Anar Nağılbazı kim öldürüb?

Anar Nağılbazı kim öldürüb?
28 mart 2021
# 11:33

Həyat çox amansızdır. Xüsusən də sakit, dinc, rəvan ömrün istiqamətini, dinamikasını qəfildən dəyişənlərə, özlərini talelərində olmaya biləcək od-alovun içinə atanlara, qəhrəman olmaq istəyən və bunu doğurdan da bacaran insanlara qarşı.

Yaddaşımızın binokullarını bir balaca işə salıb tarixə tuşlasaq, görəcəyik ki, tale heç vaxt qəhrəmanlara qarşı mərhəmət göstərməyib. Mövzu yaradıclıqla bağlı olduğu üçün ta qədimlərdən bu günə qədər taleyinin səmtini dəyişən, buna cəhd edən, ona biçilmiş rahat, sakit həyatını yaşamaqdan imtina edib başqa ömrü seçən insanların böyük əksəriyyəti xoşbəxt ola bilməyib.

Ya vəlvələdən, ya zəlzələdən gərdiş-dövran başqa cür dolanıb.

Ötən əsrin dosxanıncı illərindən başlayaraq Azərbaycanda rep janrı meydana çıxdı. Bu janrın Azərbaycanda əmələ gəlməsi və mütəşəkkillik tapması isə birbaşa Anar Nağılbazın adı ilə bağlıdır. Gözlənilmədən meydana çıxan, kəskin nitqi, ritmik avazı ilə geniş səhnələrdə cövlan edən bu bəstəboy, ağsifət, yaraşıqlı oğlan qısa zamanda milyonlarla insanın sevgisini qazandı, ətrafına özü kimi xeyli maraqlı, müasir düşüncəli gənc toplaya bildi.

Anarın yaratdığı rep Qərbdən gəlsə də, məhz azərbaycansayağı olduğu, milli komponentləri özündə birləşdirdiyi üçün insanlar tərəfindən sevildi. Bu sevgidə bayaq dediyim kimi Anarın simasındakı doğma cizgilərin, səsindəki milli ladların da rolu vardı.

Əlbəttə ki, rep bizim evdə bişən xörək deyildi. Rep bizə xaricdən, yəni Qərbdən gəlmişdi. Anar da repi qərbdən mənimsəmişdi. Və onu azərbaycansayağı tətbiq edirdi. Lakin bu tətbiq etmələrin də içərisində qərb xətti vardı. Repçilər həm də özlərini qərbli kimi aparmağa məcbur idilər. Onlar xarici reperlər kimi geyinir, saçlarını həmin dəblə düzəldir, efirdə eynəklə, müxtəlif aksesuarla çıxır hətta yeri gələndə söyüş söyüb, reper hegemonluğu ilə müxtəlif azadlıqlara can atırdılar. Bütün bunlar bir reper üçün normal hal idi. Amma məsələ burasındadır ki, nə Anar Nağılbaz, nə Hüseyn Dərya və digərləri daxilən qərbli ola bilmədilər. Bu gün repin Azərbaycanda sönük olmasının da səbəblərindən biri reperlərin məhz daxilən qərbə inteqrasiya ola bilməmələridir. Bu həm də Qərb sənət adamlarının həyatını Şərqdə yaşamaq istəyənlərin faciəsi idi. Daxilən tipik Azərbaycan kişisi olan Anarın sənəti ayrı cür davranış, plastika tələb edirdi, qurduğu piar isə Azərbaycanda işləmədi. Bu əlbəttə ki, Anarın yox, milli mentallığın beton kimi töküldüyü cəmiyyətin problemi idi.

Məşhurluğu qazanmaq rahat, saxlamaq isə çətindir deyimi ən çox Nağılbaza uyğun gəlir.

Anar bir vaxtlar iti ağıl və çevikliklə qazandığı məşhurluğu düzgün idarə edə bilmədi. Üsyan edərcəsinə sıyrılıb çıxdığı, repləri ilə meydan oxuduğu cəmiyyətin adət və ənənələrindən, giley güzarından özünü xilas edə bilmədi. Bəlkə də buna cəhd etdi, amma içərisindəki mühafizkar, milli kişi tərəfi imkan vermədi. Məşğul olduğu sənətlə daxilindəki mən arasında çox amansız ziddiyyətin uçurumuna yuvarlandı.

Şəxsi həyatında, həyat yoldaşı ilə olan problemlərinin mətbuata sızması və Anarın bu xəbərlərə tipik Azərbaycan kişisi kimi reaksiya verməsinin ardınca haqqında yayılan videoya qaragürühun təpkisini qaldıra bimədi. Hərçənd əksər sənət adamları bu tip hadisələrdən piar kimi istifadə edir.

Bəlkə də həmin videodan sonra içindəki mühafizəkar azərbaycanlı kişisinin dırdırından xilas ola bilib əcəb etmişəm sözünü deyə bilsəydi, o, bu gün yaşayırdı.

Burada bir məqamı, daha doğrusu, ismi xatırlamaqdan özümü saxlaya bilmirəm. Hərçənd ki, bu isim başqa bir yazının mövzudur. Amma olsun.

Aşağı-yuxarı Anarla eyni nəslin nümayəndəsi olan və istedad sarıdan onlardan heç də geri qalmayan, hətta bəlkə də üstün olan Hüseyn Dərya da qəhrəmanlığı seçərək taleyinin yönünü dəyişənlərdən olub.

Hüseynin məşhurluq qazanmasında Anarın da zəhmətləri olmuşdu. Amma sonradan Hüseynin individuallığı, fərdiyyətçiliyə meyilliliyi Anar və onun ətrafına topladığı komanda üzvlərində qıcıq yaratdı. Hüseyn loru dillə desək təkləndi. Həyatının müxtəlf dönəmində enmələri və qalxmaları oldu.

Hüseyn Dərya avtomobil qəzası keçirib dünyasını dəyişəndə Anar böyük peşmanlıq və bir az da günah hissi ilə başsağlığı verdi. Bu baş sağlığının alt qatında isə güclü qorxu hissi də yatırdı. Anar dəhşətli bir intuisiya ilə duymuşdu ki, eyni aqibət, dünyadan erkən köçmə, faciəvi tale yaşantısı onun da başına gələ bilər. Və gəldi də... Zaman keçdi, dövran dəyişdi və tanrı heç nəyi, heç kimə bağışlamadı.

Hər şeyi ürəyinə salanların düşməni olan avqust istisi Anarı da bu dünyadan götürüb getdi. Bu gediş əlbəttə ki, hamının təəssüfünə səbəb oldu. Bu gün onun ölümündən iki il ötür. İki il sonra özümüzə “Anar Nağılbazı kim öldürdü?” sualını versək, cavabımız nə olar? Mən cavabımı yazdım.

Bəs, sizcə Anarı kim öldürdü?

# 22922 dəfə oxunub

Müəllifin son yazıları

# # #