Xumar Qədimova az qala mənim iyirmi ildir dinlədiyim, sevdiyim sənətçidir. Onun səsinə, sonralar isə şəxsiyyətinə olan hörmətim heç zaman keçici olmadı. Səbəb isə çox sadədir: Xumar Qədimova hər zaman özünəməxsusdur. Və bu özünəməxsusluq heç vaxt zaman aşınmasına məruz qalmır. O, həm də içində nəğməsi, sözü, səsi olan, istedadı ilə daima yaxa-boğaza çıxan, fitrətindəki bacarığı başlı-başına buraxmayan səs, nəfəs sahibidir. Bu cür insanları sevməmək qeyri-mümkündür.
Müğənninin düz bir ilə yaxın üzərində işlədiyi, yenə də içində yoğurub yapdığı, Nəsiminin qəzəlinə bəstələyib, ifa etdiyi “Neylərəm” klipinin təqdimatı yağışlı, küləkli havaya tuş gəlsə də, yağışın yuyub parıldatdığı, xəzəllə bəzədiyi sürüşkən, yaş küçələrdən az qala qaça-qaça ünvana tələsirəm. Noyabrın ilk gecəsi elə Xumar Qədimovanın nəğmələrindəki gecələrə bənzəyir.
Çiskinli qaranlıqlardan çıxıb “Azərkitab” kitab mərkəzinin işıqlı salonuna qədəm qoyuram. Pilləkənları qalxa-qalxa diktafonu qoşuram. İlk saniyələrə isə daş döşəməyə toxunub əks-səda verən tuflilərimin səsi yazılır. Bu taqqıltılar hər bir qadında özgüvən hissi yaradır, deyə düşüncələrə köklənirəm. İkinci mərtəbəyə çatanda dikdabanlarımın səsi Rəşad Məcidinin səsinə məğlub olur. Mən dabanlarımı yerə nə qədər bərk vursam da, Rəşad müəllimin səs telləri də gücləndirilmiş iş rejiminə keçir. Müəllimin gözü lap uzaqdan məni alır. Elə bu uzaqlıqdan yüngülvari gülümsəmə ilə səssiz hal-əhval baş tutur. Plaşımı qarderoba təhvil verib ona tərəf yan alıram. Rəşad müəllim dairəvi masanın ardında xalq şairi Nəriman Həsənzadə və millət vəkili, yazıçı Aqil Abbasla həzin-həzin söhbətləşir.
Nəriman müəllim 88 illik yorğunluğuna dirsəklənərək poetik baxışlarla məni süzür. Aqil müəllimin isə simasından bu sözləri oxuyuram. “Bu kimdir belə?!”
Rəşad müəllim məni hər iki baxışın əlindən alır:
- Necəsən, nə var, nə yox. Necədir işlər?
- Yaxşılıqdır sağ olun. Səsiniz düz birinci mərtəbədən məni qarşılayıb.
- Həə nə yaxşı. Kitabın da stolüstü kitabımızdı.
- Oxuyursunuz?
Rəşad müəllimin cavabı səslə yox, gülümsəmə ilə olur. O, öz səsini tədbirə təşrif buyuran başqa jurnalist xanıma yollayır. Tədbirin keçiriləcəyi salona tərəf irəlləyirəm. Arxadan Aqil müəllimin jurnalist xanıma dediyi sözləri eşidirəm:
- A bala, məni öpmə e, Nəriman müəllimi öp.
Xumar xanımdan səs-səmir çıxmasa da, bacısı, həm də onun sağ əli Vilurə xanımın avazını eşidirəm.
- Həmişə xoş günlərdə görüşək, Samirə xanım.
- Çox sağ olun. Nə yaxşı məni xatırladınız?
- Sizi heç unutmaq olar? Buyurun.
Tədbir səbəbkarının böyük ekrandan yayılan səsi ətrafımızda dövrə vurur:
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Çox keçmir ki, Xumar xanım salonda parlayır. Jurnalistlər dərhal onu əhatəyə alır. Hərə öz sualını qabağa atmaq istəyir. Telefonlarla videokameraların müharibəsi başlanır. Operatorlar bir balaca əsəbləşirlər. Kimsə dillənir:
- Telefonlar imkan vermir, biz işimiz görək.
