllim haqqında ən çox yadınıza nələr düşdü?

- Tanışlığımızı xatırladım. Toyumuz, ona qədər olan hazırlıq prosesi yadıma düşdü. Rafiq bir neçə dəfə ailə qurmuşdu deyə, bu barədə dostlarına necə deməyi barədə düşünürdü. Məclis qurmağı özü istəmişdi, məndən belə bir təşəbbüs gəlməmişdi.

- Sizi nə ilə cəlb etmişdi?

- Onunla tanış olanda 22 yaşım vardı, gənc idim. Rafiq məni ən çox düzgünlüyü ilə cəlb etmişdi. Düz danışan adam idi. İndi Rafiq yaşda olan insanların hamısı onun kimi olmur. Bu heç yaş məsələsi də deyil, xarakter, şəxsiyyət məsələsidir. Sonralar o, mənə deyirdi ki, məktəb illərində qızlarla tanış olurdum, onları kinoya aparmağa pulum olmurdu, amma yalan demirdim, deyirdim, bu gün imkanım yoxdur kinoya getməyə, bulvara gedə bilərik, pulum olanda səni kinoya aparacam. Yəni adam düzgünlük tərəfdarı idi, heç kimi aldatmağı sevmirdi. Ailəmizlə də o vaxt Rafiq özü gəlib danışdı. Dedi, bu həyatdır, hamı gənc insanla ailə qura bilməz.

- Evdəkilər razılaşdılar onunla?

- Yox, onlar öz fikirlərində qalmışdılar. Amma Rafiq kişi kimi addım atdı, toyumuz da oldu.

- Sizin heç bir tərəddüdünüz olmamışdı?

- Məndə yox. Mən elə vurulmuşdum ki, heç bir etiraz etmirdim. Əsl gənclik sevgisi ilə aşiq olmuşdum (gülür).

- Sizi qısqanırdı?

- Mən daha çox qısqanırdım. Rafiqdə də hərdən olurdu, keçib gedirdi. O, elə adam idi ki, qısqansa da, büruzə verməzdi. Rafiq xoşlayırdı ki, yanındakı qadın qəşəng olsun. Mən qəşəng, zövqlə geyinəndə deyirdi, yaraşır, geyin. Amma mən hərdən onun əvvəldən tanıdığı qadınları sonradan hardasa məclisdə, yığıncaqda Rafiqin yanında görəndə ona qısqanırdım. Sonra düşünürdüm ki, məndən qabaq olub, keçib. Həm də mənə qədər onun o boyda həyatı olmuşdu. Bunu necə danmaq olardı? Rafiqin ətrafında qadınlar çox olub. Qadınların ona yazdığı məktublar hələ də durur. Bu qadınların içərisində azərbaycanlılar da var, qeyri millətlər də. Yəqin Rafiqin yanında olduğum üçün mənə qibtə edənlər də çox olub. Amma məşhur insanın, Rafiqin həyat yoldaşı olmağın öz çətinlikləri vardı. Bəlkə də həmin qadınlar mənim yerimdə olsaydılar, Rafiqin yükünü daşıya bilməzdilər.

- Qəribədir, əksər qadınlar kişilərə onların keçmişini qısqanır...

- Hə, ona görə ki, o qədər ağıllı deyilik. Əlbəttə, zarafat edirəm (gülür). Ancaq kişilər bizdən ağıllıdırlar, ona görə ki, onlar gördüklərini qısqanırlar. Kişilər təmkinlidirlər, həm də dərinə getmirlər. Qadınlar isə görürlər, analiz edirlər, başlarını tuturlar.

- Evlilik təklifi sizin üçün gözlənilməz idi?

- Sözün düzü gözləmirdim. Rafiq mənim müəllimim olmuşdu. Mən üçüncü kursda oxuyanda Rafiq bizim kursda mühazirələr söyləyirdi. Bu baxımdan mənim üzərimdə zəhməti vardı. Sonralar mənə deyirdi ki, səni mən özüm formalaşdırdım, özüm də sevdim. O, sözün həqiqi mənasında yaxşı, güclü və savadlı müəllim idi.

- Rafiq müəllimə qarşı sizdə əlçatmazlıq hissi vardı?

