Rafael: “Fuad Poladov bizim zarafatlara əsəbiləşirdi” – Müsahibə

Rafael İskəndərov, aktyor

Rafael İskəndərov, aktyor

25 aprel 2022
# 21:00

Kulis.az aktyor Rafael İsgəndərovla müsahibəni təqdim edir.

- Rafael bəy, sizin bəxtinizə çox yaxşı müəllimlər düşüb. Şahmar Ələkbərov, Şəfiqə Məmmədova, Hüseynağa Atakişiyev və başqaları...

- Şahmar müəllim çox qısa müddət, ikinci kursda bizə dərs dedi. Onda da xəstəliyi imkan vermədi. Şahmar müəllim o dövrün tanınmış aktyoru və rejissoru idi. Həmin vaxtı sovet dövrünün dağılması, bir çox aktyorların işsiz qalması yəqin Şahmar müəllimi də məcburiyyət qarşısında qoymuşdu ki, gəlib İncəsənət İnstitutunda müəllim işlədi. Çünki o dövrdə kinostudiya deyilən bir yer yox idi. İndi bilmirəm var, ya yox. Amma xəstəlik ona imkan vermədi. Demək olar ki, ikinci kursun imtahanına da Şahmar müəllim gəlib çıxa bilmədi.

- Səhnə danışığı müəlliminiz isə Gülşad Baxşıyeva olub.

- Bəli. Bizə birinci kursdan Şəfiqə Məmmədova dərs keçdi. Birinci kurs, ilk addımlar az məsələ deyil. İkinci kurs Şahmar müəllim, üçüncü kursdan isə Şükufə Yusupova ilə Elmira Şabanova dərs deməyə başladı. Fuad Poladov isə üçüncü kursdan qrup rəhbərimiz oldu. Səhnə danışığı müəllimimiz Gülşad Baxşıyeva idi. Bizim diplom işlərimizi beşinci kursda Fuad müəllim təhvil verdi. Amma Coşqun və mən demək olar ki, ikinci kursdan Dövlət Gənclər Teatrının aktyorları olmuşuq. Tələbə ola-ola baş rollar oynayırdıq. Gülşad xanım məni teatrda görəndə gülə-gülə demişdi ki, orda başıma az oyun açmışdın, indi də burda qarşıma çıxdın.

- Bu qədər rəngarəng tələbəlik illərindən və teatr yaradıcılığından sonra teatrdan tamamilə qopmağınıza səbəb nə oldu?

- Teatrdan tamam qopmamışıq. İndi də estrada teatrı kimi fəaliyyət göstəririk. Mahnı oxumaqdı, rəqs etməkdi, biz bunu Coşqunla birlikdə o teatrda da etmişik. Komediya da, tragediya da oynamışıq. Klassik teatrdan uzaqlaşmağımıza səbəb isə konkret olaraq dolanışığın olmamasıdır. Loru dildə deyim, o vaxt maaşımız dörd şirvan idi. Aylıq yol pulum isə altı şirvan edirdi. Coşqunun yolpulu lap çox çıxırdı. Bunun müqabilində televiziyaya işə düzələndə 80 şirvan maaş almağımız çox böyük fərq idi.

- Belə çıxır ki, bayaq adını çəkdiyimiz aktyorlar, yəni sizin müəllimləriniz sənətin fədailəri idilər? Nümunə kimi Fuad Poladovun adını çəkə bilərəm. O, xəstəliyinin şiddətlənən vaxtında da müalicə üçün təklif olunan yardımdan imtina etdi.

- Bilirsiniz, o dövrdə biz sıravi aktyor və tələbə idik, amma bizim müəllimlərimizin titulları var idi. Və onlar titullarına görə də dövlətdən nəsə alırdılar. Yəni, bəlli bir mərtəbələri vardı. Biz isə tələbə adamlar idik, üstəlik ailə qurmuşduq, ailəmiz, öhdəliyimiz vardı.

- “Bu şəhərdə”nin konsertlərində cəmiyyətin müxtəlif təbəqələrindən obrazlar canlandırırsınız. Bəzən isə təkrarçılıq da hiss olunur. Özünüz necə, bunu hiss edirsiniz?

- Rolda təkrarçılıq ola bilər, amma mənə elə gəlir ifamızda təkrar yoxdur. Aktual mövzulara toxunuruq. Misal üçün, gəlin və qayınana münasibətlərinə. İndi siz konsertlərə baxın, görün budəfəki ilə keçəndəfəki bir-birinə oxşayır?

- Mən sizin aktyor müşahidələrinizi bilmək istəyirəm.

- Axı bugünkü cəmiyyət bizim gündəliyimizə müxtəlif obrazlar təqdim edir: qayınana, həkim, müəllim... Biz bu mövzuları kənara necə qoyaq? Əgər gəlin qayınana mövzusu bitsə, biz də bunu bir kənara qoyarıq. Bu mövzu bitən deyil axı. Bizim gündəlik həyatımızda, efirdə bu mövzu bu gün də davam edir. Yəni, mənə elə gəlir, aktual mövzular təkrarlanmır. Əsas odur aktyor kimi ifalarımız bir-birinə oxşamasın, hər dəfə fərqli yanaşma olsun.

- Obrazları tapmaq və onlar üzərində iş prosesi necə baş verir?

- Bir az yekə danışmaq kimi çıxacaq, ilk növbədə adamın gərək qabında bir şey olsun, istedadı nəyəsə çatsın. İkincisi isə əlbəttə ki, müşahidə bacarığı olmalıdır. Aktyor gərək öz düşüncə və təxəyyülü ilə də nələrsə eləməyə çalışsın. O, psixologiyanı bilməli, istənilən situasiyada necə hərəkət etməyin lazım olduğunu düşünməli, sonda ona millilik qatmağı bacarmalıdır.

- İfa etmək istəyib, edə bilmədiyiniz, müəyyən senzura ilə qarşılaşdığınız rol olub?

- Yadımda qalmayıb, amma yəqin ki, olub. Pərdəarxası görünməyən şeyləri Coşqunla mən bilirik. Amma hərənin rola öz yanaşması var. Biz heç vaxt roldan yüz faiz razı qalmırıq. Ümumiyyətlə, ifa etdiyin rola on il sonra baxanda düşünürsən ki, kaş belə yox, elə edərdik. Aktyorun öz rolları haqqında “hamısı yaxşıdır” fikrinə düşməsi yaxşı deyil.

- Sizi daha çox Hüseynağa Atakişiyevin yetirmələri, tələbələri hesab edirlər. İndi estrada teatrı dediyiniz “Bu şəhər”də konsertlərindən sonra Hüseynağa Atakişiyev məktəbinə xəyanət etdiyinizi düşünmüsünüz?

- Qətiyyən, qətiyyən! Heç vaxt olmayıb. Mən indiki səhnə fəaliyyətimə qeyri-ciddi baxa bilmərəm. Əgər belə düşünsəm, üzr istəyirəm, tamaşaçını dolamış olaram. Bu, düzgün deyil. Tamaşaçı pul verib bilet alır və gəlib bizə baxır. Mən işimə qeyri-ciddi yanaşsam ona hörmətsizlik etmiş olaram. Siz dediyiniz teatr səhnəsi tamam başqadır.

- Mən elə o baxımdan deyirəm.

- Siz dediyiniz teatr məktəbini keçmişik. Ola bilsin, gələcəkdə yenə keçdik. Çünki bizimlə tamaşa qoymaq istəyirlər, bizim iştirakımızla bağlı müxtəlif təkliflər edirlər. Amma görəndə ki, bu təkliflər məqsədyönlüdür, bax, onda qeyri-ciddi şəkil alır.

- Belə çıxır ki, teatrlarımızdan sizə ciddi təklif gəlmir.

- Gəlir. Sadəcə olaraq, vaxt baxımından biz bunu edə bilmirik. Məşqlər, aylarla gedib-gəlmək, premyera, çox vaxt tələb edir. Biz konsertin birini güclə çatdırıb veririk ki, növbəti konsertə qədər istirahət edə bilək.

- Çox ciddi sənət adamlarının sizin teatrdan qopmanızla bağlı təəssüfləndiyini görürük.

- Biz hər ikimiz daha çox teatr aktyoruyuq. Düzdür, fakültəmiz dram və kino aktyorluğudur, amma özümüzə daha çox ləzzət verən teatrdır. Kino belədir ki, bir dubl, iki dubl çəkiləndən sonra rejissor öz xoşuna gələn bir hissəni götürəcək. Teatrda hər dəfə tamaşaçının qarşısına canlı çıxmaq, improvizələr etmək başqadır. Amma çox vaxt teatrlar bizi biznes məqsədi ilə dəvət edirlər.

- Bəlkə bir az açıq danışasınız?

- Açığı belədir ki, deyirlər gəlin, bir tamaşa qoyaq, siz də iştirak edin. Onlar bilirlər ki, bizə görə tamaşaçı gələcək. Teatrın burda məqsədi pul qazanmaqdır, hansısa əsəri üzərində ciddi işləmək yox.

- Qazansalar belə, siz səhnədə ciddi bir iş görəcəksinizsə, səhnə imkanlarına arxayınsınızsa, niyə razılaşmırsınız?

- Qazanmağa qalsa, elə biz öz işimizlə məşğuluq də. İkinci tərəfdən, biz də burada ciddi işlə məşğuluq axı. Rəhmətlik Hüseynağa müəllim deyirdi ki, komediyanı nə qədər ciddi ifa etsən, bir o qədər gülməli olar.

- Yeri gəlmişkən, Hüseynağa Atakişiyevin nə şəxsi həyatı, nə də yaradıcı həyatı o qədər uğurlu olmadı. Onu bir insan və müəllim kimi necə xarakterizə edərsiniz?

- Hüseynağa müəllimin həyatında baş verən uğursuzluqların hamısı çox istedadlı olması ilə bağlı idi. O, çox gözəl insan və rejissor idi. Onun teatrında hamı bir-birinə kömək edirdi. Bəzən bizi acılayıb da! Bəzənsə, açıq deyirəm, institutda bəzi müəllimlərin keçmədiyi dərsi keçib bizə. Hüseynağa müəllim mənim üçün də, Coşqun üçün də və ümumilikdə də böyük bir məktəb olub. Bu həqiqəti danan adam çörək tapmaz.

- Onunla və özünüzlə bağlı ən çox nəyə təəssüflənirsiniz? Ondan hər şeyi öyrənə bildiniz?

- Yox. Allaha qurban olum, vaxt məsələsi ona məxsusdur. Amma Hüseynağa müəllim barədə düşünəndə deyirəm ki, Allah onu bir az vaxtsız apardı. Ondan hələ nə qədər şeylər öyrənmək olardı. O, hərdən hirslənirdi, deyirdi, kim teatrdan getmək istəyir, getsin, qapı açıqdır və əvəzolunmaz adam yoxdur. Amma özünün getməyi ilə sübut elədi ki, əvəzolunmaz adam varmış. İndi olmasın, bizi çox istəyirdi, biz də onu. Aktyor kimi də qədrimizi bilirdi. Teatrdır də, bəzən müəyyən intriqalar olurdu, bu söhbətlər ona da gəlib çatırdı. Heç nəyə baxmayaraq, Coşqun da, mən də baş rollarımızı alırdıq. Bizim haqqımızda ona çatdırılan heç bir sözə inanmırdı, çünki öz fikri olana dam idi. Onun üçün iki əsas meyar vardı: istedad və məsuliyyət!

- Şəxsi məsələləri sənətə qarışdırmırdı?

- Qəti şəkildə. Heç vaxt yadımdan çıxmaz, bir dəfə Şəkidə qastrolda idik, təbiət qoynunda böyük məclis qurulmuşdu. Çox böyük aktyorlar vardı həmin məclisdə. Mən də cavan idim. Süfrə başında aktyordan, teatrdan söhbət düşdü. Əlini mənə uzadıb dedi, bax, bunu görürsünüz, bunun dərisini, qabığını soy at suya, aktyordur ki, aktyor! Orda sonra mənim üzümə deyənlər oldu ki, biz neçə ildir onunla birlikdə işləyirik, hələ bir dəfə tərifini eşitməmişik, sən cəmi iki ildir onunla işləyirsən, sənin üçün sağlıq deyir.

- Eyni fikirləri Fuad Poladov haqqında da deyə bilərsiniz?

