Səyahət gedən adamlar üçün tanınmış yazıçıdan məsləhətlər

Səyahət gedən adamlar üçün tanınmış yazıçıdan məsləhətlər
17 may 2014
# 07:45

Qarşıdan turizm mövsümü gəlir. Çoxları artıq səyahət planlarını qurub. Bu yay səyahətə gedəcəklər üçün tanınmış yazıçı Paulo Kelyonun məsləhətlərini təqdim edirik.


1. Muzeylərdən qaçın!


Bu məsləhətim sizə bir az absurd gəlsə də, düşünün: Xarici şəhərdəsinizsə, şəhərin indiki vəziyyətini görmək keçmiş vəziyyətini görməkdən daha maraqlı olmazdımı? İnsanlar özlərini muzeylərə getmək məcburiyyətində hiss edirlər. Əlbəttə, muzeylər vacibdir amma ora gedəndə nə görmək istədiyinizi bilməyiniz lazımdır, yoxsa gördüklərinizdən yadınızda çox az şey qalacaq.


2. Barlara gedin

Barlar şəhər həyatını görə biləcəyiniz yerlərdir, muzeylər kimi deyil. Bar deyəndə gecə klublarını nəzərdə tutmuram, hamının gəlib içki içdiyi, havadan-sudan danışdığı və tanış olduğu yerlərdən bəhs edirəm. Bir qəzet alın və ordakı insanların gəliş-gedişlərini izləyin. Yanınızdakı axmaq-axmaq danışsa da, ona qulaq verin. Çünki qarşımıza çıxacaq gözəlliklərdən xəbərsizik.

3. Həmsöhbət tapın


Ən yaxşı tur rəhbəri orda yaşayan insandır. Şəhəri yaxşı tanıyan, onunla qürur duyan, heç bir tur agentliyinə işləməyən biri. Harasa gedəndə yoldan keçənlərdən nəsə soruşun, məsələn, kilsə hardadır, poçt hardadır kimi suallar. Günün sonuna qədər bunu bir neçə dəfə təkrarlasanız, özünüzə yaxşı bir həmsöhbət taparsınız.


4. Evlisinizsə yoldaşınızla, subaysınızsa tək səyahət edin


Sizinlə eyni dildə danışan bir qrup insanla səyahət etsəniz, getdiyiniz şəhərdən daha çox qrupla bağlı dedi-qodular yadınızda qalacaq.

5. Müqayisə aparmayın


Qiymətləri, həyat şəraitini, nəqliyyatı, bir sözlə qarşınıza çıxan heç nəyi müqayisə etməyin. Başqalarından pis və ya yaxşı yaşadığınızın fərqinə varmaq üçün səyahət etmirsiniz ki! Sizin məqsədiniz başqa insanları tanımaq, sizə nə öyrədə biləcəklərini kəşf etməkdir.

6. Qorxmayın, hamı sizi başa düşür


Dil bilməsəniz də qorxmayın. Qısa cümlələrlə də ünsiyyət qurmaq olar, mən həmişə dəstək, kömək, tövsiyə, hətta bir dəfə sevgili də tapmışam. Bəzi insanlar tək səyahət edəndə itəcəklərini və yolun ortasında qalacaqlarını fikirləşirlər. Hər ehtimala qarşı cibinizə qaldığınız otelin vizit kartını qoyun ki, taksi sizi istədiyiniz ünvana çatdırsın.


7. Çox alış-veriş etməyin


Pulunuzu cibinizdə gəzdirməyi tələb edən əyləncələrdən qaçın. Məsələn, teatra, restorana, kiçik gəzintilərə verin pulunuzu. Qlobal iqtisadiyyat və internet sağ olsun, artıq istədiyiniz yerdən istədiyiniz şeyi baqaj üçün əlavə pul ödəmədən ala bilərsiniz.


8. Bütün dünyanı bir ayda gəzməyə çalışmayın


Bir şəhərdə 4-5 gün qalmaq, bir həftədə beş şəhər gəzməkdən yaxşıdır. Şəhər dəymə-düşər qadın kimidir. Onu ovsunlayıb, sizə ürəyini açmasını gözləmək vaxt alır.

9. Hər səfər bir macəradır


Henri Miller deyib: “Heç kimin bilmədiyi kilsəni kəşf etmək Romaya gedib Sikstin kapellasını iki yüz turistin səs-küyü ilə gəzməkdən yaxşıdır”. Əslində, demək istədiyi şey budur: Sikstin kapellasına da gedin, amma küçələri, kənar məhəllələri də yaddan çıxartmayın. Əgər nəsə yenilik kəşf etsəniz - əmin edirəm ki, kəşf edəcəksiniz – həyatınız dəyişər.

# 3915 dəfə oxunub

Müəllifin son yazıları

# # #