Bu, yadlığın həmişəlik formasıdır - Rəvan Cavid yazır...

Rəvan Cavid

Rəvan Cavid

4 dekabr 2022
# 15:00

Kulis.az Rəvan Cavidin "Yad" adlı yazısını təqdim edir.

"Bir gün küçələrin doğmalığı tanış üzlərin çoxluğu ilə ölçüləcək..."

Orxan Həsəni

Bir gün küçələrdəki yad üzlər bizə dünyanın qəribliyini yenidən xatırladacaq. Gəzdiyimiz küçələrdə heç kim olmaq, salam verdiyimiz adamların soyuqluğu, göz-gözə gəldiklərimizin baxışlarındakı boşluq hər şeyi lap əvvələ - heç kim olduğumuz günlərə qaytaracaq. Siqaret tüstüsü meyxoşluğumuza yox, keçib gedən zamanın faniliyinə qarışanda hiss edirik ki, dünya sonsuz sayda tənhaların kövrək ruhlarının yetimxanasıdır. Əl verib görüşdüyümüz adamlar çox qədimdə qaldı. Elə bil, hamı yuxu idi - oyandıq ki, heç kim yoxdur.

Fürsət tapıb beş-on kəlmə kəsə bilmədiyimiz nə qədər adamın yaxınlığını, doğmalığını unutmağa başlayırıq. Dəyərbilməzlik insanoğlunun qədimyanə vərdişidir, unuda bilmir. Hər şeyi yadından çıxarır, hər şey toz dənəsi kimi küləklə sovrulub gedir, içimizdə qalan yekə bir vecsizlik ölənə qədər bizimlədir.

Yaşamaq yazmağın yerini alanda həyatın hərflərin təmtəraqlı karnavalından daha qorxunc olduğunu başa düşürük. Hamı üçün burnumuzun ucu göynəyir. Əlimizi atanda yapışa bilmədiyimiz, əvvəllər saman çöpü bildiyimiz şeylər gəlir ən son ümid yerimiz olur. Amma nafilə.

Aydınlanma dönəmi insanı "Tanrını, ya da Mütləqi" axtarmaqdan vaz keçirdi. Böyük həqiqətlər yerini balaca suallarla doldurdu. Böyük adamlar reklamın əsirinə çevriləndə başa düşdük ki, bütün böyük fikirlərin arxasında tənhalıqdan qurtulmaq, çilçıraqlı salonlara qarışmaq, maskalı karnavalların bir hissəsi olmaq dayanır. Küçələrdə heç kimin hamı olduğu zamanlar, meqapolislərdə hamının heç kim olduğu saatlarla əvəzləndi. Tarix də sürətli maşınlara və ölüm döşəyində nəfəsini israf etməkdən qorxan xəstələrə çevrildi.

Kimdir müqəssir?! Bilmirik...

Yadlaşmaq həyata. Kimdənsə, nədənsə qaçıb qurtulmaq. Baş götürüb tanımadığın sahillərə qaçmaq. Tanımadığın kəslərin arasında yerimək, tanımadığn təamların dadına baxmaq, tanımadığın şüşələri başına çəkib tanımadığın tütünə ciyərlərində yer eləmək. Adı tanış gəlməyən balaca bir meyxanadan adını hələ də əzbərləyə bilmədiyin küçələrə atılmaq. İndi də belə yaşamaq.

Keçmiş üçün darıxmaq, onu qoyduğun yerlərdə axtarmaq, tapmayanda üzülmək, tapanda sevinmək bizi formalaşdıran xarakterin bir formasına çevrilməkdədir. Hər kəslə keçmişdə dost olmaq daha asan gəlir. Xatırlamaq yaşamaqdan daha az əzabvericidir. Yeni tanışlıqlar bir az da yorur məni, səni, bizi. Tez unutmaq və unutduğumuz andan yada salmağa çalışırıq adamları. İnsan kədər və onun bütün məziyyətləri üçün yaşayır. Başqa bir amalın olmadığı dünyanın sakinləriyik hamımız.

Son vaxtlar çoxlu bioqrafiyalar oxuyuram. Yazıçıların, şairlərin, bəstəkarların, aktyorların, futbolçuların, siyasətçilərin, din adamlarının özləri, həyatı və nəhayət aqibət duyğunu yaşadığı günləri oxumaq əvvəl-axır Allahdan borc alıb Allaha qaytaracağımız balaca bir ömrün balaca nişanələridir.

Ətrafımda onlarla öz ölkəsindən qaçmış, siyasi səbəblərdən yana gəlib Mərmərənin sahilində kiçik bir şəhərdə özünə yuva qurmaq istəyən gənclər var. Əfqan, suriyalı, aclığın yağır elədiyi Afrika ölkələrinin vətəndaşları həyata on-sıfır geridə başlamağın ağır nəticələrindən danışdıqca yadlığı başqa rakurslardan görürəm. Mən dostlarım üçün, sevgilim üçün, şəhərim üçün darıxanda onlar xoşbəxt həyatları və ailələri üçün darıxırlar. Mən onlara bir gün qayıdacağım evimdən, onlar da bir gün yaşayacaqları rahat günlərdən danışırlar. Sahildə özünə əbədi yer eləmiş nəhəng qaya parçalarına çırpılan dalğalar söhbətimizin ən şirin yerində ağzımızdan vurur. Heç kim ən gözəl arzuları eşitmir. Bir-birimizə kar olub dənizə qulaq asırıq.

Səhvlərimiz yadımıza düşür, gözlərimizi göyə dikib kimisə axtaranda qara bulud təzədən günəşin qabağını kəsir. Buludlardan o tərəfdə kim varsa, hamısı gizlənir bizim günahlarımızdan. Onlar yenidən bulaşmaq istəmir boz şəhərin rəngli adamlarına. Yağış başlayır. Kiminin makiyajını, kiminin də üzündəki kubik tozunu yuyub aparır. Yağışlar Allahın adamları görmək üçün tutduğu ən yaxşı güzgülərdir. Maşınların təkərlərindən sürüşüb çıxan palçıq mahiyyətimizə qaytarır bizi.

Günlər əl-ələ verib "sizdən bizə kim düşər?" ritorikasında hər gün bir nəfəri bizdən alıb aparır. Ya içimizdən, ya çölümüzdən, ya yanımızdan, ya xatirələrimizdən. Elə adamları elə yerdə itirmişəm ki, xatırlayanda "niyə var idi o günlər, nə istəyirdik onda həyatdan?" sualı boğazımdan yapışıb boğur məni. Bu, yadlığın həmişəlik formasıdır.

Yenə özümü sarı divarları olan içi mavi kirayə qaldığım evdən küçə atacağam. Sahildə isti çayla payıza hələ yaşamaq və xatırlamaq istədiyimi pıçıldayıb işə gedəcəm. Və küçə boyu tanımadığım adamlar mənə tanıdığım adamların yoxluğunu, bu balaca şəhərdəki yadlığımı xatırladacaq.

# 1809 dəfə oxunub

Müəllifin son yazıları

# # #