Bilirdi
Aidə əllərini çənəsinə dirəmişdi. Tez-tez boynunu sağa-sola döndərirdi. Ağ-qara televizorda uzunsaçlı bir qız piano çalırdı. Bir oğlan diqqətlə ona baxırdı. Oğlanın əlində siqar tüstüləyirdi. Aidə oturduğu otaqda pərdələr yavaş-yavaş yellənirdi, buludlar tez-tez günəşin qabağına keçir, onun bizi görməsinə mane olurdu. Ziya meyvə yeyirdi. Üzüm idi, deyəsən. Hə, üzüm idi, dənələrini meyvə qabına tüpürürdü. Kinoda oğlan qıza yaxınlaşdı, qızın əlindən tutdu, onlar otaqboyu rəqs eləməyə başladılar. Oğlan ayaqlarını qətiyyətlə yerə vurur, qız fırlanır, hərdən belini əyir, qüvvətli qollar ona sarılır, yıxılmağa qoymurdu. Ziya qışqıranda, deyəsən kinodakı rəqs bitmişdi, hə, bitmişdi, oğlanla qız oynayıb qurtarmışdı.
“Vəssalam. Konsert qurtardı. Dağılışın,” - Ziya birdən dedi.
Anasından başqa hamı təəccüblə Ziyaya baxdı.
“Nə qurtarıb? Hanı qurtarıb? Kino hələ gedir.”
Zemfira qardaşına çəkmirdi.
“Dedim qurtarıb, söz güləşdirmə. Sən...”, - Ziya üzünü Aidəyə tutdu, -“Sən nə gözünü döyürsən? Get evinizə.”
“Mən?”
Aidə həyəcanla soruşdu.
Aidənin qımıldanmadığını, əksinə oturduğu divan küncünə daha da qısıldığını görüb Ziya əlindəki meyvə qabını stola qoydu, televizoru söndürdü, çöl qapını açıb Aidənin ayaqqabılarını pilləkənlərə tulladı.
Aidə pilləkəndə oturub ayaqqabı iplərini bağlayanda Ziyanın bacısı həyəcanla hörüyünün ucunu barmağına dolayırdı. Anası isə Aidəyə vermək üçün əlində bulka tutmuşdu. İkisi də utanırdı. Bu vaxt Ziya arabanın təkərlərini fırlayıb pəncərəyə tərəf gedirdi. Pərdələr yellənirdi, günəş tez-tez buludların arxasında yox olurdu, elə bil nəhəng bir göz yumulub-açılırdı. Günəş aram-aram göz vururdu, ya da gözünü döyürdü.
Ziya Aidəni qovandan sonra qız, nəinki onların evinə getməyə qorxurdu, hətta evlərinin pəncərəsindən görünən binaya da pərdə arxasından baxırdı. Lakin baxırdı. Niyə? Bəlli deyil. Uşaqlar nəyi niyə elədiklərini çox götür-qoy etmirlər. İstəyirlər, eləyirlər. Ziyagilin yaşadığı bina Aidəgilin evi ilə yerə yıxılmış T hərfi şəklində durmuşdu. T-nin qapağında Ziyagil, sütununda isə Aidəgil qalırdı. T-nin qapağı ilə sütunu arasından ensiz maşın yolu keçirdi.
Aidə Zemfiragildən qovulandan bir ay sonra doqquz yaşı olacaqdı, Ziyanın isə onda on bir yaşı tamam idi. Aidə Ziyagildən qovulandan sonra bir müddət evdən bayıra çıxmadı. Ona elə gəlirdi ki, həyətdə hamı bu hadisədən xəbərdardı. Aidə bir müddət həyətə düşmədi, Ziya da görünmürdü. Düzdü, bir neçə dəfə o, həyətə düşürüldü, lakin heç beş dəqiqə keçməmiş onu yenidən liftə yerləşdirməyə çalışdılar.
Bir müddət sonra Aidə daha həyətdəkilərin nə deyəcəklərini düşünmür, anası saçlarını hörəndə pərdələri çəkməyə qoyurdu.
Tezliklə Aidənin 10 yaşı tamam oldu, iki il sonra 12 yaşını qeyd etmək üçün tort kəsdilər, 17 yaşında məktəbi qurtardı, 23 yaşında ərə getdi, 25 yaşında ilk uşağı oldu, ikinci qızı doğulanda 28 yaşında idi. 32 yaşında ilk əhəmiyyətli mükafatını aldı, 37 yaşında Aidəni respublikada hamı tanıyırdı. Ziya ilə yenidən görüşəndə o, təzəcə nənə olmuşdu.