- Yox. Fuad müəllim haqqında deyə bilmərəm. Fuad müəllim şəxsən mənim üçün müəllim kimi çətin adam idi. Bizim diplom tamaşamız olanda Hüseynağa müəllim gəlib baxmışdı. Sonra sevincək onun üstünə getdim ki, necə idi? Dedi, nə sən, nə də Coşqun heç biriniz nə etdiyinizi bilmirdiniz. Amma yenə deyirəm, Fuad müəllimlə işləmək mənim üçün çox çətin olub, çox.

- Nə mənada çətin idi?

- Ərköyün adam deyildi. Hüseynağa müəllim bir əsəri götürəndə “çitkalar”dan sonra bizi səhnəyə buraxırdı. Deyirdi, aktyorsan, buyur, bacarığını göstər. O, aktyoru marionetka kimi oynatmazdı. Nəzarət edirdi bizə, hətta, məşq vaxtı zarafat da edirdik. Ondan sonra birdən-birə gəlib Fuad Poladov kimi ciddi, qaraqabaq adamla işləməyə başladıq. Poladov hətta bizim etdiyimiz zarafatlara da əsəbiləşirdi. Deyirdi, bəsdirin, siz neyləmisiniz ki, gülürsünüz. Hüseynağanın tam əskini görmək bizim üçün çətinlik yaradırdı.

- Cahangir Zeynalovla müsahibəmizdə belə bir fikir işlətdi ki, nə Nəsibə Zeynalovadan, nə Lütfəli Abdullayevdən, hətta mənim özümdən belə aktyor kimi kifayət qədər istifadə olunmadı. Bu məsələyə sizin də münasibətiniz maraqlıdır. Sizdən bu mənada nə qədər istifadə etdilər?

- Bizdən də istifadə etmədilər, etmirlər. Düzdür. Bu fikirləri əgər Cahangir müəllim kimi böyük rolların yaradıcısı özündən əvvəlkilər və özü haqqında deyirsə, deməli düz deyir. Bir teatrla da aktyorun ömrü başa çatmır axı. Bu gün Coşqunla Rafaelin bacara bilmədiyi iş yoxdur. Amma gələn istəyir ki, bizi filmə, tamaşaya çəkib pul qazansın.

- Tamaşaçı nə istəyir?

- Tamaşaçı gülmək istəyir. Onlar onsuz da türk seriallarına baxıb ağlayırlar. Hərənin bir dərdi var. Amma hamısı gülmək də istəmir. Elələri var, bizi öldürürlər ki, sizi tanıyırıq və istəyirik tragediyada oynayasınız. Biz də istəyərdik oynayaq. O vaxtı Hüseynağa müəllim mənə demişdi ki, Məşədi İbadı oynamaq istəyərsən? Demişdim, hələ o yaşa çatmamışam. Məşədi İbad obrazına ciddi yanaşmaq lazımdır. O əsərə baxanda görürsən ki, bir dənə kişi adam varsa, o da Məşədi İbaddır. Və yaxud “Hamlet” tamaşası o vaxtı hazırlanan zaman hər gün onun müzakirəsi gedirdi. Qadınlı-kişili bütün aktyorlar məşqlərdən əlavə o müzakirələrə qoşulurdu. Hamletin neçə yaşı ola bilər, görünüşü necədir və s. Bir növ müzakirə yox, istintaq gedirdi. Niyəsə hamı elə fikirləşir ki, Hamlet hündürboy, yaraşıqlı olmalıdır. Ümumiyyətlə, götürəndə bizim həyatımızda Hamletlər az olub məgər? Nə qədər atası öldürülən, anası əmisinə gedən Hamletlər var. Yəni, hər adam Hamlet ola bilər. Ona görə də aktyordan ənənəvi Hamlet tələb etmək doğru deyil.

- Sizi sonuncu dəfə “Dəli yığıncağı” tamaşasında tamaşaçı kimi görmüşdüm. Xoşunuza gəlmişdi?

- Bilirsiniz, biz tamaşalara adi tamaşaçı kimi getmirik axı. Orada başqa məqamlara da fikir veririk. Mən qarderobda bir tamaşaçı gördüm, deyirdi iki dəfədir gəlib baxıram, indən belə on dəfə də oynanılsa, gələrəm. Hərənin bir yanaşma tərzi var.

Söhbətimizin bu yerindən Coşqun Rəhimov da söhbətə qoşulur.

Müsahibənin davamını buradan oxuya bilərsiniz

# 20141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #