Ötənlərdə Tik-Tok istifadəçilərindən birinin maşın oğurlayıb qaçdığı xəbəri yayılmışdı.
Xəbərin normal hissəsi bu idi. Anormal hissəsi isə aşağıdakı kimidir:
“Bu şəxs maşını Tik-Tokda video çəkmək üçün oğurlamışdı”.
Ümumiyyətlə, Tik-Tok qədər qəribə, qeyri-adi yer yoxdu. Hamı ordadı – hamı da oranı tənqid edir. Üstəlik, Tik-Tok istifadəçiləri digər sosial şəbəkələrə baxanda daha çox üsyankar görünürlər. Bu üsyankarlıq hansısa haqsızlığa, ədalətsizliyə görə deyil. Tik-tok istifadəçilərinin üsyankarlığı həyata qarşı amansız mübarizə üsuludur. Onlar artıq həyat deyilən “absurd”u zibil yeşiyinə atıb tamamilə öz dünyalarını yaratmaq istəyindədirlər.
Tik-Tok reallıqdır, həyat isə yalan.
Tik-Tok insana pul qazandırır, həyat isə onu müflis edir.
Tik-Tokda məşhurlaşırsan, həyatda isə səni saya salan olmur.
Təzəlikcə bir xəbər də özünü gözlətmədi: Tik-Tokda söyüş söyən biri haqqın rəhmətinə qovuşub.
Deməli, hansısa videoya şərh yazan bu şəxsi söhbətə çağırıblar. Onlar görüş yerində mübahisə ediblər, əlbəyaxa olublar. Nəticədə bıçaq və...
Tik-Tokda yaşamaq sevinci var, həyat isə ölümün tayıdır.
O insan Tik-Tokdan kənara çıxdı və öldü.
Tik-Tokçuların yaratdığı dünyadan kənara çıxdınsa, ölümə məhkumsan.
Nədir bu səviyyəsizliyin, biabırçılığın adı?
Bir yandan ölən üçün kədərə boğulursan...
Bir yandan da deyirsən, ölüm nə ucuz şeymiş...
Hətta Tik-Tok da o ölümü yaradacaq səbəb ola bilərmiş...
İnsanlar dəyişib. Bu sifarişli dəyişiklik insanın daxili dünyasında qeyri-adi bir mənzərə yaradıb.
İnsan XX əsrdə də öldürürdü axı.
İndi də öldürür.
XX əsrdə dueldə öldürürdü.
İndi Tik-Tokdakı söyüşə görə.
Öldürməyin dekoru dəyişsə də, mənası dəyişməyib.
Yenə də Tik-Tokun fenomenliyini unutmayaq.
Tik-Tokun diqtəsini.
Deyəsən, Tik-Tok hələ çox başları yeyəcək.
Nə edək?
Azərbaycan üçün Tik-Toku bağlayaq?
Bəlkə biz doğrudan da Tik-Tokda yox, elə öz reallığımızda yaşamalıyıq.
Yəni biz Tik-Toku yox, həyatı seçməliyik.
Düzü, həyatımız da bir yönnü deyil.
Nəysə...