Aidə Ziya ilə yenidən görüşəndə günəş yoxa çıxmışdı. Buludlar səmada qaçışırdılar, narahat görünürdülər, elə bil günəşi axtarırdılar, onu həmişəlik itirəcəklərindən qorxurdular. Pərdələr yenə yellənirdi, televizor təzəsi ilə əvəz olunsa da, həmişəki yerində idi. Həmişəki yerindən boylananlar arasında divan, kreslolar, kitab şkafı, yemək stolu və Ziya var idi. Ziyanın arabası yenilənmişdi, yeri isə dəyişməmişdi, orda oturub rahatca səmaya baxmaq olurdu. Ziyanın saçları seyrəlmiş, olan-qalan tüklər qara paltarlarını ağla əvəzləmişdilər. Bu bənzətməni Ziya özü dedi.
“Qocalmışam. Saçlarım kəfən geyiblər. Ölməyə hazırlaşırlar…”.- O, əlində tutduğu kitabı divana tullayıb barmaqları ilə saçlarını darayaraq dedi bunları.
Aidə Ziyaya diqqətlə baxırdı. Birdən ona elə gəldi ki, o, kinoya baxmaq üçün hər gün bir qonşunun evinə gedən, qıvrım saçları güclə daranan, siqaret çəkən adamlardan qorxan balaca qızcığazdı. Ona elə gəldi ki, Ziya yenə hirslənə, onu qova bilər.
“Otur. Niyə ayaq üstə durmusan? Otaq qaranlıqdısa, işığı yandır. Mən işığı xoşlamıram. Belə oxumaq, alaqaranlıqda oxumaq gözə də ziyandı. Həkim deyir, belə kitab oxumayım. Gözlərim də zəifləyir…”
“Narahat olma. Yaxşıdı.”
“…”
“Zemfira harda olsa gələr… Sən rahat ol, istəyirsən sənə çay gətirim…”
“Yox… Yox, yox, narahat olma. Mən çay xoşlamıram,” - Aidə qətiyyətlə dedi.
“Elə mən də … Nə qədər vaxt keçib… Daha nəyi xoşlayıb, nəyi xoşlamadığı bilmirəm. O vaxtlar nar dənələməyi sevirdin. Atam ölənə kimi dedi ki, Aidə olsaydı, narımı dənələyib verərdi. Atam sənin kasaya dənələdiyin narı gözləri işıldaya-işıldaya qaşıqlayardı. İndi istəməsin, səni çox istəyirdi.”
“Allah rəhmət eləsin. Yaxşı kişi idi.” - Aidə dedi.
“Nənəm barmaqlarının ucunu sənə ovdurardı. Ayaq barmaqlarının ucu buz kimi olardı. Etiraz eləmirdin, sakitcə barmaqlarını ovxalayırdın, amma bu işi sevmirdin, bilirdim.”
“Hə, sevmirdim. ” Aidə gülümsəyərək başını tərpətdi.
“Sən sakit, lakin cəsarətli qız idin. Kinoya baxmağı sevirdin. Kinoya baxanda ətrafındakıları unudurdun.”
“… rejissor oldum.”
“...mənsə, heç nə oldum.”- Birdən Ziyanın səsi dəyişdi. Aidəyə elə gəldi ki, o, indicə yenidən qovulacaq. Ziya isə barmaqlarını şaqqıldatdı.
“Mən dünyaya gələndə o, ağzına qədər dolu idi. Dünyanın yeni bir adam yerləşdirməyə yeri yox idi. Lakin mən artıq yola çıxmış, hətta bu dünyanın qapısı ağzına çatmışdım. Bir təhər adamların yerini dar edib məni bu dünyaya saldılar. Bir ayağa, bircə ayağa yer tapılmadı. Mən şikəst doğuldum.”
Ziya gülümsədi, birdən qəhqəhə çəkdi. “Bircə ayağa…” o, təkrar elədi. Boğazına yığılmış bəlğəmi yox etmək üçün öskürdü, cingiltili səslə yenidən danışmağa başladı.
Aidə günahkar-günahkar uşaqlıq dostuna baxırdı.
