Ötən yay bir tanışımla maşın bazarına getmişdim. Yeyib-içən oğlan olan tanışım həmin gün narın saqqal saxlamış, əlinə təsbeh almışdı.
Yolda da dönə-dönə tapşırdı ki, bazarda məni adımla yox, “məşədi” deyə çağırarsan.
Əvvəlcə, bu hikməti anlamadım, amma tanışımın maşına yaxınlaşan adamlara “inşallah-maşallah” deyə-deyə 2-3 saatın içində sərfəli müştəri tapmasını görəndə məsələnin məğzinə vardım.
Həmin gün lüğətimə təzə ifadə daxil oldu: “Ruzigətirən maşın”. Xüsusi dualarla, ovsunlarla “silahlanmış” minik vasitəsi. Üzərliyi, gözmuncuğu, “Ayətül-Kürsi” və Mirmöhsün ağanın şəkli öz yerində. Bir də ki, boynu tərpənən it oyuncağı…
Allah bizi narkomanların sürdüyü, “ruziaparan” maşınlardan qorusun! Amin!
Dünən də bir “Facebook” səhifəsində də belə bir reklam gördüm: “Həci sürüb, yəni, ruzigətirən maşındır”. Qəribədir, insanlar bu reklamla nə qədər mırtlaşsa da, girib baxırlar və maraq göstərirlər. Əlbəttə ki, sonda almaq istəyən də tapılar. Kim bilir, bəlkə də, artıq o maşın satılıb.
Azərbaycanda ən tez satılan avtomobillər ya “hacı sürən maşınlar” olur, ya da “qız maşınları”. Ona görə də, insanlar nəyəsə nail olmaq üçün yalan danışmalı olurlar... Amma çox zaman bu “totem” özünü doğruldur. Hamıya “Allah kömək olsun” deyən həcilərin özləri nədənsə Allaha ümid olmur, bir problem olanda dərhal əl gəzdirir, maşınları da daim baxımlı olur.
İndiyə qədər yolda qalan, qəza törədən, maşının “anasını ağladan” xanım sürücüləri çox görsəm də, nədənsə, avtoservislərə ən çox müraciət edənlər də onlar olur. Hər xırda problemdə servisə qaçırlar, bəlkə, xalqımızın “qız maşınına” marağı buna görədir?
Yəqin ki, Avropada da avtomobili tez satmaq üçün reklam vasitəsi belə olar: “Roma papası cayıl vaxtlarında bu maşında rəis uşağı gəzdirib”, “Bu maşını xaç suyuna salıblar”, yaxud da ki, “Vaxtilə Monika Belluçi sevgililərini bu maşında qəbul eləyib”...
Belə, “perspektivli” maşınların imici də “şanlı” olur. Zarafat deyil, məşhur müğənnilərin, siyasətçilərin sürdüyü maşınlar auksionlarda yaxşı satılır.
Əsas odur, bazar olsun. Kim nə istəyir alsın, kim nə istəyir, satsın. Təki, heç kimin heç nəyi əlində qalmasın. Amma adamda insaf da yaxşı şeydir...
O gün başqa bir tanışım “həcidən aldığı” maşınla bir həftənin içində üç civi tutmasından söz açdı. Əlavə də etdi ki, “çox düşərli maşındır, apardım xəlvət yerə, bir dua oxudum, siğəmi nuş elədim”. Allah onu qoruyub, ilişən də olmayıb...
Haram işləri halallıqla görməyin özü də başqa aləmdir!
İndi kimdir münafiq – sizin mövfuhumatınıza məsxərə edən (bundan maddi heç nə qazanmayan) mən, yoxsa ki, inanclardan birini şüar edib (maddi qazanc da görüb), digər vacibatları qulaqardı edənlər?