Məşhur türk aktrisası: "Başqasını düşünmək də xəyanətdir"

Məşhur türk aktrisası: "Başqasını düşünmək də xəyanətdir"
8 aprel 2013
# 07:15

Azərbaycan tamaşaçısı onu daha çox çəkildiyi seriallarla tanıyır. Türkiyənin məşhur və gözəl aktrisalarından biridir Nürgül Yeşilçay.


Son filmi “Aşk kırmızı”da oynadığı qadın evli kişiyə aşiqdir. Amma bunu real həyatda yaşamağa dözümü yoxdur. Nurgül Yeşilçay, ən az xəyanəti, sədaqəti, eşqi bütün dərinliyi ilə göstərən bir film qədər təsirli qadındır.

- Canlandırdığınız Nazlıgül obrazı ilk sevgisiylə qarşılaşır. Həyatı alt-üst olur. Keçmiş insanı bu qədər təsir altına sala bilərmi?

- Nazlıgül romantik, sentimental və həqiqətən çox sevmiş bir qadındır. Belə olduğu halda unutmaya bilərsən.

- Sizin üçün keçmiş nə deməkdir? Mənası nədir?

- Keçmişə bağlı yaşayan insanlardan deyiləm. Bitərsə, bitsin. Bunun səbəbi bəlkə də indiyə kimi bu qədər dərin bir şey yaşamamış olmağımdır.

- İlk məhəbbət, əl-ələ tutuşmaq, ilk öpüşmə doğrudanmı yaddaşlardan silinmir?


- Bunlar mühüm şeylərdir... Heç nə bilmir, hər şeyi birlikdə öyrənirsiniz. Əlini tutanda için titrəyir. Ürək döyüntülərin artır. Ona görə də yadda qalır.

- Filmdəki kimi sevdiyiniz kişi evli olsa, nə edərsiniz?

- Belə bir şeyin içinə heç vaxt girmərəm.

- Amma bu eşqdir. Hardan, necə gəldiyi bəlli olmaz.

- Mənim həyatımda o cür şeylər heç vaxt ola bilməz. Oturub evdə tək başıma ağlayaram. Dostlarımla dərdləşərəm. Amma belə bir münasibətə girmərəm. Digər qadını düşünərəm. Onun üzüləcəyini düşünüb üzülərəm. Məni də kiminsə üzməyini istəmərəm.

- Siz ki belə həssasınız, hansısa bir kişinin sizə bunları yaşatdığı oldumu?

- Xatırlamıram. Ancaq başıma gəlmiş olsa da, başa düşmərəm bunu.

- Necə yəni?

- Vallah heç qurcalanmaram. Kişinin mobil telefonuna baxmaram, Facebook parolunu istəmərəm. Vecimə də olmaz. Bu barədə eqoistəm məncə. Mən sevirəmsə, xoşbəxtəmsə, qarşımdakı sevsin, ya da sevməsin...

- Sevdiyinizi qısqanmazsınız?

- Çox qısqanaram. Ancaq yanımda nəsə etməlidir ki, mən də görüm. Hisslərimlə dərk edərəm hər şeyi. Başa düşsəm ki, başqası var, - sənə həyatda uğurlar – deyib, çıxıb gedərəm.

- Gələk xəyanət mövzusuna. Xəyanət beyində, yoxsa bədəndə olur?

- Bunu çox düşünmüşəm. Xəyanət etmək üçün bir şeyin bir şeyə dəyməsinə ehtiyac yoxdur. Başqasını düşünmək də xəyanətdir.

- Filmdə söyüşlər var. Siz də şəxsi həyatınızda söyüşlə danışırsınız heç?

- Bəli, ancaq sevgilimlə danışanda söyüş söyməyi xoşlamıram. Rəfiqələrimlə olur. Sevgilimin yanında qadın kimi olmağa çalışıram.

