Kulis.az Samirə Əşrəfin ““Ağ buludlar”ın günaha batmış günahsız qəhrəmanı...” məqaləsini təqdim edir.
Əbili tanıyandan sonra özümə söz vermişdim ki, Azərbaycan ədəbiyyatının dağdan ağır yazıçılarının kitablarına hələlik əlimi vurmayım. Sonrası Allah kərimdir. İsi Məlikzadənin “Qırmızı yağış” romanındakı Əbili deyirəm. Varlı qardaşı tərəfindən Şuşa dəlixanasına göndərilir ha, bax, həmin bəxti qaranı. Əbil də eləmə tənbəllik deyibən yük maşınının kuzovundan yıxılıb ölür. Dəlixanaya da gedib çıxa bilmir. O boyda dərdlə hara getmək olardı? Hansı ağıllı Əbilin dərdinin altına çiyin verərdi? Üzü sulusu ölmək idi, o, da ölüb canını qutarır. Amma “Qırmızı yağış” povestinə qədər də “Tütək səsi”ndəki Cümrünün, “Ürək yaman şeydir”dəki Əjdərin, “Yamacda nişanə”dəki Laçının, “Gülüstan”dakı Mədətin amansız taleləri ilə tanış olub dərindən sarsılmışdm.
Mübariz Örənin “Ağ buludlar” povestinə sırf müəllifin imzasına bələd olmaq üçün baş vurdum. Ötən il yazıçının “Balıq gülüşü” adlı hekayəsini qaçaraq oxumuşdum. Qaçaraq oxuduğum bəzi mətnlər kimi ondan da yadımda çox az şey qalmışdı. Qaynar günəş şüaları, balaca oğlan, pırtlaşıq saçlı qızcığaz və s.
Eşidib bildiyimə görə Mübariz Örən uzun illər soyuq və şaxtalı Rusiyanın şimalında qəribçiliklə qol-boyun yaşayıb. Necə yaşayıb bilmirəm. Amma onu bilirəm ki, bu gün ortaya belə gözəl bir əsər qoymağında həmin qəribçilik illərinin təsiri az olmayıb. Doğmalarından, dostlarından ayrı qalan, uzaq düşən adam səssiz, tənha, içinə qapanıq olur. Sözünü, söhbətini, sevincini, dərdini bir sözlə hər şeyini öz içinə qomalayır. Bu səbəbdən də qəribçilik çəkən insanların timsalında ona ayrıca hörmətim vardı.
“Niyə məni qoydun öləm, baba?!”
Povestin ilk cümləsindəcə gerilədim. Elə bil kimsə sinəmdən yumruqla vurub itələdi. Bildim ki, əsəri oxuyub başa çatdırmaq mənə baha başa gələcək.
Bir yandan da həmin cümlə məni çəkdikcə çəkib povestin içərilərinə doğru aparırdı. Hiss edirdim ki, o yalvarış, uğursuzluq, bədbəxtlik tökülən ilk cümlə boş-boşuna yazılmayıb. Elə əsər özü də məhz həmin cümlədən boy verib böyüyüb.
Ard-arda düzülən cümlələrin içərisinə ilgəklənən əhvalatların ardıcıllığı, dilin axıcılığı, nəqlin yoruculuqdan və uzunçuluqdan uzaq olması məni bir az da həvəsləndirdi.
Adsız qəhrəman atasını axtarırdı, amma babasını tapmışdı, anasına qovuşmaq istəyirdi, nənəsinə ürcah olmuşdu. Onun yer üzündə belə amansız labirintdə dolaşığa düşməsi mistika deyildi, tale, alın yazısı idi. Amma bu ləkəli və günaha bulanmış yazıydı...
Nəsil şəcərəsindən başlanan günaha ilk əvvəl babası, daha sonra atası toxunmuşdu. Sonda həmin günahdan bir pay da onun özünə sıçrayacaqdı...
O, da milyardlarla uşaqdan biri kimi anasının bətnindən gün işığına göz açıb sakit, təmkinli xarakterlə böyümüşdü. Yetimlər evinə qoyulsa da, mənliyini, ləyaqətini itirməmişdi.
