"Bu məsələlərə kor olsaq, gələcəkdə... " - Kağız üzərində qalan pasiyent hüquqları

"Bu məsələlərə kor olsaq, gələcəkdə... " -  Kağız üzərində qalan pasiyent hüquqları
15 iyul 2025
# 13:30

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

“Göz” deyilən kimi yadıma xəstəxanlarda bir gözümü əlimlə tutub o biri gözümlə oxumağa çalışdığım hərflər düşür.

Bəzi həkimlər birbaşa ən balaca hərfdən başlayırdı. Mən də oxumağa çalışırdım, gözümdən yaş sel kimi axırdı.

Keçmiş zamanda danışıram. Ona görə yox ki, artıq xilas olmuşam. Sadəcə, bir neçə dəqiqəlik də olsa, unutmaq istəyirəm. Ancaq “Word”ün ağ səhifəsinə məğlub oluram. Bir az çox baxan kimi yazılar bıldır-bıldır axır gözümdən...
Ona görə də göz mənim ən həssas yerimdir. Kimsə gözündən şikayət eləyəndə onu öz problemim kimi dinləyirəm, narahat oluram.

Dünən də bir məsələ diqqətimi çəkdi. Görün nə olub?..

Azərbaycan səhiyyə sistemində pasiyent hüquqları ilə bağlı yeni bir qalmaqal cəmiyyəti silkələdi. Humay Əliyeva adlı vətəndaş, tanınmış oftalmoloq Cahid Şahbazov tərəfindən aparılan göz əməliyyatından sonra sol gözünün görmə qabiliyyətini tamamilə itirdiyini iddia edir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl heç bir ciddi problemi olmayan gözü yanlış diaqnoz, səhv müayinə və qeyri-dəqiq tibbi müdaxilə nəticəsində kor olub. Bu iddialar təkcə bir şəxsin faciəsi deyil, həm də ümumilikdə səhiyyə sistemindəki boşluqların əlamətidir.

***

Humay Əliyeva deyir ki, əməliyyat tanınmış göz həkimi Cahid Şahbazov tərəfindən “Caspian Hospital”da həyata keçirilib. Onun iddiasına görə, həkim gözü yanlış müayinə edib və səhv diaqnoz qoyub. Nəticədə, əməliyyatdan sonra Humay Əliyeva təkcə görmə qabiliyyətini deyil, həm də sinir və əzələ funksiyalarını itirib.

Ən dəhşətlisi isə odur ki, hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində əməliyyatdan əvvəl həmin gözündə iddia olunan xəstəliklə bağlı heç bir problemin olmadığı müəyyən edilib. Bununla belə, Humay Əliyevanın şikayət etdiyi cinayət işi Səbail Rayon Prokurorluğunda illərlə araşdırılsa da, hələ də məhkəməyə göndərilməyib.

***

Burada ilk diqqətçəkən məsələ cinayət işinin gecikdirilməsi və hüquqi prosesin şəffaf aparılmamasıdır. Humay Əliyevanın dediyinə görə, həkim pasiyentlərə “siz mənə heç nə edə bilməzsiniz, güclü vəkillərim var” deyərək, məsuliyyətdən yayınmağa çalışır.

Azərbaycan qanunvericiliyinə əsasən, pasiyentin səhhətinə vurulan zərərə görə həkim məsuliyyət daşıyır. Bu məsuliyyət həm mülki, həm inzibati, həm də cinayət xarakterli ola bilər. Əgər ekspertiza əməliyyatdan əvvəl xəstənin vəziyyətində problem olmadığını təsdiqləyirsə, bu zaman səhv diaqnoz və tibbi müdaxilə faktı hüquqi baxımdan sübut edilmiş sayılır. Bu halda niyə məhkəmə prosesi hələ də başlamayıb?

***


Humay Əliyevanın iddiaları ətrafında suallar yalnız bir həkimin fəaliyyəti ilə məhdudlaşmır. Onun timsalında ortaya çıxan əsas məsələ budur: Azərbaycan səhiyyə sistemində pasiyent hüquqları nə qədər qorunur?

Rəsmi olaraq guya nəzarət var, amma praktikada biz bunu görmürük. Sanki hamı başlı-başınadır. Xüsusilə özəl klinikalarda həkimlərin fəaliyyəti üzərində müstəqil nəzarət orqanlarının rolu zəifdir. Bu da bəzi hallarda məsuliyyətsiz yanaşmaya, kobud tibbi səhvlərə yol açır.

***

Humay Əliyevanın səsləndirdiyi ittihamlar sosial mediada da geniş rezonans doğurdu. Onun paylaşdığı videolara və açıqlamalara minlərlə insan baxdı, şərhlərdə isə insanlar həmrəylik göstərməklə yanaşı, özləri də analoji hallarla qarşılaşdıqlarını yazdılar. Bəzi şərhçilər iddia etdilər ki, onlar da Cahid Şahbazovun müalicəsindən narazı qalıblar, amma səsini çıxarmağa cəsarət etməyiblər.

Ən böyük problem də budur. Problemin var, amma şikayət eləyə bilmirsən. Niyə? Çünki bu adamların güclü “dayday”ları olur. Bir növ, “get hara istəyirsən şikayət elə” deyirlər. Adamlar kor olur, kar olur, yaralı ayağı qala-qala sağlam ayağı kəsilir, amma heç kimə dərdini deyə bilmir.

***

Deyirlər ki, hər əməliyyat risklidir və nəticələr öncədən dəqiqliklə proqnozlaşdırıla bilməz. Lakin bu, həkimin səhv diaqnoz qoyması və müayinə etməsi faktını doğrultmur.

***


Bu, təkcə Humay Əliyevanın problemi deyil, bu, hamımızın problemidir. İndi hamının göz problemi var. Demək ki, bu məsələlərə kor olsaq, gələcəkdə hamımız hər an kor ola bilərik.

Bəs sonra?..

Oğlumuz, qızımız, nəvəsimiz kor ola bilər!

Oğlumuz, qızımız, nəvəmiz şikəst qala bilər!

Oğlumuz, qızımız, nəvəmiz səhv diaqnozun qurbanı ola bilər!

Oğlumuz, qızımız, nəvəmiz bədbəxt ola bilər!

Biz susduqca!..

Bu hadisə göstərdi ki, pasiyentlərin hüquqlarını qorumaq üçün yaradılmış mexanizmlər kağız üzərində qalıb.

Ən pisi isə budur ki, bu cür hadisələrdə cəzasızlıq halları daha çox həkimləri deyil, digər xəstələri qorxudur. İnsanlar xəstəxanaya ümidlə gedir, sağlamlığını itirərək çıxır.

***


Kor olmamalıyıq belə hadisələrə…

Təkcə özümüz üçün yox, oğlumuz, qızımız, nəvəmiz üçün!..

Bizi sevən hər kəs üçün!

# 271 dəfə oxunub

Oxşar xəbərlər

"Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur..."- Çexov

"Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur..."- Çexov

18:30 15 iyul 2025
ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

18:27 15 iyul 2025
Azərbaycan əsilli yazıçı vəfat etdi

Azərbaycan əsilli yazıçı vəfat etdi

18:20 15 iyul 2025
Beyonsun mahnıları oğurlandı

Beyonsun mahnıları oğurlandı

17:35 15 iyul 2025
Rusiyada Azərbaycan tamaşalarından imtina edildi

Rusiyada Azərbaycan tamaşalarından imtina edildi

16:53 15 iyul 2025
Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində

Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində

16:30 15 iyul 2025
# # #