“O vaxt səni qovan mən deyildim… Səni qovan gözüqırpıq sevgi idi. Günahkar o idi. Sən şikəst oğlanı sevməzdin. Kinoları sevirdin. Kinolarda qızlarla oğlanlar rəqs edirdi… Oğlanların ayaqları irəli atılır, dizləri bükülür, dabanları döşəməyə dirənirdi…”
“Mən bilmirdim…” - Aidə pıçıldadı.
“Mən elə bildim, sən geri qayıdacaqsan. Mən səni gözlədim. Mən həmişə səni gözləmişəm. Uzun illər ümidi həbs edib dustaq kimi saxladım. Sonra bir gün onu azad elədim. Onsuz da qaçmağa hazırlaşırdı. Ümid dərhal məndən uzaqlaşdı. O da məni sevmirdi…”
“Bilmirdim… Mən bilsəydim… Mən hardan biləydim ki sən…”
Aidə yazıq-yazıq təkrarlayırdı.
Zemfira zəng edib üzrxahlıq elədi, təcili işi çıxdığından Aidə ilə sabah görüşəcəyini dedi. Aidə Ziyagilin evinin çöl qapısını bağlayıb pillələrdən birinə oturdu. Sanki 26 ölçülü ayaqqabıları pillələrdə idi. Onları götürüb cütləşdirmək, qapını yenidən döymək, Ziyadan onu niyə qovduğunu soruşmaq, ona heç yerə getməyəcəyini bildirmək istədi. Gec idi…
Arada qızı zəng vurdu, pul istəyirdi, rəfiqəsi mesaj yazdı, ərini yenə başqa qadınla görmüşdülər. Bu arada Aidə düşündü ki, xoşbəxtlik ölçən cihaz kəşf olunsa, termometr kimi qoltuğunun altına qoysalar, çoxu kimi o da bədbəxt çıxacaq. ...o, bilməmişdi. Ziya onu sevmişdi. Və kimsə onu bu qədər sevməmişdi. İşə bir bax, Ziya onu gözləyirmiş… Aidə dünyaya uşaq da gətirməzdi, yeri gəlsə, tanınmazdı da. Əvəzində, Ziyanı ayağa qaldırardı. Mənən, əlbəttə.
Aidənin başını dirədiyi divarın o tayındakı 54 saylı mənzildə kino göstərirdilər, həzin musiqi çalınırdı... bir qızla oğlan danışırdı…
Qız: Allaha mükəmməl dünya yaradılıb deyib yaltaqlıq etməyəcəm. Mən etiraf edirəm ki, ondan küsənləri yaxşı başa düşürəm. Mən onun vasitəsi ilə haqsızlıq dolu dünyaya uşaq gətirmək istəmirəm. Hətta hərdən fikirləşirəm ki, yeni uşaqların anadan olmasının qarşısını alsaq, dünyanı daha tez düzəldə bilərik. Hər yeni insan ucbatından qüsurlarımız üzərində işləməyə vaxtımız və gücümüz qalmır. Saf-çürük edilməli insan zibilliyi yaranır. Bu zibilliyi təmizləmək, yararlı insanlar tapmaq əslində asandı. İnsanlar hər halları ilə yaşamağa yararlıdırlar.
Oğlan: Dünyaya uşaq gətirmək Allahla insan arasında reallaşan ən vacib birgəlayihədi.
Qız: Mövlanə deyib ki, öncə siçan-siçovulun kökünü kəs, sonra anbara buğda yığ. Mən uşaqlar ruh gəmiriciləri olmayan dünyada doğulsun istəyirəm. Biz birlikdə anbarı təmizləyərik.
Hava şəffaf və yüngül idi. Aidənin çəkdiyi filmdə oğlanla qız maneəyə rast gəlmədən addımlayır, havanı yarıb keçirdilər. Hətta elə bil ayaqları yerə dəymirdi. Ya da dəyən kimi yer və hava köməkləşib onları ehmalca qabağa itələyirdi. Səmada buludlar parça-parça idilər. Bir az ərimiş buz parçalarına bənzəyirdilər, soyuq və mavi suyun içində yırğalanırdılar...
O bilməmişdi. Hardan biləydi? “Mən bilmirdim. Onun məni sevdiyini bilmirdim. Bilsəydim? Hər şeyi qurban verərdim. Acizlikdən qəzəbləndiyini təxmin etmirdim.” -Aidə ürəyində təkrar edirdi. “İnanmayan inanmasın. Siz hələ də düşünürsüz ki, mən ancaq filmlərimdə qəhrəman ola bilirəm?... Mən bilmirdim, bilmirdim, bil…”