Yetimxanadan buraxıldıqdan sonra isə “Başlı başını saxlasın” əyyamında başını başlara qoşub özünə dolanışıq qurmağa başlayır. Ürəyində bir arzu tutur ki, nə vaxtsa, ata-anasının, bacısının sorağını alacaq, onlara qovuşacaq. Lakin, əsərin əvvəllərindəcə atasının başına gələn biabırçı, ürək bulandıran vaqeədən xəbər tutur. Anası ilə bacısını isə gördüm deyən olmur. Anası baş götürüb bu lənətli obadan uzaqlara gedəli illər olmuş. Üstəlik qızını da özünə qoşub aparıb. Onların əvəzinə onu öz evlərinin kandarında söyüşcül bir qarı qarşılayır. Qarı onu görən kimi tanıyır. Ağına bozuna baxmadan söyüb bulayır. Qarının söyüşlərinə dözə bilmir. Başını götürüb ordan uzaqlaşsa da, başqa bir məkan onu maqnit kimi özünə doğru çəkir. Qanındakı günahın mayasının qərar tutduğu yerə müqəddəs gölə, urfulu gölə tərəf...
Göl yerləşən kəndin adamları həmin gölə utandıqlarından müqəddəs göl deyirlər. Əslində o göl murdarlanıb.
Su təmizdir, pakdır, hər şeyi yuyub aparır deyirlər axı. Mübariz Örənin povestində isə müqəddəs gölün təmizliklə heç bir əlaqəsi qalmayıb. Bu səbəbdən də hamı göldən perik düşüb. Üzərində gecə-gündüz növbə tutub yırğalanan bir topa qara buluddan savayı...
Bulud öz toxumundan cücərənin gəlib çıxacağı günü gözləyir. Həmin, gəlişdən sonra qara bulud gölün üstündən çəkilib onu öz lənətindən azad edərək yenidən yer üzünə, insanlara təhvil verəcək. Hələlik isə keşik çəkir. Balalarının ruhuna. Çevrə gec-tez qapanmalıdır. Bunun üçün seçilən qurban-qəhrəman isə Sadomordan qaçmağı qərara alır. Onu ora maqnit kimi çəkən fiziki və mənəvi hər şeydən uzaqlaşmağa can atır. Amma bu qaçış həm də öz taleyinə doğru getməkdir. Yenə də bilməyərəkdən...
Hər şeyi o, gözəgörünməz özü öz əli ilə yazıb, nöqtəsini də qoyub. Bəlkə pozmaq da istəyib. İnsafən əsərin qəhrəmanının xasiyyəti müsbət çalarlarla zəngindir. Vicdanlıdır, əxlaqlıdır, yanımcıldır. Öz-özü ilə hesab çəkməyi bacarır. İçərisindəki vicdan mexanizmi edəcəyi günahın ilk addımındaca işə düşür, hərəkətə keçir. Amma nə etməli? Hər şey o göydəkinin əlindədir. Yazıya pozu yoxdur! Hələlik yoxdur. Sonrasına baxarıq...
Qəhrəman öz işçisi Bulata qoşulub Sadomardan “qaçır”. Qazaxıstana ət gətirməyə gedirlər. Yol yarılanır. Şimal soyuğuna bürünən qar hər tərəfi ağa qərq edir. Amma yük avtomobili xarab olur, yarı yolda qalırlar.
Bulat şef dediyi qəhrəmana təsəlli verir:
“Narahat olma, qalın geyinib məni gözlə. Bu yaxınlarda kənd olmalıdır. Gedim görüm kimi tapıram." Xalxla durub çöllü-biyabanda höcətə çıxası deyil ki?! Bu yolu özü öz ayaqları ilə gəlib. İndi zəhmət çəkib gözləsin.
Yandırdığı təkərin alovuna bir müddət qızınsa da, yuxu başının üstünü alır. Qara bulud topası kimi...
Tanrının öz yazısına acığı tutur. Qəhrəmanını günaha batırmaq istəmir. Nəsə yaman ürəyinə yatıb bu bəndəsi. Hələlik donub ölməkdən qorxan, qanı günahla yoğrulan bəndəsini ilıq yuxuya verir.
Yuxu isə onu düz urfulu gölə aparıb çıxarır. Batır, batdıqca da gözlərinin qarşısında bir qoca peyda olur. Həmin Qocadır! Apollondakı timsahgöz Qoca.
Qəhrəman boğulmaq istəmir. Hönkür-hönkür ağlayan Qocaya baxıır: “Məni niyə qoyursan batam, baba?!”
Yazının əvvəlində eyham vurduğum söhbətdir. Oxuyarkən sinəmə yumruq kimi dəyən cümlə burada bir söz dəyişikliyi ilə təkrar olunur. Bayaq ölürdü, indi isə batır. Demişdim axı tanrı nəsə nala-mıxa vurur.
Qocanı görəndə özü də eymənən kimi olur. Axşamacan özündən balacalara buyruqçuluq edən bu hissiyyatsız qocaya niyə baba dedi? Yaxşı o dedi, dedi. Bəs qoca niyə gözünün yaşını sel kimi axıdır?
Tanrı hələ seyr edir. Elə bil tamaşaya durub. Yazısını pozmaq istəmir. İnsan övladına etibar yoxdur. Görək, bəndələri nə oyun çıxardacaq?! Bəlkə heç olmasa bu bəndəsi əzəli əbədi insan nəfsinə, şeytana qalib gələcək! Xeyir qələbə çalacaq?!
Qocanın əli çiyninə toxunur. Gözlərini açıb Qocaya baxmaq istəyir. Amma görür ki, yox, bu kimsə başqa adamdır. Onu donmaqdan xilas etməyə gələn adam. Qocanı eləcə gözü yaşlı urfulu gölün içərisində qoyub gələn adamla gedir.
Addım-addım öz ayağı ilə öz taleyinin düyününü çözməyə, həm də günahına batmağa...
Elə bir günaha ki, bu günahdan yaxa qutarmağın tək yolu ölümdür. O da hələ sual altındadır. Ölə biləcəkmi, ölsə yaxasını sıyıra biləcəkmi törətdiyi günahın yükündən...
Qonaq qaldığı evdə bir gecə gözünə pəncərədən ona tamaşa edən bir qadın baxışı sataşır. Əvvəl xəyal olduğunu zənn edir. Sonra görür ki, yox, baxan dirigözlü qadındır. Onu təpədən dırnağa süzür. Kimdir axı bu deməyə macal tapmır. Yuxu başının üstünü alır.
Sonra Aysulu gəlir. Bununla da həm Aysulu, həm də o, murdalanır.
Ertəsi gün kəndi şüvən bürüyür. Aysulu üçün təmizləməyə verdiyi paltarlarının cibindən atasının şəklini tapırlar. Sulucan bibi şəkli az qalır ki, onun gözünə soxsun: Atandır eləmi?!
Havalı adamlar kimi maşına oturub qaçır. Arxasından fəryad qopara-qopara gələn qadın həmin gecə pəncərədən ona baxan qadının eynisidir. Həm də uzaq keçmişdən, onu yetimlər evinə aparıb qoyan qadının qocalığı...
Gəldiyi istiqamətə sürür, maşın meşəlikdəki ağaclara çırpılıb dayanır. Soyuq iliyinə kimi işləyir.
Bir də onda ayılır ki, Tura çayında körpə Aysulu ilə əl-ələ dayanıb. Hardansa Qoca da peyda olur. Çevrə qapanır...
...Qara bulud yoxa çıxır. Onun yerini bir topa tərtəmiz, gözqamaşdırıcı parıltısı ilə ağ bulud alır. Ağ buludun ətrafına asimanın hər tərəfindən irili-xrdalı pambıq kimi buludlar topalaşır.
Sadomor uzun illərin lənətindən xilas olur. İnsanlar təəccüb həm də sevinc hissi ilə müqəddəs gölün üzərindəki bulud topasına tamaşa edirlər.
“Ədəbiyyat qəzeti”
2017 Aprel