Akif İslamzadə: “Yaxşı ki, səsimi itirdim” – Müsahibə

Akif İslamzadə: “Yaxşı ki, səsimi itirdim” – Müsahibə
22 aprel 2020
# 09:01

Kulis.az məşhur müğənni Akif İslamzadə ilə müsahibəni təqdim edir.

- Akif müəllim, karantin günlərini necə keçirirsiniz?

- Hamı necə mən də elə. Özümüzü həm də ətrafımızdakıları qorumağa çalışırıq. Bildiyiniz kimi, yaşlı adamlar daha çox bu xəstəliyə məruz qalırlar, ona görə özümüzü qoruyuruq. Alnımıza nə yazılıb o da olacaq. Bütün bu baş verənlər 1400 il əvvəl deyilib. Götürün hədisləri oxuyun, görəcəksiniz ki, hamısı orda qeyd olunub.

- Özünüzün bugünkü günlə bağlı müşahidələriniz nə deyir?

- Hamısı axırzamanın əlamətləridir. Düzdür, bu, Qiyamət deyil, amma axırzaman əlamətləridir. Dəccalın gəlməsi, İsa peyğəmbərin zühuru, hamısı Quranda yazılıb. Ordakı əlamətlərdən biri də musiqi alətlərinin çoxalması kimi qeyd olunub. Quranda da deyilib ki, vaxt gələcək səs, avaz ürəkdə yox, başda olacaq, qadınlar kişiyə bənzəyəcək, çöl bədəviləri hündür binalar tikmək üçün bir-birləri ilə yarışacaqlar. Məscidlər dolu olacaq, amma imanlı adamlar azalacaq. İnsanlar heç nəyə inanmayacaq. Elm azalacaq. Bütün bunlar hamısı müqəddəs kitabda yazılıb. Bu hədislərdə yazılanlar nə Akif İslamzadə, nə Tramp, nə də Putin dəyişdirə bilər. Lövki-məhfuzun qarşısını heç kim ala bilməz. Amma peyğəmbərlər xəbərdarlıq ediblər ki, hazırlıqlı olun. Hazırlıqlı olan cəmiyyət az tələfatla çıxar. Özünüz götürün o kitabları, hədisləri oxuyun, görün, axırzamanla bağlı nələr yazılıb. Allahın səbri böyükdür, amma hədsiz də deyil. Allah Nuh peyğəmbərin dövründə insanları su ilə imtahan çəkdi, indi də özü bilir nə ilə çəkəcək. Biz sonuncu hümmətik.

- Koronovirus dövründə, virusun sizə və ya yaxınlarınıza keçə biləcəyi kimi qorxular yaşadınız?

- İslamın sütunlarından biri də taleyə inanmaqdır. Mən taleyə inanan adamam. Nə yazılıb o da olacaq. İstəyirsən evin içində otur, istəyirsən get dağda yaşa, əcəlin vaxtı çatdısa, dəqiqəsinə, saniyəsinə şübhə ola bilməz. Biz insanlar düzgün yaşamırıq. Təhsilimiz kökündən dəyişməlidir. Bizim dövrümüzdə insan haqqında fənn keçilirdi, orda deyilirdi ki, insan meymundan əmələ gəlib. İndi, deyəsən yenə həmin dərs keçilir. Bu, doğru deyil. Qazamatların, cinayətlərin sayı ilbəil, günbəgün artır.

- Sizcə nə ilə bağlıdır?

- Hamısı əxlaqsızlığın artması, mənəviyyatsızlığın, tərbiyəsizliyin yayılması ilə bağlıdır. Mən musiqiçiyəm deyə musiqi ilə bağlı mövzuya toxunmalı oluram. Bu gün kanallarda gedən kliplərə fikir verin. Qadınlar sanki soyunmaq üçün yarışa çıxıblar ki, görsünlər kim tez soyunacaq. Bu qədər əxlaqsızlığın, mənəviyyatsızlığın bir hesabatı olacaq. Hesabatı da belə veririk də. Hələ bu başlanğıcdır.

- İndi gedənlər də geri qayıdır. Vətən daha doğma gəlir...

- Mənim də xaricdə, xüsusən də Amerikada dostlarım var. onlara da məsləhət görmüşəm ki, imkan düşən kim, övladlarını da götürüb vətənə qayıtsın. Çünki o məmləkəti çox böyük bəlalar gözləyir. İnsanlar tövbə eləməlidirlər günahlarına görə. Allaha yalvarıb, səcdədə olmalılar.

