Elçin: "Mən istəməzdim Əkrəm təklənsin" - Müsahibə

Elçin:  "Mən istəməzdim Əkrəm təklənsin" - Müsahibə
23 yanvar 2023
# 09:00

Kulis.az Xalq yazıçısı Elçinin Kulis.aza müsahibəsini təqdim edir.

– Elçin müəllim, necəsiniz?

– Rəhmətlik Abbas Zamanov demişkən, şikayətim yoxdur.

– Türkiyədən nə vaxt qayıtmısınız?

– Noyabrın 30-u getdim, dekabrın 7-si qayıtdım.

– Mükafat aldınız. Necə hiss idi?

– O mükafat Nəcip Fazilin adınadır. Açığı, gözlənilməz oldu. 20-ci əsrin ikinci yarısında türk poeziyası iki qolla inkişaf edib. Bir tərəfdə Nazim Hikmət, o biri tərəfdə Nəcip Fazil. Onlar müxtəlif yaradıcılıq üslubuna, müxtəlif dünya görüşünə malik şairlər idi. İkisi də böyük istedad sahibi idi. Bu cür ikili xətlə inkişaf türk poeziyasını bir küll halında daha da zənginləşdirib. Tədbirə çox yaxşı hazırlaşmışdılar. Mükafatı da Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan təqdim etdi. Təqdimat mərasimi İstanbuldakı Atatürk Kültür Mərkəzində keçirildi və mərasimdən əvvəl cənab R.T.Ərdoğanla çox səmimi söhbətimiz də oldu.

– Türkiyədə bizim ədəbiyyata münasibət necədir?

– Bizim türk ədəbiyyatını bildiyimiz qədər, onlar Azərbaycan ədəbiyyatı ilə tanış deyillər. Bilavasitə ədəbiyyatla məşğul olan adamlar, əlbəttə, bilir, tanıyır. Amma ümumilikdə hələ ki, istənilən dərəcədə xəbərdar deyillər.

– Orxan Pamuk ölkəmizə gələndə ondan müsahibə almışdılar. Bildirilmişdi ki, bizim yazıçılardan heç kimi tanımır. Sizcə, niyə onlar bizim yazıçıları tanımırlar?

– Sovetlər dövründə Türkiyə bütün kapitalist ölkələri kimi düşmən ölkə idi. Azərbaycanda isə Türkiyəyə qarşı bu düşmənçilik xüsusi nəzarət altında idi, çünki Azərbaycan xalqının qəlbində Türkiyəyə indi olduğu kimi də bir sevgi var idi. SSRİ qapalı məmləkət idi. Mən Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin dəvəti və SSRİ Yazıçılar İttifaqının xətti ilə getmişəm. Buradan Moskvaya, orda viza, yoxlamalar, sonra da İstanbul. Qayıdandan sonra "Yaxın uzaq Türkiyə" kitabını yazdım. O zaman düşünürdüm ki, görəsən, bizi bir-birimizdən ayıran bu beton sınırlar 100 ildən sonra dağılacaq? Mənim 100 illik gümanım cəmi 10 il çəkdi. SSRİ dağıldı. Dünya dəyişdi. Bir-birimizi tanımadığımız üçün sevimli Türkiyədə özünü təsdiq edə bilməyən bəzi şairlər, yazıçılar, hətta bəzən alimlər Azərbaycana gəlib, böyük ədəbiyyatçı, elm adamları kimi tanındı, eynilə də burdan gedən bəzi təsadüfi adamlar orda özlərini böyük simalar kimi təqdim etdilər. Sonradan yavaş-yavaş kimin kim olduğu aydınlanmağa başladı. Türkiyə həmişə bizim içimizdə olub. XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ziyalıları həmişə Türkiyəyə meyl edib. Bizim teatrlarda Şekspirlə, Molyerlə, Şillerlə birlikdə türk yazıçılarının, Əbdülhaq Hamidin, yaxud Şəmsəddin Saminin əsərləri də tamaşaya qoyulub. Hələ 1910-20-ci illərdə Azərbaycanda ən populyar roman Rəşad Nurinin "Çalı quşu" romanı idi. Bizdə onların əsərləri çap olunsa da, bilavasitə Azərbaycan və Türkiyənin əlaqəsi olmadığı üçün bizimkilərin orada təbliği çətin məsələyə çevrilib. Son illərdə isə vəziyyət tamam dəyişməyə başladı, M.F.Axundovdan tutmuş İlyas Əfəndiyevin pyeslərinəcən, M.Ə.Sabirin "Hophopnamə"sindən tutmuş müasir şairlərimizə, yazıçılarımızacan bir çox əsərlər türkcə çap olundu. Vacibi də budur ki, bu iş həvəslə davam etdirilir. İndi vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Türk alimləri arasında ciddi şəkildə sırf Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olanlar var. Yeri düşmüşkən deyim ki, hörmətli cənab R.T.Ərdoğanla söhbət əsnasında bir daha bunun şahidi oldum ki, onun Azərbaycana çox böyük bir simpatiyası, sevgisi var.

– Son hekayəniz çox tənqid olundu.

– “N.S-nın ayaqları”nı deyirsən?

– Bəli…

– Bəzi hallarda o hekayənin başa düşülmədiyinə çox da təəccüblənmədim. Əslində, o hekayə pamflet idi və orada söhbət, təkcə, Azərbaycanda deyil, bəşəri zövqün hansı istiqamətdə inkişafından gedir. Əgər biz Mona Lizaya arxamızı çevirib, insan eybəcərliyinə baxırıqsa, bizim axırımız hara gedib çıxacaq? Bu hekayənin məğzi bundan ibarətdir. Çox təəccüb etmədim, ona görə ki, bəzi telekanallarımızdakı baş alıb gedən bayağılıq, ədəbiyyat adına nəşr edilən maklatura bizim bədii tələbatımızı, estetik zövqümüzü çox korşaldıb. Bu gedişatla biz hara gedirik?

– Biz sizə və yazıçı Anara rahatlıqla adınızla müraciət edə bilirik. Bu rahatlığı sizin adınız verir?

– Mənim nəvələrim də mənə Elçin deyir.

– Xoşunuza gəlir?

– Gəlsə də, gəlməsə də, belədir.

– İlyas Əfəndiyevin sizin hekayə yazmağınıza reaksiyası necə olmuşdu? Ümumiyyətlə, onunla münasibətiniz necə idi?

– Reaksiyası çox təbii idi. Mən yazı-pozuyla ciddi məşğul olandan sonra isə həmkar olduq. Bir-birimizin yazısının ilk oxucularıydıq. Fikrimizi deyirdik. O, heç vaxt bəyənmədiyi bir şeyə bəyənirəm deməzdi.

– Siz daha çox tənqid edən tərəf olmusunuz...

– Yox. Hansısa qeydim onun ağlına batıbsa, onları qəbul edibsə, razılaşıb. Çox zaman da razılaşmayıb. Sərbəst, yaradıcı və məhrəmanə müzakirələr idi və o müzakirələr mənə çox şey verdi.

– İlk pyesinizi nə vaxt yazmısınız?

– İlk pyesim "Poçt şöbəsində xəyal"ı 25 yaşımda yazmışam. Rəhmətlik Tofiq Kazımov o vaxt Akademik teatrın baş rejissoru idi. Pyesi teatra təqdim etdim. Mehdi Məmmədov onunla maraqlandı. Sovet senzurası “Qlavlit” onun səhnəyə qoyulmasına icazə vermədi. Bir müddət sonra Ağakişi Kazımov da səhnəyə qoymaq istədikdə yenə problem yarandı. Gənclik hikkəsi ilə ondan sonra pyes yazmadım. Həmin pyesdəki remarkaları da götürüb, dramatik povest adıyla çapa verdim. Bir çox dillərə tərcümə olundu. Bir də 1992-ci ildə pyes yazdım. 2000-ci illərdə isə “Poçt şöbəsində xəyal”ı Mehriban Ələkbərzadə tamaşaya qoydu. Tamaşa xoşuma gəldi. Ona dedim ki, sənin özün üçün xüsusi pyes yazacam. Beləcə, onun üçün də "Qatil" pyesini yazdım.

– Niyə məhz onun üçün?

– Çünki Mehriban xanımın bu mövzuda yeni bir tamaşa hazırlamasını istədim.

– 60-cılardan ən çox oxuduğum yazıçı siz olmusunuz. “Ölüm hökmü” romanınızı iki dəfə oxumuşam. O dövr üçün kifayət qədər cəsarətli əsər idi...

– 1983-cü ilin axırında "Ölüm hökmü"nü yazmağa başlayanda belə bir qəti fikirdəydim ki, daxilimdəki siyasi senzuranı qırağa atıb, necə fikirləşirəmsə, necə görürəmsə, elə də yazmalıyam. Buna görə əmin idim ki, çap olunmayacaq.

– Amma çap olundu.

– 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində çap olundu. Qarbaçovun dövrünə, yenidənqurma vaxtına düşdü, aləm qarışdı bir-birinə. Senzura da əvvəlki gücünü itirmişdi.

– Sizi həm də Bakı mühitini çox yaxşı bilən, yaxşı təqdim edən yazıçı kimi tanıyırlar. Niyə gənc yazıçılar o cür təqdim edə bilmirlər? Paytaxt adamlarından yazmaq çətindir?

– Hər bir yazıçının öz mövzusu var. Bir də ki, hər şey gəlib istedada dirənir. Ədəbiyyat canlı prosesdir. Okeanda qabarma və çəkilmə olduğu kimi, ədəbiyyatda da belədir. Tək ədəbiyyat deyil, bütün sənət növlərində belədir. 1960-1970-ci illərin musiqilərinin səviyyəsi ilə indikilər eynidir? Ancaq çəkilmədən sonra, əlbəttə, qabarma gələcək.

– Siz zəngin ailələrin daxilindəki problemləri o dövrdə cəsarətlə göstərmisiniz. İndi də o problemlər var. Amma nə kinoya, nə də ədəbiyyata gətirilir.

– Hər şeyin bir vaxtı var. Gələcək.

– Hekayənizi tənqid edənlər bildirirdilər ki, Elçin müəllim 60-cı illərdə qalıb. O dövrdən bu dövrə keçə bilməyib. Bu fikirlərlə nə dərəcədə razısınız?

– O fikirlər düzgündürsə, bəs “Baş” romanını, “Bayraqdar”ı, “Qarabağ şikəstəsi”ni, hekayələri, Brodveydən, Londondan, İstanbuldan, Romadan tutmuş Seulacan tamaşaya qoyuulmuş bu qədər pyesi, məqalə və monoqrafiyaları, kim yazıb? Mənim özünütəriflə qəti aram yoxdu. Ancaq bunları suala cavab üçün deyirəm. “Baş” 2016-ci ildə nəşr olundu və qısa müddətdə hələ ki, 11 dilə tərcümə edilib, Berlində, Romada, İstanbulda, Moskvada, Qahirədə, Kiyevdə və s. nəşr olunub. Yazdıqlarıma bu qədər maraq hardandır?

– Son illər Nobel mükafatı alan yazıçılardan kimləri oxumusunuz?

– Bəzilərini oxumuşam. Misal üçün, Orhan Pamukun romanlarını oxumuşam. Şübhəsiz ki, istedadlı yazıçıdır. Ancaq Türkiyədə Nobel mükafatı almayan, bəlkə də, daha böyük yazarlar var. Məsələn, Yaşar Kamal. O, dünya ədəbiyyatının yaxşı romançılarından biridir. 1970-ci illərdə Nobelə namizəd də olub. Əziz Nesin də həmçinin. Digər tərəfdən də həmişə demişəm, Nobel mükafatı heç də həmişə böyük ədəbiyyatın göstəricisi deyil. Bu mükafatın verilməsi bir ajiotaja çevrilməməlidir. Nobeli almayan bir çox ədəbiyyat adamı alanlardan geri qalmır. Rus ədəbiyyatında Boris Pasternaka şair kimi yox, "Doktor Jivaqo" romanına görə Nobel mükafatı verdilər. Halbuki, bu roman rus ədəbiyyatında, məsələn, Vasili Qrossmanın eyni mövzulara toxunduğu “Həyat və Tale” romanının yanında xeyli sönük görünür. Mənim üçün Aleksandr Soljenitsin rus ədəbiyyatında 3-cü, 4-ci dərəcəli yazıçıdır. Baxmayaraq ki, “İvan Denisoviçin bir günü kimi yaxşı bir povest yazıb. Sonrakı romanları isə siyasi sensasiyalara hesablanıb. Bədiilik baxımından böyük rus ədəbiyyatında böyük qələm sahibi olmasa da, Nobel mükafatı aldı və bu, ədəbiyyat hadisəsi yox, siyasət hadisəsiydi.

– Ədəbiyyatda Tolstoydan o tərəfə yoxdur deyə bilərik?

– Hər kəsin öz Sabiri, Svetayeva demişkən, öz Puşkini, Tolstoyu olur. Rəhmətlik dostum Araz Dadaşzadə həmişə deyirdi ki, istedadlı yazıçı olduğu kimi, istedadlı da oxucu olmalıdır. İstedadlı oxucuların öz Tolstoyu var.

– Yəqin ki, Tolstoyun əsərlərini bir neçə dəfə, təkrar-təkrar oxumusunuz...

– Elə əsərləri var ki, daha çox oxumuşam, elələri də var ki, daha az. O, dünya ədəbiyyatının nəhənglərindən biridir. Servantes, yaxud Şekspir kimi epoxal bir yazıçıdır.

– Dünya ədəbiyyatına və kinosuna ən çox təsir edən yazıçılardandır.

– Bəli. Ümumiyyətlə, XIX əsr rus ədəbiyyatı dünya ədəbiyyatının ön sırasında yer alır. Hətta fransız ədəbiyyatını da geridə qoyur. Amma bu, o demək deyil ki, rus ədəbiyyatının bütün yazıçıları mənim üçün doğmadır. Məsələn, Dostoyevski mənim yazıçım deyil. Tolstoyu oxuyanda hiss etdiklərimi, onda hiss edə bilməmişəm. Dostoyevski bir qədər soyuq yazıçıdır.

Dosteyevski Tolstoy qədər insanları sevmir.

Sevmə bilmir, deyərdim. Ancaq söhbət sevib-sevməməkdən getmir. O, qurudur.

– Elçin müəllim, Sovet ədəbiyyatı olmasa idi, Azərbaycan ədəbiyyatında nə baş verərdi?

– Azərbaycan ədəbiyyatı çox sınıxardı. Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin romanlarına bu günün müstəqillik ab-havası ilə qiymət vermək düz deyil. Onların qiyməti ondadır ki, ədəbiyyatımızın tanımadığı roman janrını formalaşdırdılar, bəlkə, yaratdılar desəm, daha düz olar. Azərbaycan bədii, ədəbi dilinin inkişafında böyük rol oynadılar. Səməd Vurğun 26-lardan da, Stalindən də yazıb, xoşagəlməz siyasi ifadələr də işlədib. Ancaq paradoks da burasındadır ki, elə bu əsərlərin özünün də Azərbaycan poeziyasında poetikanın inkişafında, rəngarəngliyində, estetik baxımdan zənginləşməsində mühüm rolu olub. Sovet dövründə şairlərimiz Azərbaycan poeziyasında hecanı aparıcı bir janra çevirdilər, sərbəst şeirin milli əsasını yaratdılar. Bunları inkar etmək olmaz və lazım da deyil. Səməd Vurğun “26-lar”ı yazmaqla yanaşı, "Vaqif"i də yazıb. 1937-ci ildə tamaşaya qoyulmuş bu əsər milli şüurun oyanmasında az rol oynamadı. Elə həmin vaxtlarda yazılmış “Azərbaycan” şeirini xatırlayaq...

– Sosial şəbəkələrdən istifadə edirsiz?

– Yox, istifadə etmirəm.

– Niyə?

– Vaxtım və həvəsim yoxdur. Bəzi xəbər saytları var ki, onlara baxıram.

– Özünüzdən əvvəlki nəsillərlə barışıqsınız. Amma sizdən sonra gələn ədəbi mühitdə gənclər sizi qəbul etmədi. Sizi tənqid etdilər.

– Onların heç birinə cavab verməmişəm. Buna mənəvi ehtiyacım yoxdur.

– Ən çox da Seymur Baycan təndiq edib.

– Bu şəxsi tanımıram, yazdıqlarından da heç nə oxumamışam. Bir dəfə demişəm, əgər mənim yazı-pozum belə dırnaqarası tənqidlərə dözməyəcəksə, yaxşı edirlər.

– Sizi də, Anarı da sevmədilər, bir az Əkrəmə yaxın oldular.

– Məcburi sevgi olmaz ki! Ümid edək ki, haçansa fikirlərini dəyişəcəklər, Əkrəmi də bir az yox, daha çox sevəcəklər..

– Başqa kimləri oxumusunuz?

– 3-4 ay bundan öncə Rəbiqə Nazimqızının kitabını oxudum. İstedadlı şairdir, cəsarətlidir, hissiyatlıdır. Bu barədə yazmışam da. Hədiyyə Şəfaqətin şeirlərində də, hekayələrində də təzəlik, dərinlik var. Mirmehdinin hekayələri, Xanəmirin, Fərid Hüseynin şeirləri səviyyəli bədii düşüncənin ifadəsidir. İndi sənətşünaslıq çox aşağı səviyyəyə düşüb. Sizdə iki nəfərin, Sevda və Aliyənin teatrla bağlı yazılarını oxuyuram. Onlar teatrı hiss edirlər, söhbət də professional qələmdən, yaxşı zövqdən gedir. Onlar ona görə seçilir ki, ümumilikdə ədəbiyyatımızın da, tənqidimizin də böyük bir bəlası odur ki, bələd olmadığımız, yaxşı dərk etmədiyimiz mövzularda yazırıq, böyük-böyük mənasız, mətləbsiz, savadsız fikirlər söyləyirik.

– İlyas Əfəndiyevin yaşı ötdükcə yaradıcılığında bioqrafik nüanslar çoxalıb. Sizdə də belə olacaq?

– İctimai baxımdan mənim həyatımla İlyas Əfəndiyevin həyatı fərqlidir. O heç bir vəzifədə çalışmayıb, heç kommunist partiyasının üzvü də olmayıb. Mən gənc yaşlarımdan ictimai həyatda, vəzifələrdə olmuşam, o vəzifələrin məsuliyyətini də yaxşı bilmişəm, o cür də işləmişəm. Ancaq hansı vəzifədə çalışmışamsa, aydın məsələdir ki, ilk növbədə yazıçı olmuşam, həmişə də bunu demişəm. Yazıçılıq mənim üçün heç vaxt ikinci plana keçməyib.

– Yazıçının başqa bir işlə məşğul olması vacibdir?

– Vacib deyil. Mənimki belə gətirib sadəcə. Yaradan sənə istedad veribsə, onu dəyərləndirməlisən. Bir də ki, dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı psixologiyası var. Birinə çətin gələn, o birinə asan görünür.

– Dinə münasibətiniz necədir?

– Əgər göyə baxanda saysız ulduzları, ayı, günəşi görürsənsə, bu uzaqlığn, bu daimi hərəkətin, bu dəqiqliyin, kainatın bu dibsizliyin, elə həyatın məntiqinin də, məntiqsizliyinin də bir idarə edəni, yaradıcısı var. Buna şübhəm yoxdur. 2-3 il bundan qabaq bir Amerika cərrahının, adı yadımdan çıxıb, kitabını oxumuşdum. Orada deyirdi ki, qəzaya düşmüş elə bir pasient gəlir ki, düşünürsən bunun yaşamaq üçün heç bir şansı yoxdur. 10-15 dəqiqəyə öləcək. Bir də görürsən ki, o sağalıb ayağa qalxdı. Amma bəzən çox yüngül xəstəliyi olanlar da gəlir, gözlənilmədən də vəfat edir. Buradan nəticə çıxarır ki, hər bir insanın bu dünyada öz missiyası var. Biz o missiyanı bilmirik. Yaradansa bilir.

– "Toyuğun diri qalması" povestinizdə o dövrdə senzuraya məruz qalması üçün ciddi məqamlar var. Hətta Şahmar Ələkbərzadə onun əsasında film çəkəndə film senzuraya məruz qalıb. Bu əsərdən bir az danışaq.

– O povesti müdafiə edən nüfuzlu adamlar çox oldu. Moskvada “Drujba narodov” jurnalında çap olundu, sonra da 350 min tirajla nəşr edildi. 1979-80-ci illər idi. Povest ovaxtın nüfuzlu "SSRİ komsomol mükafatı”nı aldı. Ssenarisini yazdığım ilk film isə "Baladadaşın ilk məhəbbəti" olub. Ondan sonra "Arxadan vurulan zərbə"nin ssenarisini yazdım. Arif Babayev çəkdi. Şahmar da orada oynadı. Sonralar məsələ qaldırdı ki, "Toyuğun diri qalması"nın əsasında film çəkmək istəyir. Mən də o filmin ssenarisini yazdım. Filmi çəkildi. Amma qarışıq vaxta düşdü. O vaxt "Vətən" Cəmiyyətində işləyirdim. Bir sıra qadın guya milli məsumluq keşikçiləridirlər, ayağa qalxdı, “Vətən”in qarşında mitinqlər keçirdilər. Deyirdilər ki, sən o əsərlə Azərbaycan qadınının məsumluğuna böhtan atmısan. Başa düşməyən sadəlövhlərdən daha çox, provokatorlar idi. Şahmar da bundan son dərəcə pərişan olmuşdu. Bunun üstündən 3-4 ay keçmişdi. Əkrəm Qaflanoğlu da mənimlə işləyirdi. Bilirdi ki, televizora baxmağı xoşlamıram. Bir axşam mənə zəng elədi ki, Aztv-ni aç. O vaxt Aztv-də "İnsan və qanun" verlişi gedirdi. Açıb gördüm o qadını əxlasızlığa görə həbs ediblər. Azərbaycan qadınlarını da pis yola çəkirmiş.

– Sizi həm də qadın dünyasına yaxşı bələd olan yazıçı kimi tanıyırlar. Bununla bağlı nə deyə bilərsiniz?

– Yazıçıda gərək fəhm olsun. Kişini də, qadını da hiss etməyi bacarsın. Qadın psixologiyası, istəkləri, arzuları ilə kişininki arasında heç bir uçurum yoxdur. Forma müxtəlifliyi var, sadəcə, təkrar edirəm, qadını hiss etmək lazımdır.

– Azərbaycan Yazıçılar Birliyinin qurultayı oldu. Amma Azərbaycan ədəbiyyatını dünyada təbliğ edən, AYB-nin üzvü olan Çingiz Hüseynov qurultaya dəvət olunmadı. Sizcə, niyə görə?

– Bildiyim qədərilə Çingiz hazırda İsraildə yaşayır. Yaşı, maşallah, 90-nı keçsə də, müsahibələrini oxuyanda görürəm ki, yaradıcılıq həvəsi hələ də davam edir. Ona uzun ömür arzu edirəm. Amma dəvət olunmaması ilə bağlı heç nə deyə bilmərəm. Çox güman ki, yaşına, uzaqlığa görədir.

– Qurultayı da tamaşa adlandırmışdı...

– Özü iştirak etmədiyi bir qurultayı necə tamaşa adlandıra bilər?!

– Sizcə də, tamaşaya oxşamırdı?

– Heç bir qurultay ədəbiyyat yaratmır, ədəbiyyatın keyfiyyətinə də heç bir təsiri yoxdur. Bizdə isə qurultay ajiotajı yaradırlar və ədəbiyyatın problemləri qalır bir kənarda.

– Hansı problemləri var?

– Bədiilik problemləri. Hər il yüzlərlə roman çap olunur. Onların arasında ölkəmizi təmsil edə biləcək neçəsini tapmaq olar?

– Anar, Əkrəm Əylisli və siz çox vaxt bir yerdə olmusunuz. Heç Anarla Əkrəm Əylislinin arasındakı münasibəti düzəltmək istəmisiniz?

– Bilirsən, hərdən Anarla bu barədə söhbətlərimiz olur. Ancaq dostluqda da bir qırmızı xətt var. O qırmızı xətti keçmək olmaz. Keçdinsə, həmin dostluğu bərpa etmək müşkül məsələdir. Şahbazın kitab sərgisində Əkrəmlə görüş keçirildi. İnternetdə həmin sərgidə çəkilən videounu gördüm. Haradasa 15-20 ildir ki, Əkrəmi görmürdüm. Onu o cür tənha və qocalmış görmək mənə çox pis təsir etdi. İllər öz işini görür. Bəlkə də, Əkrəm özünü tənha hiss etmir. Təki belə olsun. Əkrəm Azərbaycan ədəbiyyatında xidməti olan adamdır. "Kür qırağının meşələri" povesti, "Ürək yaman şeydir" hekayəsi hələ də yadımdadır. Bu cür əsərlər yazan adamın Azərbaycan ədəbiyyatında öz yeri var. Ancaq Əkrəmin elə cəhətləri var ki, onlar olmasaydı, daha yaxşı olardı. Mən istəməzdim Əkrəm təklənsin. Problem onun xasiyyətində oldu. Daha bu barədə danışmaq istəmirəm. Ancaq dediyim o cəhətlərə baxmayaraq bu gün mənim daxilimdə Əkrəmə qarşı heç bir kin-küdurət yoxdur. Çox yaşasın, sevincləri çox olsun. Güman edirəm ki, elə Anar da bu arzunu bölüşür.

– Atanızdan danışanda heç bir santimentallığınız olmur. Çox rahat danışırsınız.

– İlyas Əfəndiyevin şəxsiyyətinə də, yaradıcılığına da çox böyük hörmətim və məhəbbətim var idi və o hörmət də, o məhəbbət də həmişə mənimlədir. Onun vəfat etdiyi gün həyatımın ən ağır günü olub.

– Elçin müəllim, məhsuldar yazıçı olmusunuz. Bunun üçün yaxşı imkanınız, şəraitiniz olduğunu desələr də, bütün hallarda ortada bir fakt var ki, ədəbiyyatın bütün janrlarında yaxşı əsərlər yazmısınız. Bu yaşda içinizdə, daxilinizdə yazıçı narahatlığı səngiyib, bitib, ya hələ də davam edir?

– Yazıçı yazıçıdırsa, narahatlıq da həmişə onunladır. Yorulmaq isə olub, özü də çox olub. Bir əsərin son nöqtəsini qoymusan, sinə dolusu da rahat bir nəfəs alıb, söz vermisən ki, qurtardı, bundan sonra yazmaq yoxdur! 5-6 gün guya mənəvi dinclik içindəsən, sonra başlayırsan ora-bura vurnuxmağa, axırda yenə keçirsən yazı mizinin arxasına. O ki qaldı, Samirə, şərait söz-söhbətinə, yazıçı üçün bu, nisbi məfhumdur. Əlbəttə, şərait varsa, bu çox yaxşıdır. Ancaq şəraitsiz mühitdə yazılmış gözəl əsərləri də bəyəm, biz az oxumuşuq?

Samirə Əşrəf
Günəş Mərd

# 4295 dəfə oxunub

Müəllifin son yazıları

# # #