Məşhur aktrisanın oğlu: “O olmasın, bu olsun” filmindən sonra atam ona qadağa qoydu – Müsahibə

aktrisa Tamara Gözəlovanın oğlu Vasif Ağamirov

aktrisa Tamara Gözəlovanın oğlu Vasif Ağamirov

18 aprel 2022
# 09:00

Kulis.az aktrisa Tamara Gözəlovanın oğlu Vasif Ağamirovla müsahibəni təqdim edir.

- Vasif müəllim, səhv etmirəmsə, ailədə tək övlad olmusunuz?

- Bəli, ailədə tək uşaq olmuşam. Televiziyaya gəlişim təsadüfi olub. Amma elə valideynlərimin yolu ilə getmiş oldum. Planımda jurnalist olmaq yox idi. Heç valideynlərim də istəmirdilər.

- Atanız da jurnalist olub?

- Elədir. Atam əslən şuşalıydı, uzun müddət jurnalist, teatr və kino tənqidçisi kimi fəaliyyət göstərib. “Kommunist” qəzetinin məsul katibi olub. Elə ordan da təqaüdə çıxıb. 2000-ci ildə də dünyasını dəyişib. Atamın atası 37-ci ildə repressiyaya məruz qalaraq güllələnib.

- Ananızla nə vaxt tanış olublar?

- Atam həm də teatrşünas idi. Elə “O olmasın, bu olsun” filminin çəkilişləri zamanı tanışlıqları başlanıb. Sonra anam dövlət televiziyasında ilk diktor kimi fəaliyyətə başladı. O vaxtı atam da ədəbi bədii verilişlər redaksiyasının ilk baş redaktoru işləyirdi. Orda münasibətləri daha da möhkəmlənib.

- Tamara xanım necə ana idi, yadınızda necə qalıb?

- O, çox xeyirxah, mehriban insan idi. Bacardıqca, insanlara kömək etməyə çalışırdı. Tibb təhsili olduğu üçün həm də dost-tanışın, bütün qohumların həkimi idi. Anam həddindən artıq mütaliəli insan idi. Çox kitab oxuyurdu. Kitabxanaya ən yeni kitablar gələndə, onlardan mütləq evə gətirib oxuyardı. Maraq dairəsi böyük idi. O, mənə həm ana, həm də dost olub. Sizə deyim ki, hələ uşaqlıqdan mənə o qədər də kəskin qadağalar da qoymayıb. Uşaq vaxtı hər bir uşaq üçün bildiyimiz qadağalar olurdu. Deyirdi, küçəyə çıxma, qaza, işığa əl vurma. Bu da, məncə, azyaşlı uşaq üçün normaldır. Yəni, xarakterik qadağaları olub. Tale elə gətirib ki, anam da, mən də 190 saylı məktəbin məzunu olmuşuq. Bundan başqa, o da şərqşünaslıq fakültəsini bitirib, mən də. Məqsədli olmasa da, mən bir növ onun yolunu davam etdirmişəm.

- “O olmasın, bu olsun” kimi çox məşhur bir filmə çəkilən aktrisanın oğlu olduğunuzu dərk edəndə nə hisslər keçirirdiniz?

- Dünyanı dərk eləməyə başlayanda, görürdüm ki, küçədə, yolda hamı anamı görəndə bir-birlərinə göstərir, “Məşədi İbad filmindəki Gülnazdır” deyirlər. Böyüdükcə məni də anama görə tanıyıb, hörmət edirdilər.

- Münasibət necə idi?

- Müxtəlif cür olurdu. Deyim ki, fəxr eləyirdim, yox. Elə hisslərim olmayıb. Uşaqlıqdan hər şeyə adi gözlə baxmağa öyrəşdiyim üçün anama görə mənə qarşı olan reaksiyaya da normal yanaşırdım. Bəzən adamlarla tanış olanda və onlar biləndə ki, mən Tamara xanımın oğluyam, dərhal filmlərdən suallar verirdilər. Açığı, hər dəfə eyni suallara cavab verməkdən yorulurdum da.

- Tamara xanım nədənsə sonralar filmə çəkilmədi...

- Anamgil üç bacı olublar. Bir qardaşları olub, o da uşaq vaxtı rəhmətə gedib. Anamın atası bir az mühafizəkar adam olub. Anamın anası içərişəhərli, atası maştağalı idi. Babam anama “O olmasın, bu olsun” filminə çəkilməyə də icazə vermirmiş, o vaxtı rəsmi qurumlardan gəlib xahiş ediblər, hətta babama deyiblər ki, icazə verməsə, onu partiya sıralarından çıxaracaqlar. Bundan sonra razılaşıb. Amma sonralar anamın özünün də kinoya marağı olmadı. Həkimliyə maraq göstərib, tibb texnikumunu bitirib. Sonra da universitetə qəbul olunub, elə ömrünün axırına qədər də kitabxanaçılıq sahəsi üzrə işlədi. Bir dəfə anamı “Koroğlu” filmində Nigar roluna dəvət etdilər, onda anam imtina elədi, onun yerinə Leyla Bədirbəylini çəkdilər.

- Çəkilsəydi, atanız Tamara xanıma qadağa qoyardı?


- Elə filmə çəkilməklə bağlı müəyyən qadağaları ona atam qoymuşdu (gülür). Yəni, bu qəti qadağa deyildi, sadəcə anama filmə çəkilməyi nə atası, nə də mənim atam məsləhət bilmirdilər.

- Tamara xanım kino aləmindən olan insanlarla ünsiyyət qururdu?

- 1975-ci ildə biz Zaqulbada dincələndə, Hüseyn Seyidzadə də orda istirahət edirdi. Onda anamla ünsiyyətləri yaranmışdı. Amma digərləri ilə yox. Bəlkə də, görüşüblər, mənim xəbərim yoxdur. Həm də bilirsiniz, onlar sənət adamları, aktyorlar idi. Onların öz aləmi vardı. Mənim anam o mühitdən çoxdan qopmuşdu. Elə kitabxanada işlədiyi dövrlərdə, “O olmasın, bu olsun” filmi ilə bağlı nə isə lazım olanda, anamı axtarıb tapırdılar, danışdırırdılar. O, televiziya ilə daha əlaqəli olub, nəinki kino sahəsi ilə. Çünki televiziyada bildiyiniz kimi bir müddət işləyib. Televiziyadan gedəndən sonra onun peşman olduğunu da eşitməmişəm. Amma ömrünün son illərində deyirdi ki, nahaq getdim, gərək qalıb işləyəydim. İnsan yaşlananda düşüncələri də dəyişir.

- “O olmasın, bu olsun” filmi ən çox göstərilən filmlərimizdəndir. Tamara xanım, xüsusən, yaşlılıq çağında filmə baxarkən nə hisslər keçirirdi?

- Əvvəllər o qədər də təsirləndiyini hiss etməmişəm. Amma son illər xəstə yatanda filmi bayramlarda, adi günlərdə yayımlayanda baxırdı. Hisslərini bölüşdürməsə də, başa düşürdüm ki, təsirlənir, keçmişi, gənclik illərini xatırlayır. Filmə baxanda həmişə orda kadrarxası baş verən maraqlı əhvalatları, hadisələri xatırlayırdı, bizə də danışırdı. Deyirdi, filmdə Lütfəli Abdullayevin pilləkəndən yıxılması təsadüfi olub, sonradan o hissəni də filmə salıblar.

- Tamara xanım müsahibəsinin birində deyir ki, filmdə xeyli hissələr montaj olunub.

- Deməzdim. Montaj olubsa da, bu sırf filmin vaxtına görə edilib. Mən bildiyimə görə, film gözlənildiyindən uzun alındığına görə bəzi hissələr kəsilib. Məsələn, dava səhnəsi çox uzun olduğundan müəyyən yerlər kəsilib. İnanmıram ki, burada hansısa xüsusi məqsəd olsun.

- Üzeyir Hacıbəyov əlli yaşına çatanda deyib ki, Məşədi İbada haqsızlıq etmişəm. Sizin özünüzün də kifayət qədər yaşınız var. Məşədi İbada münasibətiniz maraqlıdır...

- Bu əsər Üzeyir bəyin ölməz əsəridir. Hər dövrün öz çərçivələri, tələbləri olub. Yəqin Üzeyir bəy də “O olmasın, bu olsun”u yazanda, o dövrün çərçivələrini nəzərdə tutub. Biz özümüz də cavan olanda, əlli yaşlı birinə qoca kimi baxırdıq. Amma adam özü əlli yaşa çatanda, görür ki, həyatda hələ çox şey qarşıdadır.

- Vasif bəy, ananız xərçəng xəstəsi olduğunu nə zaman bildi?

- Anam 2000-ci ildən xərçəng xəstəsi idi. O vaxtı anam əməliyyat olunanda, ona təxminən on, on beş il vaxt qoydular. On beş ildən sonra müayinə olunanda, məlum oldu ki, xərçəng artıq bədənində yayılmağa başlayır. Amma bununla yanaşı, o, öz-özünə qulluq edirdi. Yəni, bacardıqca ömrünü uzadırdı. 2015-ci ildə anama bir il vaxt verdilər. Amma 2021-ci ilə qədər yaşadı. Ömrünün son həftəsinə qədər ümidli idi ki, yaşayacaq, yenə ömrü həkimlərin qoyduğu vaxtdan uzanacaq. Son beş, altı gündə artıq özü də hiss etdi ki, son günlərini yaşayır, dünyadan köçəcək. Allaha inanan adam idi. Deyirdi, qismətimdə nə varsa, onu da yaşayacam. Həyata dair böyük planlar cızmırdı, təəssüf hissi keçirmirdi. Bəlkə də, ürəyində hansısa təəssüf hissi olurdu, amma bunu heç vaxt büruzə vermirdi. O, hay-küyü, xüsusi diqqəti sevmirdi. Təvazökarlığa meylli adamıydı. Çəkildiyi filmin yubileylərində belə heç bir fəxri ada, titula meyl etmədi. Heç bir adı olmadı.

- İncimirdi?

- Yox. Deyirdi, bircə kinoya çəkilmişəm, nə etməlidirlər? Onun son illər üzə çıxması da özü ilə bağlı olmadı, jurnalistlər özü axtarıb tapırdılar. O da səhhəti imkan verdikcə, üç, dörd verilişdə gedib qonaq olurdu. Ölümündən əvvəl, fevralın 14-də anamın 80 illiyi idi. Efirə dəvət etdilər, amma səhhəti imkan vermədi. Elə yubileyindən üç ay sonra da vəfat etdi.

- Son günlər ən çox nəyi arzulayırdı?

- Anam Şuşanı çox sevirdi və Şuşa itkisini həzm edə bilmirdi. O, ümidlə yaşayırdı ki, nə zamansa gedib oranı görəcək. Amma onun ölümündən altı ay sonra Şuşa işğaldan azad olundu. O, torpaqların işğaldan azad olunacağına ümid edirdi.

- Son gününü necə xatırlayırsınız?

- Son üç, dörd gündə danışa bilmədi, amma bizi başa düşürdü. Yataq xəstəsi idi, yemək içməyini, dərmanlarını qəbul edib yatırdı. Anam dünyasını dəyişəndə, evdə yox idim. Beş, on dəqiqəlik bayıra çıxmışdım. Qəfil uşaqlar zəng vurdular ki, nənənin halı pisdir. Mən gələndə vəfat etmişdi. Öz vəsiyyətinə uyğun olaraq cavan yaşda dünyasını dəyişən bacısının yanında, Əhmədli kənd qəbiristanlığında dəfn olundu.

# 14695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #