Elmir Mirzəyev: “Avropalıların etdikləri əclaflıqdır” – Müsahibə

Elmir Mirzəyev: “Avropalıların etdikləri əclaflıqdır” – Müsahibə
9 noyabr 2020
# 13:10

Kulis.az Almaniyanın Berlin Humboldt Universitetində çalışan kulturoloq, bəstəkar və musiqişünas Elmir Mirzəyevlə müsahibəni təqdim edir.

- Elmir bəy son günlər Qarabağla bağlı baş verən hadisələrin Qərb mətbuatında birtərəfli işıqlanmasının çoxsaylı səbəblərini göstərirlər. Siz necə düşünürsünüz, biz doğru mövqeyimiz niyə işıqlandıra bilmirik? Bunun səbəbi nədir?

- Qərb mətbuatının münasibəti artıq çoxuna bəlli oldu. Gizlətmək mümkün deyil, əsla da mümkün olmayacaq. Müharibənin ilk günlərində məni Almaniyanın ən böyük qəzetlərindən biri olan “Tageszeutung”a dəvət etdilər. Həmin qəzetin erməni müxbiri də var. Mənə bildirdilər, universitetdə işləyən, humanitar sahənin adamı olan biri kimi onlara danışım, bildirim ki, Azərbaycan tərəfi nə fikirləşir, oradakı vəziyyət necədir. Yəni, bu barədə mən onlara heç nə deməmişdim, özləri dəvət etmişdilər.

Mən həmişə sülhpərvər adam olmuşam, bacardığım qədər sülh layihələrində iştirak etmişəm. İstəmişəm ki, bu məsələ qansız həll olunsun, qan tökülməsin. Kim istəyər ki, müharibə olsun? Mən də onlara öz fikirlərimi bildirdim. Onlar isə elə hey Azərbaycan hakimiyyəti söhbətini qabardırdılar. Başa salmağa çalışdım ki, bizdə daxildə problem ola bilər, elə mən özüm uzun illər tənqidçi olmuşam, tənqidi yazılar yazmışam, sözümüzü də demişik. Yəni, bu, tamam başqa məsələdir. Bizim ərazimiz işğal olunub, xalqımız öz torpaqlarından qovulub. Səkkiz yüz minə qədər adamı ev-eşiyindən qovub çıxarıblar. Burada - Qərbdə istənilən adamın üç senti itsə, vay-şivən salar, aləmi dağıdar. Nəinki kiminsə evini əlindən almaq, torpağından qovmaq. Bütün bunlar onların heç ağlına gəlmir. Bunlara səkkiz yüz min adam ev-eşiyindən qovulub sözlərini deyirsən, veclərinə də olmur. Mən bilmirəm bu rəqəmi bunlara necə, hansı dildə izah edim, bəlkə Hind rəqəmlərinin yerinə Roma rəqəmləri ilə yazıb göstərim?

Bütün bunları deyəndən sonra onlar təzədən mənə deyirlər, orada ermənilər yaşayır, siz niyə ora hücum edirsiniz? Başa salıram, izah edirəm ki, elə Almaniyanın özündə dörd milli azlıq var. Almaniyanın şimalında Schleswig-Holstein vilayəti yerləşir. Oradakı danimarkalılar milli azlıq hesab olunur. Ancaq Kopenhagendə heç kim demir ki, ora hücum edib oranı alaq, sonra da Danimarkaya birləşdirək. Mümkün deyil, çünki Schleswig-Holstein Almaniyanın tərkibində olan ərazidir.

Bütün bunların hamısını müsahibəmdə qeyd etdim, amma sonra məlum oldu ki, müsahibə yayımlanmır. Başqa bir tanış professor, nəsimişünas var, Michael Reinard Heß, onun da Azərbaycan haqqında danışdığı müsahibəni vermədilər. Mən status yazmışdım bu barədə, amma onun adını qeyd etməmişdim, özü həmin statusa şərh yazdı, alman mediası adına üzülüb, xəcalət çəkdiyini bildirdi. Bu obyektiv reallıqdır, bunu dəyişməyin üsulunu bilmirəm, anlamıram.

Fransa isə artıq sadəcə erməni ölkəsidir, daşnakların vətənidir. Onlar tərəfindən dəstəklənəcəyimizə heç ümid də etmək olmaz. Amma almanlarda vəziyyətin bu cür olacağını düşünmürdüm. Nə demək olar...

- Qərb mətbuatı üçün maraqlı olmaq – bunun sirri nədir?

- İllərdir bunlar tərəfindən danışılan söhbətlərdəki söz azadlığı, insan hüquqları kimi məsələlər əslində boş-boş söhbətlərmiş. Onlara insan hüquqları-filan gərək deyil, deyəndə ki, səkkiz yüz min insanı evindən qovublar, onları geri qaytarmaq istəyirik, başlayırlar variant axtarmağa. Mənim bir norveçli həmkarım var, bizim universitetdə işləyir. Mənimlə mübahisə edir, deyir, Azərbaycanda olmuşam, sizdə qaçqınlardan müharibəni başlamaq üçün istifadə edirlər. Ona deyirəm ki, Almaniya kimi supergüc olan dövlətə milyon yarım ərəb gəlib, ölkə çaşbaş qalıb, özünə gələ bilmir. Dövlət aparatı bəlkə heç indi də normal vəziyyətinə qayıtmayıb.

Bu baxımdan bunların dedikləri və etdikləri əclaflıqdır. Başqa söz tapa bilmirəm. Hələ bizimkilərin çoxu üçün “azadlıq carçısı” olan o Steinar Gil, adam uzun illər bizim müxalif adamlar, demokratlarımızla dostluq edirdi. Çoxu necə ona inanırdı, amma sifəti bu hadisələrin fonunda çox yaxşı açıldı. Ondan başqa Tomas de Vallın da hansı simada olduğunu gördük. Steinar Gil şərhində mənə yazmışdı ki, bəlkə, siz doğru müsahibə verməmisiniz, ona görə çap etməyiblər? Yəni, bununla demək istəyir ki, yox e, sən gəl hakimiyyəti tənqid elə, de ki, avtoritar hakimiyyətdir, erməniləri də “genosid” etmək istəyir. Bax bu sözləri de, səni çap etsinlər.

Bunun səbəbi odur ki, onların bu barədə çoxdan, həm də lap dərindən oturuşmuş fikirləri var: Azərbaycan tərəfi kaputilyasiyanı qəbul etməlidir, vəssalam! Qərbin sülhpərvər danışığı, neytral söhbətləri hamısı yalnız ona gətirib çıxarır ki, biz, “Qarabağ ermənilərindir, bu konfliktin hərbi həlli yoxdur, daşnaklar nə istəyirlərsə, o da olmalıdır” - bu sözləri deyək. Bununla da daşnaklar deyən olsun.

- Ermənilər buna necə nail olublar?

- Qərb mətbuatında indi müharibə kontekstində hər şey çox konkretdir. Mətbuatın böyük bir hissəsində, bildiyiniz kimi, daşnaklar təmsil edilib. Bunun üçün də, bayaq dediyim kimi, maraqlı olmaq, görsənmək üçün gərək Azərbaycan hakimiyyətini tənqid edəsən. Azərbaycanın azad ölkə olmadığını deyəsən. Bütün bu mantraların hamısını deməli və üzərinə də əlavə etməlisən ki, ermənilər də bu səbəblərə görə Azərbaycana gəlmirlər, Azərbaycanda erməni fobiyası, erməni nifrəti var, azərbaycanlılarsa Qarabağı istəmir, hamısı hakimiyyətin işləridir və s. Bu sözləri deyəndən sonra Qərb mətbuatı səni çap edə bilər.

Mən bu dəqiqə istənilən Qərb mediasına çıxıb hansında bu sözləri desəm, ulduza çevriləcəm. Şəklimi hər yerə vurub məndən “humanist” düzəldəcəklər, deyəcəklər, səndən yoxdur. Bunu həyata keçirmək üçün iki dəqiqə bəs edir. Bütün bunlar hamısı reallıqdır. Gözümlə gördüyüm, başa düşdüyüm reallıq...

- Rusiyada da oxşar vəziyyətdir...

- Rus mətbuatına nəzər yetirsəniz, görəcəksiniz ki, rus liberalları ilə qatı konservatorlar, putinçilər hal-hazırda birləşiblər. Azərbaycana nifrət püskürə-püskürə vals oynayırlar. “Novaya qazeta” adlı rus liberal qəzeti var. Ordan mənə sifariş gəlmişdi. Dostlar da bu barədə bilirlər. Azərbaycan tərəfinin fikrini bilmək üçün bir məqalə yazılmalıdır. Və bunu mənim yazmağım xahiş olunurdu. Əvvəlcədən dostlara da dedim ki, o qəzet daşnakların qəzetidir, mən yazdığım materialı çap etməyəcəklər. Onlar da bildirdilər ki, özləri xahiş ediblər, deyirlər, yüz dəfə erməni tərəfdən yazı gedib, bir dəfə də Azərbaycan tərəfdən getsin. Razılaşdım. Bütün işlərimi təxirə salıb o məqaləni yazdım. Həmin məqalə indi də durur. “Azloqos” saytında özümüz çap etdik. Çünki yazdığım məqalə onlara çatan kimi əlaqəni kəsdilər. Onlara lazım idi ki, daşnakların iki milyon ildir Qarabağda yaşadığını, iki yüz milyon il, hətta dinozavrlardan da əvvəl planetdə məskunlaşdığını deyim. Bunları demək lazımdır, başqa söhbət getmir. Bu reallığı bizə əvvəllər kimsə AzTV-də deyəndə qəbul etmirdik, çünki Siyavuş Novruzov kimilər deyirdi bunu, qarşılığında gülürdük. Normal adamlar bunu bizə başa salsaydı, biz də hazırlıqlı olardıq. Çox adam bu liberal söhbətlərinə uymazdı, Gil-Vall kimi adamlara güvənməzdik.

- Siz də etiraf edərsiniz ki, Twitter sosial şəbəkəsi Azərbaycan Prezidentinin məlum twitlərindən sonra daha da aktuallaşdı. Halbuki bu platforma dünyanın ən böyük siyasətçilərinin ilk tale yüklü qərarlarını açıqladığı şəbəkədir. Sizcə, Twitter istifadəçiləri bu imkandan necə istifadə etməlidirlər?

- Twitter bizdə çox aktivləşib. Mənim özümün də Twitter hesabım var. Amma sosial şəbəkələrdə o qədər də aktiv deyiləm. Twitter son dönəmlər Azərbaycanda da populyarlaşdı. Rus, ingilis dillərində yazanlar var. Sosial şəbəkə mütəxəssisi olmadığım üçün bu işlərdən, səmimi deyim ki, o qədər də anlayışım yoxdur. Mən twitterin çox sadə istifadəçilərindən biriyəm. Bildiyim ancaq odur ki, prezidentin çıxışlarından sonra twitter bir şəbəkə kimi doğurdan da çox məşhurlaşdı.

- Təəssüf ki, həmişə ədalətin yanında olmalı olan dünyanın bir çox tanınmış sənət adamları da ermənipərəst çıxışları ilə diqqət çəkirlər. Sizcə, onlarla necə işləmək olar?

- Dünyadakı sənət adamlarının ermənipərəst olması barədə fikirlər yaxın zaman üçün mümkün deyil. Bu real məsələ deyil. Ermənilər neçə yüz il əvvəl Avropanın müxtəlif yerlərinə yayılıblar. Onlar diaspora xalqıdır, biz yox. Və ola da bilmərik. Çünki bizim həmişə ölkəmiz, dövlətimiz olub. Onlar isə uzun illər dövlətsiz qalıblar, dünyaya yayılıblar. Yuxarı elitalara qədər gedib çıxıblar. Bu işləri bacarıblar. Bizə bu işlərdə ancaq İsrail dövləti, yəhudi lobbisi, yəhudi dostlarımız dəstək olurlar, çox sağ olsunlar. Bizim onlarla çox gözəl münasibətlərimiz var. Bizim yəhudi əsilli əhalimiz, onların içərisindən çıxan Albert Aqarunov kimi Milli Qəhrəmanımız var. Yəni bu kimi işlərdən başı çıxan adam bilir ki, daşnaklar necə böyük bir qüvvədir. Hazırda Azərbaycana və şəxsən dövlət başçısına olmazın dərəcədə hədsiz basqılar var, açıqca hiss edilir. Nə demək olar, bütün bunlar çox çətin məsələlərdir. Biz cəmiyyət olaraq bu məsələlər qarşısında duruş gətirməyi bacarmalıyıq.

# 7509 dəfə oxunub

Müəllifin son yazıları

# # #