- Rafiq ümumiyyətlə ən yaxın dostlarına belə müəyyən qədər məsafəli idi. Bunu bilərəkdən etmirdi, təbiətində vardı. Yəni əlçatmazlıq onun təbiətindən irəli gəlirdi. Dost sevən, sadə, ünsiyyətcil adam idi. O, dostlarını həyatının ən böyük qazancı hesab edirdi. Çox dostu olan tək qalar misalı Rafiqə aid deyildi. Elə dostları vardı ki, onlarla ildə bir dəfə görüşərdi, amma çox sevərdi. Rafiq atasını tez itirmişdi, həyata tez atılmışdı. Yəqin bu baxımdan onun həyatında dostları çox olub. Və mənə elə gəlir ki, onun xarakterinin formalaşmasında bu faktor rol oynayıb. Rafiqin yeniyetməlik illəri İçərişəhərdə keçib və o zaman da orada çox xarizmatik, parlaq və maraqlı insanlar yetişirdi.

- Kənardan adama elə gəlirdi ki, onun ən yaxın dostları həmkarlarıdır?

- Yox, əsla belə deyil! Onun hər sahədən həkimdən tutmuş, hüquqşünasa, incəsənət adamlarına, siyasətçilərə, sadə insanlara qədər dostları vardı. Çoxlu məmur dostları vardı ki, hamısı ona bir şəxsiyyət kimi hörmətlə yanaşırdılar.

- Rafiq müəllimin xüsusi özəllikləri nə idi?

- Şəxsiyyət idi. Xırda məsələlərdən tutmuş böyüyünə kimi öz fikri, baxışı vardı. O, hətta ona zərər gətirən məsələlərdə belə geri çəkilməz, öz prinsiplərinə sadiq qalardı. Çünki həqiqəti sevən insan idi, həmişə də deyirdi ki, gərək insanın öz fikri olsun. O, əsl insan idi. Yanındakı insana kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazır idi. Bütün dostlarına, ətrafına əl uzadardı. Rafiqin adı-sanı, böyük imkanları, əlaqələri olsa da, hamı bilir ki, biz çox sadə həyat sürmüşük. O, mənsəbindən, əlaqələrindən heç zaman şəxsi istəkləri üçün istifadə etməyib. Rafiq diktorluq sahəsində də özünü öz bacarığı hesabına təsdiq edib. O, 17 yaşında televiziyaya gəlmişdi və rusdilli idi. Azərbaycan dilində yaxşı danışa bilmirdi. Müsabiqədən keçəndən sonra da onun çıxışını bəyənməmişdilər.

- Həmin ərəfədə ona Nəbi Xəzri dəstək olmuşdu...

- Elədir. Rafiq həmişə deyirdi ki, Nəbi Xəzri ağıllı insandır. O, məndəki potensialı gördü və kənara çəkib dedi, get, öz üzərində işlə. Nəbi müəllim beş demişdisə, Rafiq öz üzərində on beş dəfə çox işlədi ki, özünü təsdiq edə bilsin.

- Rafiq müəllimin sizə qədər bir həyatı olmuşdu. Bir neçə dəfə evlənmişdi, övlad faciəsi yaşamışdı. Bütün bunları sizinlə bölüşürdü?

- Bölüşürdü. Amma məni öz həyatında baş verənlərlə çox yükləmirdi heç vaxt. O, heç vaxt həyatından keçib gedən insanlar haqqında bir dəfə də olsun mənfi fikir işlətmədi. Bu, mənim Rafiqdə qiymətləndirdiyim ən yüksək keyfiyyət idi. Ümumiyyətlə, onun kiminsə haqqında əsəbiləşib dediyi ən ağır söz təxminən belə ola bilərdi. “Ağılsızlıq edib”. Vəssalam. Onda insanlara qarşı aqressiya yox idi.

- Əvvəl ailə qurduğu xanımlarla da sonrakı münasibətləri yaxşı olub. Roza xanımla isə sonuna qədər dost qaldı...

- Bəli, bütün xanımları ilə dost kimi ayrılıb. Roza xanımla da çox yaxşı münasibəti vardı. Roza xanım ümumilikdə bizim ailəmizə yaxın biri idi. O, təbiətcə, xasiyyətcə çox yaxşı qadındır.

- Səbinə xanım, Rafiq müəllimin xəstəliyi barədə nə vaxt xəbər tutdunuz?

- 2013-cü ilin axırında onun dəqiq diaqnozu məlum oldu. Dekabrda isə Türkiyədə ağciyərindən əməliyyat olundu. Orada həkim demişdi ki, xərçəng onun ağciyərinin birini tamamilə sıradan çıxarıb, amma o birisi sağlamdır. Rafiqə siqaret çəkmək olmazdı. Amma o, on üç yaşından siqaret çəkmişdi, buna vərdiş eləmişdi. Özü də həmişə zarafatla deyirdi ki, mən ilk dəfə on üç yaşımda siqaretin dadına baxmışam.

