Səxavət Məmmədovun oğlu: “Anam atama görə iki dəfə intihara cəhd elədi” - Müsahibə

Səxavət Məmmədovun oğlu: “Anam atama görə iki dəfə intihara cəhd elədi” - Müsahibə
30 sentyabr 2023
# 21:00

Bu gün mərhum azərbaycanlı xanəndə Səxavət Məmmədovun anım günüdür.
Kulis.az məşhur müğənninin hazırda ABŞ-da yaşayan oğlu, keçmiş aparıcı, indiki diplomat Bəxtiyar Məmmədovla müsahibəni təqdim edir.

- Bəxtiyar bəy, bizimlə müsahibəyə hazırlaşan zaman atanızla bağlı ən çox nəyi xatrladınız?

- Açığı, atamla bağlı xatirələrim o qədər də çox deyil. Çünki onu itirəndə yeddi yaşım vardı. Yəni çox balacaydım, hətta heç yeddi yaşım da tamam olmamışdı. Atamla çox xatirələrim olmadı... Qismət olmadı. Atamla xatirələrdən çox, xəyallarım olub. Fikirləşmişəm ki, o olsaydı, belə olardı, filan işi onun istədiyi kimi edərdik və s. Bu da əsasən, xoş olmayan anlarda baş verən assosiasiyalardı. Uğur əldə etdiyim məqamlarda isə fikirləşmişəm ki, görəsən, atamın reaksiyası necə olardı.

- Dostları, yaxınları onu hər kəsin dərdinə yanan adam kimi qiymətləndirirlər. Siz özünüz atanızı necə xarakterizə edərdiniz?

- Mən bunu bir neçə dəfə qeyd etmişəm, indi yenə də demək istəyirəm. Atamın sənətçi kimliyi, sənətkarlığı mənim üçün həmişə arxa planda olub. Mənim sənətinə vurğun olduğum o qədər insan var. Amma söhbət şəxsiyyətdən, insanlıqdan, ailə başçısı, vətənə yararlı insan olmaqdan gedirsə, burada mənim atamla bağlı fəxr etdiyim daha çox məqam var. Yəni mənim onun sənəti ilə bağlı bölüşdüyüm fəxr hissi bəlkə də, məndən daha çox muğam bilicilərinin, Azərbaycan xalqının payına düşür. Çünki mən musiqiçi ailəsində böyüsəm də, musiqi bilgilərim olsa da, muğamın incəliklərini, atamın səs diapazonunu, ondakı boğazları işin biliciləri qədər müəyyənləşdirib qiymətləndirə bilmərəm. Onunla fəxr etdiyim məqamlar onun kişiliyi, səxavətli olması, dostlarının, tanışlarının bu gün onun haqqında fəxrlə danışmasıdır. Həmişə çalışmışam, mənə baxanda heç kim deməsin ki, heyf o kişidən.

- Səxavət Məmmədov necə ata idi?

- Ata kimi çox həlim, mülayim adam idi. Mən sizə bir epizod danışım. Birinci sinfə gedirdim, yazı məsələsində axsayırdım. Anam da həddindən artıq tələbkar idi. Bir dəfə yenə xəttim anamın xoşuna gəlmədi, məni danlamağa başladı. Mən də, təbii ki, ağladım. Onda atam evdə idi, istirahət edirdi. Səsimi eşidib mətbəxə gəldi və mənim tərəfimi tutdu. Anama dedi ki, bir də uşağı belə danladığını görməyim. O, uşaqlara qarşı hətta anam olsa belə hansısa kobudluğun əleyhinə idi. Atamla uşaqlıq şəkillərim o qədər də çox deyil. Onlardan bir neçəsi “Şəhidlər xiyabanı”nda çəkilib. Atam bizi ora tez-tez aparırdı. Həmişə mənə deyirdi ki, Bəxtiyar, yadından çıxartma, vaxt gələcək hansısa formada burda yatan insanların qanının haqqını verməli olacaqsınız. Sonra yadıma gəlir ki, o vaxtlar Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulan insanlara atam qazanlarla yemək aparırdı. Anam bişirirdi o yeməkləri, mən atamın çiynində otururdum və mənim də əlimdə balaca bir qazança olurdu. Uşaq idim, amma inanırsınız, mənim uşaqlığım o meydanlarda, atamın yanında keçdi.

- Özü də hərəkata qoşulurdu, ya qoşulanlar köməklik edirdi?

- Uşaq idim, ətrafımda baş verənləri o qədər də dərk etmirdim. Amma yadımdadır ki, o dövrlərdə sənətdən xeyli uzaqlaşmışdı. Düzdür, el şənliklərinə, məclislərə dəvət olunanda gedirdi, amma bununla yanaşı kifayət qədər ciddi hansısa siyasi proseslərin içərisindəydi. Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşların heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Həmin dövrdə də atam müəyyən kontaktları, dostları vasitəsi ilə cəbhə bölgəsinə silah-sursat alıb göndərirdi. Mən bunun şahidi olmuşam. Bizim evimizdə cəbhə üçün alınan silahlar, patronlar vardı. Anam buna görə çox narahat idi, həmişə ağlayırdı. Dövr siyasi baxımdan çox həssas və kövrək idi.

- Atanız ölümü, onun həyatına son verən qəza necə baş vermişdi? Təfərrüatları barədə nə bilirsiniz?

- Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın.

- Musiqi adamları adətən məclis adamı olurlar. Səxavət Məmmədov evində məclis qurmağı, qonaq qarşılamağı sevirdi?

- Çox qonaq-qara sevən adam idi. Evimizdə həmişə qonaqlarımız olurdu. Mənim atamın iki ailəsi olub. Mən atamın ikinci həyat yoldaşından olan böyük oğluyam. Məndən sonra iki qardaşım da doğulub.

- Atanız hər ilk ailəsinə baxırdı?

- Bəli. Hər iki ailəsinə baxıb. Həm də atam birinci ailəsindən ayrılmamışdı, buna anam izn verməmişdi. Atam hər iki ailəsinə eyni cür baxırdı. Birinci ailəsində atamın bir qızı vardı. Sonradan atamın iki ailəli olmasına anam da alışdı. Bu gün mən də atamın o biri ailəsindən olan bacı və qardaşımla əlaqə saxlayıram. Demirəm ki, hər gün görüşürük, amma əlaqələrimiz kəsilməyib. Çox yaxşı münasibətlərimiz var.

- Amma bir müddət əvvəl atanızın ilk evliliyindən olan oğlu, yəni qardaşınız Şəhriyar sizinlə və əminizlə bağlı narazılıqlar etmişdi...

- Mən onun bu danışıqlarını yaşının azlığına keçirəm. Belə şeylər ailələrdə olur. İnanmıram ki, hamımız qohum-əqrəbadan tam yarıyaq. Onun da başını dolduranlar olmuşdu. İşlərinin düz getməməsi onu belə açıqlamalar verməyə istiqamətləndirdi. Adamın işi düz getməyəndə bilirsiniz ki, problemləri onda-bunda axtarır. Mən bu məsələ ilə bağlı qardaşımla söhbət etdim. O, həmin hərəkətinə görə çox peşman olmuşdu. Mən də böyük qardaş kimi bunu normal qəbul elədim. Bilirsiniz, o, nə etsə də, mən böyük qardaşam, ata əvəziyəm. Digər məsələlərdə əlimdən böyük işlər gəlməsə də, müəyyən şeyləri bağışlamağı bacarmalıyam. Çünki mənim belə hərəkət etməyim atamın ruhuna hörmətdir. Ona görə də Şəhriyarla bağlı məsələlərin üzərinə çox getmədim. Getmərəm də. Bu kimi məsələlərdə mənim öz doğma qardaşımla da problemlərim olur. Əsas o idi ki, Şəhriyar öz səhvini anlamışdı. Məsələnin bir başqa tərəfi də var, mən indi buna toxunmaq istəyirəm. Bu gün az da olsa əldə etdiyim uğurlarla atamın adı arasında müəyyən bağlılıq, əlaqə axtarırlar. Amma Samirə xanım, mən bunu tam səmimiyyətimlə deyirəm, belə bir şey yoxdur! Mənim ancaq televiziyaya çıxışım, tanınmağım, yenicə dünyasını dəyişmiş Səxavət Məmmədovdan geriyə qalan bir təskinlik kimi qəbul olundu. Bu, mənim daha çox tanınmağımda, insanlara doğma gəlməyimdə rol oynaya bilər. Mən bunu danmıram, əksinə fəxr edirəm. Amma 2003-cü ildən bu yana mən artıq televiziya sahəsində deyiləm. Sonradan ümumiyyətlə, televiziyadan uzaqlaşdım, beynəlxalq münasibətlər üzrə təhsil aldım. Xarici İşlər Nazirliyində işlədim. Ordakılar isə Səxavətin muğamını iyirmi faiz anlayıbsa, böyük iş hesab edərdim. Orda işləyən insanlar bir az daha dünyəvi, beynəlmiləldirlər. Bu baxımdan ora da qəbul olunmağım, test imtahanlarından keçməyim və yaxud universitetə qəbul olunmağımda atamın adının heç köməyi olmayıb. Sınaq və test imtahanlarında çəkdiyim əziyyətlər, yuxusuz qalıb oxuduğum illərin zəhməti mənim özümə aiddir. Amma atamın adını doğrultmaq istəyim məni bunlara sövq edib. Fikirləşmişəm ki, sən gör kimin oğlusan?! Amma atamın adı bu məsələlərdə rol oynamayıb. Hamı necə mən də elə olmuşam.

- Sizə sonradan atanızın sənətini seçməmək barədə irad tutmurdular?

- Əlbəttə, deyənlər vardı ki, niyə musiqi sənətinə getmədin? Amma mənə görə Səxavətin oğlu mütləq xanəndə olmalıdır deyə bir şərt olmayıb.

- Yəni atanızın tanınması və yaxşı sənətkar olması sizə artıq kifayət idi. Hiss olunur ki, bu kimi məsələlərdə rahat olmusunuz.

- Bəli, yüz faiz belədir. Birincisi, mən özümdə o istedadı görmədim. Digər tərəfdən isə mən sənət sahəsində özümü nə qədər sübut etməyə çalışsam da, Səxavət Məmmədov adının kölgəsində ilişib qalacaqdım. Mən tamam fərqli bir sahə seçdim, atamı da o sahədə yaşatdım. Atamın sənətinə daha yaxın, onun səsinin təskinliyini tapa biləcəyimiz insan əmim Fehruzdur. Şükür allaha ki, çox gözəl səsə malikdir. Düzdür, o, atam ola bilməz, amma kifayət qədər Səxavətin təskinliyini onda ala bilirik. Səxavət ona görə Səxavət idi ki, o tək idi. Ondan iki nəfər olsaydı, o, heç Səxavət olmazdı. O biri əmilərimin, xüsusən Əliyar əmimin də yaxşı səsi var. Onların ailəsində səs genetik olub.

- Fehruz Səxavəti atanız gətirib bu sənətə. Onların videoyazıları var. Əminiz “Segah” oxuyanda atanız ona baxıb gülümsəyir.

- Atam onun musiqi sahəsində müəllimi olmaqla yanaşı, həm də mənəvi cəhətdən müəllimi olub. Fehruz əmimin də özünə Səxavət təxəllüsünü götürməsi məhz onunla bağlıdır. Şükür edirəm ki, ən azından atamın yolunu musiqi sahəsində davam etdirmək mənim boynumda mənəvi borc kimi qalmadı. Əmim bunu uğurlu şəkildə həyata keçirdi.

- Bəxtiyar bəy, atanız dünyasını dəyişəndən sonra siz bizim gözümüzün qarşısında böyüdünüz, ailə qurdunuz. Amma bu böyümək mərhələsinin bir də gözə görünməyən tərəfləri var... Çoxmu çətin oldu?

- Çox çətin oldu. Mən bu məsələlərlə bağlı danışmaqda bir az xəsislik edirəm. Amma gələcəkdə Allah qismət eləsə, bu barədə yazacam. Kimə maraqlı olsa, oxuyar. Yenə deyirəm çox, çox, çox çətin oldu. Dövr də ağır dövr idi. 91-ci ildən bu yana biz iki qardaş və anam inanılmaz dərəcədə ağır günlər yaşadıq. Amma allah heç vaxt nəzərini bizim üstümüzdən çəkmədi. Mən həmişə allahın varlığını öz üzərimdə hiss etdim.

Şəxsi həyatımda iki dəfə ölümlə üz-üzə qalmışam, bundan sonra bir çox zahiri əhəmiyyəti olan şeylər mənim üçün ucuzlaşıb. Nələrinsə ardınca qaçıb şəxsiyyəti, xarakteri ayaq altına atmaq olmaz. Olmadığın kimi görünmək cəhdləri nəticə olaraq çox ciddi peşmançılıqlar yarada bilər.

- Çətinliklər daha çox mənəvi idi yoxsa?

- Hər ikisi vardı. Atamdan sonra bizim aylarla maddi çətinliyimiz olub. Anam ədəbiyyatşünas idi. Atam dünyasını dəyişəndən sonra anam iki dəfə intihara cəhd etmişdi. O, son anda ölümdən qayıtmışdı. Yəni anamızın da o psixoloji dövrü adlaması çox çətin oldu. Xeyli müddət sonra anam dərk etdi ki, o, özünə nə isə etsə, biz ortalıqda qalacağıq. O vaxtlar ölkədəki ab-hava da kifayət qədər ağır idi. Bu dövrün fonunda bizim başımıza gələnlər həm mənəvi, həm də maddi çətinliklər yaratdı.

- Ananızın intihara cəhdindən sonra siz atanız haqqında susmağı, sual verməməyi öyrəndiniz?

- Sözün düzü anam bizi kişi kimi elə böyütdü ki, biz susmağı öyrəndik və atasızlığı hiss etmədik. Atamdan sonra evdə baş verən hər şeyə böyük oğlan kimi mənim münasibətimi öyrənirdilər. Mən elə bil yaşımdan bir az tez böyüdüm, hər şeyə evin kişisi kimi fikir bildirməli oldum. Bu baxımdan atamdan sonra öz uşaqlığımı heç doyunca yaşaya da bilmədim. Yəni on bir, on iki yaşında normal uşağın edə biləcəyi hərəkətlərdən həmişə çəkindim. “Ayıbdır” sözlərini eşitmək istəmədim. Ona görə də indi çalışıram ki, uşaqlarım öz uşaqlığını doyunca, ürəkləri istəyən kimi yaşasınlar. Çünki onlar bir də heç zaman uşaq olmayacaq. Zamanı geri qaytarmaq mümkün deyil. İnsan öz uşaqlığını doyunca yaşaya bilməyəndə bunun mənəvi fəsadları ağır olur.

- Gözünüz atanız nə zaman axtardı?

- Oğlan uşağı elədir ki, onun həyatının müəyyən məqamlarında sırf atası ilə söhbətə ehtiyacı olur. Mənim də elə məqamlarım, dəstəyə ehtiyac duyduğum vaxtlar olub. Demişəm, kaş atam yanımda olardı. Toyumu görərdi. Mən yenə deyirəm, nə etdimsə, cırmaq-cırmaq əldə etdim. Allaha və yaxşı insanlara minnətdaram. Qarşıma yaxşı insanlar çıxdı. Bu insanların arasında atamın dostları da vardı, onu ancaq sırf sənəti ilə tanıyanlar da. Onun şəxsiyyətinin, sənətinə vurğun insanlar vardı ki, bəzi məqamlarda mənim qarşıma çıxdılar. Onların mənim həyatımdakı uğurlarda müəyyən qədər rolları olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm.

- Yəni Səxavət Məmmədov adı necə və nə cürsə sizin həyatınızda açar rolu oynayıb...

- Əlbəttə. Mən bunu heç zaman danmıram, dana da bilmirəm. Mənim kimin oğlu olduğumu biləndə təbii ki, mənə qarşı bir doğmalıq, bir sevgi olub. Bunları hiss etmişəm. Ola bilsin, antipatiyası olan insanlar da olub. Amma daha çox atamı sevənlərlə qarşılaşmışam.

- Antipatiyası olan insanlardan danışdınız. Səxavət Məmmədova ölümündən sonra xoş münasibəti olmayan, hətta düşmənçilik səviyyəsində münasibət bəsləyən insanlarla rastlaşmadınız?

- Bu günə qədər mənim rastıma elə adam çıxmayıb. Elə bir məclis, elə bir yer olmayıb ki, atamın adı gələndə kimsə ağız büzsün. Tanımayan adam ola bilər. Bu da normaldır. Narazı adam görməmişəm. Bu hərdən məni dəhşətə gətirib. Yəni, atam elə bir həyat yaşayıb ki, onun adı gələndə insanlar həmişə içdən kövrəlib kədərləniblər? Bəlkə də dünyada bundan böyük xoşbəxtlik və rəhmət yoxdur. O, dünyadan köçəndə 38 yaşı hələ tamam olmamışdı. O yaşda elə böyük hörməti ona insanlığı qazandırmışdı. İstedad bir çox adama verilə bilər. İnsanlıq, şəxsiyyətin gözəlliyi hər adama qismət olmur. Atamda hər ikisi üst-üstə düşmüşdü.

- Səxavət müəllimin qadınlara münasibəti necə olub?

- Onun qadınlara münasibəti mənim üçün həmişə nümunə olub. Bu haqda sənət dostlarından soruşsanız sizə dolğun məlumat verərlər. Atamın bir sözü var, deyirdi, kişi əlini, dilini və gözünü dinc saxlamağı bacarmalıdır. Bu sözləri həmişə yadımda saxlamışam. Atam sənət adamı idi, ətrafında qadınlar çox idi. Fanatları, pərəstişkarları da istənilən qədər idi. Çox şükür ki, heç vaxt atamla və onun yaxınında olan qadınlarla bağlı xoşagələməz sözlər eşitməmişəm.

- Ananıza, bacınıza qarşı mühafizəkarlığı, qısqanclığı vardı?

- Çox qısqanc adam idi. O, nəinki anama qarşı, hətta mənim xalalarıma qarşı mühafizəkar idi. Onların həyatına çox müdaxilə etməsə də, lazım gələn məqamda sözünü deyirdi ki, belə olmaz. Siz mənim bibilərimlə tanış olsanız, atamın qısqanclığını bilərsiniz.

- Atanızın hansı ifasını daha çox xoşlayırsınız?

- Atamın adı gələndə ən çox yada düşən və sevilən “Azad bir quşdum” mahnısıdır.

- Elə bil özü üçün oxuyub.

- Bəli, bəli. Öz taleyini oxuyur. Oğlu kimi onun bütün ifalarını sevirəm. Dinləyici kimi professional studiyada yazılmış “Ay çiçək” mahnısını çox sevirəm. Bir də atam İsraildə olanda “Sona bülbüllər” mahnısını ifa edib. İnanılmaz dərəcədə gözəl oxuyub. Təbii, rəhmətlik Qədir Rüstəmov o mahnının möhürünü vurub, amma mən təklif edərdim, Səxavətin ifasında da qulaq assınlar. İnanılmaz yanğı, nisgil var.

- Atanızın son gününü necə xatırlayırsınız?

- Yatmışdım. Gecənin bir aləmi oyandım və gördüm, evdə nə isə qeyri-adi narahatlıq var. Hadisə baş verməzdən əvvəl atam öz maşınını həyətdə qoyub ardınca gələn adamların maşını ilə getmişdi. Dumanlı xatırlayıram ki, qapı döyüldü. Açanda Əliyar əmimi gördük. O, elə qapının ağzındaca yıxıldı. Bizi təcili kəndə apardılar.

- Siz atanızın ölümünü dərhal bildiniz, ya sonradan tədricən dedilər?

