Kulis.az aktrisa Çimnaz Sultanova ilə müsahibəni təqdim edir.
– Çimnaz xanım, necə oldu ki, aktrisalığı seçdiniz?
– Təsadüfən. Amma deyirlər ki, təsadüf deyilən şey yoxdur. Televiziyaya gəlməyimin 9 ili tamam olub.
– Müəllimləriniz kimlər olub?
– İlk dərsləri Almaniyada almışam, 2001-2002-ci illərdə. Bundan əvvəl musiqi ilə məşğul olurdum. Kütlə isə məni “Vicdan haqqı” serialından sonra tanıdı, bəziləri sevdi, bəziləri sevmədi. O serialdan başqa da rollarım olub.
– Rusdilli ailədə böyümüsünüz?
– Bəli, Moskvada böyümüşəm. Əslən bakılıyam. 90-cı illərdə baş verən hadisələrə görə atam çox qorxurdu. Ona görə də Rusiyaya köçdük. Bizim ailə tolerantlıq nümunəsidir – yəhudi nənəm bizi sinaqoqa, babam pirə aparırdı. Ailəmizdə həm müsəlman, həm xristian, həm də yəhudi var. Əsl sevgi nə dinə, nə də millətə baxır.
– Azərbaycanda sizin kimi özünü azad hiss etmək istəyən qadınlara münasibət necədir?
– Mən nəyisə edirəmsə, bundan zövq almalıyam. Verilişə gedirəmsə, mütləq soruşuram ki, gələn qonaqlar kimdir? Həyat o qədər çətindir ki... Təki bir saat o verilişdə elə atmosfer yaradaq ki, deyək-gülək. Qaldı ki, qalmaqala, mənim düşmən kimi baxdığım insan yoxdur. Ömür boyu azad olmağa çalışmışam. Azadlıq mənim üçün hər şeydir.
– Bu azadlıq sizə ziyan gətirmir?
– Xeyr, azadlıq niyə ziyan gətirsin? Mən sadəcə cazibədaram. Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox. Bu maqnitdirmi, energetikadırmı, bilmirəm. Kartof kisəsini də əynimə geyinsəm möhtəşəm bir şey olacaq. Çünki mən ona gözəllik verirəm. Bir dəfə qar qız paltarı geyinmişdim, qolları bağlı, ətək dizdən aşağı, sinənin üstü də qapalı. Amma buna görə elə qalmaqal yarandı ki... Videonun üstünə yaxşı musiqi qoyursan, düzgün pozalar verirsən, operator yaxşı çəkiliş edir, nəticə də olur “vau!”.
– Açıq-saçıq geyimləriniz də var.
– Baxır sən hansı niyyətlə baxırsan. Kimsə esteti, gözəlliyi görür, başqası da digər şeyləri. Ürəyindən nə keçirsə, həmin şeyi səsləndirirsən. Milçəkdən soruşurlar ki, sən öz yerini sevirsən? Deyir ki, yox, zibillikdir. Arıdan soruşurlar, o isə cavab verir: bəli, bura gül-çiçəkdir. İnsanlar da bu cürdür, hərə bir şey görür.
– Bəs həmkarlarınızın buna münasibəti necədir?
– Fısqırıq (gülür). İnsan həmişə öz üzərində çalışmalıdır. Biz özümüzə məhdudiyyətlər qoyuruq. Mən xoşbəxt insanam ki, ətrafımda gözəl insanlar var, bir-iki nəfəri çıxmaq şərtilə. Bəlkə də, arxamca danışırlar, eşidəndə də özümü elə aparıram ki, guya xəbərim yoxdur. Mənim üzümə demirlər axı. Məni xoş üzlə qarşılayırlar, amma gedib arxamca danışırlar.
– Bəs kişilərin münasibəti?
– Son vaxtlar haqqımdakı məqalələri sosial şəbəkələrdə elə başlıqlarla verirlər ki... Kontekstdən çıxarırlar və elə bil səni qaralamaq istəyirlər, alçaltmaq istəyirlər. Axı bilirsən ki, bir qadının xətrinə dəyirsən, onun göz yaşlarının səbəbkarı olursan. Bir qadının göz yaşları sənə necə sevinc gətirə bilər?
– Düşməniniz var?
– Mən hesab edirəm ki, düşmən mərd olmalıdır. Məni özünə düşmən bilənlər çoxdur. Mən isə özümə heç kəsi düşmən bilmirəm. Həmişə düşmənlərimi sevmişəm. Ağıllı düşməndən qorxmaq lazım deyil, ağılsız dostdan qorxmaq lazımdır.
– Neçə yaşınız var?
– Bu haqda məlumat vermirəm. Son serialda yaşlı qadını oynayıram, ordakı “oğlum” məndən 2 yaş böyükdür. Deyirəm, bunu niyə yazırsınız, camaat elə bilər ki, mənim 50 yaşım var. Halbuki anam hələ 60 yaşındadır. 16 yaşındakı “Zoluşka”nı 36 yaşlı aktrisa oynayırdı. Mən artıq o kinoya baxa bilmirəm. Çünki inanmaq çətindir. Düzdür, kinoda sünilik çoxdur, teatr kimi deyil. Orda sən o sən deyilsən, kino komanda işidir. Operatordan, montajçıdan asılısan. Yaşımı qoy izləyənlər bilsin. Elə də çox deyil.
– Yaşınızı gizlətməyiniz işinizlə bağlıdır, yoxsa qadın olmaqla?
– Bu bir xəstəlikdir, gerontofibiya – qocalmaqdan qorxmaq. Hər yaşın öz gözəlliyi var. 16 yaşında və 30 yaşında beyin eyni işləmir. O yaşa baxırsan, düşünürsən ki, indiki ağlım olsaydı, belə etməzdim. Vacib idimi sənin o eqoların, prinsiplərin? Son 2 il, pandemiya dövrü məni çox dəyişdi. Səhər oyandım, maşında musiqi, gedirdim çəkilişə, saat birdə xəbər gəldi: sinif yoldaşımın anası rəhmətə gedib, saat üçdə yenə bir xəbər: başqa sinif yoldaşımın atası rəhmətə gedib, evə də gəlib gördüm ki, Sona xanımın anası rəhmətə gedib. Bir gündə üç ölüm. İstər-istəməz itkilər adama pis təsir edir. Elə situasiya yoxdur ki, onun çıxışı tapılmasın. Yeganə çıxışı olmayan yer qəbirdir, ordan heç kim qayıtmayıb. Ölməmisənsə, çapalamalısan.
– İtkiləriniz çox olub?
– Çox. Pandemiya dövründə əmim, bibim, bibimqızı rəhmətə gedib. İndiyə qədər bibim qızının məzarına getməmişəm. Onun ölümü ilə barışa bilmirəm, bunu qəbul edə bilmirəm. Mən onun qəbrini görmək istəmirəm. O ölüm mənim üçün çox çətin idi (ağlayır).
– Oğlunuzun neçə yaşı var?
– 16 olacaq.
– Onda tez evlənmisiniz.
– Yoldaşımı uşaqlıqdan tanıyırdım, ailəvi yaxınlığımız var idi. O, professordur, Almaniyada yaşayır, fizik-yazıçıdır. İlk məhəbbətimdir. Bu məhəbbət davam edir. Amma, illər keçdikcə məhəbbətin forması dəyişir. Hər şey gördüyünüz kimi deyil.
– Görmədiyimiz nə var?
– Kənardan güclü görünürəm, əslində, elə deyil.
– Aktrisalıq çətin peşədir?
– Bir var fiziki yorulmaq, bir də var mənəvi. Oynadığım bir rol vardı, çox çətin idi. Ruhi xəstə bir qadın idi. Həmin obrazın uşağı vəfat etmişdi, bu qadın da hamıya deyirdi ki, o məktəbdədir, indi gələcək. Yoldaşı ailə qurmuşdu, o biri uşağına da demişdilər ki, anan səni atıb gedib. Bu rol mənim ömrümdən 10 il aldı. Canlandırdığın obrazı yaşayırsan. Mən heç vaxt oynamıram, rolu yaşayıram.
– Hansı rola çəkilməzsiniz?
– Mənim çəkildiyim rolların bir çoxuna çəkilməzdim. Çünki qeyri-peşəkar kollektiv var idi. Dostluq var, yaxşı münasibət var, amma sonra düşünürsən ki, kaş olmazdı. Sadəcə heç kimin xətrinə dəymək istəmirsən, sonra peşman olursan.
– Sənətlə bağlı prinsipləriniz var?
– Ssenari heç olmasa bir gün əvvəlcədən göndərilməlidir. Texniki heyətin kim olacağını da bilməliyəm. Aktyor rejissorun tapşırıqlarını yerinə yetirir, amma texniki heyət çox önəmlidir. Bizi ulduz edənlər kamera arxasında duran insanlardır. Həmişə çəkiliş məkanını tərk edəndə onlara deyirəm ki, haqqınızı halal edin. Operatorlar, rejissorlar, səs montajçıları, səni insanlara o təqdim edir. Tamaşaçılar elə bilir ki, qəhrəman bizik, amma əsl qəhrəmanlar kamera arxasında olan şəxslərdir.
– Çəkiliş meydançasında yaşadığınız ən böyük çətinlik nə ilə bağlıdır?