- Sizdən sonra qadınlara münasibəti necə idi?

- Qadınları sevirdi, qadınlar da onu sevirdi. Rafiq Hüseynovu daşımaq asan məsələ deyildi. Amma ən böyük çətinlik xəstəliyi dövründə oldu. Məişətdə, ailədə çox rahat insan idi. Ciddi hansısa kaprizi yox idi. Bişirdiyim yeməkləri bəyənirdi, buna baxmayaraq, onu istəyirəm, bunu istəyirəm deməzdi. Rafiq xəstələnəndən, dünyasını dəyişəndən sonra onun gördüyü bütün işlər mənim boynuma düşdü. Mən də, belə deyək, böyüdüm. Söhbət təkcə Rafiqin hansısa işi görməsindən getmir. Onun özü sosial insan idi, ictimai həyatı, dostları, əhatəsi vardı. Birdən-birə xəstəliyinə görə evə qapanması çətin oldu. Özü də həmişə deyirdi ki, mən sizə görə bu xəstəliyə dözürəm, siz olmasanız dözməzdim.

- Bunu nə mənada deyirdi?

- Yəni müalicə olunmazdı, xəstəliyi başlı-başına buraxardı. Amma bizə görə yaşamaq istədiyini deyirdi.

- Qızını çox sevirdi...

- Bəli. Ümumiyyətlə, Rafiq uşaqları çox sevirdi. Onun həyatda iki övladı olub. Bir bizim qızımız, biri də Roza xanımla nikahdan olan oğlu. Oğlunu da çox sevmişdi. On yeddi yaşlı oğlunun itkisi ona çox ağır zərbə oldu. Ondan sonra Rafiq şəkər və digər xəstəlikləri tapdı. Bu itki onu çox sındırdı. Son gününə qədər oğlunu unutmadı.

- Bir dəfə mərhum diktor Natəvan Hacıyeva müsahibələrinin birində demişdi ki, bəzən özümü yaxşı hiss etmirdim, işə təcili yardım çağırırdım, amma Rafiq mənə demirdi ki, xəstəsən, efirə çıxma. Bu, məncə işə prinsipial yanşamadan irəli gəlirdi...

- Qadın diktorların rəhbəri Rafiq idi. Üstəlik, onlar o vaxtı gənc idilər. Tanınırdılar, sevilirdilər. Amma hərəsinin öz kaprizi, fərqli xasiyyəti vardı. Belə olan halda iş prinsipi təbii ki, ciddi olmalı idi. Bu baxımdan Rafiq hamısından iş tələb edirdi. Rafiqdən sonra bu qayda-qanunu heç kim yarada bilmədi. Xanım diktorlar Rafiqdən çəkinməklə yanaşı, həm də ona hörmət edirdilər. Çünki Rafiqin sözünün dəyəri vardı, o, peşəkar idi və nəsə deyirdisə, tələb edirdisə, deməli, orada məntiq vardı.

- Bir müddət televiziyadan ayrı düşdü. Həmin dövrlər yadınızda necə qalıb?

- Çox çətin yaşayırdı o dövrü. Ümumiyyətlə, o, televiziyadan aralananda, həyatında elə bil uçurum yarandı. Özü də dəfələrlə demişdi ki, həmin dövr boşluqdaydım. O vaxtlar televiziya kanalı bircə AzTV idi, onun da siması Rafiq Hüseynov idi. İşsiz, pulsuz, heç nəsiz qalmışdı Rafiq. Sağ olsun onun dəyərli dostları ki, Rafiqi tək qoymadılar. Dedilər, sən bu cür dəyərli insan niyə oturmusan, səndən öyrəniləsi şeylər çoxdur. Düzdür, ona xeyli yerdən iş təklifləri gəlirdi. Hətta deyirdilər, siz heç işə gəlməyin, amma biz sizə əmək haqqı yazarıq. Rafiq razı olmurdu, deyirdi, mən öz əlimin çörəyini qazanmalıyam. Ondan sonra universitetdə dərs deməyə başladı, sonra professor da oldu. Azad Mirzəcanzadə ona çox dəstək verdi. O, hər adamı bəyənməzdi, amma Rafiqin xətrini çox istəyirdi. Kinematoqrafiya sahəsində də Rafiq işlərini davam etdirdi, onun səsinə ehtiyac vardı. Bayaq dediyim boşluq dönəmində o, kino sahəsinə bütünlüklə istiqamətlənə bildi. Təxminən həmin ərəfələrdə yüzə yaxın filmi həm səsləndirib, həm də redaktoru olub.

- Aktyor kimi özünü sınayıb?