- Sevgiliniz Tolqa Karaçelik rejissordur. Sənətlə məşğul olan iki insanın münasibətləri nə qədər əyləncəlidir?

- Çox sıxıcıdır. Kinoya gedirik. O, ssenari yazır. Yazdığını oxuyuram. Mənim yazdıqlarımı da o oxuyur. Kinodan danışırıq bütün günü.

- Bir-birinizə qarşı obyektivsiniz?

- Təbii ki. Açıq şəkildə bir-birimizə fikirlərimizi deyirik.

- Bir daha evlənməyi düşünürsünüz?

- İnanmıram. Belə daha yaxşıdır.

- Sizin həyatınız film olsa, janrı nə olardı?

- Mənim həyatımdan film çıxmaz.

- Həyatınızda ən böyük faciə hansı olub?

- Uzun zamandır üzülmürəm. Filmi çəkəndə ən çox çətinlik çəkdiyim ağlamaq səhnəsi idi. Ağlıma gətirəcək pis bir şey yox idi. Ancaq yaşana biləcək bütün faciələri yaşamışam. Əvvəlcə anamı, sonra isə atamı itirmişəm. Həyatımda ağır şeylər yaşadım. Bunlardan artığı isə övlad faciəsidir. Bundan başqa nəyinsə məni çox üzəcəyinə inanmıram.

- Ananınızı itirdikdən sonra sizə dəstək verən kim var?

- Anamın yerini heç kim vermir. Ana səni hər vəziyyətdə dinləyir. Evin dirəyidir. İnsanın anasını yanında istədiyi çox anları olur.

- Nə cür ailədə böyümüsünüz?

- Dörd uşağıq. Mən üçüncüyəm. Anam və atam ibtidai sinif müəllimlər idi. Atama “şair” deyərdilər. Kitabı var idi. Pozitiv birisi idi. Anam isə uşaqları üçün özünü fəda edən bir qadındır.

- Aktrisa olmaq fikri hardan ağlınıza gəldi?

- Əslində rəssam olacaqdım. Məktəbdə oxuyanda dərsdən sonra bir rəssamın yanına gedib şagird kimi öyrənirdim. Hətta mükafatlarım da oldu sonra. Qəfildən teatra maraq yarandı. Teatr fakültəsinə daxil oldum. Aktrisalığa başladım.

- Valideynləriniz məşhurluğunuzu necə qarşıladılar?

- Anam vəfat etdi. 53 yaşında infarkt oldu. “İkinci bahar”a yeni başlamışdım. Atam anamdan sonra yaşamaq sevgisini itirdi. Çünki onlarınkı böyük bir məhəbbət idi. Tez ölmək üçün əlindən gələni etdi atam.

- Bəs siz necə anasınız?

- Pozitiv. Nejat səkkiz yaşındadır artıq. Onunla oyun oynamağı çox sevirəm.

- Xarakterinizdə sərtlik varmı?

- Bir şeyə olmaz dedimsə, deməli olmaz. “Get öz otağında ağla” deyirəm oğluma. Hər şeyi konkret deyirəm. Amma ona qulaq asıram həmişə. Problemlərini soruşuram.

- Gözəllik heç başına bəla oldumu?

- Gözəl olmaq yaxşı şeydir. Adamın işini xeyli asanlaşdırır. Gözəl olan şeyləri hamı daha çox sevir.

- Heç estetik əməliyyatınız olubmu?

- Hələ ki, yox.

- İndi həyatınızın hansı dönəmindəsiniz?

- İşləmədiyimə görə yatıram. Sanki çox işlədiyim üçün yuxusuz qalmışam. Dururam, sonra yenə yatıram. Uzun zamandır kitab oxuyuram. Dərgilərə göz gəzdirirəm. Rəsm sərgilərinə gedirəm. Klassik musiqi konsertlərini izləyirəm



Mənbə: Tempo

# 4208 dəfə oxunub

Müəllifin son yazıları

# # #