“Çox istərdim məni qamçılayasan, sevgilim!””

“Çox istərdim məni qamçılayasan, sevgilim!””
4 sentyabr 2013
# 07:30

Kulis. az məşhur irland yazıçı Ceyms Coysun həyatının maraqlı məqamlarını sizə təqdim edir:

Coys katolik bir ailənin övladı olub. Atası Con Coys o qədər də nümunəvi valideyn olmayıb; yazıçı atasını daima sərxoş, müflis olmuş biri kimi xatırlayıb. Ancaq qocanın aldığı maaş Coysun yaxşı məktəblərdə oxumağına gen-bol bəs edib.

Yazıçı 22 yaşında həyatının sonuna qədər onunla birgə olacaq qadınla – Nora Barnaklla tanış olub. Qadının soyadı Barnakl ingiliscə qaya ilbizi mənasını verir. Oğlunun Nora ilə qaçdığını eşidən ata Con qısaca: “O qadın daha onu buraxmaz” deyib (Yəni necə ki qaya ilbizi qayaya yapışıb qalır, Nora da Ceymsə elə yapışacaq ömrü boyu).

Gözdən və dişdən yarımayan yazıçı

Coysun ən böyük dərdi sağlamlığı olub. Qalın şüşəli eynəklər taxıb, miyopiya, katarakta, qlokoma (göz təzyiqi) görə 11 əməliyyat keçirib. Hətta sol göz bəbəyi də sonradan çıxarılıb.

Digər xəstəliyi isə dişlərinin zəifliyi imiş. Gənc yazıçı kimi keçirdiyi yoxsulluq illərində kakao ilə keçinməyə məcbur olub. Bu şəkərli içki də onun zəif dişlərini lap zəiflədib. Çox keçmədən bütün dişləri tökülüb.

İtdən və şimşəkdən qorxan

Yazıçı əsasən iki şeydən qorxurmuş: itlər və göy gurultusu. Uşaq vaxtı dənizə daş atarkən bir küçə iti onu çənəsindən dişləyib. Bundan sonra itlərə qarşı fobiyası yaranıb. Digər qorxusu isə qatı katolik olan dayəsinin “əl işidir”. Dayə Coysa şimşəyin Tanrının qəzəbi olduğunu deyib və həmin vaxt dua etməyi öyrədib. Buna görə həmişə şimşək çaxanda Coys titrəyərmiş, ona təəccüblə baxanlara isə: “Siz katolik İrlandiyasında böyüməmisiz, bilməzsiniz” deyirmiş.

Azğın Coys

Yazıçının sevgilisi Noraya yazdığı bir çox erotik məktub var. Məktubların birində Coys yazıb: “Bədəninin pis işlər görən o gözəl iki parçası mənim ən sevimli cütlüyümdür”. Hələ başqa bir məktubda: “Çox istərdim məni qamçılayasan, Nora, sevgilim!” deyə qəribə bir şey arzulayıb. Noranın alt paltarlarını iyləməyi çox seksual hesab edən yazıçı məktublarda tez-tez: “Məni canavara döndərirsən” deyə qeyd edirmiş. Noranın məktubları üzə çıxmasa da, onun da ən azı Coys qədər ehtiraslı olduğunu gün kimi aydındır.

Prustla görüş

Ədəbiyyat dünyasının iki dahisi Ceyms Coys və Marsel Prust 1922-ci ildə Parisdə görüşüblər. Parkda oturmuş iki qoca kişi kimi dahilər söhbətə sağlamlıqlarından şikayətlə başlayıblar. Coys: “Gözlərim məni çox yorur. Bütün gün başım ağrıyır” deyib, Prust isə: “Hələ mədəmi demirsən?! Heç bilmirəm nə edim. Məhv edir məni!” deyə cavab verib. Söhbət əsnasında nə Prustun Coysun əsərlərini, nə də Coysun Prustun “İtirilmiş zamanın axtarışında” əsərini oxumadığı bəlli olub. Bundan sonra görüş bitib. Coys maşını ilə Prustu evinə aparsa da, yol boyu bir kəlmə də danışmayıblar.

Hazırcavablıq

Bir gün Zürihdə bir gənc Coysa yaxınlaşaraq: “Ulissi yazan əli öpə bilərəm?” deyə soruşub. Yazıçı: “Xeyr. O əl başqa şeylər də edib” cavablayıb. Yəqin ki bu sözləri ən yaxşı Nora anlayardı.

Finneqanın karlığı

Yazıçının son romanı, eləcə də ən anlaşılmaz əsərlərindən olan “Finneqana ehsan” Samuel Bekketin sayəsində daha da qəlizləşib. Tamamilə kor olmuş Coysun son romanını yerlisi, yazıçı və tərcüməçi Bekketə diktə edib. Tərslikdən Bekketin də eşitmə zəifliyi olub. Roman yazıldığı müddətdə bir dəfə otağın qapısı döyülür - Bekket tıqqıltını eşitmir, Coys bərkdən “İçəri girin!” deyir. Bekket də bilmədən bunu romana əlavə edir. Əsəri Coysa oxuyanda o, həmin hissənin qulağa xoş gəldiyini deyərək “İçəri girin!” sözünü əsərdən çıxarmayıb.

“Heç kim başa düşmürmü?”

1941-ci ildə Coys mədə sancısı ilə Sürix xəstəxanasına aparılıb. Bir müddət sonra komaya düşən yazıçı bircə dəfə oyanıb və “Heç kim başa düşmürmü?” deyib. Sevgilisi Nora yazıçının nəşinə nəzarət etmək üçün katolik rahibin təklifini: “Bunu ona edə bilmərəm” deyərək rədd edib. Coys bu gün Sürix qəbiristanlığında adi bir baş daşının altında yatır.

# 2391 dəfə oxunub

Müəllifin son yazıları

# # #