- Ona bu barədə çox təkliflər gəlirdi. İstəmirdi. Kənardan adama elə gəlirdi ki, Rafiq özündən razıdır, amma qətiyyən elə deyildi. Əksinə, utancaq adam idi. Deyirdi, mən - Rafiq Hüseynov gedib kameranın qarşısında plyaj paltarında dayanıram, ertəsi gün gəlib efirdə hansısa ciddi bir mətni oxuyuram, camaat deməz ki, bu, dünən çılpaq olan aktyordur? Belə olsa insanlar mənə necə inanıb, etibar edəcəklər. Mənim səmimiyyətimə inanmayacaqlar, deyəcəklər, elə bu, filmlərdə oynayır, başdan-ayağa aktyordur.

- Televiziyadan niyə uzaqlaşdırılmışdı?

- Rafiq o zamanlar sözünü açıq demirdi. Buna görə də başqaları tamamilə fərqli sözlər danışmağa başladılar. Deyirdilər, Rafiqi yuxarıdan istəmədilər, yaxud işdən kənarlaşdırdılar və s. Amma elə deyildi. O, öz şəxsiyyətini itirməməkdən ötrü ərizə yazıb işdən uzaqlaşdı. Hər adam belə addım ata bilməzdi.

- Səbəb nə idi?

- Bu televiziyanın daxili işi idi. Heç kim kənardan nə isə etməmişdi. Əksinə, həmin ərəfədə Rafiqə televiziyada vəzifə də vermək istəmişdilər. Amma Rafiq əqidəsinin əksinə getmədi. Ondan kimlərsə öz mənafelərinə görə istifadə etmək, televiziyanın oyunlarına cəlb etmək istədilər, o isə bundan imtina etdi, prinsiplərinə xəyanət etmədi. Bu, təxminən 91-ci ilə təsadüf edirdi. 1990-cı il 20 Yanvar hadisələrində isə o, daha ağır təhlükəylə üzləşmişdi.

- Nə kimi təhlükə?

- O vaxt Rafiqi öldürmək istəyirdilər. Veriliş zamanı Moskvadan göndərilən komendant ona mətn verib demişdi ki, məndə olan məlumata görə sən ölkədə müəyyən nüfuza sahibsən və insanlara təsir gücün var, buna görə də bu mətni oxumalısan. Rafiq isə mətni oxumaqdan imtina etmişdi, demişdi, mən bunu oxumayacam.

- Mətn nə ilə bağlı idi?

- Şəhərdəki vəziyyətlə bağlı aldadıcı mətn idi. O vaxtı baş verən hadisələrlə bağlı insanları aldadırdılar. Rafiq mətni oxumaqdan imtina edəndən sonra komendant ona demişdi ki, sən bilirsən, mətni oxumayanları güllələmək haqqında məndə əmr var. Rafiq də demişdi ki, istəyirsiniz güllələyin, amma mən oxumayacam. Bundan sonra komendant çıxıb getmişdi. Bilirsiniz, şəxsiyyət olandan sonra çox adam bu faktın qarşısında susur.

- Rafiq müəllimlə aranızda təxminən otuz yaş fərq var. Bu yaş fərqi sizdə nə zamansa təəssüf hissi yaradıb?

- Məndə olmayıb, amma Rafiqdə olub. O, həmişə deyirdi ki, kaş, bir az tez rastlaşardıq. Bir tərəfdən deyirdi, vaxt tez keçsin, qızımın böyüməyini, toyunu görüm. Bir yandan da təəssüflənirdi ki, vaxt keçir. O, yaşamaq istəyirdi. Belə baxanda Rafiq 71 yaşında dünyasını dəyişdi. 67-də xəstələndi... Yəni erkən getdi.

- Xəstəliyini biləndə nə etdi?

- Bir gün evə gəldi, məni qızım olmayan başqa bir otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Sonra başladım həkimlər axtarmağa.

- Son günlərini necə xatırlayırsınız?

- Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Düşünürdük bəlkə onu o vəziyyətdən çıxara bilərik.

- Özünün ümidi vardı?

- Mənə deyirdi, ora-bura çox qaçırsan, bir sakitləş. Nə olacaqsa, olacaq. Mənə hərdən elə gəlirdi ki, hərəkət edəndə onda ümid yaranır. Düşünür ki, yəqin yaxşılığa doğru ümid var. O, məni müşahidə edirdi, soruşurdu ki, nə oldu, həkimlər nə dedi? Hər dəfəsində deyirdim ki, yaxşı olacaq, narahat olma. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Orda artıq ona heç nə etmirdilər. Özü də mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi. Rafiqin ən ağır məqamlarında Mehriban xanım Əliyeva mənə zəng vurdu. Həmin vaxt elə bil mən quyunun dibində idim, məni ordan çıxardılar. Mehriban xanım bizi Almaniyaya göndərdi. Mən bu gün də Mehriban xanıma bizim ailəyə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Həmin vaxt elə bil o ümiddən yapışıb Rafiqlə Almaniyaya getdim. Orda müalicələr getdi təbii ki, ancaq bir müddət sonra müalicələr effekt vermədi və Rafiq komaya düşdü. Bakıdakılarla əlaqə saxlayırdım, amma həmin situasiyalarda tək idim.

- Gələcəklə bağlı arzuları nə idi?

- Bütün arzu və istəkləri qızı ilə bağlıydı. Deyirdi, bircə onu gözəl, böyümüş qız kimi görərdim. Rafiq həmişə dostlarının böyüyən qızlarına fəxr hissi ilə baxardı. İndi hərdən Rafiqin dostları ilə rastlaşanda, onlar Leylini görəndə hamısı kövrəlir ki, Rafiq onu bu yaşda görmədi.

- Rafiq müəllimin səsini eşidəndə, hansı hissləri keçirirsiniz?

- Hərdən səs yazılarını internetdən tapıb qulaq asıram. Elə bilirəm, evdədir, yanımdadır. O cür təəssürat yaradıram. Evdə də bir neçə otaqda onun portreti vurulub. Elə bilirəm bizimlədir. Onun daxili aləmi üzünə, davranışlarına təsir etmişdi.

- Rafiq müəllimdən sonra ona ən böyük ehtiyacı nə zaman hiss etdiniz?

- Mən ona hər zaman ehtiyac hiss edirəm. Ən çox da qızımla bağlı nə isə olanda. Amma sözün doğrusu, Rafiq xəstə yatan zamanlar o qədər hər işin dalınca qaçdım ki, elə bil, mənəvi cəhətdən möhkəmləndim. Özümlə bağlı xəstəliklər, problemlərə o qədər də əhəmiyyət vermirəm, deyirəm, keçəcək. Ya da nə olar, olar. Amma qızımla bağlı nə olsa, dərhal ağlıma Rafiq gəlir. Düşünürəm ki, Rafiq bu situasiyada nə deyərdi?

- Qızınız atasına hansı xüsusiyyətləri ilə oxşayır?

- Astagəlliyi. Mən bir az iti adamam, tez hərəkət etməyi xoşlayıram. Amma Rafiq xeyli düşünüb, sonra danışan adam idi. Leyli də eynən onun kimidir. Bundan başqa dillərə olan marağı, həvəsi də atasından keçib. Rusdilli ziyalılar, aktyorlar Rafiqi sevirdilər. İqor Kosrolevskiy Rafiqin yaxın dostu idi. O, hər adamı özünə yaxın buraxmazdı, amma Rafiqə dərin rəğbəti vardı. Neçə illər sonra o, gəlib Bakıda Rafiqi tapmışdı. Rafiq də dostluqda çox etibarlı idi. Sizə bir əhvalat danışım. Onun bir dostunu səhvən həbs etmişdilər. 2016-cı ildə Rafiqin yubileyi olacaqdı. Dostu da elə yubiley ərəfəsində həbs olundu. Rafiq çox pis oldu. O, dəvətnamə yazaraq həbsxanaya yolladı. Dedi, onu bir il də, on il də həbs etsələr mənim dostumdur. Bir il keçmədi həmin adamı buraxdılar. O, həbsdən çıxanda Rafiqlə görüşüb ona demişdi ki, mən sənin ad günü dəvətnaməni alanda hansı hislər keçirdiyimi sənə izah edə bilmərəm. Rafiq bu hərəkəti simvolik olaraq etmişdi. Amma nə üçün etdiyini də bilmişdi.

- Rafiq Hüseynovdan nələr öyrəndiniz?

- Hər şey. Valideynlərim məni böyütdülər, amma insan olaraq məni formalaşdıran Rafiq oldu. Bu, hər qadına nəsib olan xoşbəxtlik deyil. Rafiqdən sonra həyat yenə davam edir. Uşağımın gələcəyini düşünməli, onun yanında olmalıyam. Qızım təkdir, mən də evin tək övladı olmuşam. Ona görə bilirəm ki, mən ona lazımam. Ağıllı, dərrakəli qız olsa da, ona ana lazımdır. Rafiqlə bağlı işləri, missiyanı da mən yerinə yetirməliyəm.

# 19714 dəfə oxunub

Müəllifin son yazıları

# # #