Mikayıl Müşfiq yaradıcılığında uşaqlığından izlər – Rüstəm Kamal yazır...

Mikayıl Müşfiq yaradıcılığında uşaqlığından izlər – Rüstəm Kamal yazır...
5 iyun 2019
# 10:30

Bu gün Mikayıl Müşfiqin doğum günüdür. Kulis.az bu münasibətlə Rüstəm Kamalın “O dalğın çocuq” yazısını təqdim edir.

Uşaqlıq haqqında hekayələr həmişə qorxulu olur (Bu haqda M.Svetayeva «Kapitan qızı»na həsr etdiyi məqaləsində yazıb). S.S.Axundovun nağılını «qorxulu edən» Qaraca qızın ölümüdür. L.Tolstoyun «Uşaqlıq» povestinin əsas məqamı «maman»ın ölümüdür.

Hadisələrdə, süjetlərdə oxşarlıq olsa da, hər şair öz uşaqlığını fərqli «oxuyur». Şair var, bütöv ömrünün içindən uşaqlıq keçir. Uşaqlığa ən çox müraciət edən şairlərdən biri B.Pasternakdır. Dahi şairin ömrü sanki «uşaqlar kimi olun» çağırışına bir cavabdır. Anna Axmatovanın ona həsr etdiyi şeirindən poetik formulun məzmunu yadımdadır: «O, bir əbədi uşaqlıqla mükafatlandırılıb».

Amma dünyada şairlər də var ki, yaradıcılığında uşaqlığın izi-tozu yoxdur. Füzulinin, Nəsiminin, Vaqifin sanki uşaqlığı heç yerli-dibli olmayıb…

Uşaqlıq adətən qəhrəmanların məskunlaşdığı başqa dünyalarının adıdır, məntiqi və fiziki normaların pozulduğu bir dünyadır (L.Kerrol, A.Sent-Ekzüperi).

Görəsən, Müşfiq öz uşaqlığını necə xatırlayırmış? Uşaqlıq xatirələrini ömrünün nostalji təcrübəsi kimi danışıb, yoxsa travma kimi ağrıyıb-ağlayıb?

Ömrü nəğmə kimi oxunan, «dərədən dərəyə su kimi axan» bir insan uşaqlıq hekayətini ilk dəfə kiminlə paylaşıb?

29 yaşında həyat türküsü dodaqlarında əbədi donmuş şairin əsərlərinə səpələnmiş xatirə qırıntılarını bərpa edib danışmaq olarmı?

Kimdir o dalğın cocuq, saçları pəncəsində

Bir saat ayrılmayır can sıxan düşüncəsində

Müşfiqin həyatı (əsasən gəncliyi) haqqında çox yazılıb. Axundzadənin «Müşfiqli günlərim» kitabı etibarlı və səmimi mənbələrdən sayılır. F.Qurbansoy «Göylərin lacıvərd ətəklərində» sənədli povestində şairin taleyini bərpa edir.

Müşfiq şeirlərində uşaqlığının lirik-assosiativ sıralarına rast gəlmək mümkündür. Meteoroloji obrazlar, Qızqayıt nənəsindən eşitdiyi nağılların personajları, metaforik arxetiplər onun uşaqlıq dünyasının hüdudlarını qismən də olsa müəyyən etməyə imkan verir. Yeni dövrün simvolu olan traktoru div kimi, nər kimi vəsf edib, mifoloji obraz kimi təsvir etməsi uşaqlığının ilkin təsəvvürləri ilə bağlı ola bilər.

Yunq psixoanalizmində ilkin obrazlar, arxetiplər istisnasız olaraq şüurun nəticəsidir, insan psixikasında mövcud olan obyektiv və subyektiv hadisədir. Müşfiqin bioqrafiyası və yaradıcılığı ilə tanışlıq ilkin obrazların bərpasını da şərtləndirir. Məsələn, «anima» Müşfiqin təhtəlşüur psixikasında müəyyən qadın obrazlarının fəallığı bu üzdəndir. Anası ilə bağlı uşaqlıq təsəvvürləri bu qəbildəndir.

Ana ağuşuna sığınmaq qurtuluş simvoludur. «Gənc işçi» qəzetini «bir şəfqətli ana kibi» vəsf edir.

Çılpaq, yetim duyğularım,

Ümidlərim, arzularım

Sığındılar dərgahına,

Atıldılar pənahına.

Uşaqlığından yalnız bir obraz yaddaşında ilişib qalır: xəstə olub ağlaması və anasının soyuq əlləri.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən

Yalnız acı fəğanların titrədirdi hər yanı.

Bayram zamanı və məkanı Azərbaycan ədəbiyyatında geniş yayılmış süjetqurma elementlərindən biridir. Uşaqlıq hadisə kimi mütləq bayram xronotopuna daxil edilir. Müşfiq Novruz bayramını çocuqluğunun mutlu, hadisəsi kimi təsəvvür etmək istəyir:

Yadımdadır çocuqluqda

Əziz bayram gecələri:

Anam, atam, üç qardaşım

Qoca nənəm, bir də mən.

Sokak (küçə) yetimliyinin unudulmaz, kədərli məkanıdır. Tozanaq, çuxurlu, qazıq yollar uşaq yaddaşında həyat metaforasıdır. «Qaya» poemasında lirik haşiyədə sokaklarda keçən «çocuq dərdini» xatırlayır:

Ey keçən dostlarım, yazıq səfillər,

Mən də sizin kimi bir neçə illər

Ümmanlar üstündə başsız, pərişan,

Acı dalğalarla yersiz çarpışan,

Bir qərib təknəyə bənzər kimiydim,

Qayəsiz yollarda gəzər kimiydim.

Nə ata çağrışı, nə ana səsi,

Bunların gül kimi lətif busəsi

Ruhuma ətrini saça bilmədi,

Mənim çocuq dərdim heç əskilmədi.

«Pedtexnikum» şerində «keçən günləri vərəqləyərkən» sokak obrazı gözündə canlanır.

O vaqif bir çocuqdum, soqaqlardı məskənim

Başdan-başa həyatım bir silinməz ləkəydi.

Kimsə bilməzdi sonum nə olacaqdır mənim

Keçdiyim yollar bütün yollar, qazıqdı, təhlükəydi.

Şairin bədii obrazlarına nə üçün meteorologiya meyarı ilə yanaşmayaq? M.Müşfiq güclü «meteoroloji» həssaslığa malik şairlərimizdəndir. «Azad, qayğısız sərsəri küləklər» onun stixiyası idi.

Yağışlı günlərdə xəyallarında canlandırdığı o çocuq Mikayılın öz obrazıdır.

Dönmələrdə durana bax, qaçana bax!

Qaldırımda o balaca oğlana bax!

Öz döşündən yeni səslər toxuyaraq,

Ayağını şappıldadır oxuyaraq.

Müşfiq uşaqlığın nostalji təcrübəsini, məsələn, N.Kəsəmənlidə olduğu kimi, nədənsə bir travma olaraq kəskin təsvir etmir. Nostalji təcrübə insanın şəxsi tarixinə və hekayətinə daxil etdiyi nəyinsə təcrübəsidir. Ola bilsin ki, yeni dövrün şairin içinə yansıtdığı həyat nəşəsi, bəxtiyarlıq duyğusu ona bu acı təcrübəni unutdurmağa vadar edirdi, yetimlik, səfillik travma kimi təhtəlşüurunun qaranlıq küncünə sıxışdırılırdı. Sevib sevilmək istəyi yetimlik yaşantısını epik hekayətə çevrilməsinə imkan vermir.

Yad əllərdə qalan yetimlər kimi

Başı bəlalıdır, yalnızdır eşqim.

1929-ci ildə Moskvaya, dostu Əkrəm Qəfərə yazdığı bir məktubunda etiraf edir: «Sənki, məni tanıyanlardansan, mən eşqi çocuq ikən duydum. Çocuqkən çırpınışlarım yetim barmaqlarıyla saçlarımı yoldu. Mən şeri göz yaşlarım skamyaların qara üzünü aratdırkən duydum…»

Bəlkə ona görə də Dilbərdən uşaqlıq həyatını danışmağı xahiş edir. Güzgü prinsipinə əsasən, Dilbər xanımın uşaqlıq xatirəsi onun öz xatirəsi olur. Dilbər danışır – Müşfiq «çocuq dərdini» yenidən yaşayır.

«Mən dərindən ah çəkdim. Uşaqlıq həyatım kinolenti kimi gözümün qabağından keçdi. Müşfiq dedi: - Dilbər, niyə birtəhər oldun? Heç, dedim. Mən başladım uşaqlıq həyatımı Müşfiqə danışmağa.

Bizim taleyimiz bir-birinə çox oxşayırdı. Mən də ana nəvazişi, ata qayğısı görməmişdim. Həyatım qırıq-qırıq xatirələrdən ibarət idi» («Müşfiqli günlərim»).

Bəlkə Müşfiq dəli, qara sevdanı erkən seçdiyi üçün ölüm şərbətini də belə tez içdi? F.Nitsşe deyirdi: «Sevmək və ölmək – bu, əbədiyyətin razılaşmasıdır. Sevgini arzulamaq həm də ölümü arzulamaqdır».

# 3386 dəfə oxunub

Müəllifin son yazıları

# # #