- Akif müəllim, dünyada da bizdə də, insanlar elmə, elm adamlarına yox, musiqiyə, müğənniyə daha çox pul xərclədi. Amma bu gün elm adamlarının ətəyindən yapışmışıq, ən çox onlara ehtiyacımız var.

- O günləri bir İsveç alimi danışırdı. Təklif edirdi ki, insanlar insan əti yesin. Onun məntiqinə görə, heyvanları saxlamaq, yedirtmək üçün yer yoxdur. Ona görə, bu alim belə təklif edir. İndi mən sizi inandırıram ki, iyirmi, otuz ildən sonra bu qanun kimi dünyanın harasındasa qüvvəyə minsə, elə televiziyalar, internet vasitəsi ilə təbliğ olunacaq və insan üçün də adi hala çevriləcək. Necə ki, illər əvvəl qadının qadınla, kişinin kişi ilə yaşamasını eşidəndə dəhşətli hadisə kimi qəbul edirdik, amma indi adiləşib. Mən yaşlı adamam. İndən belə üç gün, beş gün ömrüm qalıb, qalmayıb bilmirəm. Amma nə zamansa, bizdə də kişinin kişi, qadının qadınla evlənməsi ortaya atılsa, bunu rəsmiləşdirmək təklif olunsa, bilin ki, Dəccal qapımızın ağzındadır. Bütün bu pandemiyalar, xəstəliklər də onların əlamətləridir.

- İnsan ümidsiz yaşaya bilməz axı. Bəs işıq ucu, ümid nədədir?

- Təhsil sistemi dəyişilməli və yenidən allah yoluna qayıtmalıyıq. Bizdə axırzamandan danışanda insanlar diksinirlər. O fikri qəbul etmək istəmirlər. İnsanların doxsan doqquz faizi heç öləcəyinə inanmır.

- Amma sizin gənclik dövrünüzə nisbətən indi dindar insanlar, namaz qılan, oruc tutanlar daha çoxdur. Sovet dövründə din haqqında danışmaq da qadağan idi.

- O dövrdə din adamları az idi, amma keyfiyyətli idi. İndi sizin dedikləriniz mövhumatdır. Məscidlər doludur, amma inam azdır.

Akif İslamzadə: "Ölüm hökmü üzünə oxunan adamam" - MÜSAHİBƏ

- Sovet dövründə ateist insanlar gizlində allaha dua edirdilər. Tarixdə belə faktlar da var.

- Mən uşaq idim. Anamın namaz qılan, Quran oxuyan yaşlı xalaları vardı. Onlar Xorasanda din dərsləri almışdılar. Onlar ilk dəfə televizoru görəndə dedilər ki, bu, şeytan əməlidir. Efirdə baleti görəndə kəlağayılarını üzlərinə çəkib bayıra çıxdılar. Sonra zaman keçdi və məlum oldu ki, doğrudan da elə şeytan əməli imiş. Ekran vasitəsi ilə kimi istəsən qaralamaq, şərləmək olar.

Sovet dönəminin yaxşı tərəfini də demək lazımdır ki, onlar insanları oxutdururdular. Ən savadsız adam belə qəzet oxuyurdu. Sovet insanı məlumatlı idi. Amma bununla yanaşı yalan danışmaq, qeyri-səmimi olmaq, boğazdan yuxarı sözlər hamısı sovetdən qalma mənfi xüsusiyyətlərdir. Peyğəmbərin dövründə insanlar yalan danışmayıblar. Misirdə bircə qazi o boyda ölkəyə bəs edib. Deməli, orda cinayət olmayıb də. Cinayəti yaradan da yalandır.

Sara xanım (Anası Xalq artisti Sara Qədimova – red.) 1958-ci ildə ilk dəfə İraqda olmuşdu. O, ordan gələndən sonra öz təəssüratlarını danışırdı. Deyirdi, günorta vaxtı azan verildi, hətta böyük qızıl dükanlarının qarşısına dükan sahibləri bir taxta qoyub getdilər namaz qılmağa. Deməli, 60 il əvvəl başıbəlalı İraq bu vəziyyətdəymiş. Sonra hasarlar ucaldı, qapılar qıfıllandı.

- Bizdə də elə doxsanıncı illərin əvvəllərinə qədər adamlar qapılarını gündüz, hətta gecə yatanda da bağlamırdılar.

- Anam evdən gedəndə evimizin açarını qonşuya qoyardı. Biz də məktəbdən gəlib açarı qonşudan götürərdik. Hər halda bizim evimiz də Sara Qədimovanın evi idi. Özümüzə görə varımız idi də. Sara xanım, küçəyə çıxanda özü ilə boğça götürmürdü ki.

- Bəs bugünkü dünya ilə necə ayaqlaşırsınız?

- Mənim bir dostum vardı. Çox tez təqaüdə çıxdı, bağda yaşamağa başladı. Bir dəfə onunla görüşəndə dedim ki, darıxmırsan? Dedi, elə böyük kitabxanam var, ordakı kitablarla mən darıxmaram. Mən də həmin dostum kimi böyük kitabxanaya sahibəm. Televizoru, demək olar ki, açmıram. Nadir hallarda yandıranda da futbola baxaram. İndi bu xəstəliklə bağlı məcburam baxmağa. Amma inandırım sizi, əlimdəki pultun düymələrini tez-tez dəyişirəm. Mən nə dağdan enməmişəm, nə də bu gün səhər qatarla Bakıya gəlməmişəm. Televiziyada göstərilənlərdən xəbərim vardı. Amma bu dərəcədə əxlaqsızlığı təsəvvür etməzdim. Axı bizim də övladımız var. Onlar da hər şeyi görür. Ona görə də hərdən fikirləşirəm ki, belə dünya bəlkə dağılmalıdır. Gecə-gündüz yatanda allaha dua edirəm ki, onun sahmanı yer kürəsində bərqərar olsun.

İnsana əşrəf adı verilib, amma o, həmin ada sahib olmaq əvəzinə hansısa mükafat, hansısa ev istəyir. Nəyə lazımdır axı bu qədər var-dövlət? Kiminsə bağ-bağatına, sarayına həsəd aparmağa dəyməz. Ona görə ki, çox vaxt elə o saraylarda saray sahibi ya gülləni başına çaxıb ölür, ya da özünü asır.

- Siz heç vaxt heç kimə həsəd aparmamsınız?

- Bu gün də bağları, evləri, təyyarələri olanlar var. Amma onlar çıxsınlar beş nəfərin yanına, görsünlər hörmətləri var? Mən onların nəyinə həsəd aparım? İnsanlar daxillərini təmizləsinlər, özlərinə qalib gəlsinlər. Ən böyük xəstəlik daxili çırkabdır.

- Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, sizin qurub-yaratdığınız səhnə bu gün sizə necə görsənir?

- Hərdən öz-özümə deyirəm, yaxşı oldu ki, bu sənətdən tez getdim. Çünki arxamızca gələnlər vardı, onlar da yaxşı tərəfə getməyəcəkdilər. İncəsənət elə bir sahədir ki, iblis birbaşa incəsənət adamının yanında olur. İblis də insanı şəhvət, sərvət və şöhrətlə aldadır. Görünür, allahın nəzəri bizim üstümüzdə olub. Mən səsimi itirdim, allahı tapdım. İtirdiyimlə tapdığımı heç müqayisə etmərəm. Ona görə də, mən səsimi itirməklə özümü xoşbəxt adam hesab edirəm. Oxuyacaqdım, səhnədə qalacaqdım, kimsə də mənə baxıb, mənim ardımca səhnəyə gələcəkdi, mən də günaha batacaqdım. Özüm də bilmədən günaha batırdım. İndi artıq otuz beş ildir oxumuram. Allah təkəbbürə yazmasın, amma indikilər nə oxuyurlar? Ən yaxşı halda məni, mənim qırx il bundan əvvəl oxuduqlarımı təkrar edirlər. Bu fikirlərimə görə üzr istəyirəm, mənim üçün sənətkar, yeni intonasiya ilə gələnlər, yeni səhifə açanlardı. Bu gün yeni səhifə açanlar yox, peşəkar müğənnilər var. Özü də ədalət naminə demək lazımdır ki, əksəriyyəti də qadınlardır. Kişilər zəifdirlər. O günləri Moskvadan bir müsabiqə göstərirdilər. Finala üç qadın müğənni çıxdı. Belə şey olmayıb heç vaxt. Həmişə sənətdə kişilər qabaqda gedib.

Allah rəhmət eləsin Şövkət xanıma da, Sara xanıma da. Sara xanımın sağlığında biz öz aramızda söz qoymuşduq, bir-birimiz haqqında danışmayaq. Sara xanım yeganə xanəndə idi ki, yeddi dəsgahın yeddisini də oxumuşdu. Onun kimisi heç indi də yoxdur. Bundan sonra olacaq, olmayacaq onu bilmirəm.

- Akif müəllim, bir-biriniz haqqında danışmamaq üçün söz vermək zərurətdən yaranmışdı?

- Olmaz. Anam haqqında, onun bir övlad kimi mənim üçün elədikləri barədə danışmaq olar. Bir ana kimi mən ondan yerlə-göy qədər razıyam. Amma sənət baxımından mənim anamı tərifləməyim doğru deyil.

- Deyəsən, o da sözünə əməl edib.

- Bəli, edib, danışmayıb. Bizə qiyməti başqaları verə bilər, özümüz yox. İndikiləri söhbətə çağıranda bir az özlərindən danışırlar, vaxt qalanda da başlayırlar ata-analarından danışıb, onları tərifləməyə. Bilirsiniz, o dövrün sənətkarları arasında da qayda-qanun vardı. Hərə öz yerini bilirdi. Onlar bir-birinə qiymət verə bilirdilər. İndi kanallar da çoxalıb. O vaxtı bir kanal vardı. Aparıcıların da çoxu qadınlardır. Kişilər varsa da, onlar da qadın kimi əzilib, büzülürlər. Baxırsan, cismən kişidir, amma danışığı-filan adamı təəccüb ləndirir.

- Sevda Ələkbərzadə bu yaxınlarda atası ilə bağlı tədbirdə mahnı ifa edən zaman sizin qarşınızda diz çökdü. Belə ifaçılar da var...

- Yenə də gəldik çıxdıq bayaqkı söhbətə. Qadınlar kişilərdən daha güclüdürlər. Mən bunu inkar eləmirəm. Sevda Ələkbərzadə orda “Laçın” mahnısı oxuyanda onun ifası o qədər mənə təsir elədi ki, mən haldan-hala düşdüm, gözlərim yaşardı. O, peşəkardır. Özü də fikir verin başqaları soyunduqca, o, Zülfiyyə xanım (Zülfiyyə Xanbabayeva – red.) geyindilər. Mənim repertuarımdan ən çox mahnı ifa edən Sevda xanım olub. Amma bu, o demək deyil ki, o, oxuyub məni təqlid edib. Yox. Mən ona qulaq asanda başa düşürəm, hiss edirəm ki, onun ifasında mənim təsirim var. Amma mən heç vaxt demərəm ki, Sevda xanım məni yamsılayır. Onun musiqiyə öz münasibəti var, mahnını öz süzgəcindən keçirə bilir. Belə adamlara elmli adam deyilir. Elm də vergi kimi bir şeydir. Tanrı bunu kiməsə verir, kiməsə yox. Xanəndə var ki, əlli il oxuyur, amma onun muğama dəxli olmur. Bizim muğamın alt qatı var. Mən həmişə demişəm ki, xanəndənin dərəcəsi, məqamı müğənnidən yüksəkdir. Amma mən ideal xanəndədən, müğənnidən danışıram. Elə xanəndə var ki, başqa bir müğənninin əlinə su tökməyə yaramaz. Ümumi götürəndə, ideal xanəndənin məqamı yüksəkdir. Çünki xanəndəlik başqa bir elmdir. Hər adam üçün də o qapı açılmır. İrfan elmindən xəbərdar olmalı, Cəlaləddin Rumi demişkən, olduğun kimi görünüb, göründüyün kimi olmalısan, niyyətin təmiz olmalıdır. Bu sənətin elə çaları, səsin elə təsir qüvvəsi var ki, eyni mahnı, eyni sözlərlə nə istəsən eləmək olar. Səslə insana ülviliyi, təmizliyi də, şəhvani hissləri də ötürmək olar. Ona görə də məndən “tələbəniz var” deyə soruşanda, deyirəm, tələbəm yoxdu.

- Heç vaxt olmayıb?

- Olmayıb. İndi kimsə mən oxuyanda, danışanda yaxınımda nələrsə eşidib, öyrənib, bu, başqa. Amma mənim tələbəm olmaq üçün gərək birinci növbədə əxlaq sahibi olasan. Yoxsa, gəlib məndən öyrənib, sonra da gedib oxuya-oxuya camaatın arvad-uşağına sataşar. Yenə deyirəm, muğamın, musiqinin elə alt qatı, təsir qüvvəsi var ki, mütləq deyil oxuyanda qadın oturan tərəfə baxıb oxuyasan, qadına baxmadan oxuyub da onu yoldan çıxartmaq olar.

- Tanrı istedadı hər adam vermir, dediyiniz məqama da hər adamı qaldırmır.

- Söz deyəndə sözün mahiyyətini başa düşməyən adama səsin sirrini açmazlar. Səs başdan ayağa sirdir, mistikadır. Səsin gücü ilə, səsin təsiri ilə inqilab etmək olar. Olar deyəndə ki, tarixdə inqilablar həm də səslə olub. Yadınıza salsanız böyük inqilabların hamısının öz mahnısı olduğunu görəcəksiniz.

- Bu baxımdan Akif müəllim, siz nə qədər desəniz də səsin itkisi, ümumiyyətlə itki bir səs adamı, musiqiçi üçün ağır, çətin məsələdir.

- Siz bəlkə də mənim nəvəm, ya da övladım yaşındasınız. Amma sizi inandırıram ki, vallah, möcüzə olsa, səsim açılsa, oxumaram. Səhnəyə çıxmaram, oxumaram.

- Nə səbəbə?

- (Düşünür) Çünki bunun pis təsiri olacaq. Bir dəfə rəhmətlik Rafiq Babayev demişdi, Akif elə oxuyur, hamısı fikirləşir ki, mən də belə oxuya bilərəm. Bizdə bu da var. Bu proses bütün dünyada gedir. Biz əməlli-başlı səs eşitmirik. Hamısı əxlaqsızlıq, şəhvət səsidir. Üç, beş faizdən başqa aparıb hamısını Xəzər dənizinə, ya da hansısa okeana tökmək lazımdır. Cəmiyyət, millət, dünya da bundan təmizlənər. Hədislərdə də deyilir ki, tələfatlar olacaq, yüz nəfərdən bir nəfər sağ qalacaq, hamı da elə biləcək, o bir nəfər elə odur.

- Sənətin də bir missiyası var; ümid, xilas etmək, mənəvi kamillik. Dostoyevski də deyirdi ki, dünyanı gözəllik xilas edəcək.

- Dostiyevski özü üçün deyib. Həmişə dünyanı xilas edən iman sahibləri olub. Peyğəmbərlər həmişə gəlib insanlığı xilas ediblər. Gözəllik anlayışı mücərrəddir. Əlbəttə, sənətdir, poeziyadır, musiqidir insanı təmizləyir, ülviləşdirir. Əvvəllər böyük sənətkarların konsertindən çıxandan sonra yarım saat, bir saat özümüzə gəlməzdik. İndikilərin konsertini yaxından çəkin, sonra oturub baxın, görün üzlərində nə yazılıb. Siz o qadınların sifətində gələcəyin anasını görürsünüz? Kirkorov bir dəfə bura gəlmişdi. Ona qulaq asan ülviləşib, təmizləşə bilər? Heç vaxt! Bir şeyi də unutmayaq ki, bu günün görüntülü dünyasında bizim bilmədiyimiz şey yoxdur, bizim üçün sirr deyil heç nə. Anadır, qadındır, bacıdır - bunlar dünyanın gərdişindən ən çox narahat olanlardır. Onlar atanın da, qardaşın da, ərin də yerinə narahat olurlar. İçi mən qarışıq, valideynin borcundan çıxmaq hər bir övladın borcudur. Amma valideynin borcundan ən çox çıxan qız övladı olur. Kişi xeylağı bir az əhlikefdir. Bir dəfə müsahibə verəndə hədisdən dediyim sözü götürüb mənim adımdan yazdılar ki, Akif deyir, qadınlar cəhənnəmlikdir. Belələrinə nə deyəsən? Peyğəmbərin sözünü mənim adıma yazdılar. Peyğəmbərin meracında ona cənnət və cəhənnəmi göstərib. Cəhənnəmdəkilərin əksəriyyəti qadınlar olub. Bu hədisdir. Bu fikri götürüb mənim adımdan yazdılar.

- Bu yaşınızda nədən və kimlərdən ötrü darıxırsınız? Ümumiyyətlə, darıxırsınız?

- Bu, mənə verilən həyatdır, yaşayıram. İtirdiyim dostlarım əlbəttə olub. Əvvəlki çevrə bir az kiçilib. Əvvəlkilər yoxdur ki, götürüb zəng vurub fikir mübadiləsi aparasan. Amma bu qəbul edilmiş həyatdır, yaşayırıq. İndinin dünyasında sir qalmayıb. Pandemiya da mənim üçün gözlənilməz olmadı. Allahın tövbə qapısı axıra qədər açıqdır, amma kimdir tövbə edən?

# 17507 dəfə oxunub

Müəllifin son yazıları

# # #