– Dəniz qırağında çəkilişlərimiz olub, qışda, soyuq havada. Gecə saat üçə, dördə, səhərə qədər. Çətindir. Komediya verilişlərində baxırsan ki, dubl alınmır. Səhər doqquzdan gəlirsən, günorta üçdə veriliş bitir.
– Maddi vəziyyətiniz necədir?
– Əlbəttə, hamı istəyər ki, daha çox olsun. Bu günə şükür. Aktrisalıq mənə gəlir gətirir.
– Aktyorluq sənətini çox sevirsiniz?
– Səhnə məni sağaldır. Səhnədə olanda özümü gümrah hiss edirəm. Hər şeyi unuduram, hər şey qalır qıraqda. Ona görə də deyirəm ki, verilişlərə gedəndə hər şeyin pozitiv olmağını istəyirəm. Elə yaşamalıyıq ki, xatirələrimiz yaxşı olsun. Ola bilər ki, mən bu müsahibədən sonra ölüm. Amma xatirimizdə bu an qalacaq. Yaxşılıq edə bilmirsənsə, pislik də etmə.
– Bəzi aktrisalar müəyyən rollara çəkilməkdən imtina edirlər...
– Heç kim heç kimə nəsə borclu deyil. Deyirlər ki, incəsənət qurban tələb edir, bu heç nəyi dəyişmir. Sən bir filmə görə qadını keçəl edirsən, sonra deyirsən ki, incəsənət qurban tələb edir? Bir milyon ver, eləsin. Daha 50 manata görə yox. İncəsənət də, gözəllik də qurban yox, pul tələb edir.
– Sənət naminə fahişə roluna çəkilərsiniz?
– Bizdə elə filmlər yoxdur. Yaxın iyirmi ildə də olmayacaq. Bu söhbət boş söhbətdir, bu söhbətdən danışmağa dəyməz.
– Film çəkilişi ilə bağlı təkliflər alırsınız?
– Son 4-5 aydır yox. Kinolar çəkilmir.
– Ədəbiyyata münasibətiniz necədir?
– Çox gözəl. Elmi fantastikanı çox xoşlayıram. İndi oxuduğum kitabda hadisələr 2573-cü ildə keçir. Siz uşaq olanda ağlınıza gələrdimi ki, nə vaxtsa Amerikada olan biri ilə danışacaq və bir-birinizi görəcəksiniz? Mənim üçün maraqlıdır, biz kimik, hardan gəlmişik, paralel kainatlar varmı? Elə gün yoxdur ki, mən kitab oxumayım. Den Braunun əsərlərini, Kvant fizikasını oxuyuram.
– Paralel dünyalara inanırsınız?
– Mən reinkarnasiyaya çox inanıram. Əminəm ki, reinkarnasiya var. Bir dəfə Riqa şəhərində olmuşduq. Kafedə oturduq, üç rəfiqə. Birdən yağış başladı. Ətrafda heç yerdə yağış yağmırdı, bircə bizim üstümüzə yağırdı. Bir qadın bizə yaxınlaşıb çətir verdi və getdi. Parisdə də eyni şey başıma gəlib. Bu şey o qədər başıma gəlib ki, yanımdakı insanlar artıq nə olacağını bilirlər. Bu, reinkarnasiyadır.
– Sevgiyə münasibətiniz necədir?
– Mən yazıçı, bəstəkar olsaydım, sevgi mənim üçün əhəmiyyətli olardı. Bizim sənətimiz ondan ibarətdir ki, mətni oxu və oyna. Fərqi yoxdur ki, orda sən xoşbəxtsən, ya bədbəxt. Bədbəxt insanlar, övladlarını itirən aktyorlar komediya rolu oynayıblar.
– Hansı obraz sizə çox təsir edib?
– Çıxa bilmədiyim rol yoxdur. Amma camaatın yaddaşında qalan rol “Vicdan haqqı” serialındakıdır, Larisa. İllər də keçsə, mənim yüzlərlə rolum da olsa, tamaşaçının yadında elə qalacam. Əlbəttə, Larisadan sonra çox gözəl rollarım olub. Şurik rolunu oynayan aktyora həmişə “Şurik, Şurik” deyirdilər, o da bundan küsürdü. Elə aktrisalar var ki, nankordurlar, deyirlər, bu rejissor kimdir ki, mən ondan əvvəl Əməkdar artist olmuşam. Bir var Xalq artisti, bir də var xalqın artisti. Sən iyirmi ilin aktrisası olsan da, səni kütləyə tanıdan rejissordur. Mən rejissorla həyatda düşmən olsam da, heç vaxt demərəm ki, onun mənim üstümdə əziyyəti olmayıb. Həyat bumeranqdır, qorxuram ki, bir gün Allah tərəfindən mənə şillə gələr ki, yerində dayan. O rejissorun əməyinə görə səni tanıyıblar. Mən necə deyə bilərəm ki, rol mənimdir?