Musanın ilk və son sözü

Musanın ilk və son sözü
18 may 2023
# 10:45

Kulis.az Rəvan Cavidin "Qurbanı balıq olanlar" adlı yeni yazısını təqdim edir.

Çoxdandır belə yazı yazmırdım. Belə deyəndə, yəni sentimental. Çünki fikirləşməyə vaxtım olmurdu. Daha səmimi desəm, özümlə danışmağa vaxtım və gücüm çatmırdı. Beynimi məlum gündəm, maddi və mənəvi sıxıntılar, o sıxıntıların arasında özümə tapdığım xırda əyləncələr məşğul edirdi. Bu gün bir az söhbət etmək istədim.

Həyatımda heç vaxt balıq tutmamışam. Bilmirəm, saatlarla səbr edib, təmkinlə, sakit bircə balığın suya salladığın qarmağa ilişməsini gözləmək necə hissdir. Həm də bilirəm ki, balıq tutmaq adama çox şey öyrədir: səbirli, təmkinli, sakit olmağı. Bilmirəm, balıq tutan adamların keçirdiyi o kiçik qələbə sevinci necə hissdir. Həm də bilirəm ki, balıq tutmağı bacaran adamlar həyatın xoş üzünə də, naxoş üzünə də soyuqqanlı baxa bilirlər. Balıqçıların bəzən saatlarla bir daşın üstündə oturub əllərində bərk-bərk sıxdıqları qarmaqlarını tərpədəcək o huşsuz balığı gözlədiklərini indi hər gün müşahidə edirəm. Hərdən mən də saatlarla onların nə düşündüklərini, necə bir həyata sahib olduqlarını fikirləşə-fikirləşə Günəşi qüruba ötürürəm.
Balıq tutmaq üçün Mərmərənin ən təmiz sularını axtarıb güc-bəla ilə tapanlar arasında bu işi istirahət vaxtını daha sakit keçirmək üçün edənlər də olur, bütün güzəranını qarmağının ucuna bağladığı xırda yeməyə borclu olanlar da. Balıq tutmağa bahalı maşınla gəlib, bahalı maşınla da geri qayıdanlar da olur, balıq tutmaq üçün piyada kilometrlərlə yol qət edənlər də. Balıq tutanda nəvəsinə göstərib özünü öyənləri də görürəm, qarmağına balıq gələndə dodağı bir azca qaçanları da. Bəzilərinin əli ləkəsiz, ağ, qırışsızdı, bəzilərinin də əlləri hər gün sim dartmaqdan kəsik-kəsik, ləkəli, qırışlı.
Balıqlar mənim kimi balıq tutmağa gələn bu adamları görmür. Onlar bilmirlər, kimin qarmağındadırlar. Hərdən onların da, yəni balıqların da yerinə yaşamaq istəyirəm.

Bir gün başa düşdüm ki, balıqçılara zillənib Günəşi batıran tək mən deyiləm. Neçə həmdərdin eyni sahildə oturub balıq tutanlara baxdığını da görmüşdüm. Təklik haqqında min tərif ola bilər, amma heç biri balıqçıdan eşitdiyim bu cümləni əvəz edə bilməz: “Nəhayət, bir gün başa düşürsən ki, tutduğun balıqları göstərəcək bir kəsin yoxdur və onları suya atırsan, amma balıqlar bunu heç vaxt başa düşməyəcək”.

Bu nişanlı cümlənin birinci tərəfinin çox sentimental və sadə olduğunu bilirəm. Hərdən adidən də adi həqiqətlər belə bəsit cümlələrin içində gizlənir. Fikirləşin ki, bir gün pul qazanmaq üçün hər gün sizi evdən çıxardan səbəblər, ya da kəslər artıq yoxdur. Ümid yoxdur, arzu yoxdur, hədəf taxtası yerə düşüb, atmağa oxlar yoxdur. Özünüzdən və balaca mədənizdən başqa bu həyata sizi bağlayan heç nə yoxdur. Əvvəllər elə bilirdim ki, azadlıq hamının yadından çıxmaqdı. Cümlə-bəşərdə heç kimin xatirində qalmamaqdır. İndi düşünürəm ki, azadlıq hətta unudulmaq hədəfin olmayan bir yola çıxmaqdır. O yol ki, səni dərk edə bilməyəcəyin həqiqətə aparsın. Əgər alimlər düzgün hesablayıblarsa, o məlum həqiqətə birinci balıqlar çatır. Yunus balıqları. Bu fani dünya ilə ən tez onlar vidalaşır (bakteriyaları, tırtılları saymasaq). Yunus balıqları Musanın yoldaşları olub. O Musanın ki ilk və son sözü “Axtarın!” olmuşdu. Musa axtardığı yola birinci balıqlarını atmışdı.

Balıqçının Mərmərə sahilində mənə dediyi həmin cümlənin ikinci hissəsi, yəni balıqçının həqiqətinin “amma"sı buz kimi bədənimi kəsmişdi. Bir gün bizi eləcə atıb gedirlər. Xilas olduğumuzu zənn edirik. Hər şeydən arındığımızı, hər şeyi dərk edib dərinlərdə üzə biləcəyimizi fikirləşirik. Kimsə bizi yolun ortasındaca atıb gedir. Heç nə demədən. Biz qalib hiss edirik özümüzü. Ta o vaxta qədər ki, nəhayət, heç kimə lazım olmadığımızı başa düşürük. Hər şey yolundadır, amma “yol"un özü yoxdur, elə təsəvvür edin.

Hansısa məşhur keçmiş günlərini xatırlayıb demişdi ki, zirvəyə çatdım, amma tək idim. Bilirəm ki, zirvəyə çatanlar bütün yüklərini yavaş-yavaş çiyinlərindən, qəlblərindən söküb atanlardır. Yaxşı, kimə lazımdır o zirvə? O zirvəyə sancdığın bayrağın məğrurluq hissini kimə göstərib sinəni gərəcəksən? Heç kimə!

Balıqlar Allahın zirvəyə çıxanda tərk etdiyi ilk canlılardır yəqin. Çünki Allaha birinci onlar çatır. Onların zirvəsi suların ən dərinləridir. Bir ömür onları sulara tərk edənə tərəf üzürlər. Məsələn, quşlar o həqiqətə tərəf uçurlar, itlər də hürürlər, kəpənəklər o həqiqətin divanəsidir yəqin.

Bir gün kimisə qəlbimizdən sökmədən o yolu tamamlamaq mümkün olacaqmı, görəsən? Hamının yadından çıxmadan azad ola biləcəyikmi?

# 1447 dəfə oxunub

Müəllifin son yazıları

# # #