Bir azca zəhər qarışmış gülüşlə atmacanı özüm atıram:
- Telefonların da öz işi var!
Bir kənarda kövrələn, əlində konfetlərdən buket düzəltmiş xanım pərəstişakar bizim gözümüzdən yayınsa da, müğənninin gözündən yayınmır. Pərəstişkarın gözünün yaşı Xumar xanımın sevincinə qarışır. Jurnalistlər onların şəkillərini çəkirlər. Müğənni fotoqraflara səslənir:
- Uşaqlar, qız əsim-əsim əsir.
Xumar xanım pərəstişakarını bir də qucaqlayıb öpür, sakitləşdirib salona ötürür.
Çox keçmir ki, Nəsimi əşarından rişələnən xanımın başının üstünü kəsdirirəm.
- Xumar xanım, deyəsən həyəcanlısınız?
- Ay canım, tanımadım sizi... Bayaqdan deyirəm bu gözəl gözlü xanım kimdir, belə?
Təbii ki, xoşhal oluram. Çətin suallarımı dərhal yaddaşın “korzinkasına” yollayıb, sadə suala keçirəm:
- Necə hislər keçirirsiniz?
- Samirə xanım, bilirsiniz ki, bizim əsərimiz zatən çox yaxşı qarşılandı, öz möhürünü vurdu. Millət vəkilimiz Əflatun müəllim, xumarsevərlər və digər ziyalılarımız istədilər ki, belə bir tədbir olsun. Mən də təbii ki, yox demədim.
Növbəti sualı vermək istəyəndə Xumar xanımı kimsə məndən alıb aparır. Deyəsən tədbir də yavaş-yavaş başlayır. Düz qapının yanındakı stullardan birini məqsədli şəkildə seçib əyləşirəm ki, uzun-uzadı danışıqlar başlansa, aradan çıxmaq rahat olsun.
Tədbirin aparıcısı Rəşad Məciddir. İlk sözə də haqlı olaraq o, sahiblənir:
- Dostlar, bildiyiniz kimi bu il Prezidentin fərmanı ilə “Nəsimi ili” elan olunub. İl başlayandan müxtəlif təşkilatlar, mədəniyyət müəssisələri, incəsənət adamları bu yubileyə öz töhvələrini verirlər. Bizim gözəl sənətkarımız, əməkdar artist təxinən bir ildir ki, Nəsiminin “Neylərəm” qəzəli üzərində işləyib və ortaya orjinal bir iş qoyub. Xumar xanımın nəğməsinə klip də çəkilib. Burada Nəsimiyə xumar baxış var. Bu tədbirin yaranma ideyası hörmətli millət vəkili, mətbuat şurasının sədri Əflatun Amaşova məxsusdur. Mən sosial şəbəkədə bu klipi paylaşandan sonra Əflatun müəllim çox təsirləndi. Mən dedim ki, biz belə bir mədəni müəssisədə təqdimat keçirmək istəyirik. Əfaltun müəllim dəstəklədi. Sağ olsun “Azərkitab”ın rəhbəri Sabir müəllim də bu ideyanı dəstəklədi. Və belə gözəl mədəniyyət ocağında bu mahnının, layihənin təqdimatına bizi yığdılar. Dəvət olunan hər kəsi salamlayıram...
Salamlamdan sonra üç nöqtə qoymağa məcbur oluram. Çünki Xumar xanım yerdən dillənir:
- Bir əlavə eləmək istəyirəm. Siz Əflatun müəllimə demədiniz ki, biz belə tədbir keçirmək istəyirik. Artıq bizim gözəl əsərimiz təqdim olunmuşdu. Əflatun müəllimin özünün, ziyalıların istəyi oldu ki, biz elə bir tədbir keçirək və insanların buna münasibətinin, necə qarşılanmasının təqdimatını görək.
Rəşad Məcid yenidən mikrafonu Xumar xanımdan təhvil alır:
- Təşəkkür edirəm, çox sağ olun. Sizi redaktor müavini götürmək istəyirəm.
Salonu qəhqəhə bürüyür.
Gülüşün səngiməsi ilə qaranlıq çökür. Böyük ekranda müğənninin haqqında bəhs olunan klip nümayiş olunur. Bir, neçə dəqiqə hər kəs nəğmənin simfonik təsirində, Xumar xanım tərəfindən ilk dəfə ifa olunan muğamın əsarətində, cazibəsində donub qalır.
Rəşad Məcid öz kaloritli diksiyası ilə tədbir iştirakçılarını 2019-cu ilin noyabr ayına qaytarmağa nail ola bilir. Söz Əflatun Amaşova verilir. Əflatun müəllim Səməd Vurğunun misrası ilə başlayır:
- Həyat daimidir, ömür amanat. İnsan ömrünün əvvəli, ortası və sonu olur. Elm nə qədər tərrəqi etsə də insan dəyişmir. Bəşəriyyət yaranandan səs də yaranıb, sonra o səslər sözə, nəğməyə çevrilib. Bu mahnını dinləyəndə mənim yadıma insanın yaradılış dövrü düşdü. Xumar xanımın mahnıları ona görə uzunömürlü olur ki, o, mahnıları ilə həmin hissləri, hadisələri yaşayır. Onun daxilində, təfəkküründə bir azadlıq var. O, bəşəri hissləri özündə birləşdirdiyi üçün belə mahnılar, kliplər yaradır.
Rəşad müəllim xeyli xoşhal olaraq deyir:
- Əflatun müəllimi biz heç də həmişə belə vəcdə gələrək, şövqlə danışan görmürük. İçində gizlədiyi o ruh, o şair indi Xumar xanımın səsinin, Nəsiminin sözünün hesabına oyandı.
Xalq şairi Ramiz Rövşən isə iki tədbirin arasından vaxt tapıb bura gəlib. Ona görə də sözü ona vermək istəyirəm.
“İnsan proqramlaşmış kainatdır” deyən qocaman xalq şairi Nəsimini sözün ucalığı adlandıraraq Xumar xanımın səsinin onun ruhunun ifadəsi olduğunu deyir:
- Allahdan başqa hər şey qoşadır. Qəribədir ki, allah hər şeyi qoşa yaradıb. Və Azərbaycan müğənnilərini də qoşa yaradıb. Siz bir Azərbaycan ifaçılarına nəzər yetirsəniz görəcəksiniz ki, gündüz və gecə, şuxluq və kədər bizim ifaçılıq sənətində vardır. Misal üçün Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova, Zeynəb Xanlarova. Bunlar bir-birini tamamlayan sənətçilərdi. Amma çox nadir hallarda həm kədər, həm də şux ovqatlı ifa bir müğənnidə təccəssüm olunur. Xumar xanım həmin müğənnilərdəndi. Onun səsində həm Rübabə Muradovanın kədəri, həm də Zeynəb Xanlarovanın şuxluğu var.
Nəriman Həsənzadəyə söz verilir. Nəriman müəllim deyir ki, “biz insanlar Nəsimini dərk edəndə özümüzü də dərk edəcəyik. Mən səsinə heyran olduğum qızımızı təbrik edirəm. Bu nəğmə satışa filan buraxılacaqmı?”
Rəşad müəllim məsələni izah edir:
- Nəriman müəllim, indi yutub deyilən bir şey var. Hamısı ordadı. Amma gərək sizin telefonunuza bunu biz yazaq.
Nəriman müəllim deyəsən məyus olur:
- Satışa buraxsaydılar, adam alıb qulaq asardı.
- Xumar xanım sizə öz diskini hədiyyə edir. Sürücünüzə verin diski, maşında oxutsun. Siz də hər gün bir on dəfə qulaq asın.
Bu vaxtı Ramiz Rövşən məclisi tərk edir. Mən də çoxdandır müsahibə məqamı axtardığımdan həmin məqamı yaxalamaq üçün şairin ardınca çıxıram. Amma məndən irəlidə Şahanə Müşviqdir. Ramiz müəllim salounun sonuna qədər gedir. Salon bitir, divar başlayır. Şair görür ki, sağ da, sol da divardı. Burda onun köməyinə şeir də çata bilməz. Çarəsiz qalıb dayanır. Biz də ayaq saxlayırıq. Şahanə əlindəki telefonu işə salır. Əvvəl elə bilirəm ki, şairdən müsahibə alır. Amma sonra görürəm ki, Ramiz müəllim Şahanəni lap toyu olan qızlar kimi tərifləyir, təbrik edir. Handan hana başa düşürəm ki, gənc yazarın elə bu gün toyudur. O, da müəllimi danışdırıb ürək sözlərini tarixin görüntülü yaddaşına həkk edir.
Tədbir keçirilən salona qayıdanda az qalıram ki, zaldan güllə kimi çıxan Aqil Abbasla toqquşam. Aqil müəllimin masadakı yeri boş qalır. Sonradan məlum olur ki, Aqil müəllim Xumar xanımın ifasını bəyənsə də, klipi bəyənməyib, "Bu klip artıq işdir" deyib. Klipdə iştirak edən aktyor Səfa Mehdi xeyli pəjmürdə və qanıqara ətrafa nəzər salır.
Rəşad müəllim pəjmürdəliyi dəf etməyə çalışır, araya bir az sərin su, yox e, söz səpir:
- Aqil müəllim bayaq Səfanı tənqid elədi. Səfa doğurdan çox yaxşı qiraət ustası, istedadlı aktyordu. İstəyirəm sözü ona verim:
- Burda maraqlı paradoks yaşanır. Biz klip təqdimatına yığışıb, klipin vacib olmamağından danışırıq. Aktyorluq böyük sənətdir. Mən bu sənəti zirvə hesab edirəm. Mən teatr aktyoruyarm. Bu klipdə Nəsimi və Xumar xanım var deyə mən də varam. Bu əsər bizim ruhumuzun ifadəsidir. İçimizdən nə gəlirdisə, onu etmişik. Bu da bizim sənətimizin böyüklüyüdür.
- Səfa mənim öz seçimimdir, öz istəyimdir. Var ol, gözəl Səfa. Səfalı Səfa, cəfalı Səfa, vəfalı Səfa. Var ol!
Xumar xanımın bu sözlərindən sonra ən çox alqış da elə aktyor üçün səslənir.
Qəfildən Mirmehdi Ağaoğlu salonda zühur edir. Əl yelləyib onu yanımdakı boş yerə dəvət edirəm. Mirmehdi özü ilə birgə payızın soyuğunu da götürüb gəlir. Deyir, bir azca soyuqlamışam, evə çatsaydım, mürəbbə ilə isti çay içərdim.
- Çayı neynirsən, çaxır iç.
- Çaxırı sabah, Ayxanın toyunda içəcəm.
- Doğurdan e, axı sabah Ayxanın toyudur deyə öz-özümə düşünürəm. Xəyalən toya geyəcəyim palatarları çək-çevir edirəm. Miri harasa yoxa çıxır.
Salondakılar isə yorulmadan danışmağa davam edirlər. Bir anlıq özümü AYB-nin Nətavan klubundakı “ay yordu, yordu” missiyası ilə çıxış edən yaşlı yazıçı və şairlərin məclisində təsəvvür edirəm. Salona göz gəzdirirəm. Görürəm elə bayaqdan mikrafonu bir-birlərinə ötürən qocaman qələm adamlarının çoxu da Yazıçılar Birliyinin üzvləridir. Dikatfonu söndürüb Xumar xanımın bacısı ilə sağollaşıb zaldan çıxıram.
Pilləkənləri düşəndə hiss edirəm ki, bərk acmışam. Zalın sonundakı masaya düzülən şirniyyatlardan dadmadığım üçün təəssüflənirəm. Amma telefonumun yaddaşındakı “Neylərəm” nahnısını xatırlayıb təskinlik tapıram. Mənzil başına çatana qədər Xumar xanımın bu dadlı nəğməsinin şirniyyatı əvəz edəcəyini düşünürəm.