Mentalitetimizin iyrənc üzü: zorla, evlən, sonra güllələ!

Mentalitetimizin iyrənc üzü: zorla, evlən, sonra güllələ!
27 fevral 2020
# 13:30

Ötən gün daha bir amansız qətl hadisəsi baş verib. Ər arvadını, qaynını, qayınanasını və nəhayət özünü güllələyib. İki nəfər həyatını itirib, iki nəfər isə ağır vəziyyətdədir.

İlk baxışdan gündəlik, kriminal xəbər kimi nəzərə çarpan bu hadisə əslində neçə-neçə insanın, ailənin, bütöv bir nəslin, bir az geniş baxanda isə bir məmləkətin faciəsidir. Bu cür hadisələri oxuduqca gözümüzün qarşısında Tarantinonun, Trierin və digər rejissorların filmlərindən müxtəlif kadrlar canlanır. Xəbər lenti fırlandıqca biz də sanki kriminal filmlərdən parçalara baxırıq. Hətta belə faciəvi xəbər arası özümüzə bir fincan çay və ya qəhvə də süzürük.

Əslində isə nə baş verir? Son kriminal hadisələr sübut edir ki, ölkədəki insanların psixoloji vəziyyəti qaydasında deyil. Az qala hər tərəfdən qan qoxusu gəlir. Kimsə arvadını baltalayır, digəri ərini, uşaqlarını. Hələ evini yandıran, qayınanasının gözünü çıxaran, intihar edənlər var. Lakin bizdə lap əvvəldən hadisələr bir az başaq cür başlanır və sürətli şəkildə pisliyə, şərə, cinayətə doğru cərəyan edir.

Elə ötən gün özündən on bir yaş kiçik olan keçmiş arvadını və onun yaxın ailə üzvlərini güllələyən Sərvərin törətdiyi hadisənin məğzinə nəzər salsaq gözümüzün önündə pardaqlanan mənzərəni qismən də olsa anlayacağıq.

Hadisə təxminən bu cür olub. Cütlük evlənməzdən əvvəl yetkinlik yaşına çatmayan qız gələcək əri tərəfindən zorlanıb, oğlan həbs olunub. Həbsdən çıxandan sonra isə zorladığı qızla evlənib. Çox güman ki, evlənməyə məcbur edilib. Lakin keçimsizlik ucbatından ər-arvad rəsmən boşanıblar. Sonra ev tikib bir yerdə yaşayıblar. Sonra yenə ayrılıblar və nəticə qanlı hadisə ilə başa çatıb. İki insan həyatını itirib, iki uşaq ortalıqda qalıb. Bu uşaqların gələcək taleyi necə və nə cür olacaq bunlar da hələ naməlum, koronavirusdan da pis xəstəliklər vəd edən gələcəyimizin ümidinə qalasıdır.

Həə, bax, burda bizim əlahəzrət mentalitetimiz heç kimə dinib danışmağa imkan vermir. Domokl qılıncı kimi başımız üzərində yellənməyə başlayıb.

Əlahəzrət mentaliteti ayaqlayıb kim zorlanmış qızın adını tuta bilər? Heç kim! Onun adını qızlar içərisində kim şəstlə çəkə bilər? Yenə də heç kim! Ona toy-büsatla alıb, evinə aparıb, ədəli-bədəli arvad etməyə kim razı olar? Yenə də səs çıxmır! Yenə də heç kim!

Niyə? Ona görə ki, Alimə, Ayişə, Xədicə, Gülər, Zəhra və bu cür tale yaşayan yüzlər, milyonlar artıq kimsə tərəfindən zədələnib, təhqir olunub. Ona başqa kişinin əli toxunub. Üstəlik, bu, gizlin şəkildə baş versəydi, əminəm ki, mentalitet keşikçilərimiz bu işə mütləq ağbirçək təbiblərimiz vasitəsi ilə bir yol tapıb, zifaf gecəsini birtəhər yola verərdilər. Məsələ burasındadır ki, baş verən hadisə aşkara çıxıb, günahkar həbs olunub. Eləsə həbsdən çıxan kimi zəhmət çəkib ləkələdiyi qızı dərhal özünə arvad etsin.

Dəhşətlidir!

Bizim məmləkətdə hələ lap qədimdən bu kimi hadisələr ağsaqqallarımız, ağbirçəklərimiz tərəfindən xüsusi amansızlıqla yoluna qoyulur. İki düşmən nə olur-olsun bir araya gəlib bir evdə yaşamalı, bir yataqda yatmalı, bir yastığa baş qoymalıdır. Hələ bu, azmış kimi, üstəlik bu iki düşmənin, zorlayanın və zorlananın övladları da doğulmalıdır.

Kənardan normal görünən hər şeyin əslində qeyri normal, hətta dəhşətli olduğu diqqəti cəlb etmirmi? Zorlanmaq, təhqir olunmaq, beş illik həbs, başqası ilə evlənmək məhkumluğu, üstəlik bir ömür boyu xoşbəxt görsənməyə borclu qalmaq nə qədər acımasız qərardır. Ancaq bizim mental təəssübkeşlərimiz nəzərə almırlar ki, iki düşmən bir evdə, bir ocağın başında nə vaxta qədər, hara qədər gedə bilərdilər?

Ümumiyyətlə, niyə qədim-qayim keçmişimizdən boy verib üfunət saçan bu adətlərə görə zorlanan qızı mütləq onu zorlayan adam almalıdır? İnsanlığa qarşı bu amansız münasibət hardan, necə peyda olub? İnsanlar niyə bu qədər çürük, vaxtı keçmiş adətlərin quluna, köləsinə çevriliblər?

Normal cəmiyyətlərdə bu cür hadisələr baş vermir, baş verəndə isə sivil qaydalarla yoluna qoyulur. Bu cür hadisə yaşayan insanları heç kim bir ocaq başında, bir yataq ətrafında həmişəlik yaşamağa məhkum etmir.

Bizdə isə insanları bir-birindən çiyrənənə, bir-birlərinə nifrət edənə qədər bir evdə yaşadır bizim mentalitet təəssübkeşlərimiz. Həyat təxminən bu tonda davam edir: Qızım, səni zorlayıblar, eyb etməz, bu təkcə sənin başına gəlməyib, bundan qabaq hamını atın tərkinə, maşına basıb qaçırıb, zorlayıblar. Amma sonra hamısı elə yaxşı xanım xatın gəlin olublar ki!

Bizim cəmiyyətlərdə boşanmaq qadının bəlası, faciəsidir. Əgər bir qadın boşanırsa, deməli, küçələrdə qalmalı, aliment üçün məhkəmələrə təpik döyməli, DNK testlərindən keçməli, şərlənməli, döyülməli, söyülməlidir. Oyan-buyan eləsə çək tüfəngini...

Bəli, təəssüf ki, hər şey məhz belədir. Bizim cəmiyyət qadına qarşı bu münasibətdədir. Qadını çox başlı-başına buraxmaq olmaz. Çox irəli getsə ya ipini yığmaq, ya da başını kəsmək lazımdır.

Halbuki, azadlıq, illah da ki, qadın azadlığı irəli getmək, oxumaq, savadlı olmaq, işləmək, ağ günə çıxmaq, gözəl görsənmək, ayda-ildə, heç olmasa, bir dəfə küçədə azad, ahəstə gəzməkdir. Bir sözlə, ölmək, başı kəsilmək, tikə-tikə olunmaq yox, yaşamaqdır. Yaşamaq!

# 5137 dəfə oxunub

Müəllifin son yazıları

# # #