- Yox, biz hamısınız sonradan bildik. Biz kəndə doğru yola çıxanda atamın nəşini artıq aparmışdılar.

- Deyilənə görə, Səxavət Məmmədov Ağdamda dəfn olunanda münaqişə başlasa da düşmən tərəf atəş açmayıb. onun dəfn olunmasına imkan veriblər. Hətta ratsiya ilə başsağlığı da verilib. Bu nə dərəcədə doğrudur?

- Doğrudur. Düşmən gülləsi çox asanlıqla məzarlığa qədər gəlib çata bilərdi. Atışma hansısa formada dayandırılmışdı və atamın yas mərasimi bitənə qədər kənddə bir dəfə də olsun atışma olmadı. Hətta anamgilin məzarlığa gedəndə onlarla bərabər bir əsgər də gedirdi. Çünki məzarlıq əl içi kimi hədəfə gəlirdi. Biz gözümüzün önünə almışdıq ki, anamgili güllə ilə vura bilərlər. Amma bir dəfə də olsun atəş açılmadı.

- Atanızla bağlı bir kədərli məqam da var ki, onun baş daşını qəbrinə qoymaq qismət olmayıb və həmin məzar daşı sizin evinizdə qalıb.

- Bəli. Qismət olmadı.

- Ağlınıza gələrdi ki, atınızın qəbri olan torpaqlar işğal oluna bilər?

- Yox. Mənim valideynlərim ağdamlı olsalar da, mən Ağdamı çox az görmüşəm. Qohumlarımız vardı evdən çıxanda qapılarına qıfıl vurmuşdular ki, geri qayıdacağıq. Heç birimiz ermənin gəlib Qarabağı, Ağdamı işğal etməsini ağlımıza da gətirmirdik.

- Bəxtiyar bəy, atanız dünyasını dəyişib, torpağı işğal olunub, özünüz də vətəndən çox uzaqlarda, qəribçilikdəsiniz. Həyatı indiki yaşınızda necə qiymətləndirirsiniz? Çoxmu çətindir, ya bu da həyatın bir qanunauyğunluğudur deyə düşünürsünüz?

- Asan deyil. Xüsusilə qəribçilikdə yaşamaq heç asan deyil. İndi mən istəmirəm sizin bu layihənin kontekstindən kənara çıxaq. Mən özüm də torpağa kifayət qədər bağlı adamam. Amma misal üçün nərd oynayanda zəri ürəyimiz istəyən kimi ata bilmədiyimiz kimi həyatın da bizə nə təqdim edəcəyini bilmirik. Həyat qarşımıza elə zərlər çıxarır ki, məcbur qalıb oynayırsan. Zər tutmağı bacarmayanda, şəxsiyyət buna imkan verməyəndə isə bu oyun daha da çətin olur. Mən bir çox səbəblərdən xaricdə yaşamalı oldum. Bununla yanaşı ən çətin günümdə belə öz ölkəmi, vətənimi düşünən biriyəm. Sadəcə olaraq indi edə biləcəklərim ölkə xaricində daha asan olduğundan seçimimdən dolayı qəribçiliyə məcbur olmuşam. Amma son nəfəsimə qədər azərbaycanlıyam, övladlarıma da həmişə bunu təlqin edirəm.

- Səxavət Məmmədov təskinliyini bu gün nədə tapırsınız?

- Aradan uzun illər keçib. Yara qaysaq bağlayıb və mən o qaysaqlanmış yara ilə yaşamağa öyrəşmişəm. Bu barədə hansısa təskinlik axtarmıram. Səxavət Məmmədov təskinliyi artıq mənim üçün mövcud deyil. Mənim üçün bu günə qədər onun yaşayan adını daha çox yaşatmaqdır. Ən böyük təskinlik budur. İstəyirəm mənim uşaqlarım da elə bir həyat yaşasınlar ki, bilənlər desin, hə, bunların babası kişi olub, bunlar da kişi oğlu kişidirlər. Atamın ruhuna bunda gözəl hədiyyə ola bilməz. 04.05.2020

# 152057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #