"Əhmədlər" necə yaranır?

"Əhmədlər" necə yaranır?
15 fevral 2024
# 15:00

Kulis.az n Hikmət Rəhimovun "Apatiya" filmi haqqında Rəvan Cavidin "Köhnə problemlər haqqında yeni film" adlı yazısını təqdim edir.

Azərbaycanda əksər hallarda müzakirə olunan filmlər kommersiya filmləri olur. Ucuz mövzulu komediyalar. Onların da içində orijinal ssenari tapmaq çətindir. Ya türk, ya rus, ya da məşhur qərb komediyalarının plagiatını iki-üç məşhur sima ilə izləyicilərə sırıyırlar.

Təxminən, beş-altı il əvvəl romantik, duyğuları istismar edən filmlər də çəkirdilər. Sıxıb suyunu çıxarana qədər eyni mövzuları təkrarladılar və o ssenarilər də bütün sarı mətnlər kimi yoxa çıxdı. Ona görə də Azərbaycan istehsalı filmə baxmaq üçün az qala, on nəfərdən zəmanət istəyirsən ki, vaxtın boşa getməsin. İlin-günün bu vaxtında cəsarət edib psixoloji-dram filmi çəkmək, həqiqətən, riskdir. “Apatiya”nın müəllifi Hikmət Rəhimovu və yaradıcı heyəti bu cəsarətinə görə təbrik edirəm.

Film yeni dövrün ən böyük psixoloji xəstəliklərindən olan apatiyanın məişət müstəvisində yaratdığı bədheybət travmaları haqqındadır. Bu xəstəlik barədə 21-ci əsrin məşhur filosofu Byunq Çul-Hanın yüzə yaxın araşdırması var. Həmin araşdırmaların əsas qayəsini isə məşhur “Yorğun cəmiyyətlər” kitabında açıqlayıb.

Qısaca olaraq, apatiya və psixoloji yorğunluğun cəmiyyətləri, toplumları necə deformasiya etdirdiyi haqqında bir-iki cümlə yazım. Sosial şəbəkələrin at oynatdığı, hər şeyin bir "klik" qədər barmağımızın ucunda olduğu, məsafələri bit-baytlara çevirməklə hər şeyi bizə yaxın edən yeni rəqəmsal era həm də asosial canavarlar, stressin meydana çıxardığı ictimai vampirləri yaratdı. Film boyu televizorun açıq qalması, həm maddi, həm də mənəvi yoxsulluğun uçurumunda qalan ailənin televiziyaların təqdim etdiyi bayağı, vaxt qatili verilişlərə və obrazlara baxması mənə yeni dünyanın xəstə fərdiyyəçilik anlayışlarını xatırlatdı. Televiziyalar, sosial şəbəkələr bizdən laqeyd robotlar hazırladıqca əsas dəyərləri itiririk. “Apatiya”da itmiş, zədələnmiş, getdikcə əlimizdən sürüşüb çıxan bu dəyərlər də göstərilir.

İflic olmuş təhsil sistemi, bir ailəni 15-20 kvadrat metrlik otağa həbs edən sosial, iqtisadi problemlər, işsizlik, sevgisizlik, dağılmış ailə institutu, mənəviyyatsızlıq, ailə ierarxiyasının paramparça olmuş modeli və nəhayət, qətl, cinayət, vəhşilik, bəşəriliyin heyvaniliyə, alinin ibtidaiyə çevrildiyi həmin məziyyətlər.

Rejissor iki alternativ təklif edir bu boyda həngaməyə: uşağın divarda çəkdiyi şəkillər, masa arxasında gülümsəyən ailə, günəş, çiçəklər və tualet, yəni kanalizasiya. Ssenari, heyət, obrazlar, rejissor tualeti seçir. Apatiyanın gəldiyi və ya gətirdiyi nöqtənin yalnız tualet olacağını göstərmək üçün. Çox vaxt tualet təmizliyin simvolu kimi işlədilsə də, bu filmdə yuxarıda sadaladığım bütün problemlərin ümumiləşmiş, əşyalaşmış simvolu, həmin problemlərin həll olunacağı xırdaca yuva kimi təsvir olunub.

Tualet Azərbaycan ailə modelinin proyeksiyasıdır, bütün ev o tualetdən ibarətdir. Hadisələrin bu cür həlli, yəqin ki, sinofillərin yadına “Parazitlər” filmini salır. Orada da ailənin düşdüyü ən ağır vəziyyəti kanalizasiyanın daşması və bütün çirkabın evə dağılması ilə göstərmişdi rejissor. Həmçinin, ad günündə vəhşicəsinə törədilən qətl də “Parazitlər”i xatırladır. Ad günü, ata, çoxdandı əsəblərinə toxunan qurban, qan.

Film haqqında yazılanların, deyilənlərin demək olar ki hamısında masturbasiya səhnəsi var. Masturbasiya bu ailənin yeganə xırda xoşbəxtliyidir. Ər və arvad bütün mövcud problemlərin fövqünə yalnız masturbasiya ilə çıxa bilirlər. Bu da mənə çoxunun sevmədiyi fransız rejissor Qaspar Noenin pornoqrafik filmlərini xatırlatdı. Zövq yalnız seksdədir. Noenin “Sevgi” filmində dediyi kimi, həyat qandan, göz yaşından və spermadan ibarətdir. Elə “Apatiya”da da olduğu kimi.

“Apatiya” mövcud Azərbaycan problemlərinin gətirib çıxardığı faciələrin yetmiş dəqiqəlik xülasəsidir. Filmdə həlli tapılmayan problemlər elə cəmiyyətin özülündəki həmin çatışmazlıqlardır. “Ekran işi çox lokaldır, nəyə lazımdır belə sosial çarxa bənzər filmlər?” soruşmaq istəyərdim, amma bir-iki gün öncə baş verən real hadisələr göstərdi ki, “Apatiya”nı dünyəvi film, Azərbaycan məişətini isə başqa dərdlərlə məşğul etmək üçün əvvəlcə göstərilən mövcud problemləri aşmaq lazımdır. Mədəniyyət uşağın divarda çəkdiyi şəkillər kimi küncdə-bucaqdadır, təhsil ailənin yekdil verdiyi qərarla düz mütənasibdir, iqtisadi rifah da Əhmədin gah qardaşından, gah da qaynından siqaret dilənməsi kimidir. Bəs bu problemlər hansı nəticələrə yol açır? Filmdə də, xəbərlərdə də gördüyümüz Əhmədlərin yaranmasına.

Yetmiş dəqiqəlik ekran işində məntiq xətaları var. Vizual, estetik həllini tapmayan səhnələrdən də danışmaq olar. Lakin aktyorların “balaca meydançada peşəkar paslaşmaları”, qrim, ümumi sinematoqrafik atmosfer və Azərbaycan film sənayesi üçün gec-gec rast gəlinən janr “Apatiya”nı dəyərli edir. Aktyor heyətindən xüsusi ilə Tural Baxışın performansı həmin obrazın çatışmazlıqlarını ört-basdır edir.

Uzaqda olmağıma baxmayaraq, filmi izləməyimə şərait yaradan Hikmət Rəhimova və Miri Rəsulzadəyə də ayrıca təşəkkür edirəm.

Ümid edirəm, “Apatiya” bu janrda, bu keyfiyyətdə daha uğurlu filmlərin çəkilməsinə stimul olacaq.

# 2856 dəfə oxunub

Müəllifin son yazıları

# # #